Vətəndaş cəmiyyətində iqtisadi azadlıqlar

 

M.Ə.Rəsulzadə: «Fikri, millisiyasi istiqlalların kökü iqtisadi istiqlaldadır»

 

Xalqımızın, dövlətçiliyimizin tarixində mühüm rol oynamış Azərbaycan Xalq Cümhuriyyətinin sosial-iqtisadi siyasətinə vətəndaş cəmiyyəti və hüquqi-dövlət quruculuğu baxımından da yanaşılması əhəmiyyətli məsələdir. İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Xosrov Kərimovun bu yöndə araşdırmaları diqqəti çəkir. O, qısa bir müddət ərzində milli və dünyəvi dəyərlərə söykənən vətəndaş cəmiyyətinin qurulmasında mühüm amil olan liberal iqtisadiyyatın qurulması, onun real, institutsionalhüquqi əsaslarının formalaşmasının tarixi prosesini araşdırıb. Eləcə də Azərbaycanda ilk dəfə olaraq mülkiyyət plüralizminin, milli bankın, milli valyutanın, dövlət büdcəsinin, milli bazarın, xarici iqtisadi əlaqələrin, iqtisadi idarəetmənin, bunlarla müşayət olunan vergi işinin təşəkkülü və təkamülü tarixi, ilkin mənbələr, o dövrün mətbuat orqanlarının materiallarına istinad edilərək aşkar edilir: «Xalqımızın zəngin dövlətçilik irsində Azərbaycan Xalq Cümhuriyyəti mühüm yer tutur. Əsrlər boyu təşəkkül tapan zəngin milli iqtisadi fikirlərin gerçəkləşdirilməsi üçün ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə real imkanlar yarandı və buna qismənolsa nail olundu. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk dəfə olaraq totalitar rejimin tam əksi olan demokratik idarə üsulu təsbit etdi, müstəqil Azərbaycan ideyasını müstəqil Azərbaycan iqtisadiyyatı yaratmaqla reallığa çevirmək üçün ciddi addımlar atdı. Azərbaycanın müstəqilliyi ideyasının baniləri, bu ideyanı həyata keçirənlər F.X.Xoyski, Ə.M.Topçubaşov, M.Ə.Rəsulzadə və başqaları idilər. İstiqlalımızın bu görkəmli nümayəndələrinin sosial-iqtisadi baxışlarında elə bir demokratik cəmiyyətin qurulması nəzərdə tutulurdu ki, orada vətəndaşlar arasında siyasi bərabərlik bərqərar olmaqla yanaşı, sosial ədalətsizliyin zərərli nəticələri aradan götürülmüş olsun, demokratik, hüquqi vətəndaş cəmiyyəti formalaşsın».

Azərbaycan Xalq Cümhuriyyətinin sosial-iqtisadi siyasətinin əsas konturlarını təhlil edən araşddırmaçı bildirir ki, Azərbaycan Xalq Cümhuriyyətinin reallaşdırmaq istədiyi müstəqillik ideyasında iqtisadi müstəqillik əsas hesab olunurdu. Belə qəbul olunurdu ki, «fikri, millisiyasi istiqlalların kökü iqtisadi istiqlaldadır» (M.Ə.Rəsulzadə). Bu konseptual məsələ idi və Azərbaycan Xalq Cümhuriyyətinin bütün fəaliyyəti dövründə daim diqqət mərkəzində saxlanılırdı. Azərbaycan Xalq Cümhuriyyətində siyasi bərabərlik müxtəlif partiya və fraksiyaların tam bərabər əsaslarla parlamentə təmsil olunmasında və bu qayda ilə çoxluğun hakimiyyəti ilə yanaşı, azlığın da hüquqlarının qanunla qorunmasında, Azərbaycan vətəndaşlarına siyasi, iqtisadi və hər cür ictimai fəaliyyət üçün tam azadlıq verilməsində özünü göstərdi. Sosial ədalət isə istehsal vasitələri üzərində mülkiyyət formaları vasitəsi ilə bərqərar edildi. Azərbaycan Xalq Cümhuriyyəti öz iqtisadi platformasında mülkiyyət plürializmini nəzərdə tuturdu. Burada dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılırdı. O zaman geniş yayılmış bolşevizm mövqeyindən fərqli olaraq Azərbaycan Xalq Cümhuriyyəti və onun liderləri fabrik, zavod, torpaq və digər əsas istehsal vasitələri üzərində xüsusi mülkiyyəti rədd etmirdilər. Əksinə, belə hesab edirdilər ki, «bu cür mülkiyyəti tamamilə ortadan qaldırmaq indiki durum içərisində şəxsi təşəbbüs qüvvəsini zorakı şəkildə aradan qaldırar». Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətində xüsusi mülkiyyətin miqyası müəyyənləşdirilir, bu işdə ifrata varmağın zərərli olduğu göstərilirdi. Qeyri-məhdud mülkiyyət hüququ və mənimsəmədə ifratçılıq mülkiyyətin yoxluğu qədər zərərli hesab edilirdi. Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi modelində nəzərdə tutulurdu ki, xüsusi mülkiyyətin mövcudluğu mülkiyyətin tamamilə xırdalanmasına aparmamalıdır. Xüsusən də fabrik və zavodların bu cür xırdalanması qeyri-mümkündürburada çalışan əməkçininin işdəki mövqeyi xüsusi surətdə hazırlanan əmək qanunlarının tətbiqi ilə təmin olunub. Respublikanın yaratdığı iqtisadi qanunçuluğa görə dövlət mülkiyyətinə və qismən də bələdiyyə mülkiyyətinə dövlətin sərvət və gəlir qaynağını təşkil edən yeraltı mədənlər, həmçinin «dəmiryolu, işıq, su, teleqrafsair bu kimi ümumi işlərə xidmət edən quruluşlar daxil edilirdi».

