Hüquqi dövlətdə insan haqları

 

Bu sahədə BMT-nin nəzarətedici funksiyası

 

İnsan hüquq və azadlıqları təkcə ölkədaxili problem olmaqdan çıxdığından və beynəlxalq məsələyə çevrildiyindən, onun qorunması beynəlxalq təşkilatların və milli hüquqi dövlətlərin birgə işinə çevrilir. İnsan hüquqlarının müdafiəsi sahəsində dövlətlərin öz öhdəliklərini yerinə yetirmək üçün beynəlxalq nəzarət sistemi yaradılmışdır. Beynəlxalq nəzarətin funksiyaları getdikcə genişlənir, bu nəzarətin bəzi forma və metodları dövlətlərin daxili təcrübəsindən istifadə edilərək tətbiq olunur. Beynəlxalq nəzarətin formaları insan hüquqlarının pozulmasının xarakterindən asılı olub, BMT-nin nizamnaməsi, qərar və qətnamələrilə müəyyənləşir. Bu nəzarət universal və regional xarakter kəsb edir.

1946-cı ildə BMT-də İnsan Hüquqları üzrə Komissiya yaradıldı. Komissiyaya əvvəlcə 18, sonra 53 dövlət daxil edildi. BMT-nin insan hüquqları üzrə Komissiyası toplantı keçirir və müxtəlif səpkili məruzələr və tövsiyələr hazırlayır. Bura aşağıdakılar daxildir: insan hüquqları üzrə beynəlxalq Bill; vətəndaş azadlıqları, qadınların vəziyyəti, informasiya azadlığı və s. haqqında beynəlxalq bəyannamələr və konvensiyalar; milli azlıqların hüquqlarının müdafiəsi; irqi, cinsi əlamətlərə, dil və dinə görə ayrı-seçkiliyin aradan qaldırılması; insan hüquq və azadlıqlarına aid bütün məsələlər.

İnsan Hüquqları üzrə Komissiyanın funksiyaları olduqca müxtəlif və geniş şaxəlidir. Bu funksiyalar insan hüquqları sahəsində problemlərin meydana gəlməsilə əlaqədar dövlətlərarası münasibətlərin inkişafı ilə bağlı olaraq getdikcə də genişlənir. Komissiya insan hüquqlarının kütləvi halda pozulması, təcavüz aktları zamanı işğal olunmuş ərazilərdə dinc əhali ilə amansız rəftar, aparteid irqi ayrı-seçkiliklə əlaqədar hüquq pozuntularını öyrənən xüsusi orqanlar tərtib edir. İnsan Hüquqları üzrə Komissiyada CAR, İsrail, Ermənistanla əlaqədar hüquq pozuntuları öyrənilmiş, qərar və qətnamələr verilmişdir. BMT Komissiyasının Çili, İraq, Salvador, Haiti və s. ölkələr üzrə məruzəçiləri çıxış etmiş, insan hüquqlarının vəziyyətinə nəzarət etmişlər.

Komissiya insan hüquqlarının pozulmasının qurbanlarının xüsusi kateqoriyalarının müdafiəsi üçün xüsusi məruzəçilər təyin etmişdir. 1986-cı ildə dözümsüzlüyün bütün formalarının ləğv edilməsi, dini və etiqad ayrı-seçkiliyinin aradan qaldırılması haqqında Bəyannaməni həyata keçirmək məsələsi üzrə xüsusi məruzəçi təsisatı yaradılmışdır. 1990-cı ildə uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyası və s. məsələlər üzrə xüsusi məruzəçi təyin edildi. BMT Komissiyada məruzəçilərin sayı il-ildən artır. Problemlər yarandıqca, onların sayı da çoxalır.

BMT-nin nəzarətçi orqanları insan haqları sahəsində dövlətlərin bütün qarşılıqlı münasibətləri sistemində öz fəaliyyətini daha da gücləndirir. Təəssüf ki, BMT-nin nəzarətedici funksiyasının təkmilləşməyə ciddi ehtiyacı vardır. Belə ki, BMT-nin insan hüquqları üzrə nəzarətedici orqanlarının fəaliyyətində paralelizm özünü göstərir. BMT-nin qərar və qətnamələri yerinə yetirilmir, məcburi tədbirlər görülmür, böhranlı və münaqişəli vəziyyətlərə müdaxilə edilmir. Buna misal olaraq BMT-nin Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması haqqında dörd qətnaməsinin təsirsiz qalmasını göstərmək olar.

BMT-nin nəzarətedici orqanlarının yenidən qurulması, «böhranlı və münaqişəli şəraitdə tez, səmərəli və qəti hərəkətlərin edilməsi zərurəti meydana çıxır. 1990-cı ildə bu məsələ ilə əlaqədar olaraq Vyana şəhərində BMT-nin Baş Assambleyası İnsan Hüquqlarına dair Ümumdünya Konfransının keçirilməsi haqqında qərar qəbul etdi. Bunun məqsədlərindən biri BMT-nin təsir mexanizminin fəaliyyət metodlarının səmərəliliyini artırmaq, BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı vəzifəsini təsis etmək idi.

