25 günlük yaşayan bir Türk
dövləti!
Cənubi
Qərbi Qafqaz Respublikasının konstitusiyasında ilk dəfə
«Türkiyə» sözündən istifadə olunub.
Dünya
xəritəsi davamlı dəyişir.
Yaşadığımız coğrafiyada bu, daha əvvəl
də görülmüş bir faktdır. Anadoluda qurulan ilk hökumət,
məclis və respublika Cənubi Qərbi Qafqaz Hökuməti
də bu torpaqlarda belə bir mərhələ idi. Qərbin
Yaxın Şərq və bütövlükdə Şərq
üzərindəki müəyyən edicilik ehtirası
tükənmirdir. Qars yaxınlığında qurulan bu
qısa ömürlü dövlətin hekayəsi məhz belə
başlamışdı…
Avropa imperializminin məsələyə
tərəf olması ilə…
1877 — 1878
— ci il Osmanlı-Rus müharibəsindən
(93 Hərbi) sonra üç bölgə (Qars, Ərdahan,
Batum) rusların ixtiyarına buraxıldı. 3
Mart 1878-ci ildə Yeşilköydə imzalanan Ayastefenos
müqaviləsi ilə Rusiya Osmanlı Dövlətinə
bağlı bir Bolqarıstan Şahzadəliyi
qurulmasını, (Şahzadəliyin sərhədləri
Tunadan Egeyə, Trakyadan Albaniyaya kimi uzanacaqdı), 2. Bosniya-Hersoqoviniyaya daxili işlərində müstəqillik
verilməsini, 3. Serbiya, Çernoqoriya və
Rumıniyaya tam müstəqillik verilməsini, 4. Qars, Ərdahan, Batum və Doğubeyazitin Rusiyaya
verilməsini təmin etmiş; ayrıca ermənilər lehində
islahatlar aparılması ilə razılaşmaları daxil
etmişdi. Bu müqavilə ilə Rusiya
bir tərəfdən Aralıq dənizinə
çıxmış olur (Bolqarıstan vasitəsilə), digər
tərəfdən də Qars-Ərdəhan-Batumu ələ
keçirərək İngiltərənin Hindistan üzərindəki
imperialist maraqlarını təhdid edən hala gəlmiş
olurdu. Eyni zamanda bu üç bölgə
Rusiyanın İskəndəruna enməsi üçün
strateji bir zəminə çevrilirdi. Şərqi
Anadolu bölgəsini rus təşəbbüsünü tək
başına buraxmamaq üçün İngiltərə,
Avstriya, Almaniya və İtaliya Rusiyanı Berlində yeni bir
müqavilə imzalamağa məcbur etdilər və
mövzunun tərəfi oldular. Berlin
müqaviləsinə uyğun olaraq Rusiyaya döyüş təzminatı
olaraq buraxılan yerlər; o zamanın Oltu, Olur, Şenkaya,
Ardanuç və Şavşat rayonlarını ehtiva edən
Qars və Ərdahan vilayətləri ilə
günümüzdəki Artvin mərkəz və Borçka
mahalları idi. Ayrıca hal — hazırda
Türkiyə sərhədləri xaricindəki Acara və
Çürüksunu da özündə ehtiva edən Batum
sancağı Ruslara verilmişdi. Avropa
imperializminin məsələyə tərəf olması ilə
birlikdə 8 fevral 1879-cu ildə İstanbulda Muahedeyi — Qatinin
müqaviləsi imzalanıb. Müqavilə ilə rus
işğalı altında olan bölgədəki müsəlman
xalqa Anadolunun içlərinə köç etməsi
üçün 3 il vaxt veriləcəkdi.
Bu müddət ərzində köç etməyən
xalq Rus vətəndaşı sayılacaqdı. 3 il içində bölgədən 120 min
Türk Anadoluya köç etmişdir. 1855-ci il
tarixli Rus Ərazi Nizamnaməsinə görə, bu
üç vilayətdə olan xalqın torpaq mülkiyyəti
qaldırıldı. Bütün ərazi dövlət malı sayıldı. Buna görə,
buralardan köçən Türklər sənədli ərazilərini
sata bilmədikləri kimi, müəssisə
hüquqlarını da dövr edə bilmədilər. Rusiya isə ərazilərin qiymətini də ödəməmişdir.
Həmçinin yerli xalqı ruslaşdırma
siyasətini qüvvəyə qoymuş, İslamın
şüarı olan kimliyin izləri sayılan məscid, mədrəsə
yıxıldı, İslami elmlər təhsil edilən mədrəsələr
(rüşdiyyələr) bağlandı. Türkiyədən
mətbuat gətirilməsinə icazə verilməyib. İqtisadi mənada da dolanışıq çətinləşmiş,
Türklərin peşə sahibi olmasına icazə verilməmişdir.
«Demokratiya» anlayışı
konstitusiyada öz əksini tapıb
1905-ci ildə
Rusiyada böyük bir inqilab baş verdi. Bu qarışıqlıqlar Qafqazda Türklərin
üzərindəki rus təzyiqini nisbətən azaltdı.
