«Nuru Paşanın xidmətlərini
heç kim dana bilməz»
Arzuxan Əlizadə: «İstərdik
ki, prezident də Nuru Paşa ilə bağlı məsələyə
diqqətlə yanaşsın»
Bəybala Əbil: «Hələlik
Nuru Paşanın xatirəsinin əbədiləşəcəyinə
o qədər də ümidim yoxdur»
Mehriban Vəzir: «Belə bir dahi
şəxsiyyətin indiyə kimi xatirəsinin əbədiləşdirilməməsinə
görə əslində bir qədər xəcalət çəkirik»
Azərbaycanın,
xüsusən də paytaxt Bakının Şaumyanın
başçılıq etdiyi bolşevik-daşnaq hökumətindən
xilas olmasında misilsiz xidmətlər göstərən
Osmanlı generalı Nuru Paşanın xatirəsi təəssüf
ki, hələ də ölkəmizdə əbədiləşməyib.
Bu isə Azərbaycan maraqlarından çıxış edən
bir çox vətənpərvər insanların
narazılığına səbəb olur. Bu günlərdə
BAXCP, BQP və Ədalət Partiyasının sədrləri
Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsilə
bağlı dövlət başçısına da müraciət
ünvanlayıblar. Onlar müraciətlərində ölkəmizin
xilaskarı olan bu dahi şəxsin xatirəsinin əbədiləşdirilməsi
istiqamətində addımlar atılmasını təklif
ediblər.
Qeyd
edək ki, Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi
məsələsi ilk olaraq bir neçə il öncə BAXCP
tərəfindən gəlib. Bir neçə ay bundan qabaq isə
millət vəkili Fazil Mustafa yenidən həmin məsələyə
qayıdaraq, Bakıda küçə və prospektlərə
Nuru Paşanın adının verilməsi, onun şərəfinə
abidə ucaldılması və bu istiqamətdə digər
addımlar atılmalı olduğunu yenidən gündəmə
gətirmişdi.
AMİP-in
baş katibi Arzuxan Əlizadə də prezidentə
ünvanlanan sözügedən müraciəti tam şəkildə
dəstəklədiyni dedi: «1918-ci ildə Azərbaycanın
başının üzərini almış təhlükələrdən
xilas olmasında Nuru Paşanın xidmətlərinin
böyük olduğunu heç kim dana bilməz. Bu insan
cümhuriyyətin çətin dövründə ona köməyə
gələrək Azərbaycanın ürəyi olan
Bakını bolşevik-daşnaq ünsürlərdən azad
edib. Ona görə də təəssüf edirəm ki, bü
günə qədər Nuru Paşa kimi daha insanın xatirəsi
əbədiləşməyib. Lakin yaxşı ki, son zamanlar
bir çox insanlar bu istiqamətdə məsələ
qaldırmağa başlayıblar. Bununla bağlı Fazil
Mustafanın fikirlərilə də tanışam və onu təqdir
edirəm. Hesab edirəm ki, bununla əlaqədar digər
üzdə olan siyasi partiyalar da müraciət etməlidirlər.
İstərdik ki, prezident də bu məsələyə diqqətlə
yanaşsın. Müstəqillik qazandıqdan sonra
torpaqlarımızın, o cümlədən Bakının erməni-daşnaq-bolşevik
qruplarından azad olmasında və bunun nəticəsi olaraq
onun ölkənin paytaxtı elan olunmasında dahi sərkərdənin
böyük xidmətləri olub. Bu yolda çoxsaylı
türk əsgərləri də şəhid olub. Nuru Paşa
cümhuriyyətin milli ordu sahəsində ilk addımların
atılması istiqamətində də təmənnasız
xidmətlər göstərib. Bu mənada Nuru Paşanın və
şərəfli yolda şəhid olmuş digər türk əsgərlərinin
xatirəsinin əbədiləşdirilməsi mənəvi
borcumuzdur. Müraciətdə bildiyimə görə Nuru
Paşanın xatirəsinin əbədiləşdirilməsi
üçün nə kimi addımlar atılmalı olduğu
sadalanıb. Onun xatirəsinin əbədiləşdirmək üçün
istənilən halda şəhərin görkəmli yerində
abidəsi qoyula bilər. Həmçinin, şəhərin
müxtəlif küçə, prospekt və digər obyektlərinə
onun adı verilə bilər ki, bu da onun adının əbədiləşməsi
demək olacaq».