Araşdırmaçının fikrincə, Azərbaycan Xalq Cümhuriyyətinin aqrar proqramı da iqtisadi fikir baxımından öyrənilməyə layiqdir: «Bu proqramın əsasını aqrar islahatı haqqında «Müsavat», fraksiyasının və Torpaq Nazirliyinin nöqteyi-nəzərini əks etdirən qanun layihələri təşkil edirdi. Göstərilən qanun layihələrinin müəyyən fərqlərinə baxmayaraq, məqsədi torpaqsız və az torpaqlı əhalini torpaqla təmin etməkdən ibarət idi. Həm də xüsusi torpaq mülkiyyətini ləğv etmək deyil, torpağı xüsusi mülkiyyətə elə istehlak normaları üzrə vermək nəzərdə tutulurdu ki, bir tərəfdən kənd əhalisini gəlirlə təmin etmək mümkün olsun, digər tərəfdən istifadəsiz xüsusi sahibkar torpaqları qalmasın. «Müsavat» fraksiyasının qanun layihəsində torpaqların əvəzsiz verilməsi, digər qanun layihəsində isə müəyyən əvəz müqabilində verilməsi əksini tapmışdı. Birinci qanun layihəsində əvvəlki sahibkarların mülkiyyətində 75 desyatin, digər qanun layihəsində isə yerli şəraitdən asılı olaraq müxtəlif miqdarda torpaq sahəsinin saxlanması müəyyənləşdirilmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi platformasında pul inflyasiyasının qarşısını almaq, inflyasiya şəraitində əmək haqqını tənzimləmək, ümumiyyətlə, pul tədavülünü, xaricə xammal satışını qaydaya salmaq, gömrük siyasəti, xüsusi sahibkarlarla dövlət arasında münasibətlərin vergi vasitəsilə tənzimlənməsi qaydaları, Rusiya ilə və digər qonşu respublikalarla iqtisadi əməkdaşlıq şərtləri, özünün müstəqil valyutasını yaratmaq qaydaları da iqtisadi fikir və təcrübəni öyrənmək baxımından diqqətə layiqdir».

Mövcud olduğu 23 ay ərzində respublika bir sıra cari təsərrüfat və mədəniyyət məsələlərinin həllində də böyük uğurlar qazanıb: «Neft sənayesi ağır vəziyyətdən

çıxarılıb, dağıdılmış Bakı-Batum neft kəməri bərpa olunub, Bakı-Culfa dəmiryolu inşa edilib, Kür çayı üzərində körpü salınıb, maarif və mədəniyyət inkişaf tapıb, xaricdə yüksək ixtisaslı milli kadrlar hazırlanması işi genişləndirilib. Azərbaycan Dövlət Bankı yaradılıb, milli pul nişanları buraxılıb, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirilib, Bakı Universitetibir çox ibtidai məktəblər açılıb və s. Müstəqil dövlətin atributu kimi milli pul vahidinin buraxılması Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə siyasətinin mühüm cəhətidir. 1918-ci ilin əvvəlindən Bakıda yeni kağız pullar — «Bakıbonları» buraxılır (bu zaman tədavüldə «Nikolay» pulları və «Kerenski» pul vahidləri işlənirdi). Lakin ilk vaxtdan etibarən milli pul vahidinin möhkəmləndirilməsi, onu alıcılıq qabiliyyətinin qorunub saxlanması hökumətin iqtisadi siyasətinin əsas məsələsi olur. Cümhuriyyətin milli valyutası inflyasiya şəraitində dövriyyəyə buraxılmışdı.