1905-ci ildə bütün Rusiyada baş verən
üsyanlar və qiyam hərəkatı Qafqazda da
görüldü. Yenidən bir mədəniyyət
hərəkatı doğuldu. Mərkəzi
Bakıda olan «İslam Nəşri — Maarif Cəmiyyəti»
1909-cu ildə Qarsda şöbə açaraq bölgədə
oxuma — yazma səfərbərliyinə başladı. 1917-ci ildə Bolşevik inqilabı, Rusiyanın I
Dünya müharibəsindən çəkilməyinə səbəb
oldu. 3 Mart 1918-ci ildə Osmanlı Dövləti,
Rusiya ilə Brest-Litovsk müqaviləsini imzaladı. Müqavilə ilə üç bölgənin
Türkiyəyə qaytarıldığı bildirildi. Müqaviləyə əsasən Rusiya Şərqi
Anadolu vilayətlərini (Ardahan, Qars və Batum) təxirə
salmadan boşaltmalı idi. Rusiya istər
şəxsi, istərsə də dövlət hüququ
baxımından oradakı yeni vəziyyətə
qarışmayacaqdı. Bu yeni status Rusiya
ordusunun dağılmasının nəticəsi idi. Osmanlının üç bölgəni geri qaytarması
isə şəkli bir vəziyyət idi. Çünki
ruslar çəkiləndə, yerlərini erməni və
gürcü qüvvələri alırdı. Qars, Ərzurum, Ərzincanda qırğınlar
başladı. Osmanlı ordusu 12 fevral
1918-ci ildə hərəkətə keçdi, Qarsa və
Batuma kimi irəlilədi. Belə olan halda
Osmanlı sərhədləri əvvəlki sərhədlərinə
çatdı. Brest-Litovsk müqaviləsinə
və rus siyahıya almasına uyğun olaraq xalq səsverməsi
keçirildi. Üç bölgə də
Osmanlıya qoşulma qərarı aldı. Ancaq Mudros müqaviləsi ilə Osmanlı
üç bölgəni boşaltmağa məcbur qaldı.
Osmanlı ordusu 1914-cü ildəki sərhədlərinə
kimi çəkiləcəkdi. Osmanlı
ordusunun çəkilməsi ilə bölgənin ingilislər
tərəfindən işğal ediləcəyi
düşünüldüyündən sürətli bir təşkilatlanma
başladı. Axıska Hökuməti —
Müvəqqatası (29 Oktyabr 1918), İqdır mərkəzli
Araz Türk Respublikası (3 Noyabr 1918) və Qars İslam
Şurası (5 Noyabr 1918) quruldu. 21 Oktyabr
1918-ci ildə Osmanlı ordusu Qafqazdan geri çəkilməyə
başladı. Qars İslam Şurası,
14 Noyabr 1918-ci ildə «Milli İslam Şurası Mərkəzi
ümumisi» adıyla bir rəhbərlik yaratdı. 30 noyabr 1918-ci ildə II Qars Konqresində Qars Milli
Şura Hökumətinin qurulması qərara alındı.
Konqresdə Axıska Hökuməti və Araz
Türk Respublikası də Milli Şura hökumətinə
qatıldılar. Qars Milli Şura Hökuməti
18 Yanvar 1919-cu ildə Cənubi — Qərbi Qafqaz Hökuməti
Müvəqqəteyi- Milliyyəsi adını aldı. Qarsın xaricində Artvin, Ərdahan, Batum,
Gümrü, Sarıkamış, Naxçıvan, Ordubad və
İqdır bu respublikanın sərhədləri içində
idi. 18 maddəlik konstitusiya təyin olundu.
