«Bu, İctimai Televiziyanın töhfəsidir…»

 

 Yadigar Məmmədli: «Ötən 8 ili İctimai Televiziyanın çox sıçrayışlı inkişaf dövrü kimi qiymətləndirirəm»

 

Azərbaycanın İctimai Televiziyasının baş direktorunun səlahiyyət müddəti başa çatıb. Bu günlərdə telekanala yeni rəhbərlik seçilməlidir. Televiziyanın ötən 8 ildəki fəaliyyətini qiymətləndirmək üçün tanınmış jurnalist, QHT Əməkdaşlıq Alyansının həmsədri, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli ilə söhbətləşdik.

- Yadigar müəllim, İctimai Televiziyanın 8 illik fəaliyyətini necə qiymətləndirirsiniz?

- İctimai Televiziyanın yayıma başlamasının 8-ci ildönümünə bir neçə ay qalıb. Geriyə dönüb baxdıqda, bu televiziyanın möhtəşəm və nümunəvi bir yol keçdiyini qeyd etməmək mümkün deyil. Bəzən mənə elə gəlir ki, İctimai Televiziyanın yaranmasından xeyli vaxt keçir. Bu televiziya artıq hər bir azərbaycanlının həyatına daxil olub. İctimai Televiziyanın həm kollektiv, həm kadrlar, həm də inzibati bina, texniki imkanlar baxımından sıfırın üzərində yarandığını nəzərə alsaq, 8 ili çox böyük bir tarixdir… İndi İctimai Televiziyanın inzibati binası görkəminə görə fərqlənən binalardan biridir. Amma nəzərə alaq ki, 8 il bundan əvvəl bunların heç biri yox idi. Bu baxımdan, ötən 8 ili İctimai Televiziyanın çox sıçrayışlı inkişaf dövrü kimi qiymətləndirirəm.

- Sizcə İTV-nin proqramlarını başqa televiziyaların proqramlarından fərqləndirən cəhətlər hansılardır?

- Bu məsələyə iki aspektdən yanaşmaq olar. Mən ixtisasca jurnalistəm. Media üzrə formalaşmış bir ekspert kimi deyə bilərəm ki, İctimai Televiziyada çoxlu maarifləndirici verilişlər var. Burada hər bir Azərbaycan vətəndaşını düşündürən məsələlərə aid proqramlar üstünlük təşkil edir. Verilişlərin çoxu canlıdır. Burada insanlar arasında ünsiyyət var. Məni bir jurnalist kimi daha çox maraqlandıran xəbərlər var. Xəbərlərin rakursu başqadır. Xəbərlər burada daha çox ictimai əhəmiyyət daşıyan məsələləri əhatə edir. Həmin xəbərlərdə həm də Azərbaycanla bağlı digər ölkələrin, beynəlxalq təşkilatların mövqeyi əks olunur. Belə fərqlər var. Bir də məsələyə adi tamaşaçı kimi yanaşmaq olar. Bu təkcə mənim deyil, tanıdıqlarımın, yaxınlarımın, qohumlarımın fikridir ki, İctimai Televiziya çox rahat bir televiziyadır. Hansı baxımdan? Hər bir kəs ailəsi ilə birlikdə televiziya qarşısında əyləşib İctimai Televiziyaya çox rahat baxa bilir. Nəinki bu televiziyada nümayiş olunan verilişlərə, həm də filmlərə, şoulara baxa bilir. Bu filmlərdə, şoularda milli mentalitetimizə zidd olan məqamlar olmur. Bu çox önəmlidir.

- İTV-ni balanslı və müxtəlif fikir cərəyanlarını ekrana daşıyan TV kanalı saymaq olarmı?

