«Konstitusiya hüquq
sisteminin ən üstün sənədidir»
Nazir Quliyev: «Konstitusiya ölkədə
bütün hüquqi tənzimləmələrlə
bağlı əsas maddələri özündə əks
etdirir»
Vətəndaş
cəmiyyətinin inkişafı ölkədəki qanunverici
bazanın mütərəqqi olmasıyla da
bağlıdır. Dəfələrlə təkmilləşdirilməsi
üçün əlavə və dəyişikliklər edilən
Azərbaycan Konstitusiyası dövlətin əsas qanunudur. Vətəndaşların
bütün hüquq və azadlıqları Ana Yasamız əsasında
tənzimlənir. Eləcə də yeni qanun layihələri
konstitusiyanın məzmununa uyğun hazırlanır.
Ümumxalq səsverməsi yoluyla qəbul olunan Ana Yasamıza
yalnız referendumla əlavə və dəyişikliyin edilməsi
mümkündür. Ona görə də bu dəfə əsas
dövlət sənədi hesab olunan konstitusiya ilə
bağlı daha ətraflı məlumat əldə etmək
istədik. Suallarımızı «Hüquq Dünyası»
İctimai Birliyinin sədri, hüquqşünas Nazir Quliyev
cavablandırdı.
-
Konstitusiyanın hansı hüquqi qüvvəsi var?
- Hər
bir ölkənin əsas qanunu hesab olunan konstitusiyanın tarixən
ölkələrin formalaşmasında, hüquq sisteminin təkmilləşməsində
böyük rolu var. Konstitusiyanın əsas özəlliyi
ondan ibarətdir ki, ölkədə bütün hüquqi tənzimləmələrlə
bağlı əsas maddələri, müddəaları
özündə əks etdirir. Məsələn,
konstitusiyada qısaca qeyd olunub ki, hər bir şəxsin mənzil
hüququ var. Bu da öz-özlüyündə mənzil
qanunvericiliyilə bağlı çoxsaylı qanunların qəbul
olunmasını ehtiva edir. Yaxud konstitusiyada
şəxsi toxunulmazlıq, mülkiyyət hüququ bir
cümlə ilə qeyd olunsa da, bu, çoxsaylı
qanunların qəbul olunmasını özündə ehtiva
edir. Eyni zamanda konstitusiyanın ümumxalq
səsverməsi yolula qəbul olunması, ölkə vətəndaşlarının
referenduma qatlaraq konstitusiyanın qəbulunda iştirakı ona
ümummilli bir status verir. Bu da çox
önəmlidir. Həmçinin vətəndaşların
konstitusiyada nəzərdə tutulmuş müddəaların
hüquqi müfadiəsilə bağlı Konstitusiya Məhkəməsinə
müraciəti onun hüquqi üstünlüyünün və
qüvvəsinin göstəricisidir.
- Azərbaycan Konstitusiyası neçənci ildə və
hansı yolla qəbul olunub?
-
Konstitusiyamız 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi
yoluyla qəbul olunub. Azərbaycan həmin
dövrdə öz müstəqilliyini yeni əldə
etmişdi. Konstitusiyada nəzərdə
tutulan bir çox müddəalar inkişaf etmiş ölkələrin
təcrübəsinə, həmçinin onların
qanunvericiliyinə əsaslanaraq öz əksini
tapmışdı. Zamanın tələbindən
asılı olaraq ilk konstitusiyamızda iki dəfə referendum
yoluyla dəyişiklik edilərək bir çox müddəalar
əlavə olundu. Xüsusilə də
konstitusiyamızın Avropa qanunvericilik sisteminə, müasir
dövrün tələblərinə
uyğunlaşdırılması, insan hüquq və
azadlıqlarının müdafiə mexanizminə daha
yaxşı çevrilməsi baxımından ana yasada
zaman-zaman dəyişikliyin edilməsinə zərurət
yaranır.
- İlk konstitusiyamızın məzmunu kimlər tərəfindən
və necə tərtib olundu?
- 1995-ci
ildə qəbul olunan konstitusiyamızla bağlı geniş
müzakirələr aparıldı, işçi qrup
formalaşdırıldı, bir çox ölkələrin təcrübəsi
öyrənildi. Adətən, dünya təcrübəsində
belə bir yanaşma mövcuddur ki, ana yasa mümkün qədər
sadə, hər bir vətəndaş üçün əlçatan
və başadüşülən olmalıdır. Bu baxımdan da konstitusiyalarda əsl mahiyyət
çoxsaylı maddələrin yer alması yox, konkret vətəndaşların
müxtəlif hüquq və azadlıqlarına yönəlmiş
müddəaların alması ilə bağlıdır.
