Heydər Hüseynov
ölümüylə ləyaqətini qorudu
O, imperiyanın «fikir
zindanının hücrəsində» müqavimət göstərmək
imkanında deyildi
Tanınmış
fəlsəfəçi və ictimai xadim Heydər
Hüseynovun anadan olmasından 105 il ötdü. O, 1908-ci ildə
İrəvanda anadan olub. Ailədəki 6 uşağın
kiçiyi olub. Az sonra atası vəfat edir. Böyük
qardaşı Yusif 1918-ci ildə ermənilər tərəfindən
öldürüldükdən sonra ailəsi əvvəl
Batuma, sonra Stavropola, axırda Bakıya köçür.
H.Hüseynov böyük qardaşı və anasının
himayəsi altında böyüyüb, 12 yaşında
Bakının 18 saylı məktəbinin şagirdi olub. O,
1927-1931-ci illərdə indiki Pedaqoji Universitetin həm şərqşünaslıq,
həm də pedaqoji fakültələrinin tələbəsi
olub, ərəb və fars dillərinə mükəmməl
yiyələnib. 1931-ci ildə Pedaqoji İnstitutun ictimai elmlər
fakültəsinin qiyabi şöbəsini bitirib. Azərbaycan
Elmi-Tədqiqat İnstitutunun aspirantı olub.
Heydər
Hüseynov 1930-cu illərdə fəlsəfə elmini tədris
etməklə yanaşı ana dilimizdə fəlsəfəyə
aid «Dialektik materializm», «Dialektika və metafizika», «Dialektika və
tarixi materializm» adlı ilk dərslikləri
yazmışdı. O, fars dilində sərbəst
danışırmış. 1932-ci ildən başlayaraq
müxtəlif ali məktəblərdə fəlsəfədən
dərs deyib. 1935-ci ildə dialektik materializm, 1939-cu ildə
dialektika və metafizika haqqında kitab çap etdirir.
1936-cı ildə Azərbaycan Sovet Ensiklopediyasının
hazırlanmasında iştirak edib, 1940-cı ildə isə
baş redaksiyaya rəhbərlik edib. 1939-cu ildə namizədlik,
1944-cü ildə doktorluq dissertasiyasını müdafiə
edib. 1936-1940-cı illərdə Heydər Hüseynov SSRİ
Elmlər Akademiyası Azərbaycan filialı Ensiklopediya və
Lüğətlər İnstitunun direktoru olub. 1939-1945-ci illərdə
SSRİ Elmlər Akademiyası Azərbaycan filialı sədrinin
müavini, 1945-1950-ci illərdə Azərbaycan SSR Elmlər
Akademiyasının vitse-prezidenti, eyni zamanda ictimai elmlər
bölməsinin sədri olub. 1943-1945-ci illərdə Azərbaycan
Dövlət Universitetinin əvvəl «Marksizm-leninizmin əsasları»,
sonra isə «Fəlsəfə» kafedrasının müdiri
olub. 1945-1950-ci illərdə Azərbaycan KP MK yanında Partiya
Tarixi İnstitunun direktoru işləyib.
O,
ilk Azərbaycan-rus və rus-Azərbaycan lüğətinin
redaktorlarından olub. Bəhmənyar, Nizami Gəncəvi,
Füzuli, Abbasqulu Bakıxanov, Mirzə Kazım bəy, Mirzə
Fətəli Axundov, Həsən bəy Zərdabi haqqında tədqiqat
işi ararıb. Həmin dövrdən Heydər Hüseynov
«XIX əsrdə Azərbaycan fəlsəfi və ictimai-siyasi
fikrin tarixi haqqında» adlı əsər yazır, 1950-ci ilin
mart ayında növbəti Stalin mükafatı alır. Əsər
ilk dəfə 1949-cu ildə, ikinci dəfə 1958-ci ildə
müəyyən ixtisarlarla rusca çar edilib. Kitab Azərbaycan
dilində ilk dəfə 2006-cı ildə çardan
çıxıb. 1950-ci ilin mayında Kommunist Partiyası
MK-nın büro iclasında ciddi tənqid edilib, XIX yüzildə
Qafqaz fəlsəfi fikrini tədqiqi müridizmin təbliği,
sufizmin təqdiri kimi qəbul edilib. Azərbaycan KP MK SSRİ Nazirlər
Soveti qarşısında onun aldığı Stalin
mükafatlarından məhrum edilməsi haqda vəsadət
qaldırır və təmin edilir. H.Hüseynov Kommunist
Partiyasından çıxarılır və Elmlər
Akademiyasındakı vəzifələrindən azad edilir.