- İctimai Televiziyanın yaranmasının hədəflərindən, məqsədlərindən biri də balanslı siyasətin yeridilməsidir və bu proses televiziyanın yayıma başladığı ilk gündən başlayaraq nəzərə çarpır. Burada digər bir çox kütləvi informasiya vasitələrində fikirləri səslənməyən siyasi qurumların, insanların, ümumiyyətlə, fərqli düşüncə sahiblərinin fikirlərinə rast gəlirik. Şəxsən mən özüm dəfələrlə İctimai TV-də canlı yayımlanan verilişlərdə iştirak etmişəm. Həmin verilişlərdə çoxlu fərqli fikir səsləndirən insanlar olub. Burada daha çox ona çalışılır ki, vətəndaş cəmiyyətini formalaşdıran fərqli tərəflər, spektrlər fikirlərini səsləndirsinlər. Demək olar ki, buna nail olunub. Amma bunun daha da çox olmasını istərdim. Ona görə ki, İTV-nin əsas prioriteti məhz cəmiyyətdə balanslaşdırılmış siyasətin tam təmin olunması və fərqli düşüncə sahibi olan insanların fikirlərinin tamaşaçıya çatdırılmasıdır. Bu var. Əvvəllər burada canlı verilişlər daha çox olardı. İstərdim ki, indi də canlı verilişlərin sayı artsın. Bu tək mənim deyil, həm də tamaşaçıların rəyidir ki, fərqli fikirlərin səsləndiyi canlı verilişlərin sayı artsa, daha yaxşı olar.

- Demokratik cəmiyyətin atributlarından olan ictimai yayımçının xəbər xidməti onun xarakterini əks etdirirmi?

- Ölkə üzrə yayımlanan 7 televiziya kanalı var. Onlardan biri də İctimai Televiziyadır. İctimai Televiziyanın xəbərləri fərqlənir. Məsələn, götürək xəbərlərin sıralanmasını. Bilirsiniz ki, bu çox vacibdir ki, gün ərzində önəmli hadisə nə olub? Mən həmişə şahidi olmuşam ki, İctimai Televiziyada ictimai əhəmiyyət daşıyan xəbərlər ön blokda verilir. Bu çox önəmlidir. Bir də ki, bütövlükdə ölkəmizdə fərqli fikir xəbərçiliyi var. İctimai Televiziyanın yaranmasının əsas məqsədlərindən biri həm də ondan ibarət idi ki, xəbərçilik yayımı fərqli olsun, ictimai fikri əhatə edə bilsin.

- Bu TV kanalı bütün hədəf kütlələrini nəzərə alırmı?

- Bilirsiniz ki, bizdə cəmiyyətin elə üzvləri var ki, onlar daha çox öz fikirlərinin səsləndirilməsini, işıqlandırılmasını istəyirlər. Amma fikrimcə, İctimai Televiziya çox doğru və prinsipial bir yol seçib və burada məhz ictimai əhəmiyyət kəsb edən hədəflərin daha qabarıq göstərilməsinə diqqət yetirilir. Məsələn, bir vaxtlar İctimai Televiziyanın «Eurovision»a bu qədər önəm verməsini doğru saymayan qurumlar, insanlar var idi. Amma artıq bu işdə böyük nailiyyətlər əldə etmişik. Təbii ki, bu nailiyyətlərin əldə olunmasında İctimai Televiziyanın, onun kollektivinin və İctimai Teleradionun rəhbəri İsmayıl Ömərovun çox böyük, ciddi əməyi var. Avropa Yayımları Birliyinə üzv olmaq, oradakı öhdəliklərin yerinə yetirilməsi və digər məsələlər çox böyük zəhmət tələb edir. İndi isə Azərbaycanı «Eurovision»da təmsil edəcək şəxsin seçilməsi ilə bağlı həftələrlə davam edən yarışmaya insanlar tərəfindən böyük maraq göstərilir. Bu, nəyi göstərir? Bu onu göstərir ki, bəzən qəribə səsləndirilən, əslində isə doğru olan fikirlər həyatda öz təsdiqini tapır. Onlardan ən uğurlusu da elə «Eurovision» yarışmasıdır ki, artıq onu hər bir tamaşaçı maraqla izləyir. Həm də bu verilişlər çox səviyyəlidir. Bildiyimiz kimi, ötən «Eurovision» yarışmasına ev sahibliyi etmişik. Dediyim kimi, bu, İctimai Televiziyanın kollektivinin Azərbaycan cəmiyyətinə bəxş etdiyi bir töhfədir. Halbuki 5 il bundan əvvəl bu yarışmaya belə bir maraq yox idi. Bunun milli mentalitetimizə uyğun olmayan bir müsabiqə olduğunu deyirdilər. Bu məsələ üzərində xüsusilə dayanmağımın məqsədi odur ki, «Eurovision» mahnı müsabiqəsi İctimai Televiziyaların prioritetlərindən biridir.