Bu baxımdan konvensiya hazırlanarkən
konstitusiyanı tərtib edən şəxslər bu
detalları nəzərə alır. Çoxsaylı
konvensiyalarda, protokollarda hər bir vətəndaşın
ayrı-ayrılıqda müxtəlif hüquq və
azadlıqları yer alıb. Konstitusiyalar tərtib
olunarkən bu meyarlar da diqətə alınır. Eyni
zamanda ana yasada yer alan müddəaların
icra mexanizmləri də nəzərə alınır ki, gələcəkdə
bu qanunlar öz təsdiqini tapa bilsin. Eyni zamanda
1995-ci ildə qəbul olunan konstitusiyada yeni iqtisadi-siyasi
münasibətlər sistemi də nəzərə
alınıb.
- Adətən,
konstitusiyanı tərtib edən işçi qrupların
üzvləri yalnız hüquqşünaslar olur?
-
Müasir dünya ölkələrində
qanunyaradıcılığı sistemi mövcuddur. Bu işdə əsas və həlledici meyar
bütün qrup üzvlərinin hüquqşünaslardan ibarət
olması deyil. Bir çox ölkələrdə,
xüsusilə elmi universitetlərdə, institutların nəzdində
araşdırma mərkəzləri var ki, həmin mərkəzlər
ölkədə yeni qanunların qəbulunda yaxından
iştirak edirlər. Adətən,
parlamentarilər, yeni qanun qəbul edən şəxslər
daha çox nəzəri işlə məşğul olan
insanlardır. Bu baxımdan praktiki fəaliyyətlə
məşğul olan insanların
qanunyaradılıcığından kənarda qalması
müsbət hal deyil. Hətta bir çox
ölkələrdə vətəndaşlar parlamentin
iclaslarında sərbəst iştirak edə və müzakirələri
dinləyib yazılı töhfələrini verə bilərlər.
Azərbaycanda isə yalnız konstitusiyanın
ictimai müzakirəsi var. Çox təəssüf ki, hələ
də ölkəmizdə qanunların geniş ictimai müzakirəsi
aparılmır, mütəxəssislərin qanun
yaradıcılığına cəlb olunması geniş
yayılmayıb. Hətta bəzən
mütəxəssislərin cəlb olunması formal xarakter
daşıyır. Nəticədə bir
çox hallarda qanunvericilik sistemimizdə boşluqlar, ziddiyyətlər
mövcud olur. Bəzən çox gözəl
müddəaları olan qanunların icra mexanizminin olmaması
da praktiki fəaliyyətlə məşğul olan ekspertlərin
qanunyaradıcılığına cəlb edilməməyindən
irəli gəlir.
- Qanunun
ictimai müzakirəsi necə təşkil olunur?
- İctimai müzakirənin dünya təcrübəsində
bir neçə təşkil forması var. Bunun ilk və səmərəli
formalarından biri QHT-lər vasitəsilədir. Dövlət
orqanları hər hansı bir qanunun hazırlanması
üçün QHT-lərə sosial sifarişlər verirlər.
Bu sosial sifarişlər əsasında QHT-lər
medianın, alimlərin, sadə vətəndaşların,
qanunla birbaşa əlaqəsi olmayan müxtəlif
insanların, həmin qanunun təsir dairəsinə
düşəcək hədəf qruplarının
iştirakıyla müzakirələr aparır, sorğular
keçirir. Görülən işləri
yekunlaşdıran QHT öz analizlərini də daxil edərək
müxtəlif çıxarışlar hazırlayıb
müvafiq qurumlara təqdim edir. İkincisi,
parlament komitələrində ictimai müzakirələrdir
ki, bura da QHT-lər, mütəxəsislər cəlb olunur,
onlar qanunyaradıcılığında fəal iştirak
edir, öz təkliflərini verirlər. Üçüncü
ictimai müzakirə forması internet vasitəsilədir.
Parlamentin və digər qurumların saytında
qanunların ictimai elektron müzakirəsi aparılır.
Vətəndaşlar, müxtəlif qruplar bu
müzakirələrə qatılaraq öz təklif və
tövsiyələrini verirlər. Bu kimi
müzakirələrin aparılmasında əsas məqsəd
ondan ibarətdir ki, ortaya çıxan səmərəli,
yaxşı təkliflər həmin qanunlarda öz əksini
tapsın. Əgər bu təkliflər
qanunda öz əksini tapmayacaqsa, ictimai müzakirəyə
qoşulan insanlar formal iştirakçı olacaqsa, QHT-lərin,
medianın, müxtəlif qrupların
qanunyaradıcılığında iştirakı zəifləyir.
