«Abidələrinin mühafizəsi qənaətbəxş deyil»

 

«Mədəni abidələrimizin qorunması bərbəd vəziyyətdədir»

 

Faiq İsmayılov: «Dövlət büdcəsindən abidələrin mühafizəsi işinə ildə təxminən bir milyon manatdan çox vəsait ayrılır. Ancaq bunun müqabilində abidə mühafizəçiləri abidənin mənşəyi, kateqoriyası, mühafizə olunması qaydalarını bilmirlər»

Aprelin 18-i Tarixi Abidələrin Mühafizəsi Günüdür. Bu gün YUNESKO tərəfindən 1983-cü ildən başlayaraq qeyd olunur. Azərbaycan qədim tarixə malik olduğundan onun tarixi, mədəni abidələri genişdir. Ölkəmizin hər bir guşəsində bu tip abidələrə rast gəlmək olar. O cümlədən erməni işğalı altında olan Dağlıq Qarabağ ətraf rayonlarda da Azərbaycan türklərinə xas olan tarixi abidələr yetərincədir. Təəssüf ki, indi ermənilər bu abidələri özününküləşdirməyə başlayıblar.

Azərbaycanda tarixi abidələrin mühafizəsi, bu sahədə görülən görülməli olan işlərlə bağlı daha geniş məlumat almaq üçün «Azərbaycanın işğal olunmuş ərazilərindəki Tarixi Mədəni Abidələrin Mühafizəsi Təşkilatı» İctimai Birliyinin sədri Faiq İsmayılovla əlaqə saxladıq.

- Ümumən götürəndə Azərbaycanda tarix-mədəniyyət abidələrinin mühafizəsi heç qənaətbəxş deyil. Bu sahədə ümumiyyətlə, işlər aparılmır yaxın gələcəkdə aparılacağını da görmürəm. Müstəqillik qazandığımızdan bu yana Azərbaycanda tarix-mədəniyyət abidələrinin qeydiyyatının aparılması, onların pasportlaşdırılması prosesləri olmayıb. Bir çox arxeoloji abidələr qeydiyyatdan kənarda qalmışdı. Bu da sovet dövrü hakimiyyətinin tariximizə fərqli münasibəti idi. Onlar ümumiyyətlə, istəmirdilər ki, Rusiya, Ukrayna, Belorusla müqayisədə ölkəmizdə tarixi abidələrin mühafizəsi təşkil olunsun. Bunun nəticəsində hazırda Azərbaycanın istənilən rayon ərazisində, hətta Bakı-Abşeron bölgəsində çoxsaylı abidələrimiz, qeydiyyatdan kənardadır hələ onların qeydiyyata alınma prosesinə başlanılmır. Ona görə ki, bunun üçün abidələrin qeydiyyat kitabları, nümunələri olmalıdır. Azərbaycanda isə belə bir nümunə yoxdur. Pasportlaşma qeydiyyatdan sonra aparılmalıdır, amma pasport nümunəsi yoxdur. Hər halda ən azından İçərişəhərdə Qız Qalasının özünün pasportu yoxdur. Çünki nümunəsi yoxdur. Bu baxımdan mədəni abidələrimizin qorunması aşkarlanaraq üzə çıxarılması prosesi bərbəd vəziyyətdədir. Dövlət büdcəsindən abidələrin mühafizəsi işinə ildə təxminən bir milyon manatdan çox vəsait ayrılır. Ancaq bunun müqabilində abidə mühafizəçiləri abidənin mənşəyi, kateqoriyası, mühafizə olunması qaydalarını bilmirlər. Təşkilat olaraq üzərimizə tarix mədəni abidələrimizin qorunması aşkarlanması istiqamətində böyük düşür. Baxmayaraq ki, təşkilatımız işğal olunmuş ərazilərin tarix mədəni abidələrimizin erməni vandalizminə uğramasının ifşası ilə məşğuldur. Hazırda təşkilatımız abidələrimizlə bağlı pasport qeydiyyat kitabının nümunəsini, kitab həcmində elmi-metodiki tövsiyyələr hazırlayıb. Burada abidələr, arxeoloji, incəsənət, sənət abidələrinin olduğu barədə məlumatlar qeyd olunub. Güman ki, may-iyul aylarında bu kitabı buraxacağıq. Yaralı yerimiz olan işğal olunmuş ərazilərdə isə işlər daha bərbaddır. Bu ərazilərdə təxminən 850-870 abidə qeydiyyatdadır. Amma Ermənistan tərəfi həmin işğal etdikləri ərazilərdə 2500-ə qədər abidə qeydiyyatdan keçirib. Halbuki, qəbirüstü abidələrimiz, inanc yerlərimiz, pirlərimiz bu siyahılara daxil deyil. Onlar da siyahıya daxil olunsa işğal olunmuş ərazilərimizdə qeyri-rəsmi məlumatlara görə 4000-5000-ə qədər abidələrimiz olacaq. Təşkilat olaraq nazirliyə əməkdaşlıqla bağlı müraciət etmişik ki, qiyabi olaraq işğal olunmuş ərazilərimizdəki tarix-mədəni abidələrimizin qeydiyyatını aparaq.

- Ermənilər işğal etdikləri ərazilərdəki abidələrimizi özününkiləşdirirlər. Onların bu çirkin əməlinin beynəlxalq miqyasda ifşası üçün kimi işlər görmüsünüz ya görmək niyyətindəsiniz?