- Telekanalın proqram siyasətinə hansı yenilikləri gətirmək olar?

- Proqram siyasətinə gəldikdə, deyə bilərik ki, İctimai Televiziyanın verilişlərində maarifləndirmə aparılır. Təhsil, vətəndaş cəmiyyəti, media və digər sahələrlə bağlı xüsusi verilişlər var. Fikrimcə, bunların əhatə dairəsini genişləndirmək olar. İctimai televiziyada belə bir ənənə var və bunu daha da genişləndirmək olar ki, bölgələrdən yerli sakinlərin iştirakı ilə hazırlanan verilişlərin sayı artırılsın. Ümumiyyətlə, hesab edirəm ki, İctimai Televiziyanın tərkibində yeni kanalların açılmasına ehtiyac var. Mədəniyyət və idman kanalı Azərbaycan Televiziyasının nəzdində fəaliyyət göstərir. O da onun texniki imkanları ildə bağlıdır. Amma mənim fikrimcə, indi elə bir məqamdır ki, İctimai Televiziya həm kollektivi, həm də texniki imkanları baxımından, əlavə kanalları açmağa qadirdir. İctimai Televiziya əlavə kanallar açmalıdır və həmin kanallarda öz siyasətini yürütməlidir.

- Yayım Şurasının İTV-nin fəaliyyətinə nəzarətini QHT nümayəndəsi kimi təftiş edirsinizmi?

- Təbii. İctimai Televiziyanın Yayım Şurasının toplantılarında iştirak etmişəm. Dəvət ediblər. O, toplantılarda fikirlərimizi bildirmişik. Hesabat iclaslarında iştirak etmişik. Mən onu deyim ki, burada çox şəffaflıq var. Bilirsiniz ki, İctimai Televiziyanın Yayım Şurasının üzvləri müxtəlif ictimai qurumları təmsil edir. Bu insanlar da öz töhfələrini verirlər. İctimai Televiziyanın proqramının qurulmasında, ümumiyyətlə inkişafında Yayım Şurasının qərarları və tövsiyələri çox önəmlidir. Mən və media ilə əlaqəli bir çox insanlar şuranın toplantılarına dəvət olunmuşuq və fikirlərimizi bildirmişik. Çox yaxşı haldır ki, orada səsləndirdiyimiz təkliflər nəzərə alınıb.

- Vətəndaş cəmiyyətinin inkişafı İTV-nin ekranlarında tam əks olunurmu?

- Son zamanlar buna daha çox diqqət yetirilir. Artıq bu məsələyə xüsusi verilişlər həsr olunur. «Çarpaz baxış» və digər verilişlərdə vətəndaş cəmiyyətini düşündürən, onun problemlərini ortaya qoyan məsələlər diqqət mərkəzinə gətirilir, problemlər çözülür. Oraya müxtəlif fikirli insanlar dəvət olunur. Önəmlisi də odur ki, vətəndaş cəmiyyəti yekcins deyil. Vətəndaş cəmiyyətində QHT-lərin böyük spektri təmsil olunur. Bilirsiniz ki, bu gün Azərbaycanda 3 mindən artıq QHT qeydiyyatdan keçib. Orada fərqli düşüncəyə malik insanlar cəmləşiblər. Həmin insanların dəvət olunması verilişi daha maraqlı edir. Sözügedən proqramlarda vətəndaş cəmiyyətini maraqlandıran məsələlər, problemlər müzakirə olunur. Arzu edək ki, belə verilişlərin sayı artsın. Vətəndaş cəmiyyəti dövlətin gücünü ortaya qoyan bir institutdur. Vətəndaş cəmiyyətini formalaşdıran isə mediadır, üçüncü sektordur, özəl sektordur. Bunların problemlərinin həlli sonda dövlətin gücünə dəlalət edəcək. Bu baxımdan təklif və arzu edərdim ki, İctimai Televiziyada vətəndaş cəmiyyətinə həsr olunan verilişlərin sayı və həcmi artsın.

- Hansı verilişlər televiziyanın ictimailiyini tam dolğunluğu ilə göstərir?