Konstitusiyanın qanunları Osmanlı
torpaqları üzərində demokratik Məclis Hökuməti
sisteminin ilk nümunəsidir. 1923 — ci ildə qurulan
Türkiyə Respublikasından əvvəl məhz bu dövlətin
konstitusiyasında «konstitusiya», «demokratiya», «Türkiyə
Dövləti» «respublika» kimi anlayışlara yer verilirdi. 18
maddəlik «Təşkilati — əsasiyyə qanunu»nu qəbul edən
konqresdə Hökumət rəisi Cahangiroğlu İbrahim bəy,
parlament rəisi Çıldırlı Dr. Əsəd bəy,
daxili müdafiə naziri vəzifəsinə
Kağızmanlı Əli Rza bəy, Xaric Müdafiə
nazirliyinə Divriğili Piroğlu Fəxrəddin bəy təyin
edildi. 8000 nəfərlik ordu quruldu. 25 mart 1919-cu ildə Cənubi Qərbi Qafqaz Hökuməti
— Müvəqqətiyyəyi — Milliyyəsi tam müstəqilliyini
elan edərək Cənubi Qərbi Qafqaz Hökuməti
adını aldı. Bölgədə
müsəlman əhalisinin sayı 1.534.824, rus, yunan, malakan,
erməni əhalisinin sayı 227.324 nəfər idi. Konstitusiyasının 11. maddəsində
«İxtilaf dövlətləri, şərqi Türkiyə əllərinə
alıb başqa bir millətə vermək istədiyinə
görə Cümhuriyyətimiz Türkiyədən
ayrılmamağı qəti olaraq qəbul etmişdir»
hökmünü gətirən bu dövlətin Osmanlının
himayəsinə möhtac olduğu şübhəsizdir. «Türkiyə» ifadəsinin ilk dəfə istifadə
olunduğu dövlətin varlığına ingilislərin
bölgəni işğalı ilə 19 aprel 1919-cu ildə son
qoyuldu. Cənubi Qərbi Qafqaz Hökuməti
bir kəpənək kimi yaşadı. Hökumətin
12 üzvü də həbs olunaraq əvvəl Batuma, daha sonra
da Maltaya sürgün olundu. İngilislər
hökumətin yerinə oyuncaq bir şura qurdu. İngilislərin ermənilərə təhvil
verdiyi Qars, 1920-ci ildə Kazım Qarabəkir əmrindəki
Türk birlikləri tərəfindən təkrar geri
alındı. Bu hadisə dövlətlərin
qurulmasının kifayət etmədiyini, onların
yaşamasının dünya sisteminə bağlı
olduğunu göstərir. Ancaq hadisənin
bizim tariximiz baxımından əhəmiyyəti, bu qısa
ömürlü dövlətin konstitusiyasının
Türkiyənin konstitusiya sisteminin ad və əsaslarına
liderlik etməsidir. Cənubi Qərbi Qafqaz
Respublikasının konstitusiyası «Türkiyə» sözlərinin
ilk dəfə istifadə edildiyi bir mətn oldu. Türkiyənin ad mənasında istifadə
olunlduğu mətn də məhz bu mətndir. Qısa
ömürlü bu dövlətin konstitusiyası belə idi:
1.
Hökumət «Cənubi Qərbi Qafqaz Respublikası»
adını daşıyacaq.
2. Cənubi
qərbi Qafqaz Respublikası hökumətinin sərhədini
Batumdan Naxçıvana kimi çatdıraraq, bu sərhədlər
içində sülhün sonuna qədər
qorunmasını təmin etməyi öz üzərinə
götürmüşdür.
3.
Hökumət bayrağını Ay ulduzlu Türk
bayrağı kimi qəbul etmişdir.
4. Cənubi
qərbi Qafqaz Respublikası hökumətinin rəsmi dili
Türkcədir. Bütün rəsmi və
qeyri-rəsmi müamilət və tədrisat türkcə
olacaq.
5. Millət
vəkili seçkiləri üçün 18 yaşdan
yuxarı qadın və kişi səs vermək
səlahiyyətinə malikdir. 10.000 nəfər
bir millət vəkili seçir.
6. Hər
vilayət və qəsəbədə, Milli Şuranın
şöbələri açılaraq, xalqımızdan hər
cür kömək görəcək.
7.
Türk millət və hökumətini təhqir edəcək
hər cür rəftardan qəti surətdə çəkiniləcəkdir.
8. Hərbi
təşkilatımız da, respublikamızın qəbul
etdiyi üsul, Türkiyə dövləti ilə əlaqəsi
təmin etmək üçün daimi bir heyətimiz
Türkiyədə olacaq.
9.
Mülki təşkilatımızdan da 8 maddədəki zikr
edilən üsul eynilə qəbul ediləcək.
10.
Qonşu hökumətlər ilə daim dostca davranmağı
Respublika Hökumətimizi düstur olaraq qəbul etmişdir. Millət vəkili seçildikdən sonra bu xüsus
haqqında ayrıca bir qanun çıxarılacaqdır.
11. Antanta
dövlətləri, şərqi Anadolunu başqa bir millətə
vermək istəsə Cümhuriyyətimiz Türkiyədən
ayrılmamağı qəti olaraq qəbul etmişdir.
12.
Azlıqların azadlıqları və hüquqları
mühafizə ediləcək.
13.
Müsəlmanlar arasındakı məzhəb
ayrılıqlarına hörmət ediləcək, dini ayinlərin
bir yerdə edilməsi təmin ediləcək.
14.
Demokratiya əsaslarına riayət edilərək seçkilər
tərəfsiz və təsirsiz olacaq, Türkün şan və
şərəfinə yaraşacaq bir şəkildə edilməsinə
maksimum surətdə diqqət ediləcək.
15.
Qubernator və komandirlərin işə başlamaları və
işdən əl çəkdirilmələri qamutayın qərarı
ilə olacaq.
16. Respublika Hökumətimiz millət vəkillərinin
seçilib kamutayın işə başlamasından sonra
qanunun bəzi maddələrinin dəyişdirilməsini təklif
etməyə səlahiyyətlidir.
17. Millət
vəkili olmaq üçün yaş həddi 25-dən
yuxarı olacaq. 18. Bu qanunun qüvvəyə mindikdən sonra
icrasına nazirlər heyəti ilə cümhur rəisi məmurdur.
Oktay
Xalq Cəbhəsi.-
2013.- 18 aprel.- S.10.