Dövlət orqanları, bəzi həmkarları tərəfində
əsassız təqiblərə məruz qalır. Təzyiqlərə
dözməyən H.Hüseynov 1950-ci ilin avqustunda
damarlarını kəsir. Ancaq bu dəfə onu ölümdən
xilas etmək olur.
Heydər
Hüseynov marksist fəlsəfəçisi idi:
özünün xüsusi nəzəriyyəsi olmasa da,
marksizm xəttində fərdi yaradıcılıq keyfiyyətlərini
aşkarlamağa, milli mücadilə problemlərini müəyyən
səviyyədə rəmzi də olsa, qabartmağa
çalışırdı. Sosializm bir ideologiya olaraq fərdin
müstəqilliyini tanımırdı; ona ümuminin təsiri
və tələbi ilə böyüyən, imperiya tələblərinə
tabe olanlar lazım idi. Ancaq Heydər Hüseynov
ömrünün yetkin çağında, lap son anda
gedişatın boyunduruğuna baş əymədi. Fitrəti
ona deyirdi ki, ləyaqəti məhz zamandan, gedişatdan uca
olmaqla qorumaq mümkündür.
Heydər
Hüseynov kimi talantlı bir şəxs imperiyaya hava-su kimi gərəkli
idi. Başı qovğalardan ayrılmayan, ayılmayan Sovet
imperiyasına elmin, xüsusən də fəlsəfənin
marksizm ideologiyası yönündə inkişaf etdirilməsi
olduqca gərəkli idi. Heydər Hüseynov isə fitrətən
azadlığa meylli idi: lakin onun fitrətinin imkanları ilə
gerçək durumu arasında təzadlı, hətta faciəvi
sərhəd vardı. Əgər o, fitrətən zaman
adamı olsaydı, gedişatın yiyələri ilə dil
tapa bilərdi. Lakin o, həmin dövrdə Azərbaycanın
yiyəsi olan Mir Cəfər Bağırovun
qarşısında əyilmədi, bu səbəbdən də
onun hər mənada məhvinə fərman verildi. Əvvəlcə
sürətlə vəzifədən
uzaqlaşdırıldı, sonra isə cəmiyyətdə
onun gözdən salınma kampaniyasına başlandı.
Bütün bunlar isə Heydər Hüseynovun xarakterindəki
problemin daha da düyünlənməsinə səbəb oldu.
Nəticədə Heydər Hüseynov 42 yaşında intihar
etdi…
Təbiidir
ki, intihar faktoru ilə cəmiyyət heç zaman
barışmayıb. Bütün hallarda intihar gedişata təslim
olmaq kimi dəyərləndirilib. Lakin Heydər Hüseynovun
intiharı ləyaqət qoruyuculuğu idi. O, ləyaqətini
qorumaq üçün intiharı seçmişdi. İstər-istəməz
yaradıcı şəxslə zaman arasında tarixin əksər
çağlarında konfliktlər olub. Çünki
zamanın əhvalı çox hallarda çərçivəsindən
kənara çıxmaq istəyən, onun qayda-qanunları, əhvalı
ilə uyğunlaşmaq istəməyən şəxsiyyətin
ölçüsünə uyğun gəlmir. Əgər
şəxsin əhvalı, iradi vəziyyəti
güclüdürsə, o, əsərlərində
arzuladığı, yaratdığı müsbət qəhrəmanlar
kimi olur. Yox, əgər yaradıcı şəxs zamanın
axarına düşüb gedirsə, o zaman şübhəsiz,
onun mənəvi iflası başlanır. Sovet dövründə,
xüsusən də 30-cu illər repressiyası zamanı
yazıçıların müstəqilliyinə hər mənada
qadağalar qoyulmasının, onların
yaradıcılıqlarına, hər şeydən əvvəl
isə psixikalarına olduqca mənfi təsir edib. Sovet
dövründə yazıçının nəzarət
altında saxlanması şübhəsiz, onun idraki-bədii
keyfiyyətlərini istədiyi kimi, azad şəkildə ifadə
etməsinə ciddi əngəl törədirdi.
Araşdırmaçı Adıgözəl Məmmədov
deyir: «Bir insanın hər hansı formada sarsıntılara
cavab vermək reaksiyası necə mövcuddursa, bədii
yaradıcılığa meylli insanlarda da bu, var. Fiziologiya elmində siqnallar sistemi var. Mənfi emosiya da bir
siqnaldır. Bir də görürsən,
insan xaricdən ona ardıcıl şəkildə təsir
edən siqnallara vaxtında cavab verə bilmir, nəticədə nevrozluq
yaranır. Yaradıcı
şəxs o hala çata bilər ki, onda suisid
(intihar) baş versin. Bu mənada
Heydər Hüseynovun
ölümü buna bariz nümunədir.