Onlar təklif və tövsiyələrinin nəzərə
alınmadığını gördükdə təbii olaraq
prosesdən uzaqlaşırlar. Dünya təcrübəsi
sübut edir ki, hüquqşünasların, sosioloqların,
psixoloqların, QHT-lərin, vətəndaş cəmiyyətində
digər qurumların, bələdiyyələrin, alimlərin
və s. qanunyaradıcılığında iştirakı
çox vacibdir. Eyni zamanda millət vəkillərinin
qəbul olunmuş qanunlara müəyyən nəzarət
imkanları mövcuddur. Məsələn,
hər bir deputatın seçildiyi ərazi var. Qəbul
olunmuş qanunların həmin ərazidə yaşayan
seçicilərin hüquqlarını müdafiə etməməsilə
bağlı həm parlamentdə, həm də digər
orqanlara sorğular göndərməklə məsələ
qaldıra bilər. Digər tərəfdən, hər il Nazirlər Kabinetinin hesabatı qəbul
olunur. Bu zaman da millət vəkilləri konkret
hansı qanunun işləməməsi, bunun nəticəsində
hədəf qrupların problemlərlə üzləşməsilə
bağlı məsələ qaldıra bilərlər.
-
Konstitusiyada hansı yollarla dəyişiklik etmək olar?
-
Konstitusiya referendum yoluyla qəbul olunduğundan hesab edirəm
ki, böyük ehtiyac olmadan, daha çox ictimai maraq kəsb
etmədən dəyişikliklərin edilməsi ana yasanın
tədricən işlək mexanizmdən kənarda qalmasına
səbəb ola bilər. Bu
baxımdan konstitusiyada yalnız ölkənin milli
maraqları, iqtisadi-siyasi inkişafı baxımından daha
böyük zərurət olduqda dəyişiklik etmək olar.
Bu halda da qeyd etdiyim kimi geniş ictimai müzakirələrin
aparılması, beynəlxalq təcrübənin öyrənilməsi
və ölkənin milli maraqlarına cavab verən dəyişikliklərin
edilməsi çox vacibdir. Ana yasa
yalnız referendum yoluyla dəyişdirilə bilər. Bunun üçün müddəalar
hazırlanır və səsverməyə
çıxarılır. Konstitusiyaya bir
yeni maddənin əlavə edilməsi və ya hansısa
müddəanın çıxarılması ümumxalq səsverməsi
yoluyla mümkündür.
- Əlavə qanunlar konstitusiyanın məzmunu əsasında
hazırlanır?
-
Konstitusiya əsas ana qanundur və bizim hüquq sistemindən ən
üstün sənəddir. Ona görə də
bütün qanunlar və normativ aktlar ona
uyğunlaşdırılmalıdır. Hazırlanan
hər bir qanun layihəsi konstitusiyanın məzmunu ilə
ziddiyyət təşkil etməməlidir.
- Yeni
qanun hazırlananda milli adət-ənənələr nəzərə
alınır?
- Hər
bir ölkə qanunları qəbul edərkən bu dəyərlər
nəzərə alınır. Amma bir çox
hallarda milli dəyərlərin, mentalitetin
qanunyaradıcılığında nəzərə
alınıb-alınmaması çox böyük fəsadlara
gətirib çıxara bilər. Məsələn,
bizim Ailə Məcəlləsində nikah müqaviləsi
anlayışı var. Ailə quran vətəndaşlar
könüllü razılıq əsasında bu müqaviləni
bağlaya bilərlər. Bu sənəd gələcəkdə
boşanma zamanı tərəflərin mülkiyyət məsələlərini
tənzimləyə bilər. Müqavilədə
bəyan edilir ki, mülkiyyət hansı qaydada bölünəcək,
kimə nə düşəcək və s. Biz milli dəyərləri
nəzərə alaraq bu müqaviləyə çox pis
baxırıq ki, yeni ailə quran insanlar elə əvvəlcədən
bir növ boşanmaya hazırlıq edirlər. Halbuki çoxsaylı məhkəmə təcrübəsində
görürük ki, boşanan insanların çoxu kobud,
heç bir adət-ənənəyə sığmayan şəkildə
ayrılırlar. Məhkəmədə
bir-birilərini təhqir edir, iftira atır, milli dəyərlərə
yaraşmayan münasibətlə boşanırlar. Hesab edirəm ki, əgər nikah zamanı milli dəyərləri
kənara qoyub müqavilə bağlansa, gələcəkdə
boşanma olarsa, məhkəmədə tərəflərin
çox sivil boşanması baş tutar. Təəssüf
ki, bu gün Azərbaycanda sivil ayrılma hallarına çox az rast gəlinir. Bu baxımdan
qanunyaradıcılığında milli dəyərlərin nəzərə
alınması bəzən çox böyük fəsadlarla nəticələnə
bilər.
Real Cəfərli
Xalq Cəbhəsi.-
2013.- 18 aprel.- S.11.