- Verilişlər İctimai Televiziyanın prioritetlərini özündə ehtiva edir. İctimai Televiziya proqramlaşdırılanda həmin verilişlərə ona görə önəm verilib ki, bu verilişlər İctimai Televiziyanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçündür. Bu verilişləri bir-birindən xüsusi olaraq ayırmaq istəməzdim. Amma hər halda cəmiyyət arasında daha populyar olan verilişlər var. Bunlara «Çarpaz baxış»ı, «Aktual»ı, «Diqqət mərkəzi»ni, eləcə də telekörpüləri, təhsillə bağlı verilişləri, intellektual verilişləri, «Carçı» informasiya proqramını və digərlərini göstərmək olar. Bu verilişlər də 8 il ərzində təkmilləşib. Ümid edirəm ki, çalışmalar davam edəcək. Təkamül yolu ilə inkişaf gözləyirəm. Ona görə ki, zaman-zaman bu verilişləri yaradan və onları həyata keçirən insanlar, o, keyfiyyətə sahibdirlər ki, bunları daim inkişaf etdirib tamaşaçılar üçün daha maraqlı səviyyəyə çatdırsınlar.

- Sizcə, İTV-nin kollektivi ictimai yayım strategiyasını tam mənimsəməkdə və yerinə yetirməkdə peşəkarlıq nümayiş etdirirmi?

- İctimai Televiziya yarananda çoxlu suallar oldu. Narazılıqlarını bildirən insanlar var idi. Amma zaman göstərdi ki, bu insanların narazılıqları əbəs imiş. Məsələn, mən ilk növbədə elə İsmayıl Ömərov haqqında danışmaq istəyirəm. İsmayıl Ömərovun namizədliyi irəli sürüləndə bu insanın belə bir ictimai yükü daşıya biləcəyinə şübhə ilə yanaşanlar var idi. Amma İsmayıl Ömərov onun haqqında birmənalı fikir səsləndirməyən insanları belə təəccübləndirən mövqe nümayiş etdirdi. Qısa müddət ərzində böyük bir iş ortaya qoydu. Təbii ki, İsmayıl Ömərova bu işdə, belə demək mümkündürsə, özünün istəyi ilə formalaşan kollektiv böyük yardımçı oldu. Mənə elə gəlir ki, artıq bu kollektiv 8 ildə formalaşan deyil, daha uzun müddətdə formalaşan, isinişən, bir-birini başa düşən kollektivdir. Dəfələrlə bunu bildirmişik ki, İsmayıl Ömərovun rəhbərliyi ilə İctimai Televiziya, onun kollektivi elə bir inkişaf yolu keçdi ki, bunu bədxahlar belə qəbul etmək məcburiyyətində qaldılar. Onlar qəbul etdilər ki, doğrudan da, İsmayıl Ömərov və bu kollektiv qarşılarına qoyulan məqsədə çata bilib. Ortada İctimai Televiziyanın fəaliyyəti ilə bağlı çox ciddi faktlar, verilişlər var. Bu yalnız bizim ekspertlərin deyil, eyni zamanda İctimai Televiziya ilə bağlı beynəlxalq qurumların fikridir ki, bu kollektiv İctimai Televiziyanı qısa zamanda yüksək səviyyəyə çatdırıb. Mən bu kollektivə uğurlar arzulayıram. Hesab edirəm ki, bu kollektiv hələ öz imkanlarından tam şəkildə istifadə etməyib. Hələ qarşıda yeni imkanlar var. Bu yeni proqramlardır. Həm də Azərbaycan cəmiyyətinin, Azərbaycan dövlətinin qarşısında duran məsələlər var ki, həmin işlərin həyata keçirilməsində bu kollektiv öz üzərinə düşən missiyanı uğurla yerinə yetirəcək. Təbii ki, burada hər bir kəsin üzərinə düşən missiya var. Biz də əlimizdən gələni etməliyik ki, hamımızın olan bu kanal daha baxımlı, daha canlı, daha milli olsun. Əslində bunlar var. Amma bunların sərhədi bitmir, daim inkişaf edir. Ən yüksək səviyyəyə çatmaq üçün gərək bundan sonra da əlimizdən gələni edək.

 

 

Xalq Cəbhəsi.- 2013.- 19 aprel.- S.4.