Qorxulu həqiqət — Çernobıl qəzası

 

Ukrayna ilə yanaşı qonşu ölkələrdə də milyonlarla insan şüalanmanın təsirinə məruz qalıb

 

1986-cı ilin 26 aprel axşamı Ukraynanın Pripyat şəhərində həyat hər zamankı kimi adi qaydada davam edirdi. İşdən çıxmış insanlar evlərində heç bir təhlükə hiss etmədəm dincəlirdilər. Hərə öz işindəydi. Heç kim, səhər gözünü öz yatağında aça bilməyəcəyini, iztirablı həyata başlayacağını və ya tezliklə əzizlərini itirəcəyini, hansı dəhşətlərə şahid olacağını ağlının ucundan belə keçirmirdi.

27 il əvvəl, 26 aprel axşamı, Çernobil nüvə stansiyasının 4 nömrəli reaktorunda dəhşətli partlayış baş verdi. Dünya bu faciədən güc-bəla ilə xəbərdar oldu. Sovetlərin ünsiyyətə maneə törətmə mexanizmi tam olaraq işə keçsə də qorxunc nüvə faciəsini gizləyə bilməmişdi.

Elə həmin gecə, Çernobilin 10 kilometrlik təhlükəli çevrəsində yerləşən və əhalisi 49 min olan Pripyat boşaldıldı. Gecə yarısından sonra başlayan təcili boşaltma əməliyyatı üçün yüzlərlə avtobus şəhərin mərkəzinə düzüldü. İnsanlar evlərini bir anda boşaltmaq məcburiyyətində qaldı. Ordunun yardımı il gerçəkləşdirilən əməliyyat 30 saata tamamlandı. Boşaltma əməliyyatı elə sürətli reallaşdırılır ki, heç kim özü ilə bir geyəcək və bəlkə də ailə albomları xaricində heç bir şey götürə bilmədi. Şahidlər danışır ki, Pripyatı tərk edən avtomobil karvanının uzunluğu 20 km-ə çatırdı.

Ukraynanın Kiyev rayonuna bağlı Çernobl şəhərindəki Atom Elektrik Stansiyasının 4-cü birləşimində səhərin erkən saatlarında baş verən qəza nəticəsində atmosferə böyük miqdarda uran məhsulları dağılır. Qeyd edək ki, 1972-ci ildə Ukraynada Kiyevin 140 km-de Çernobl şəhərində qurulan AES-də meydana gələn qəzaya hər biri 1000 meqavatt gücündə 4 reaktordakı quruluş xətaları ilə reaktorlardan birində tecrübə etmək üçün təhlükəsizlik sisteminin buraxılması nəticəsində meydana gələn bəzi xətalar seriyası sonunda baş verən qəzadır. Təcrübənin ediləcəyi reaktorun gücü əvvəlcə yarıya qədər azaldıldı. Ardınca isə təhlükəsizlik sistemi buraxıldı. 26 aprel gecə saat 01:00-də texniklər təcrübənin son hazırlıqlarını tamamlamaq üçün əlavə su pompalarını qoşdular. Bunun nəticəsində gücünün 7 faizi ilə çalışan reaktorda buxar tıxacı yaranaraq su səviyyəsini aşağı saldı. Texniklər suyun səviyyəsini bərpa etmək üçün buxar sisteminə su buraxmalı oldular. Saat 01:23-də hamı keçiriləcək təcrübəni başlamağa hazır idi. Qeyd edək ki, təcrübənin məqsədi, reaktorun qəflətən dayanacağı təqdirdə, buxar turbinlərinin nə qədər çalışacağını və təhlükəsizlik sisteminə nə qədər güc verə biləcəyini öyrənmək idi. Beləliklə, turbinlərə gedən buxar dayandırıldı. Bunun nəticəsində də reaktorun soyutma sistemləri dayandı. Yanacaq kanallarında qəfil güclü isinmə başladı. Təhlükəni başa düşən texniklər vəziyyəti ələ almağa çalışdılar. Amma saat 01:24-də yenidən başlayan təcrübə 1 dəqiqə sonra 2 partlayışla nəticələndi. 3 saniyə içində reaktorun gücü 7 faizdən 50 faizə qalxdı. Yanacaq parçalarının soyutma suları ilə qarşılaşması suyu bir anda buxara çevirdi. Reaktordakı zirkoniumun yüksək istilikdə buxarla qarşılaşmasından yaranan hidrogen yanaraq bütün sentralı alovlara bürüdü.

