İraq-türkman folkloru

 

Əbdüllətif Bəndəroğlu bu sahədə toplayıcı, naşir, araşdırmaçıdır

 

Bu yazı İraq-türkman folklorunun öyrənilib araşdırılmasında mühüm rolu olan Əbdüllətif Bəndəroğlu haqqındadır. Onun irsini araşdırmış Səkinə Qaybalıyeva bildirir ki, Əbdüllətif Bəndəroğlu İraq-türkman folklorunu bütün fəaliyyət tipləri üzrə (toplayıcılıq, nəşr, tədqiq) öyrənmiş İraq-türkman folklorşünası olaraq bu sahədə özünəməxsus alimdir: «Onun folklora marağının əsasında təkcə elmi maraq durmayıb. Bu marağın yaranmasında elmi cəhətlə yanaşı ciddi siyasi-ictimai, psixoloji-mənəvi amillər də mühüm rol oynayıb. Bu, bir tərəfdən xalqın kamil və zəngin yaradıcılığı ilə bağlıdırsa, digər tərəfdən millətin soykökü, tarixi yaddaşı, ənənələri ilə bağlı məqamları daha canlı şəkildə yaşatması ilə əlaqədardır. Ə.Bəndəroğlu İraq-türkman folklorunun toplanması, tədqiqi və nəşri kimi mühüm və nəcib bir işdə həmişə qabaqcıl ziyalılar cərgəsində olub. Onun məhsuldar fəaliyyətinin ayrılmaz hissəsinə çevrilmiş bu sahədə tədqiqatçının xidmətləri əvəzsizdir. İstər nəşr etdirdiyi «Yurd» qəzetində, istərsə də ayrı-ayrı tədqiqat əsərlərində Ə.Bəndəroğlunun yaradıcılığının bu istiqaməti diqqəti cəlb edir. Başqa cür ola da bilməzdi. Çünki Ə.Bəndəroğlu öz xalqının tərəqqisi, sabahının təminatı üçün milli dəyərlərinin qorunması və gələcək nəsillərə çatdırılmasının nə qədər zəruri olduğunu dərk edirdi. Hər bir xalqın milli varlığının güzgüsü olan folklor nümunələrinin toplanması və yaşadılması ilk növbədə həmin xalqın milli düşüncə sahibi olan ziyalılarının payına düşür. Ə. Bəndəroğlu belə payın xoşbəxt sahiblərindən biri idi».

Onun 1988-ci ildə 2 cilddə çap etdirdiyi «Ata sözlərimiz — araşdırma, incələmə və qarşılaşdırma» əsəri bu istiqamətdə gördüyü ən böyük işlərdəndir: «Kitabın ön sözündə tədqiqatçı atalar sözlərinin toplanması zərurətindən, özünəməxsusluğundan, tərtib etdiyi üsul və metodlardan, ümumiyyətlə, tərtibat prinsiplərindən söhbət açır».

Ə.Bəndəroğlu yazır: «Bu kitabı yayımlamaqda məqsədim hər ulusun və topluluğun yaşadığı gerçəklərdəki təcrübə və uyğulamalardan süzüb çıxardığı sonucları sonrakı nəslə öz söz olaraq ötürdüyü arıtılmış söz və deyimləri — ata sözlərini qoruyub saxlayaraq əbədi yaşamasına xidmət etməkdir».

S.Qaybalıyevanın fikrincə, Ə.Bəndəroğlu çox illər öncə bu kitabda yer alan zəngin el incilərini toplamağa başlamışdı: «Tədqiqatçı 1973-cü ildə İraq türkmanlarının tarixi, dili, ədəbiyyatı və folklorunun incələnməsinə həsr etdiyi ərəbcə «Türkmanlar inqilabi İraqda» adlı tədqiqat əsərində «Türkman ata sözləri» başlığı altında 103 atalar sözünü əhatə edən bir araşdırma təqdim etmişdi. Müəllif həmin atalar sözlərini ərəb dilinə tərcümə edərək qarşılıqlı mənalarını göstərmişdi. Bu mövzu ilə bağlı 1971-ci ildə hazırladığı «Dədələrdən qalma söz» adlı əlyazma mətnindən qaynaq olaraq istifadə etmişdi. Ə.Bəndəroğlu bu folklor materiallarına əlavələr etməklə 10 il sonra 1983-cü ilin may ayında Türkiyədə — Əskişəhərdə keçirilən I Uluslararası Türk xalq ədəbiyyatı konfransında «İraq türk ata sözlərində bənzərliklər» məruzəsi ilə çıxış etmişdi. 1988-ci ildə tədqiqatçı şifahi xalq yaradıcılığının əhəmiyyətli və maraqlı olan bu nümunələrini sanballı tədqiqat əsəri kimi təqdim etmişdi. O, kitabın I cildində İraq-türkman folklorundan topladığı 876, ikinci cildində isə 600 atalar sözü verib. İraq-türkman ziyalıları arasında bu sahədə ilk dəfə görkəmli alim-tədqiqatçı Əta Tərzibaşı araşdırma aparıb və 1962-ci ildə Bağdadda «Kərkük əskilər sözü» adlı tədqiqat əsərini nəşr etdirib. Həmin kitabda 700 atalar sözü yer alır və müəllif atalar sözünün tərifini də verməyə çalışır: «Atalar sözü xalqa gözəl yol göstərən, çeşidli görüş və düşüncələrin təmsili olaraq anladan, basmaqəlib biçimində qısa, fəqət geniş, həm də toplu anlamlı hikmət ifadə edən kinayəli, çəkici və yararlı sözdür ki, xalqın lisan halı olub». Həmin dövrdə digər tədqiqatçı Şakir Sabirin nəşr etdirdiyi «İraq türkmanları ağzında atalar sözləri» adlı tədqiqat əsəri də bu sahədə mühüm mənbə ola bilər. Ancaq Ə. Bəndəroğlunun belə böyük həcmdə ərsəyə gətirdiyi bu əsər isə bir çox digər cəhətləri ilə diqqəti cəlb edir. Araşdırmaçı kitabda atalar sözlərinin bəzi Qərb və Şərq xalqlarının dillərində olan qarşılığını da verir:

