«Ölkəmizdə vətəndaş cəmiyyəti formalaşıb»

 

  Əlövsət Allahverdiyev: «Onu inkişaf etdirmək hər bir vətəndaşın məsuliyyəti və vəzifəsidir»

 

«Yeni qanunlar qəbul edilən zaman milli-mənəvi dəyərlər nəzərə alınmalıdır»

 

Demokratiyanın əsas göstəricilərindən biri də ölkədə vətəndaş cəmiyyətinin formalaşmasıdır. Müstəqillik yolunu seçən Azərbaycanın da əsas hədəfi belə bir topluma nail olmaqdır. Bütün demokratik prinsiplərin təmin edildiyi vətəndaş cəmiyyətinin formalaşması isə yalnız bu sahənin inkişafında maraqlı olan və çalışan vətəndaşlardan deyil, başqa bir neçə amildən də asılıdır. Eyni zamanda hüquq və qanunvericilik də sivil toplumu şərtləndirən mühüm sahələrdən biri sayılır.

Ölkədə qanunvericilik və hüquq sisteminin səviyyəsi vətəndaş cəmiyyətinin formalaşmasında əhəmiyyətli rol oynayır. Qanunlar belə bir toplumu qurmaq istəyən vətəndaşlara imkanlar və fürsətlər verir. Çünki vətəndaşın istənilən fəaliyyəti və hədəfi dövlət qanunvericiliyindən kənara çıxmamalıdır. Bu səbəbdən də qanunlar vətəndaş cəmiyyətinin inkişafına nə qədər imkan verirsə, vətəndaş da o qədər hədəfə nail ola bilər. Maraqlıdır, görəsən Azərbaycan qanunvericiliyi ölkədə vətəndaş cəmiyyətinin inkişafı üçün kifayət qədər müasir və təkmildirmi? Qanunlarımız toplumda demokratik prinsiplərin təmin olunması üçün yetərlidirmi? Bu yolda irəliyə can atan ölkəmizdə demokratik və quruculuq mənzərəsi necədir? Əhəmiyyətini nəzərə alıb vətəndaş cəmiyyəti və hüquq mövzusunu araşdırmaq istədik. Suallarımızı hüquqşünas Əlövsət Allahverdiyevə ünvanladıq.

- Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafını necə dəyərləndirərdiniz?

- Vətəndaş cəmiyyəti cəmiyyətdə qeyri-dövlət münasibətlərinin məcmusu olduğundan onun formalaşması prosesi bir qədər mürəkkəbdir. Ona görə də bu proses zamanla tənzimlənir. Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun başlanma tarixi o qədər də böyük deyil. Bu səbəbdən ölkəmizdə vətəndaş cəmiyyətinin arzuedilən səviyyədə olması üçün müəyyən zaman lazımdır. Vətəndaş cəmiyyəti nədir? Vətəndaş cəmiyyəti qeyri-dövlət iqtisadi, siyasi, sosial, mədəni-mənəvi, dini-əxlaqi, ailəvi, milli və başqa münasibətlərin məcmusu olub, azad vətəndaşların və könüllü formalaşmış təşkilat və assosiasiyaların dövlət-hakimiyyət orqanları tərəfindən onların fəaliyyətlərinə birbaşa müdaxilələri və özbaşına reqlamentləşdirmələri qanunla məhdudlaşdıran özünümüdafiə sferasıdır. Təbii ki, bu prosesi ilk növbədə dövlət qəbul etməli və şərait yaratmalıdır, ikinci növbədə vətəndaşlar bu prosesi düzgün dərk edib onu tətbiq etməlidirlər. Bu halda onun cəmiyyət üçün əhəmiyyəti olacaq. Hesab edirəm ki, ölkəmizdə də vətəndaş cəmiyyəti formalaşıb, sadəcə onu inkişaf etdirmək hər bir vətəndaşın məsuliyyəti və vəzifəsidir.

- Vətəndaş cəmiyyətinin inkişafında qanunvericiliyin hansı rolu var?

