Əlində üçrəngli
bayraqla düşmən
qarşısına çıxan döyüşçü
Ntiq Qasımov: «Komandirimə söz
vermişdim ki, mövqeyimi tərk etməyəcəyəm»
«Komandirimə söz vermişdim ki, mövqeyimi tərk etməyəcəyəm. Kömək gözləyirdim, lakin gəlmədilər. Bir də ki, bu bayrağı qoyub hara gedəydim…» Kəlimələr məşhur adsız qəhrəman Ntiq Qasımovundur. Onun döyüş mövqeyini niyə tərk etmədiyi barədə ermənilərin «təslim ol» əmri ilə göndərilmiş əsir Cəfər Cəfərova verdiyi cavabdır. 92-ci illərdə bir foto Azərbaycan türklərini çox sarsıtmışdı. Fotoda əsir alınmış bir gənc əlində tutduğu Azərbaycan bayrağı ilə iki saqqallı erməninin arasında qürurla addımlayır. İztirablı və yorğun çöhrəsi var, amma əlindəki bayrağı möhkəm tutub. Fotoya baxdıqca fikirləşdim ki, bilmək olmaz, o igidin daşıdığı bayrağın altında nə qədər adsız qəhrəman qıvrılaraq can verib və o bayraq nələrə şahid olub. Düşmən əhatəsində qürurla addımlayan Hatiq Qasımovdur. Fotoda Ntiq də, bayraq da şəhiddir, canlı şəhid…
Ntiq Qasımov Gədəbəyin Kiçik Qaramurad kəndində anadan olub. 1971-ci il təvəllüdlüdür. Ailəsi ilə məskunlaşdığı Mingəçevir şəhərinin Energetiklər qəsbəsində boya-başa çatıb. Atası stansiyada fəhlə kimi çalışıb. Məktəbi bitirdikdən sonra Azərbaycan DRES-də (indiki Azərbaycan İES) çilingər, «Kosmos» kino-teatrında kinomexanik işləyir. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda hərbi xidmət keçir. 1991-ci ildə ordudan tərxis olunduqdan sonra 20 gün ata-anasının yanında qalan Natiq könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılır. Döyüş bölgəsindən yenicə qayıtmış Natiq Xocalı soyqırımından sonra özünə yer tapa bilmir. Bunu faciədən bir neçə gün sonra valideynlərinə ünvanladığı məktublar da təsdiq edir. Atası Səlim kişinin dediklərindən: «Xocalı faciəsindən bir neçə gün sonra evdə tapdığımız məktubdan məlum oldu ki, Natiq «Ala Yaqub»un (Yaqub Rzayev — red.) «Qarabağ şahinləri» dəstəsində vuruşmağa gedib. Evə göndərdiyi məktublarda yazırdı ki, Qarabağda xalqımızın qırıldığı, ana-bacılarımızın namusunun tapdandığı bir vaxtda mən evdə rahat otura bilmərəm». Hatiq «Qarabağ şahinləri» batalyonunun tərkibində Ağdam-Xankəndi istiqamətində bir neçə döyüşdə iştirak edir. 1992-ci ilin mart ayının əvvəllərində «Qarabağ şahinləri» batalyonundan 31 nəfərlik dəstə Ağdamın Xramort kəndi yaxınlığındakı həyati əhəmiyyət kəsb edən bir yüksəkliyi ələ keçirmək əmrini alır. Tapşırıq yerinə yetirilir, yüksəklik ələ keçirilir. «Şahinlər» qədim alban kilsəsində məskunlaşırlar. Döyüşdə komandir və bir neçə döyüşçü həlak olur. Bir neçəsi isə geri dönür. Kilsədə Natiq və onunla bərabər 6 nəfər qalır. Arxadan kömək gözləsələr də, kömək gəlmir. Ermənilər isə aramsız hücumlarla yüksəkliyi geri qaytarmağa cəhd etsələr də uğursuzluqla nəticələnir. Hər dəfə itki verən düşmən geri çəkilmək məcburiyyətində qalır. Bütün yoldaşları həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində mübarizəni təkbaşına davam etdirir.