KXCP
Ali Məclisinin sədri Bəybala Əbil Nuru Paşanın xatirəsinin
əbədiləşəcəyinə az ümidli olsa da, bu
istiqamətdə addım atmağın vaxtının
çoxdan yetişdiyini bildirdi: «Ölkəmizin tarixində
böyük rol oynayan Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi
olduqca vacibdir. Əslində onun xatirəsi çoxdan əbədiləşməli
idi. Lakin sovet ənənələrilə yaşayan
hazırkı hakimiyyət buna imkan vermir. Nuru Paşa Azərbaycanın
müstəqilliyinin qoruması və erməni-bolşevik cəlladları
tərəfindən azərbaycanlıların soyqırıma
məruz qalmasının qarşısının
alınmasında, Bakının azad olunmasında onun müstəsna
xidmətləri var. Nuru Paşa və onun
komandanlığı altında olan Qafqaz Müsəlman
Ordusunun dəstəyi olmasaydı, ölkəmiz
üçün həmin illərdə çox çətin
olardı. Bəlkə də Bakını azad etmək belə
mümkün olmazdı. Belə bir şəxsiyyətin xatirəsi
hökmən əbədiləşdirilməlidir. Amma hələlik
bunun baş verəcəyinə o qədər də ümidim
yoxdur».
Yazıçı-publisist
Mehriban Vəzir də məsələnin müsbət istiqamətdə
həllinə tərəfdardır: «Azərbaycan bir dövlət
olaraq ölkəsinin tarixində mühüm xidmətləri
olan dahi şəxsiyyətlərin xatirəsini daim əbədiləşdirməlidir.
Belə dahi şəxslərdən biri də heç
şübhəsiz Nuru Paşadır. Bu insan olmasaydı, indi
Bakı Azərbaycanın paytaxtı olmazdı. Yəni bizlər
hazırda Bakıda yaşadığımıza, bu şəhərin
Azərbaycanın paytaxtı olmasına görə Nuru
Paşaya minnətdarıq. Bu mənada Nuru Paşanın xatirəsinin
əbədiləşdirilməsilə bağlı BAXCP, BQP və
Ədalət Partiyası sədrlərinin dövlət
başçısına müraciətini dəstəkləyirəm.
Bildiyiniz kimi, bu yaxınlarda Fazil Mustafa həmin məsələni
gündəmə gətirmişdi. Belə bir dahi şəxsiyyətin
indiyə kimi xatirəsinin əbədiləşdirilməməsinə
görə əslində bir qədər xəcalət çəkirik.
Təəssüf ki, bu günə qədər hökumət
səviyyəsində həmin məsələ öz həllini
tapmayıb. Görünür ona görədir ki, bir çox
partiyalar məsələ ilə bağlı dövlət
başçısına müraciət etmək məcburiyyətində
qalıblar. Bu müraciətə reaksiyanın
olub-olmayacağını və hansı istiqamətdə
olacağını indidən demək çətindir. Bunu
zaman göstərəcək. Amma mənə elə gəlir
ki, damarında azərbaycanlı qanı axan, Azərbaycan
dövlətini sevən, onu hər şeydən uca tutan hər
bir insan, xüsusən də hazırda hakimiyyətdə olan
qüvvələr bu məsələnin həllinə biganə
yanaşmamalıdırlar. Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi
bizim tarix qarşısında müqəddəs borcumuzdur. Əks
təqdirdə tarix və xalq bizi bağışlamayacaq».
Rüfət Sultan
Xalq Cəbhəsi.-
2013.- 18 aprel.- S.8.