 

Pıçağ öz sapını kəsməz.

Ərəb: Bıçaq bıçağı kəsməz.

Kürd: Balta öz sapını kəsməz.

Koreya: Bıçaq bıçağı kəsməz.

Və yaxud: Tənbəl hər vaxt acdır.

Rus: Tənbəllik insanı əksildir.

Fin: Tənbəllik yoxsulluğun anasıdır.

Yapon: Tənbəl adamın ağzı boş olar.

Əfqan: Boş əldən böyük düşmən yoxdur və s.

 

Kitabda adı keçən xalqlar bunlardır: ərəb, alman, əfqan, indoneziya, ispan, rus, portuqal, yapon, kürd, fransız, bolqar, benqal, hind, gürcü, vyetnam, ingilis, koreya və fin».

Tədqiqatçı ön sözdə qeyd edir ki, türk, Azərbaycan, qırğız, özbək, yaqut, qazax türkmən atalar sözləri bir kökdən yaranmış sözlərdir onlar arasındakı fərq yalnız ağız (ləhcə) fərqləridir: «Buna görə müəllif bu atalar sözləri ilə İraq-türkman atalar sözləri arasında qarşılaşdırmanı gərəksiz hesab edib. Digər tərəfdən, tədqiqatçı İraq türkmanları arasında Kərkük, Tuzxurmatu, Tiləfər, Kifri, Xanəgin Ərbil kimi əsas ləhcələrin olduğunu qeyd edir. Kitabda yer alan İraq-türkman atalar sözləri əsasən Kərkük Tuzxurmatu ləhcələrində verilib:

 

Pıçağ yarası sağalı, dil yarası sağalmaz.

Paşanı da arxasınnan sögəllər.

Tazısız ava çıxan davşansız evə dönər.

Pilav yəən qaşığı yanında qaldırı.

Talihlinin xoruzu da doğar s.

 

Müəllif bəzi atalar sözünün mənasını izah edib, həmçinin Ömər Asim Ağsunun «Ata sözləri» sözlüyündən istifadə edərək digər atalar sözlərinin qısa şərhinə yer ayırıb:

Tərazı kimsədən utanmaz — «İnsan haqq sözü söyləməkdən utanmamalıdır». yaxud:

Dişləmək istiyən köpək dişini göstərməz — «Pislik etməyə qərarlı olan bunu daha öncə açığa vurmaz» s.

Atalar sözləri hər şeydən öncə, öz şəkli etibarilə ana dilinin canlı təzahürüdür. O, doğrudan-doğruya ana dilinin dərin mənbələrindən, yəni xalqın daima gənc, əbədi surətdə inkişaf edən ruhundan nəşət edir. Tarix boyu xalqın bütün sıxıntı üzüntülərinin, sevinc kədərinin, arzu istəklərinin ortağı olan, onları mübarizədən-mübarizəyə, qələbədən-qələbəyə ruhlandıran, dar günündə ümid çırağı olan, insanların hiss duyğularını özündə əks etdirən atalar sözləri maddi-mənəvi, dini-siyasi baxımdan bütün həqiqətləri dəyərləndirən çözüm tapan, sevgini, el birliyini, dirçəlişi göstərən, qorxunu, qorxaqlığı, xəyanəti pisləyən, yaxşılığı, azadlığı, müstəqilliyi, igidliyi müqəddəs mövzu kimi dəstəkləyən, nikbinliyə üstünlük verən, bədbinliyi qınayan deyimlərdir. Ta qədimdən insanların bir-birləri ilə ticari, sosial-siyasi əlaqələrinin nəticəsində yaranıb bir xalqdan digərinə ötürülmüş atalar sözləri bütün insan cəmiyyətlərində dəyərli mənalar kəsb etməklə bəşər övladının keçdiyi ömür yolunu izləyib, onun azadlıq mücadiləsini alovlandırıb, qaranlıq yollarına işıq tutub, nəsildən-nəslə keçərək canlılığını saxlayıb. Xalqın oxuyub-yazma bilməyən kütləsi tərəfindən qorunub saxlanaraq bu qədər uzun yol qət etmiş atalar sözləri Ə.Bəndəroğlu kimi millətini sevən, onun milli varlıq mücəssəməsi olan belə el nümunələrini qalın-qalın kitablarda yaşadan vətənpərvər ziyalıların gərgin əməyi nəticəsində hələ neçə-neçə əsrlər sonra da yaşayacaq».