Hökumət həm əvvəlki dövrdən miras qalan, həm də respublikanın mövcudluğu dövründə baş verən inflyasiyaya qarşı mübarizə aparmalı olur. Bu məqsədlə aşağıdakı tədbirlər həyata keçirilir: müstəqil dövlətin maliyyə, vergi, bank-kredit sistemi yaradılır; 1919-cu ilin sentyabrında Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bankı

açılır; Maliyyə Nazirliyinin 20 iyul 1919-cu il tarixli qərarı ilə əmtəələrin sərbəst ixracına nail olunması nəzərdə tutulur; Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin bu məsələyə həsr olunan 24 noyabr 1919-cu il tarixli iclasında müxtəlif fikirlər müzakirə olunur və belə bir fikir qəbul olunur ki, ən başlıcası xəzinəni doldurmaqdan ibarət olmalıdır; xaricə gizli yolla gümüş, qızıl, platin aparılmasına görə məsuliyyət məsələsinə baxılır, bu sahədə fəaliyyət göstərən 15 noyabr 1919-cu il tarixli qanun 20 oktyabr 1919-cu il tarixli qanunla əvəz edilməklə bu məsuliyyət artırılır; respublikanın sərhədləri daxilində mal mübadiləsini tənzimləmək məqsədi ilə 1919-cu ilin avqust ayından xaricdən Azərbaycana gətirilən bir sıra zinət şeylərinə müvəqqəti gömrük tarifləri tətbiq olunur; daxili bazarı tənzimləmək məqsədilə Azərbaycandan kənara göndərilən əmtəələr üçün yeni müvəqqəti gömrük qaydalarının tətbiq edilməsi haqqında qanun təsdiq edilir (9 fevral 1920-ci il); çevik vergi siyasəti yeridilir; dövlət xərclərinin ixtisar edilməsi istiqamətində tədbirlər nəzərdə tutulur; xaricdən ölkəyə gömrüksüz gətirilən malların siyahısı müəyyənləşdirilir (bu siyahıya 200-dən çox məhsulun adı daxil edilir); xarici investorlara və Azərbaycana investisiya qoymaq arzusunda olanlara güzəştli şərtlərlə Bakı bonları təklif olunur».

Parlamentin 22 dekabr 1919-cu il tarixli iclasında yeni kabinənin bəyannaməsi ilə çıxış edən N.B.Yusifbəyov bir daha pulun qiymətdən düşməsinin səbəblərini göstərir: «Onun fikrincə, ixracın olmaması, neft sənayesinin vəziyyəti, milli pul vahidinin birjada daha çox qiymətdən düşmüş ümumrusiya pulu ilə əlaqədar olması milli valyutanın qiymətdən düşməsinin ən mühüm səbəbləridir. Yeni kabinə iqtisadiyyatın sağlamlaşdırılmasına pulun sağlamlaşdırılmasından başlanmasını məqsədəuyğun sayır. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti inflyasiya şəraitində bir neçə dəfə (5 may 1919-cu il, 1 dekabr 1919-cu il) əlavə pul emissiyasına icazə vermək zərurəti qarşısında qalır. Bu, böyük diskussiyafikir ayrılığına səbəb olsa da məqsədli xarakter daşıması nəzərə alınır. Bu tədbirin neft sənayesini böhrandan çıxarmaq vəzifəsinə xidmət etməsi göstərilir. Azərbaycan Xalq Cümhuriyyətinin xarici iqtisadi əlaqələrinin qurulmasına gəlincə, araşdırmaçı bildirir ki, yeni əsaslarda beynəlxalq iqtisadi əlaqələrin qurulması siyasiiqtisadi istiqlal əldə edən xalqların qarşısında duran əsas məsələlərdən biridir. Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində xarici ölkələrlə, xüsusən qonşu ölkələrlə iqtisadi əlaqələr yaratmaq, bu əlaqələri genişləndirmək zərurəti nəzərdə tutulurdu».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 26 aprel.- S.12.