- Vətəndaş cəmiyyəti sırf bazar münasibətlərinin və rəsmi hakimiyyətlə eyniləşdirilməyən digər fəaliyyət formalarının sinonimi kimi dərk olunur. Vətəndaş cəmiyyəti orada insanların nəyəsə malik ola biləcəyi demokratik cəmiyyətdir. Təbii ki, vətəndaş cəmiyyətinin inkişaf etməsində qanunvericiliyin mühüm rolu var. Qanunvericilik nə qədər təkmil, ümumbəşəri dəyərlərə əsaslanarsa, ölkədə bir o qədər vətəndaş cəmiyyətinin inkişafı sürətlənər. Daha dəqiq desək, hər bir ölkədə qanunvericilik vətəndaş cəmiyyətinin formalaşmasını əngəlləməyə deyil, inkişafına şərait yaratmalıdır.

- Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı üçün Azərbaycan qanunvericiliyini kifayət qədər təkmil və müasir qəbul etmək olar?

- İstənilən bir ölkənin qanunvericiliyini tənqid etməklə orada çatışmayan cəhətləri göstərmək olar. Bununla belə, ölkəmizin qanunvericiliyini kifayət qədər təkmil və müasir hesab edirəm. Azərbaycan qanunvericiliyi hazırlanan zaman milli adət-ənənələrlə yanaşı, beynəlxalq hüquq normaları gözlənilib və onun müddəaları əsas götürülüb.

- Qanunlarımız vətəndaşların bütün hüquqlarını təmin edə bilirmi?

- İnsan və vətəndaş hüquq və azadlıqları Azərbaycan Respublikası Konstitusiyasında öz əksini tapıb. Konstitusiyanın III fəsli bütövlüklə əsas insan hüquq və azadlıqlarına həsr edilib. Demək olar ki, İnsan Hüquqları Ümumi Bəyannaməsi və insan hüquqlarına dair digər beynəlxalq aktlarla müəyyən edilən əksər hüquq və azadlıqlar bu Konstitusiyada təsbit olunub.

- Qanunlarımızda vaxtaşırı dəyişikliklər və əlavələr olur. Bunu necə dəyərləndirərdiniz?

- Qanunlarda dəyişikliklərin olması normal haldır. Bu qanunların təkmilləşməsi, qanunlarda olan boşluqların aradan qaldırılması məqsədilə aparılır.

- Qanunlarımızda parlament və referendum yolu ilə əlavə və dəyişikliklər edilir. Hansı hallarda qanun ümümxalq səsverməsi yoluyla dəyişdirilməlidir?

- Azərbaycan Respublikasında yalnız iki məsələ referendumla qəbul olunur. Birincisi Konstitusiyanın qəbulu və ona əlavə və dəyişikliklərin edilməsi, ikincisi isə sərhədlərin dəyişdirilməsi məsələləridir. Bundan başqa, hər hansı bir məsələ referenduma çıxarılmır. Azərbaycan Respublikasının Konstitusiyasına görə, qanunlar yalnız Milli Məclis tərəfindən qəbul olunur.

- Bəs vətəndaşlar bütün qanunlardan xəbərdar olmalıdır?

- İlk növbədə vətəndaşlar öz hüquqlarını bilməlidir. Əgər sivil cəmiyyətdə yaşayırıqsa, o zaman hər kəs öz hüquqlarını bilməldir. Hüququnun pozulduğunu iddia edən vətəndaş ilk növbədə bu hüququn nədən ibarət olduğunu bilməlidir. Vətəndaşlar öz hüquqlarını bilməli, eyni zamanda onun həyata keçirilməsini qanun çərçivəsində tələb etməlidirlər. Bununla yanaşı, vətəndaşların qanunları da bilməsi yaxşı olardı. Qanunları bilən vətəndaşlar süründürməçilik və problemlərlə üzləşmirlər, hətta belə bilgili insanlardan vəzifəli şəxslər də ehtiyat edir, onun hüquqlarını pozmağa cəhd göstərmir. Bir halda var ki, qanunu bilməmək insanı məsuliyyətdən azad etmir. Vətəndaşlar qanunu bilmədiyi halda onun qadağan etdiyi əməlləri çox sərbəst formada həyata keçirirlər ki, bu da cəmiyyəti müəyyən problemlərlə üzləşdirir.

- Məsələn, Mülki və ya Cinayət məcəllələrilə tanış olmaq istəyən vətəndaş hara müraciət edə bilər?