1992-ci il 14-15 mart tarixində «Oqonyok» jurnalındakı dərc olunmuş məqaləsində Konstantin Smirnov bu barədə belə yazır: «Tezliklə biz Stepanakertdən Əskərana tərəf yollandıq. Oradan vaxtaşırı atışma səsləri gəlirdi. Lakin Əskərana gedib çıxmadıq, çünki yolda silahlı saqqallılarla dolu BTR-ə rast gəldik. Buradakı dəstənin yaraqlılarının iş dalınca getdikləri şübhəsiz idi. Onların məlumatına görə, bir neçə gün bundan əvvəl əks tərəf dağlarda bir kəndi tutmuşdu. Ermənilər onları həmin yerdən sıxışdırıb çıxarsalar da köhnə Qriqoryan kilsəsində (alban məbədi — red.) Azərbaycan Milli Ordusunun bir qrup «boeviki» qalıb. BTR-dəki adamlar da ən uca zirvədə yerləşən həmin kilsəni azad etməyə gedirdilər. Kiçik kilsədə mövqe tutmuş azərbaycanlıların sayı heç kimə məlum deyildi. Lakin onlara hücum edən dəstə dünən artıq iki nəfəri itirmişdi. Ermənilər müxtəlif vasitələrdən — gözyaşardıcı qazdan, qumbaralardan istifadə etsələr də məqsədlərinə nail ola bilməmişdilər.
Təəssüf ki, hadisə yerinə çata bilmədik — maşınımız dağın ətəyindəki yolda bataqlığa düşdü və BTR gözdən itdi. Buna baxmayaraq, həmin döyüş böyük əks-sədaya səbəb oldu. Belə ki, nə bu, nə də ertəsi gün erməni yaraqlılarına kilsəni ələ keçirmək nəsib olmadı. Yalnız üçüncü cəhddən sonra onlar kilsənin yeganə sağ qalmış müdafiəçisini təslim olmağa vadar etmiş və məbədlə qəbiristanlığı geri qaytarmışdılar. Əsir düşmüş cavan oğlan tüstüdən qapqara idi. O, üzərində üç rəngli bayraq sancılmış kilsədə beş gün ac-susuz qalmışdı. Fotoda bu oğlan erməni yaraqlılarınm müşayiəti ilə Azərbaycanın səkkizguşə ulduzlu bayrağını aparır. Onu hara apardılar, taleyi necə olacaq? Aşağıda, dağların qoynunda isə onun Vətəni Azərbaycan görünürdü».
Kilsədə bütöv bir batalyonun yerləşdiyini zənn edən ermənilər əsir və girov götürdükləri Xocalı sakinlərindən «yararlanmaq» qərarına gəlirlər. Əsir düşmüş xocalılardan birini çağırıb ona bildirirlər ki, kilsədəkilər təslim olmasalar, bütün əsirləri güllələyəcəklər. Bu xəbərdarlığı kilsədəkilərə çatdırmaq Xocalıda məktəb direktoru işləmiş Cəfər Cəfərova həvalə olunur.
Qısa haşiyə: Cəfər Cəfərov Xocalıda anadan olub, orada da işləyib. 26 fevral 1992-ci il tarixdə Xocalı soyqırımı zamanı əsir düşmüş Cəfər müəllim Natiqi ən son görənlərdən biridir. Onun dediklərindən: «Mənə dedilər ki, sizin türklər bizim Qriqoryan kilsəsini (Alban məbədini -red.) tutublar, özü də adamlarımızı çox qırıblar. İstəmirik itki verək. Sonra məni özləri ilə bir ormana gətirdilər. Sağ tərəfdə uçuq bir xarabalıq görünür, üzərində də üçrəngli bayraq dalğalanırdı. Ermənilər mənə oranı nişan verib dedilər: «Oradan sizin türklər bizi atəşə tuturlar. Onları xəbərdar et ki, təslim olmasalar, oranı partladacağıq, əsir götürdüyümüz xocalıları da öldürəcəyik. Qoy tabe olsunlar. Yəqin orada sizin adamlar çoxdur. Neçə dəfə hücum etmişik, yaxın qoymayıblar».