S.Qaybalıyeva hesab edir ki, İraq-türkman folklorunun toplanması, tədqiqi nəşri sahəsində fəaliyyətini davam etdirən Ə.Bəndəroğlunun 1993-cü ildə «İraq-türkman folklorundan örnəklər» adlı digər bir tədqiqat əsəri işıq üzü görüb: «Tədqiqatçının bu əsəri uzun illərin gərgin əməyinin məhsuludur. 1970-ci ildə İraq türkmanlarına müəyyən mədəni hüquqlar verilmişdi. Həmin dövrdə Ə.Bəndəroğlu Kərkükdə ölkənin şimal bölgəsinin maarif müdiri vəzifəsində işləyəndə burada Tuzxurmatuda yaşlı söyləyicilərlə görüşərək bu kitabın orijinal xalq yaradıcılığı mətnlərini onlardan toplayıb. Kitabda İraq türkmanlarının yaşadıqları əsas bölgələr haqqında məlumat verən tədqiqatçı ayrı-ayrılıqda Kərkük folkloru, Ərbil folkloru, Tuzxurmatu yaxud Tiləfər folkloru əvəzinə bütövlükdə «İraq-türkman folkloru» terminini işlətməyi daha münasib doğru hesab edir. Müəllifin fikrincə, türkmanlar bu vilayətlərə bağlı olan çoxlu sayda qəza, kənd, qəsəbə ayrı-ayrı yaşayış məntəqələrində yaşayırlar, belə az miqyaslı təqdimat ən azı onların sayının məhdud olması təsəvvürünü yaradır.

Ə.Bəndəroğlu kitaba yazdığı ön sözdə İraq-türkman folklorunun araşdırılması nəşri sahəsində ərsəyə gətirilən tədqiqat əsərlərinin sayılacaq dərəcədə az olduğuna toxunur. Bu sahədə istər İraqda, istərsə ölkədən kənarda XX əsrin ortalarından etibarən tədqiqatlar aparılmağa folklorun ayrı-ayrı janr nümunələrinin toplanmasına, nəşrinə tədqiqinə həsr olunmuş müəyyən sayda əsərlər çap olunmağa başlayıb. Bu baxımdan xüsusilə İraqda xoyratların toplanması, tədqiqi nəşri işi diqqəti cəlb edir. Görkəmli İraq-türkman tədqiqatçısı Əta Tərzibaşının 3 cilddə «Kərkük xoyrat maniləri» əsəri 1955-56-57-ci illərdə nəşr olunub. O, 2490 xoyrat toplayıb, əsərdə həmçinin xoyratın kökləri, növləri, «xoyrat» sözünün etimologiyası ilə bağlı maraqlı fikirlər ortaya qoyub, xoyratla maninin fərqini izah edib. 50-ci illərdə bu sahədə digər iki əsər diqqəti cəlb edir: Molla Sabirin 3 cilddə «Kərkük müntəxəb xoyratları» (Bağdad-1951-53-54) əsərində 1246 xoyrat toplanıb. Yenə 1951-ci ildə Osman Məzlumun «Kərkük xoyratları» kitabı işıq üzü görüb. Həmçinin İstanbulda 1950-ci ildə Həbib Sevimlinin 390 xoyratı əhatə edən «Kərkük xoyrat maniləri» kitabı nəşr olunub. 1968-ci ildə Bakıda Rəsul Rza Qəzənfər Paşayevin «Kərkük bayatıları» kitabı çapdan çıxıb. Xoyrat mövzusu İraq-türkmanları arasında daha çox tədqiqata cəlb olunan sahə olub. 1989-cu ildə Ə.Bəndəroğlunun təşəbbüsü ilə Əli Bəndər Mustafa Ziyanın «Bayatılar xoyratlar» kitabı nəşr olunub. Əsərdə müəlliflərin gəldiyi qənaət budur: «Görünür ki, bayatı, xoyrat mani başlıca olaraq mövzu xüsusilə yapı (quruluş) əsas baxımından ortaqdır hətta eynidir». Kitabda 2000-dən çox xoyrat-bayatı yer alır. Ədəbiyyatşünas Qasım Sarı Kəhyənin «İraq-türkman ədəbiyyatında xoyrat» (Bağdad — 1992) adlı monoqrafiyası xoyratın tədqiqi sahəsində əsas qaynaqlardandır».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 16 aprel.- S.14.