- Ermənilər işğal etdikləri torpaqlarımızdakı abidələri bir neçə struktura bölüblər. Bu ərazilərdəki qəbirüstü abidələrimiz, inanc yerlərimiz, türbələrimiz, bədii daş nümunələrimiz, məscidlərimiz bir qayda olaraq məhv edilir. İkinci bir tərəfdən işğal olunmuş ərazilərdə xeyli sayda xristianlıq ona qədər olan alban abidələri var. Bu abidələrin isə daş-divar nümunələri yazıları dəyişdirməklə onu erməniləşdirməyə çalışırlar. Ermənilər hardasa işğal olunmuş ərazilərdə 100-dən çox alban abidəsinə kilsə statusu veriblər. Sovet dövründə Ermənistanın özündə kilsələrin sayı 20-dən çox deyildi. İşğal olunmuş ərazilərdə alban abədələrini erməniləşdirməklə guya burada 100-dən çox kilsənin olduğu versiyasını formalaşdırmağa çalışırlar. Bu addımla da onlar dünyada saxta bir ajiotaj yaratmaq yolunu tutublar. Ermənilər işğal olunmuş ərazilərdə kilsələr tikmək, monimental xaç daşları düzəltməklə ərazinin guya onlara məxsus olduğu barədə məkirli erməni siyasəti yürüdürlər. Bu xaç daşları bir əsrdən sonra həmin torpaqların guya ermənilərə məxsus olduğunu sübut etməyə hesablanıb. Təşkilatımız buna qarşı çıxaraq 2010-2011-ci illərdə Azərbaycan tarixində ilk dəfə olaraq milli-mədəni dəyərlərimizin ermənilər tərəfindən məhv olması ilə bağlı Ermənistana qarşı Avropa Məhkəməsində 18 iddia ilə çıxış edib. Onların artıq bir çoxları qeydiyyatdan keçib. Həmin işlərdən bir neçəsinə baxılarsa, bu bütünlüklə işğal olunmuş ərazilərimizdəki bütün milli mədəni dəyərlərimizə şamil olunacaq. Eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səfirləri ilə bu istiqamətdə görüşlər keçiririk. Bu yaxınlarda ABŞ səfirliyinin birinci katibilə görüşüb işğal olunmuş ərazilərdə saxta xaç daşı qəbirstanlıqlarının yaradıldığı ilə bağlı fikir mübadiləsi apardım. O bu məsələni həmsədr ölkələrin nümayəndələrinə çatdıracağına söz verdi. Bu istiqamətdə çap etdirdiyim 5 kitabdan 4-ü dünyanın 50-dən çox ölkəsində yayımlanıb.

- Azərbaycan əhalisinin tarixi mədəni abidələrimizə münasibəti necədir. Bir çoxları bu qənaətdədir ki, əhali bu tip abidələrə adətən biganə yanaşırlar.

- Milli-mədəni dəyərlərimiz qürur yerimizdir. Tariximiz məhz bu abidələrdə yaşayır. Onlar olmasa tariximiz, mədəniyyətimiz məhv olar. Deməzdim ki, bu abidələrimizə əhali arasında laqeyd münasibət var. Sadəcə olaraq təbliğat yox səviyyəsindədir. Təbliğatı düzgün qura bilməməyimizin günahı isə bizim nəsildədir.

- Sovet dövründə mədəni abidələrlə tanışlıq üçün tez-tez məktəbliləri ekskursiyaya aparırdılar. Bununla da hələ gənc yaşlarından uşaqlarda mədəni tarixi abidələrə maraq oyadırdılar. Təşkilatınız bu istiqamətdə müvafiq nazirlik ya valideyn-müəllim assosiasiyası ilə birgə kimi işlər görüb görmək həvəsindədir?

- Bu əslində böyük işdir. Bunun üçün birinci növbədə Mədəniyyət Turizm Hazirliyi dəstək verməlidir. Həmçinin Təhsil Hazirliyi dəstək olmalıdır. İşlərimiz milli-mədəni dəyərlərimizə təcavüz edən erməni vandalizminin ifşası üzərində qurulub. Amma məsələ ondadır ki, məktəblilərin prosesdə aktiv iştirak etməsi üçün müvafiq qurumlar da prosesdə maraqlı olmalıdır. Əks təqdirdə istəsək belə hər hansı bir məktəbdən mədəni abidələrimizlə tanışlıq üçün 5 nəfər şagirdi belə götürə bilmərik. Amma gələcək planlarımızda bu məqamları da nəzərdə tutmuşuq. İndiyə kimi bu istiqamətdə addım ata bilməməyimizin bir səbəbi heç bir metodiki tövsiyyənin olmamasından irəli gəlir. Onu da qeyd edim ki, abidə ətrafındakı landşafların qorunması dünyada aktualdır. Şəhərlər böyüdükcə abidə yerində qalsa da, landşaflar da məhv olur. Ətraf ərazinin korlanması ilə isə həmin abidənin tarixi əhəmiyyəti yarıbayarı azalır.

İçərişəhərdə yeni tikintilərin aparılması həmin landşaftı pozur. Bu baxımdan abidələrimizlə bağlı nəinki uşaqların, hətta digər nəsildən olan nümayəndələrimizin maarifləndirilməsinə böyük ehtiyac var. Gələcəkdə metodiki tövsiyyələri hazırladıqdan sonra bu işlərə başlayacağıq.

 

 

Rüfət Sultan

 

Xalq Cəbhəsi.- 2013.- 16 aprel.- S.9.