Ana dilində danışmaq kompleksi

 

Vaqif Abışov: «Öz dilini sevməyən, bu dildə danışmağı yadırğayan vətəndaşlar millətini də sevmir və bu halda millətin başına bəlalar gəlir»

 

Mehriban Vəzir: «Kölə şüurundan çıxmağımız üçün hakimiyyət dilimizin qorunması və inkişafı yolunda ciddi maarifçilik və tədris işləri aparmalıdır»

 

Rusiyanın tanınmış teleaparıcısı Kseniya Sobçak snob.ru-da öz bloqunda Bakıya bu günlərdə başa çatan səfəri barədə yazıb. Xatırladaq ki, telejurnalist «MQİMO məzunlarının beynəlxalq Bakı toplantısına» dəvət əsasında ötən həftə Azərbaycan paytaxtında olmuşdu. Sobçak məqaləsində Bakıdan böyük təəssüratlarla ayrıldığını yazaraq Azərbaycanın qonaqpərvərliyindən məmnun qaldığını bildirib. Təşkil edilən ekskursiyaları xüsusi qeyd etməklə yanaşı, o, eyni zamanda, neft pulları hesabına yeni və köhnə Bakının dəyişən simasına və füsunkarlığına, arxitekturasına, yeni yaraşıqlı tikililərinə diqqət çəkib. Sobçak məqaləsində həmçinin, Bakı küçələrində rus dilində danışanların çox olmasından məmnun qaldığını dilə gətirib. Heç şübhəsiz ölkəmizdə bir çoxları Sobçakın məqaləsində yer alan həmin məqamdan sevincək olublar. Bu, xüsusən də gündəlik fəaliyyətlərində ana dilinə deyil, rus dilində danışmağa üstünlük verənlərə aiddir.

Azərbaycan artıq 21 ildən çoxdur ki, müstəqil dövlətdir. Müstəqil dövlət olaraq da onun ana dili Azərbaycan türkcəsidir. Amma həqiqətən də ölkədə, xüsusən də, Bakıda yaşayan bir sıra vətəndaşlar öz aralarında əksər hallarda ana dillərində deyil, rus dilində danışmağa üstünlük verirlər. Belə hallara şəhərin hər yerində, metroda, avtobusda, hətta rəsmi tədbirlərdə də rast gəlmək olar. Bir sıra nazirlik əməkdaşları öz aralarında, prosesində rus dilində danışmağa meyllidirlər. Hətta nazirlik rəsmiləri müəyyən məsələ və problemlərlə bağlı onlara müraciət edən vətəndaşlara da bir sıra hallarda rus dilində cavab verirlər. Bu isə heçsevindirici fakt deyil. Xarici ölkələrin vətəndaşları gələn qonaqlara da əsasən öz dillərində müraciət etməklə ana dillərinin müqəddəs olduğuona sevgilə yanaşdıqlarını nümayiş etdirirlər. Azərbaycanda yerli əhali bir çox hallarda rus dilində danışığa üstünlük verməklə əslində ana dillərinə hörmətsizlik nümayiş etdirirlər. Azərbaycanın qadın voleybolu üzrə yığma komandasının liberosu Karatenko vaxtilə ölkə klublarında oynayarkən bir kəlmə də olsun Azərbaycan dilində danışa bilmirdi. Amma sonradan o bir illiyə Türkiyə klublarının birinə icarəyə verildiburada olduğu qısa müddətdə o, Türkiyə türkcəsində sərbəst danışmağı öyrəndi. Bu faktın özüonu göstərir ki, Azərbaycanda vətəndaşların ana dilini mükəmməl mənimsəməsinə və onların doğma dilində danışmaqla fəxr etmələrinə dövlət səviyyəsində belə ciddi münasibət bəslənilməlidir.

Tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov bildirdi ki, şəhər küçələrində rus dilində danışıqların çox olması sevindirici haldan daha çox, kədərləndirici haldır və dilimizə hörmətsizlikdir: «Müxtəlif dilləri bilmək yaxşı haldır. Azərbaycan vətəndaşları nə qədər çox dil bilsə bir o qədər yaxşıdır. Ancaq bütün bunlarla yanaşı, vətəndaş birinci yerdə öz dilini bilməli, onu sevməli və hər yerdə ana dilini təbliğ etməlidir. Bu qanundur, hər bir millət öz dilini sevməli, onu yaşatmalıdır. Yaşatmadığı təqdirdə o tarixin səhnəsindən silinib gedəcək. Öz dilini sevməyən, bu dildə danışmağı yadırğayan vətəndaşlar millətini də sevmirbu halda millətin başına bəlalar gəlir. Sadə vətəndaşların əbədi olaraq öz dilinə güclü bağlılığı var. Amma xüsusən vəzifədə olanlar, müəyyən titul daşıyanlar bir çox hallarda öz aralarında danışıqlarda rus dilinə önəm verirlər. Rusiyalı telejurnalist Kseniya Sobçakın iddia etdiyi kimi, Azərbayanda və o cümlədən Bakıda heç də hamı bir-birilə təmaslarda rus dilinə önəm vermir. Düzdür bu hal mövcuddur, amma o qədər də yox. Ola bilsin Bakıda olarkən düşdüyü mühit, onu əhatə edən dairənin rus dilində danışmasından belə təəssürat formalaşıb ki, ölkəmizdə öz aralarında belə rus dilində danışanlar çoxdur. Amma bəzi dövlət müəssisələrində və digər sahələrdə yüksək post tutan şəxslərin övladlarının böyük hissəsi rus məktəblərində təhsil alırlar. Bəziləri də xaricdə ingilis dilində oxuyur. Ev şəraitində, uşaq bağçası, məktəb və ali məktəbdə olan zaman gənc vətəndaş Azərbaycan dilini, ədəbiyyatı, qramatikası və tarixini öz dilində dərindən öyrənmirsə, belə insanlar müəyyən qədər ana dili və millətinə yadlaşmış formada inkişaf edəcək. Rus məktəbinə qoyulan uşaq rus tərbiyyəsini görəcək, rus qramatikası və ədəbiyyatına daha çox üstünlük verəcək. Bu baxımdan dövlət səviyyəsində uşaq bağçalarından tutmuş ali məktəblərə qədər ana dilinin təbliği istiqamətində güclü təbliğat aparılmalıdır. Xüsusən də ölkədaxili yığıncaq, iclaslarda, simpozium və görüşlərdə ana dilinə önəm verilməlidir. Dilimizə özümüz tərəfindən sevgi daha çox olarsa xaricilər də ana dilimizə hörmət edəcək. Belədə xarici qüvvələrin ölkəmiz daxilində təxribat törətmək cəhdlərinin də qarşısı müəyyən mənada alına bilər. Hazırda ana dili dərsliklərinin az olması da tələbələrimizin dilimizi mükəmməl mənimsəmələrinə əngəl olur. Ali məktəb dərsliklərinin əksəriyyəti indirus dilində olaraq qalır, çoxu tərcümə olunmayıb. Belədə proses müəyyən qədər elmimizə də təsir göstərir».

Yazıçı-publisist Mehriban Vəzir də Bakı küçələrində rus dilində danışıqların çox olmasını dilimizə hörmətsizlik kimi dəyərləndirdi və bu faktı ölkə əhalisinin bir hissəsinin hələ də kölə şüurundan xilas ola bilməməsilə əlaqələndirdi: «Vətəndaşlarımızın bir sıra hallarda öz aralarında ana dilini qoyub rus dilində təmaslara üstünlük verməsi heç bir halda sevindirici ola bilməz. Bu millətimizə və dilimizə hörmətsizlikdir və bir vətəndaş olaraq məni kədərləndirir. Heç şübhəsiz kənardan gələn qonaq üçün ölkəmizin vətəndaşlarının rus dilində danışığa üstünlük verməsi sevindirici hal olacaq. Onlar bu haldan məmnun qalırlar ki, Azərbaycan vətəndaşı rus dilinə önəm verməklə hələ də kölə şüuru daşıyır. Ona görə də Sobçak kimiləri bu haldan sevinirlər. Amma bizim üçün çox məyusedici faktdır ki, böyük şəhidlər bahasına 21 ildir müstəqil olmağımıza baxmayaraq, hələ də Azərbaycan vətəndaşı kölə şüurunun daşıyıcısıdır. Kölə şüurundan çıxmaq üçün isə hökimiyyət tərəfindən dilimizin qorunması və inkişafı yolunda ciddi maarifçilik və tədris işləri aparılmalıdır».

 

 

Rüfət Sultan

 

Xalq Cəbhəsi.- 2013.- 17 aprel.- S.9.