Heydər Hüseynov öz
dövrünün konyukturasının
girovuna çevrilmişdi.
Ancaq o, bu girovluqdan çıxmaq üçün
cəhd edirdi. Geneoloji olaraq informasiyalar onu bu girovluqdan
çıxmağa məhkum
etmişdi».
Heydər Hüseynov imperiyanın yaratdığı «fikir zindanının hücrəsində»
müqavimət göstərmək
imkanında deyildi. O, bu zindandan çıxmağa
cəhd etdi. Çünki bu cür yaşamağı qəbul
etmirdi. Sonda isə yeganə
çıxış yolunu
özünə qəsddə
gördü. Təsadüfi
deyil ki, özünə qəsdə
meylə yaradıcı
insanlar arasında da az rast gəlinmir.
M.Bağırov 1950-ci ildə «Müridizm
və Şamil hərəkatının xüsusiyətləri
barədə» kitabında
yazırdı: «Heydər
Hüseynov Şamil hərəkatını azadlıq
və proqressiv addım kimi dəyərləndirir. Bu qiymət antimarksist, nəzəri və siyasi baxımdan səhv, tarixi həqiqət və tarixi materializmə ziddir. Müridizm islamda daha savaşqan və reaksion istiqamət olmuşdur, xalq kütlələrinə zülm
aləti kimi istifadə olunmuşdur və işğalçı
türk ordusu, ingilis müstəmləkəçiliyinin
maraqlarına qulluq etmişdir. Şamil Qafqazı Rusiyadan
ayırmağa çalışmış
və Qafqaz xalqları arasında rus xalqına qarşı nifrət hissi oyatmışdır.
Ona görə də Şamil hərəkatı
sırf reaksion xüsusiyyəti daşımış,
inqilabi hərəkatın
maraqlarına ziddiyyət
təşkil etmişdir,
Dağıstanda zəhmətkeş
qüvvələrin sinfi
özünüdərk prosesinə
ləngedici təsir göstərmişdir».
A.Məmmədov daha sonra deyir: «Sözsüz ki, M.Bağırov bu sözləri yazarkən əsassız olduğunu bilirdi. Dünyada siyasi proseslər yeni mərhələdə
qaynayırdı. Bu dövrdə Bağırov
Moskvaya hər səfərində İran
Azərbaycanı məsələsini
qaldırırdı. O, 1945-ci ildə başa çatdıra bilmədiyi
Güney Azərbaycandakı
siyasi prosesləri yenidən bərpa etdirmək istəyirdi. Erməni-daşnak siyasi klanı
M.Bağırovu hər
vasitə ilə Stalinin gözündən salmağa çalışırdı.
Heydər Hüseynovun müridizmi
təbliğ edən əsərinin mükafata layiq görülməsi Bağırov əleyhinə
hazırlanan planın
gizli tərəfi idi. Tükü tükdən gözəl
seçən Bağırov
küləyin hardan gəldiyini gözəl duymuşdu. Bağırov ona qarşı
yönəldilən maneəni
məharətlə dəf
edə bildi. Təəssüf ki, bu oyunun qurbanı Heydər Hüseynov oldu».
Heydər
Hüseynov bu təzyiqlərə tab gətirə
bilmədi. Nəticədə bir dəfə
vena damarını kəsdi,
akademik Topçubaşov
onu ölümdən xilas etdi. Xəstəxanadan çıxdıqdan bir neçə gün sonra isə onu özünü
asmış vəziyyətdə
tapdılar. Dəfnini tez-tələsik
həyata keçirdilər,
dəfnində cəmi
bir neçə nəfər iştirak etdi. Professor Fuad Məmmədov Heydər Hüseynovun şəxsiyyətini
yüksək dəyərləndirir:
«Heydər Hüseynov Azərbaycan ictimai fikrinin görkəmli nümayəndələrindən biridir. Heydər Hüseynov qəlbən,
ruhən Azərbaycana
bağlı ziyalı
idi. Onun Şeyx Şamil haqqında yazdıqları
az sonra
əleyhinə çevrildi.
Sonradan dövriyyəyə belə
xəbər buraxıldı
ki, guya Şamil İngiltərənin
və Türkiyənin
agenti olub. Heydər Hüseynovu bu məsələdə sıxışdırıb
ciddi ittiham etdilər».
Uğur
Xalq Cəbhəsi.- 2013.-
25 aprel.- S.14.