Sürgün məğlubiyyət deyil

 

Özbəkistandan ayrı keçən və hələ də bitməyən sürgün illərinə bir məğlubiyyət gözüylə baxmayıb o, heç bir zaman… Türkiyəli şair Sezai Karakoç, «Məğlubiyyət-məğlubiyyət böyüyən bir zəfər vardır» — misrasını niyə yazıb, bilmirəm, amma Məhəmməd Saleh, zəfər toxumunu həmişə ürəyində diri tutan bir şair, müdrik bir insandır. Ədəbiyyat və şeir ilə döyünən ürəyi böyüdü, böyüdü və əvvəl ölkəsi Özbəkistanı, sonra da bütün Türk dünyasını əhatə etdi qoca bir çinar kimi.

Hələ də bitməyən sürgün illərinə bir məğlubiyyət gözü ilə baxmadı heç bir zaman. Hər zamanki mütəvəkkil halı ilə təqdiri — ilahi deməyi bildi bu sürgünə və bu fiziki sürgünün, yəni bütün peyğəmbərlərin keçdiyi yol olan hicrətin, ölkəsi Özbəkistan üçün yeni və gözəl günlərə yol açmasını diləyib hər zaman. Diləyi və diləyimiz odur ki, ən qısa zamanda müdrikliyi ilə dönər və xeyir verər ölkəsinə.

 

Məhəmməd Saleh kimdir?

 

Məhəmməd Saleh, dünya Türkləri üçün çox əhəmiyyətli bir coğrafiya olan «Özbəkistanın sürgündəki lideri» sifətini daşıyır hələlik. Keçmişinə baxıldığında, 1949-cu ildə Özbəkistanın Xarəzm vilayətində doğulduğu, ali təhsilini Daşkənd və Moskvada tamamladığı məlumatı gözə dəyir. Məhəmməd Saleh hələ universitetdə oxuyarkən ədəbiyyatla maraqlanmağa başlayır, şeirləri dövrü mətbuatda dərc olunmağa başlayır.

Məhəmməd Saleh bu illərdə Özbəkistanda kommunizmə qarşı mətbuat yolu ilə savaş açır. Bu, onu «çirkli» olaraq bildiyi siyasətə daşıyan yolun başlanğıcıdır eyni zamanda.

Ankarada verdiyi bir konfransda siyasətlə məşğul olmaq məcburiyyətində qalmasından bəhs edərkən, siyasətə addım atandan sonra ədəbiyyatdan uzaqlaşmaq məcburiyyətində qaldığını söyləmişdi kədərli bir səslə. Bir şeir oxumağı xahiş olunanda «Əzbərimdən silinib hamısı» — demişdi. Bilənlər bilir ki, bir şair üçün bunu demək çox çətindir, amma o, dağ kimi ürəyi ilə bu yaranı da təbəssümlə aradan qaldırmağı nacarmışdı o an.

 

«Getdi ruslar, gəldi türklər» — deyirmişlər

 

Sovetlər dağıldıqdan sonra oralarda yaşayan hamının gözündə Türkiyə bir «böyük qardaş» idi. Hərçənd Türkiyədən gözlənilən şey, dövlət təcrübəsi olmayan bu yeni dövlətləri idarə etmək yox, onlarla dövlət təcrübəsinin paylaşılması kimi mənəvi böyük qardaşlığın edilməsi idi. Türkiyənin isə o illərdə başı öz daxili problemlərinə qarışmışdı. Dövlət bu problemlərlə məşğul olarkən illər boyunca Türkistan torpaqlarının müstəqilliyi haqqında danışan bəziləri də, özlərini Türkistan üzərində haqq sahibi görüb onların hamisi kimi davranmağa başladılar.

