Yeni QHT obrazını formalaşdıran Şura

 

QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılmasının 5 ili tamam olur

 

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının 5 ili tamam olub.

Bu qurumun yaranması ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşmasında yeni bir mərhələ olmaqla yanaşı, ölkədə vətəndaş cəmiyyətinin daha da inkişaf etdirilməsi sahəsində də böyük uğurların əldə edilməsinə səbəb olub.

QHT-lərə Dövlət Dəstəyi Şurasının 5 illik fəaliyyəti və perspektivləri barədə bir neçə QHT rəhbərinin fikirlərini öyrəndik.

QHT Əməkdaşlıq Alyansının baş katibi, MediaMülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov bildirib ki, Azərbaycanda ictimai sektorun inkişafında QHT-lərə Dövlət Dəstəyi Şurasının böyük xidmətlərinin olduğu danılmazdır. İctimai sektorun çoxsaylı problemlərinin aradan qaldırılması istiqamətində 2007-ci il iyulun 27-də ölkə prezidentinin sərəncamından sonra qeyri-hökumət təşkilatlarının inkişaf konsepsiyasının qəbul edilməsi və reallaşdırılmağa başlanması isə bu sahədə ən ciddi addım sayılmalıdır: «Çünki yerli QHT-lərin Şuradan maliyyələşdirilməsi sayəsində ölkədə yeni QHT obrazının formalaşdırılması prosesi məhz bu addımdan sonra başlandı.

Beləliklə, Şuranın yaradılması ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında və formalaşmasında yeni bir mərhələnin başlanğıcı oldu. Dövlətin milli QHT-lərə sahib çıxması, ictimai sektorun daha da inkişaf etdirilməsi, QHT-lərə dövlət dəstəyini nəzərdə tutan proqramın reallaşması QHT sektorunda baş verən mühüm yenilik idi. Bu proqramın həyata keçirilməsi nəticəsində QHT-lərin əhatə dairəsi, maddi-texniki bazası daha da genişlənməkdədir».

QHT sədrinin sözlərinə görə, məhz Şura yaranandan sonra QHT-lərin fəaliyyəti daha sistemli şəkil almağa başladı: «QHT-lərin fəaliyyətinin Şuraya qədərki vəziyyətinə nəzər saldıqda məlum olur ki, ötən beş ildə ictimai sektorda ciddi dəyişikliklər baş verib. Hər şeydən əvvəl bu qurumların fəaliyyətinin məqsədyönlü təşkilində və maliyyələşməsindəki xaotiklik, QHT-Hökumət münasibətlərində yaşanmış ziddiyyətlər aradan qaldırılıb. QHT-lərin ayrı-ayrı düşərgələrdən, siyasi qurumlardan, xarici donorlardan, bütövlükdə ayrı-ayrı insanlardan asılılığına son qoyulması istiqamətində ciddi dəyişikliklər baş verib. Digər tərəfdən, QHT-lərin Şuradan maliyyələşdirilməsi və Şuranın səyləri ilə ölkədə yeni QHT obrazının yaradılması təşəbbüsləri müsbət nəticələrlə müşayiət olunmaqdadır. Bu gün dövlətin QHT-ləri özünə tərəfdaş kimi qəbul etməsi, ictimai sektorun gələcək inkişafında mühüm irəliləyişlərin və dəyişikliklərin olacağına böyük ümidlər yaradır. QHT-lərə Dövlət Dəstəyi Şurasının ölkədə vətəndaş cəmiyyəti institutlarının səmərəli fəaliyyətinə yönəlik təşəbbüsləri və həyata keçirdiyi tədbirləri QHT-ləri daha da ruhlandırır».

Xanoğlan Əhmədov onu da qeyd edib ki, əslində mülki cəmiyyəti QHT-lərsiz təsəvvür etmək, sadəcə olaraq mümkün deyil. Bu sahədə Şuranın fəaliyyətinə gəlincə, qurumun ölkə QHT-lərinin inkişafına müsbət təsir etdiyi göz qabağındadır: «Hazırda QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən Azərbaycanın ümummilli maraqlarına xidmət edən layihələrin maliyyələşdirilməsinə üstünlük verilir. Şuraya maliyyələşdirilmək üçün təqdim edilmiş layihələrin dəyərləndirilib seçilməsi və qiymətləndirilməsində əvvəlki dönəmlərdən fərqli olaraq yeni prinsiplər rəhbər tutulur, xarici donor təşkilatlarının Azərbaycanla bağlı həyata keçirdikləri sistemdən fərqli metodologiya tətbiq olunur. Bütün layihələr cəmiyyətdəki obyektiv ehtiyaclar və problemlərin nəzərə alınması şərtilə dəyərləndirilir, bu zaman Azərbaycanın maraqları yeganə tələb sayılır».