1993-cü il dekabrın 20-də İnsan Hüquqları üzrə Ali Komissar vəzifəsi təsis edildi. Təəssüf ki, Baş Assambleya BMT-nin insan hüquqları sahəsində bütün fəaliyyətini əlaqələndirən Ali Komissara geniş səlahiyyətlər vermədi. BMT-nin insan hüquq və azadlıqlarının kütləvi və kobud pozulmasının qarşısını ciddi surətdə almalıdır, çünki bu cür pozuntular sülhə, beynəlxalq təhlükəsizliyə təhlükə yaradır, beynəlxalq cinayət əməlinə çevrilir. Bunun üçün BMT-nin Təhlükəsizlik Şurasının qərarı əsasında zəruri hallarda silahlı qüvvə tətbiq etmək səlahiyyətindən istifadə etməlidir.

V.A.Kartaşkin «İnsan hüquqları beynəlxalq və dövlətdaxili hüquqda» kitabında humanitar müdaxilə anlayışının mahiyyətini göstərmişdir. Beynəlxalq hüquq elmində və beynəlxalq təcrübədə insanın hüquq və azadlıqlarının cinayətkarcasına pozulması hallarının aradan qaldırılması üçün müəyyən şərtlər gözlənilməklə digər dövlətlər tərəfindən məcburiyyət tədbirlərinin tətbiqi, başqa sözlə, humanitar müdaxiləyə yol verilməsi zərurəti aşağıdakı hallarda mümkündür: insan hüquqlarının kobud şəkildə pozulmasının qarşısı alınmaz olduqda, yaxud artıq baş verdikdə; mümkün olan başqa dinc vasitələr səmərəsiz olduqda; insan hüquqlarının kobud şəkildə pozulmasına son qoyulmasına dair dövlətə ultimatum verilmiş olduqda; vaxt icazə verirsə. Humanitar müdaxilə gedişində əldə olunacaq məqsədlər barəsində BMT-nin Təhlükəsizlik Şurasına məlumat verilməlidir. Humanitar müdaxilə BMT-nin Təhlükəsizlik Şurasının fəaliyyətsizliyi hallarında tətbiq oluna bilər, mümkün olan hallarda dövlətin özündən onun ərazisinə humanitar müdaxilə missiyasını həyata keçirən qoşun növünün yeridilməsinə dəvət alınmalıdır; humanitar müdaxilə ancaq insan hüquqlarının kobud və kütləvi pozulmasının qarşısını almaq məqsədini güdməlidir, dövlətin digər maraqlarına xidmət etməməlidir; gücün tətbiqi dövlətin siyasi statusunun, yaxud da sosial-iqtisadi quruluşunun dəyişdirilməsi, hökumətin devrilməsi məqsədini güdməlidir; humanitar müdaxilənin gedişində ordunun məhdud kontingentindən istifadə edilməli, bu kontingent ancaq məqsədin əldə edilməsi miqyasında tətbiq olunmalıdır; hərbi qüvvələr ancaq məhdud zamanda tətbiq edilməli, müdaxilə məqsədləri əldə edilən kimi ölkəni tərk etməlidir.

Hüquqi dövlətdə insan hüquqlarının müdafiəsi əsas beynəlxalq-hüquqi aktlar — İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə (1948), BMT-nin Baş Məclisi tərəfindən 1966-cı ildə qəbul olunmuş Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, işgəncələrin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növlərinə qarşı Konvensiya (1984), hüquq qaydasının saxlanması üzrə vəzifəli şəxslərin davranış məcəlləsi (1979) və digər sənədlər öz əksini tapmışdır.

Azərbaycanın müxtəlif vaxtlarda qoşulduğu beynəlxalq-hüquqi aktların əsas müddəaları Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasında təsbit olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının ikinci bölməsinin «Əsas insan və vətəndaş hüquqları və azadlıqları adlanan üçüncü fəsil implementasiya prosesi — beynəlxalq hüquq normalarının dövlətdaxili hüquq normalarına daxil edilməsi» əsasında şəxsiyyətin əsas hüquqlarının məzmununu açır.

Öz növbəsində, Azərbaycan Respublikası Konstitusiyasının şəxsiyyət hüquq və azadlıqlarına aid bütün müddəaları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «Cinayət mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtləri» adlı üçüncü fəslində bu və ya digər dərəcədə öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, cinayət mühakimə icraatı zamanı toxunulan şəxsiyyət hüquqlarına dair beynəlxalq normaların hamısı Azərbaycanın cinayət-prosessual qanunvericiliyində tam şəkildə təsbit olunmayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi («Bərabərlik hüququ») aşağıdakı müddəalardan ibarətdir:

a) hamı qanun və məhkəmə qarşısında bərabərdir;

b) kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır;

c) dövlət milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dili, cinsi, mənşəyi, əqidəsi, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

İnsan hüquqları haqqında beynəlxalq müqavilələri təfsir edərkən təfsirin digər üsulları ilə müqayisədə teleoloji təfsir ön plana çəkilir, yəni müqavilənin obyekt və məqsədinə — insan hüquqlarının səmərəli müdafiəsinə həlledici əhəmiyyət verir, başqa sözlə, insan hüquqlarının səmərəli müdafiəsi həmin hüquqlara dövlət tərəfindən əməl olunub-olunmamasını müəyyənləşdirməyin başlıca meyarı kimi çıxış edir. Belə demək olar ki, insan hüquqları sahəsində beynəlxalq sazişlərin təfsirinin əsasında səmərəlilik prinsipi dayanır.

İnsan hüquqlarının müdafiəsinə BMT ciddi nəzarət edir. BMT-nin üzvü kimi Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində BMT qarşısındakı öhdəlikləri yerinə yetirir, bərabərlik və azadlıq hüququnu həyata keçirən hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyir.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2013.- 19 aprel.- S.11.