Ermənilər təxminən 100 metr aralıdakı kolların, qayaların arasında gizlənib məni sürünə-sürünə irəli getməyə məcbur etdilər. Xarabalığa çatıb başımı qaldırıb baxdım. Gözümə 3-4 meyit dəydi. Bildim ki, bizimkilərdir. Kilsədən tüstü çıxırdı. Nəfəsimi dərib soyuq divara söykəndim, yuxarı baxdım. Gecədən islanmış üçrəngli bayraq ağır-ağır yellənirdi. Bayrağa baxa-baxa ağladım. Kilsəyə çatıb öz dilimizdə «içəridə kim var, mən Xocalıdan əsir düşənlərdənəm, məni sizin yanınıza göndəriblər» dedim. Az sonra içəridən öskürək və hənirti səsi gəldi. Diksindim, həm də sevindim ki, burada bizimkilər var. Güclə eşidilən bir səs məni içəri çağırdı. Əlimi divara sürtə-sürtə səs gələn tərəfə getdim. Bacadan düşən işığın altında bir avtomat, bir əl pulemyotu, çoxlu patron gördüm. O, üzü üstə yerə yıxılmışdı, qucaqlayıb çevirdim. Soruşdum ki, yaralanmısan? Güclə cavab verdi ki, yaralı deyil, aclıqdan və susuzluqdan heydən düşüb. Cibimdə qalmış əl boyda çörəyi ona verdim, könülsüz yedi. Soruşdum ki, bəs yoldaşların hanı, təksən? Dedi ki, komandirim Ala Yaqub (Yaqub Rzayev — red.) məni 6 nəfərlə birgə bura göndərib. Yoldaşlarımın üçünü ermənilər öldürdü, üçü də bilmirəm necə oldu, mən tək qaldım. 5 gündür ki, ac-susuzam, güllələr də qurtarıb. Özüm üçün iki dənə saxlamışam — deyərək döş cibindən 2 patron çıxarıb avtomata saldı, çaxmağını çəkdi, cəld sıçrayıb ayağa qalxdı. Mən Natiqi qucaqlayıb dedim: «Onsuz da ermənilər məni öldürəcəklər. O güllədən birini mənə vur. Sonra apaydın görünən Ağdamı göstərib soruşdum — gecə ermənilər gəlmirdilər, niyə qaçmamısan? «Komandirimə söz vermişdim ki, mövqeyimi tərk etməyəcəyəm. Kömək gözləyirdim, lakin gəlmədilər. Bir də ki, bu bayrağı qoyub hara gedəydim? — dedi.
Natiq bayrağı endirdi, bir əlində avtomat, o birində bayrağı göyə qaldırdı, dalbadal havaya iki güllə atdı, ermənilərə tərəf bağırıb onları yanına çağırdı. Onlar hələ də gəlməyə qorxurdular. Mən özümü onlara göstərib işarə edəndə tökülüşüb gəldilər, onun üst-başını axtardılar, tək olduğuna inanmadılar. Məbədin içərisini atəşə tutdular. Heç kimin olmadığını görəndə daha da qəzəbləndilər. Orada 2 xarici jurnalist də vardı, fotokamera axşamın toranında əlində bayraq düşmənə gözləri nifrətlə zillənmiş Natiqə tərəf yönəldi».
Cəfər müəllimin gördüyü jurnalistlərdən biri Rusiya Federasiyasında nəşr olunan məşhur «Oqonyok» jurnalının müxbiri Konstantin Smirnov, digəri isə italyan fotomüxbir Enriko Sarzini idi. Jurnalın 1992-ci ilin aprel nömrəsində Natiqin əlində bayraq erməni hərbçiləri tərəfindən əsir götürülməsini əks etdirən o məşhur foto dərc olundu. Cəfər müəllim deyir ki, sonradan onları ayırıblar. Cəfər Cəfərov Əsgərana, Hatiq isə Xanabada aparılıb: «Bundan sonra bir daha Natiqi görə bilmədim. 14 mart 1992-ci ildə 21 nəfər əsiri, o cümlədən məni Ağdam yaxınlığındakı qəbirstanlıqda dəyişdilər».
Erməni əsirliyində qalmış minlərlə digər Azərbaycan türkü kimi Hatiq Qasımovdan o zamandan heç bir xəbər yoxdur. «Oqonyok» jurnalının müxbiri Konstantin Smirnov Hatiqin qohumlarına Qarabağdan çıxanda Natiqin sağ olduğunu bildirib. Smirnov əvvəlcə Natiqin axtarışına köməklik göstərəcəyi barədə vəd versə də sonradan naməlum səbəblərdən bundan imtina edir. Yeri gəlmişkən, Konstantin Smirnov döyüşçünü kilsədən çıxaran əsirin (Cəfər Cəfərovun — red.) əlamətlərini də təsvir edir «balacaboylu, sarışın, göygöz bir kişi».
Enriko Sarzininin
çəkdiyi son foto
Natiqin son görüntüsüdür. Bu günədək onun haqqında əlavə heç bir məlumat yoxdur. Baxmayaraq ki, valideynləri ölkəmizdən tutmuş
ən müxtəlif beynəlxalq instansiyalara kimi övladları haqqında xəbər tutmağa çalışıblar.
Əsir və itkin düşmüş,
girov götürülmüş
vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının
məlumatına əsasən,
ermənilər tərəfindən
əsir və girov götürülmə
faktı danılan şəxslərin siyahısında
Natiq Qasımovun da adı var. Dəfələrlə edilmiş
müraciətlərə baxmayaraq,
erməni tərəfi
bu günədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.
Təslim olanlar düşmən qarşısına ağ bayraqla çıxır. Lakin Hatiq yox… 20 əsirin həyatını qurtarmaq üçün özünü qurban verən adsız qəhrəman əlində üçrəngli bayraqla düşmən qarşısına çıxdı. Bu təslimiyyət deyil…
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2013.- 20 aprel.- S.13.