Bu davranışı o qədər kobud şəkildə etdilər ki, Türk respublikalarında yaşayanlar öz aralarında təəssüf ki, «Getdi ruslar, gəldi türklər» — cümləsindən istifadə etməyə başladılar. Məhəmməd Saleh İslam Kərimova rəqib kimi prezidentliyə namizəd olub seçkiləri itirəndən sonra güvənə biləcəyi ölkə kimi Türkiyəni gördü. O zaman rəhmətlik Turqut Özal sağ idi və o, bu böyük çinara öz qapısını sonuna kimi açmışdı…

Tələbə olanda öz dilindən eşitdiyimə görə deyirəm və bilirəm ki, Məhəmməd Saleh, rəhmətlik Turqut Özaldan razı idi və ondan çox şey gözləyirdi. Bu çox şey gözləməsi o qədər aydın idi ki, bu cümləni qurmaqdan çəkinməmişdi: «Rəhmətlik Özal təbii yollardan ölməyibsə, ölümündə mütləq Türk respublikaları ilə əlaqədar düşüncələrinin payı vardır!»

Təkcə mən yox, o an Birlik Vəqfinin Ankara şöbəsinin salonunda olan hər kəs şahiddir ki, Məhəmməd Salehin üzü Türkiyədəki bəzi siyasətçilərin adlarını çəkəndə kölgələnirdi, səsi incik idi, amma o, yenə də incimədiyini deyirdi…

 

Əvvəl Qərbə inanırdı, indi isə «əsla» deyir

 

Məhəmməd Saleh, ölkəsinin Sovetlər Birliyi idarəetməsində olduğu dövrlərdə Qərb dünyasının özlərinə göstərdiyi maraqdan çox təsirlənir. Qərb üçün Sovetlər Birliyi rəhbərliyi təzyiq vasitəsi idi və o rəhbərliyin təzyiqi altında inildəyən dövlətlərə tezliklə azadlıq verilməli, oralarda demokratiya gəlməli idi.

Qərbi gəzib görməmişdən əvvəl Qərbin bu təbliğatının təsiri altında qalan Məhəmməd Saleh Özbəkistanın azadlıq mübarizəsi yolunda Qərbdən böyük dəstək alacağını ummaqdadır. Bu müşahidələrin necə bir incikliyinə çevrildiyinin, yenə Qərbə aid düşüncələrini açıq bir şəkildə bildirdiyinin Ankara söhbətində bir daha şahidi olduq.

Məhəmməd Saleh Qərbi və Qərbin ikiüzlülüyünü o qədər yaxından görür ki, Qərbin ləziz bir qab içində paketləyib bütün problemləri həll edəcək bir sehrli çubuq kimi təqdim etdiyi «Qərb tipi demokratiya»ya olan inamını itirir və nəsib olsa lider kimi Özbəkistana qayıtsa dövlət rəhbərliyinin əsla «Qərb tipi demokratiya» ilə idarə olunmayacağını elan edir.

 

İzzətbeqoviç kimi bir dövlət adamı…

 

Yenə Ankara konfransında Məhəmməd Saleh özünü formalaşdıran dəyərlərin məhz adət — ənənələrə və inanca bağlı olduğunu söylədi. Qərbi yaxından tanıması onu getdikcə Qərbdən uzaqlaşdırır. Gördüyü budur: Qərb üçün hər şey və hər kəs öz mənfəətləri doğrultusunda əhəmiyyətlidir. Mənfəətləri üst-üstə düşmədiyi zaman insanların nə ideoloji fikirləri əhəmiyyətlidir, nə də həyatları! Sizdən əldə edəcəkləri mənfəətləri yoxdursa, özlərinə düşmən bir rejimin sürgünə göndərdiyi bir lider olmağınızın da onlar üçün heç bir mənası yoxdur. Məhəmməd Salehin açıq-aşkar gördüyü budur və bu müşahidə onu öz dəyərlərinə daha möhkəm sarılmağa yönləndirir.

Məhəmməd Saleh gəzdikcə, təcrübə qazanıb yetkinləşdikcə, intellektual təcrübəsini inkişaf etdirdikcə, söykənib sarıldığı dəyərlər öz dəyərlərimiz olmaqdadır və bu təcrübəsini də dinləyənlərə öyüd-nəsihət kimi izah etməkdən çəkinməməkdədir.

Məhəmməd Saleh eynilə rəhmətlik Aliya İzzetbeqoviç kimi hikmət sahibi, müdrik bir dövlət adamı kimi görünür hazırda. Mövladan Məhəmməd Salehə və Məhəmməd Saleh kimi olanlara kömək etməsi arzusu ilə…

  

 

Oktay

 

Xalq Cəbhəsi.- 2013.- 24 aprel.- S.15.