- Bunun üçün harasa müraciət etməyə ehtiyac yoxdur. Hər iki məcəllə həm kitab şəklində satılır, həm də internetdə istifadə üçün yerləşdirilib. Məncə, bu iki vasitədən istifadə etməklə adıçəkilən məcəllələrlə tanış olmaq olar. Düşünürəm ki, bununla bağlı hər hansı bir problem olmamalıdır.

- Vətəndaş cəmiyyətinin inkişafında hüquq mələhətxanalarının fəaliyyətini necə dəyərləndirərdiniz?

- İnsanların maariflənməsində, onların hüquqlarının qorunmasında hüquqşünasların üzərinə böyük iş düşür. Ölkəmizdə insanların hüquqlarını müdafiə etmək üçün kifayət qədər hüquqşünas var və bunların da bir çoxu hüquq məsləhətxanalarında fəaliyyət göstərir. Təbii ki, hüquq məsləhətxanaları da qanun çərçivəsində fəaliyyət göstərməlidir, eyni zamanda onların fəaliyyəti vətəndaşların maraq və mənafelərinə zidd olmamalıdır. Müasir dövrdə hüquq məsləhətxanalarının fəaliyyətini qənaətbəxş hesab etmirəm. Bizdə vəkillik institutunun formalaşması üçün müəyyən zaman lazımdır. Öncə hər kəs vəkil nədir və vəkillik fəaliyyəti nədən ibarət olmalıdır anlayışını başa düşməlidir. Vəkillər də başa düşməlidir ki, hüquqi yardıma ehtiyacı olan insan taleyini, həyati məsələlərini ona etibar edir, ona inanır. Bu da çox ciddi və vicdanlılıq tələb edən məsələdir.

- Hüquq məsləhətxanalarında xidmət ödənişlidir?

- Mən onun üçün deyirəm ki, bizdə hələ vəkillik institutu formalaşmayıb. Bilirsiniz, müdafiəyə ehtiyacı olan şəxs hüquqi yardım göstərilməsi üçün hüquq məsləhətxanasına müraciət edir və müxtəlif qiymətlələrlə üzləşirlər. Düşünürəm ki, burada bir qayda olmalıdır. Yəni vətəndaş vahid qayda üzrə ödəmələr etməlidir.

- Hüquq məsləhətxanalarına istənilən şəxs müraciət edə bilər?

- Əlbəttə, hər kəs hüquq məsləhətxanasına müraciət edə bilər. Burada hər hansı məhdudiyyət yoxdur.

- Nə üçün bəzən vətəndaşlar qanunlara etimad göstərmirlər?

- Bu çox ciddi məsələdir. Bunun bir səbəbi var. Vətəndaşlar qanunun tələblərindən daha çox asan yollara üz tutmağı üstün hesab edirlər. Məsələn, hər hansı bir proses qanunla bir aya həyata keçirilirsə, vətəndaş onu bir günə başqa yollarla həll etməyə çalışır. Təbii ki, bu da doğru yol deyil. Hər kəs qanunun tələblərinə riayət etməli, ən əsası qanunlara hörmət etməlidir.

- Qanunvericiliyimizə yeni qanunlar qəbul edəndə, xüsusilə də Avropa Şurasının tələbidirsə, milli-mənəvi dəyərlərimiz nəzərə alınır?

- Yeni qanunlar qəbul edilən zaman bütün hallarda milli-mənəvi dəyərlər nəzərə alınmalıdır. İstər Avopa Şurasının, istərsə də digər beynəlxalq qurumların tələbi olsun, bu dəyərlər birmənalı olaraq gözlənilməlidir. Gördüyünüz kimi, bizim qanunlar da qəbul ediləndə bizə məxsus dəyərlər gözlənilib və qanunlar beynəlxalq hüquq normalarıyla uyğunlaşdırılaraq qəbul olunub.

- Bir neçə dəfə cinsi azlıqların nikaha girməsilə bağlı da müzakirələr oldu. Necə hesab edirsiniz, belə bir hal Azərbaycanda nə vaxtsa qanun şəklinə salına bilərmi?

- Bu barədə nəsə demək tezdir. Bunu zaman göstərər. Hər şey mümkündür. Sadəcə bu barədə nəsə demək istəməzdim.

 

 

Real Cəfərli

 

Xalq Cəbhəsi.- 2013.- 23 aprel.- S.11.