Qadın Liderliyi Uğrunda» ictimai birliyin sədri, Fikir Fabriki İnstitutunun koordinatoru Ülkər Abdullayeva isə deyib ki, Şuranın yaranması vətəndaş cəmiyyətinin yeni formaşdığı bir mərhələyə təsadüf edirdi: «Baxmayaraq ki, bu gün Azərbaycanda minlərlə QHT fəaliyyət göstərir, onların sadəcə çox az bir qismi üzərinə düşən funksiyaları lazımınca dərk edir. Normalda vətəndaş cəmiyyətləri bir ölkənin inkişafı, ölkədəki müxtəlif institutların formalaşması üçün çox vacib funksiyaları yerinə yetirirlər. Ölkədə vətəndaş cəmiyyəti institutlarının mövcud olması, ictimai proseslərdə yaxından iştirak etməsi, hakimiyyətin qolları üzərində ictimai nəzarəti həyata keçirməsi olduqca vacibdir. Çünki inkişaf etmiş qeyri-hökumət sektoru olmadan, inkişaf etmiş cəmiyyətdən və dövlətdən danışmaq olmaz. Elə ictimai vəzifələr var ki, dövlət strukturlarının bu vəzifələri öz üzərinə götürməsi mümkün deyil. Kobud şəkildə desək, qeyri-hökumət təşkilatları tərəzinin digər gözündə — hökumətin qarşısında yer tutaraq, orada balansı yaratmağa xidmət edir. Bu müasir dünya üçün bir aksiomdur ki, 3-cü sektorazad media demokratik sistemlərin başlıca atributlarıdır. QHT-lər bir növ yardımçı, tənzimləyici funksiyaları üstlənərək cəmiyyətdəki boşluqların qapanmasında iştirak edirlər. Bu baxımdan düşünürəm ki, dövlətin QHT-lərə dəstək verən bir üst qurumun fəaliyyətini getdikcə təkmilləşdirməsi və QHT-lərin çoxsaylı layihələrini maliyyələşdirməsi pozitiv addımdır».

Demokratiyanın İnkişafı Problemləri Mərkəzinin rəhbəri Mütəllim Rəhimli də hesab edir ki, dünya siyasətində və ictimai həyatda təsir mexanizmlərinin qeyri-hökumət təşkilatlarının əlilə həyata keçirilməsi ona xüsusi diqqət yetirilməsini tələb edir: «Siyasətdən uzaq, siyasi proseslərə müdaxilə etmədiyi iddia edilən ictimai institutların vasitəsilə əslində, bir idarəetmə mexanizmi tətbiq edilməkdədir. Siyasətin birbaşa öz adı altında daxil ola bilmədiyi cəmiyyətlərə o, məhz bu qurumların əlilə yeridilir. İndi cəmiyyətlərin təsir zonalarına alınmaları və bu məkanda saxlanmaları QHT-lər vasitəsilə həyata keçirilir. Kütləvi informasiya vasitələrində yayılan məlumatlarda dəfələrlə bu faktlar göstərilib ki, münasibətlərində ziddiyyətlər hökm sürən dövlətlər və cəmiyyətlər arasında ilk vasitəçilik QHT-lər tərəfindən aparılıb. Bəzən SSRİ kimi böyük bir dövlətin dağılması səbəbləri sırasına ABŞ və Qərbin ictimai institutlarının peşəkarlığı qarşısında analoji qurumların yoxluğu fikrinin daxil edilməsi tamamilə təbii görünür. Deməli, ictimai qurumlar cəmiyyətlərin daxili nizamını, dövlətlərin stabilliyini və inkişafını təmin edirlər. Respublikamız yenidən müstəqillik əldə etdikdən sonra QHT-lərin inkişafında növbəti və yeni mərhələ başlayıb. İlk dövrlər bu sahəyə adekvat münasibətin göstərilməməsi respublikamızda xarici qüvvələrin təşkilatçılığı və dəstəyi ilə QHT «təzyiq qrupu»nun yaradılması ilə nəticələnmişdi. Onların fəaliyyəti ilə bağlı çox da uzaq olmayan tarixi həqiqətlər mövcuddur. Hakimiyyətə təzyiqlər, xarici siyasi, iqtisadi, hərbi və s. maraqların onlar vasitəsilə reallığa çevrilməsi aktlarının üstündən o qədər də çox vaxt keçməyib. Bütün bu gerçəkliklər və hadisələrin inkişaf istiqaməti qeyri-hökumət təşkilatları ilə Azərbaycan hökuməti arasındakı münasibətlərin yeni səviyyəsini tələb edirdi. Bu addım 2007-ci ildə Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunması ilə atıldı. Həmin ilin sonunda bu konsepsiyanın reallaşdırılması ilə bağlı zəruri təşkilati tədbirlər görüldü və 2008-ci il aprelin 16-dan artıq Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyətə başladı. Onun qarşısında duran əsas məsələ hakimiyyətin QHT-lərə dövlət dəstəyi konsepsiyası kimi mürəkkəb bir bir vəzifəıni icra etməkdir. Cəmiyyətdə fəal insanların proqram-layihələrinin, ideyalarının, iddialarının idarə olunması missiyasını yerinə yetirən Şuranın uğurları göz qabağındadır».

Onun sözlərinə görə, QHT-lərin böyük bir qismi artıq xarici təsir güclərinin təzyiq dairələrindən çıxarılıb: «Özübu, çox da böyük olmayan bir vəsait hesabına baş verir: il ərzində təxminən 1 milyon 500 min manat. Həm də bu məbləğ Azərbaycan cəmiyyətinin yenidən milli maraqlara köklənməsinə və bu yönümdən də dünyaya inteqrasiya olunmasına sərf olunur. Görünən budur ki, Azərbaycan hakimiyyəti artıq QHT-lərə sadəcə bir tərəfdaş kimi deyil, bilavasitə ölkə vətəndaşlarının təmsil olunduğu kütləvi qurumlar kimi baxır. QHT-lərin buya digər təşəbbüslərini həyata keçirmələrinə maddi dəstək göstərir. QHT-lərə Dövlət Dəstəyi Şurası 5 il ərzində milli maraqların qorunması, Konstitusiyaqanunlara, dövlət rəmzlərinə hörmətin formalaşdırılması, eləcə də Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin dünyada fəal şəkildə təqdim edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, azərbaycançılıq ideyasının təbliğ edilməsi, ümumiyyətlə, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən problemlərin həllinə qeyri-hökumət təşkilatlarının cəlb olunması və onlara məlumat, metodiki, təşkilati-texniki, maliyyə yardımının göstərilməsinə dair çoxsaylı layihələri maliyyələşdirib. Cəmiyyət üçün bir növ tutarlı müdafiə sistemi qurubbu istiqamətdə işlərini davam etdirməkdədir. Bu da bir həqiqətdir ki, cəmiyyətin fəal üzvlərindən ibarət olan QHT sektorunda ən müxtəlif sahələrin fərqli fikir təmsilçilərinin ortaq nöqtələrinin tapılması və inkişafa yönəldilməsi böyük zəhmət, bacarıq və iradə tələb edir. Bu elə bir sahədir ki, buradakı insanlarla əmr formasında, yaxud göstərişlərlə danışmaq mümkün deyil. Onlar tamamilə müstəqil insanlar olub öz ideyaları, məqsədləri və onu reallaşdırmaq üçün fərqli yollara sahibdirlər. Bu insanlarla işləmək üçün inzibati mexanizmlər effekt verə bilməz, yalnız yüksək intellekt, mədəniyyət, müxtəlif fikirlərə dözümlülük tələb edilir. QHT-lərə Dövlət Dəstəyi Şurasının ən böyük uğurlarından biri kimi məhz bunu qeyd etmək olar. Görünür, bunun da əsas səbəbi onun birmənalı olaraq mili mənafelərə qulluq etməsini sübut edə bilməsi, tolerant olması və fəaliyyətindəki şəffaflıqdır. Elə buna görə də, QHT Əməkdaşlıq Alyansının Şuraya fəaliyyətinin beş illiyi münasibətilə verdiyi 5-lə razılaşmamaq olmur».

Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu isə qeyd edib ki, QHT Şurasının həyata keçirdiyi ən böyük missiya yerli ictimai təşkilatları sırf Azərbaycanın milli maraqları ətrafında birləşdirmək oldu: «Xarici donorların layihələrində təbii olaraq milli mövzulara yer verilmirdi. Əlbəttə demokratiya, insan haqları ümumdünyavi məsələlər olduğundan həm də milli hesab oluna bilər. Xarici donorların bu sahələrə ayırdıqları qrantlar lazımlıdır. Amma hər bir ölkə öz kökü üstündə daha möhtəşəmdir. Qlobalizmin carçıları olan ölkələr belə, milliliklərini qorumağı əsas missiyaları hesab edirlər. Belədə biz niyə özümüzəməxsusluğumuzu qorumayaq, əvəl evin içini, sonra çölünü düzəltməyək?.. QHT Şurası məhz evimizin içindəki problemlərin həllinə çox güclü dəstək vermiş oldu bu 5 ildə. Həyata keçirilən layihələr vətəndaş cəmiyyətinin formalaşmasına güclü təkan verdi. İctimai təşkilatların təşkilatlanması, müəyyən səviyəyə qalxması da QHT Şurasının əməyi ilə baş verdi. Neçə-neçə yeni təşkilatların yaranmasına, fəaliyyətinə dəstək olan QHT Şurasına növbəti illərdəki fəaliyyətinə layiqli dəstək isə biz QHT-lərin boynuna düşür. Ölkəmizin gözəlləşməsi, insanlarımızın daha rahat yaşaması üçün bir hədəfə vuraq».

 

 

Cavid

 

Xalq Cəbhəsi.- 2013.- 17 aprel.- S.10.