Qeyd edək ki, Çernobıldan əvvəl, 1979-cu ildə ABŞ-ın Three Mile İsland Atom Elektrik Stansiyasında da qəza baş vermişdi. Çernobıl ikinci analoji qəza idi. Amma Çernobılın dağıdıcı və məhvedici təsiri daha böyük həcmdə oldu. Belə ki, qəzanın ilk günlərində 10 min nəfər dərhal ağır şüalanmanın qurbanı oldu. 15 min adam qəzanın aradan qaldırılmasının ilk günlərində fəlakət zonasında işləyərkən ağır şüalanmaya məruz qalaraq, dünyalarını dəyişdilər. Fəlakət zonasında işləyən 52 min adam isə sonrakı illərdə öldü. Ukrayna hökumətinin qəza ilə bağlı yaydığı rəsmi məlumata görə, bu gün ölkədə 4 milyona yaxın insanın Çernobıl qəzası nəticəsində şüalanmaya məruz qalaraq xəstə olduğu bildirilir. Amma Çernobıl qəzasından yalnız Ukraynada yaşayanlar zərər görmədilər. Son məlumatlara görə, Ukrayna ilə sərhəd ölkələrdə, o cümlədən Rusiya, Belarus, Moldova, Rumıniya, Polşa, Çexiya, Macarıstan və digər Avropa ölkələrində 10 milyona yaxın adam Çernobıl faciəsi nəticəsində şüalanmanın təsirinə məruz qalıb.

Təsadüfi deyil ki, qəzadan sonrakı bir neçə ildə Avropa ölkələrində xərçəng, ağ qan, qan azlığı və digər xəstəliklərin sayı xeyli artdı və həmin xəstəliklərdən ölənlərin sayı milyonlarladır. Avropa ölkələrindəki şüalanmaya məruz qalan insanların övladları indinin özündə də bu xəstəliklərdən əziyyət çəkirlər. Onu da deyək ki, radiasiyanın təsiri İngiltərə və İsveçdə belə hiss edilib. Külək Çernobıl ətrafında şüalanmaya məruz qalan tozları İngiltərə və İsveçə də aparıb və toz orada əkin və otlaq sahələrinə çöküb. Ona görə də həmin ölkələrin alimləri şüalanmaya daha çox məruz qalan əkin və bəzi otlaq sahələrinə adamların və heyvanların daxil olmasını qadağan edib və həmin sahələr xüsusi nəzarətə götürülüb.

Qeyd edək ki, hazırda Çernobıl ətrafındakı 30 kilometr məsafə ölü zona hesab edilir və orada insanların yaşaması qəti qadağandır. Bir sözlə, Çernobıl qəzası bəşəriyyətin analoji texnogen fəlakətlər nəticəsində hər an məhv ola biləcəyini bir daha sübut etdi. Xatırladaq ki, hazırda dünyada onlarla Atom Elektrik Stansiyası var. Nüvə enerjisi üzrə ekspertlərin fikrincə, onların az hissəsinin müharibə nəticəsində məhv edilməsi və ya hansısa səbəbdən nəzarətdən çıxması bir andaca müasir sivilizasiyanın məhvinə aparıb çıxaracaq.

Hazırda ABŞ-da 109, dünyada isə 400-dən çox AES var. 50 ildir ki, onlardan istifadə edirlər. Ancaq bu günədək Çernobıl istisna olmaqla, onların heç birində belə böyük qəza baş vermədi. Çernobıl köhnə texnologiyadan istifadə edilməsinin və ona xidmət edən texniki işçilərin işlərinə biganə yanaşmalarının qurbanı oldu.

Qəzanın aradan qaldırılmasına SSRİ-nin hər yerindən on minlərlə «könüllü» cəlb edilmişdi və onlara bu işin təhlükəli olmadığı barədə dönə-dönə izahat verirdilər. Bu da o dövrdə SSRİ-nin hər işdə səmimi olduğuna inanaraq, qəzanın aradan qaldırılmasında iştirak edən yüzlərlə adamın ilk günlərdən güclü şüalanmaya məruz qalmasına yol açdı. Amma düşünülmüş şəkildə şüalanmanın gücü aşağı göstərilir və onun insan həyatı üçün bir o qədər də təhlükəli olmadığı vurğulanırdı. Bunun üçün şüalanma zonasında hamilə qalan qadın ətrafında bir mif yaradılmış və şüalanmanın qadına və uşağına heç bir təsiri olmadığı barədə əhali arasında güclü təbliğat da aparılmışdı. Amma uşaq, həqiqətən də, anadan olanda yarı ölü vəziyyətdə idi və nə ana, nə də uşaq uzun müddət yaşadı… SSRİ-də isə bu faktın üstündən sükutla keçdilər və bu qadın barədə bir daha danışmadılar. SSRİ hökuməti Çernobıl qəzasına səbəb olan və təsadüf nəticəsində bu bəladan canlarını xilas edə bilən texniki heyətin əksər üzvlərini uzunmüddətli həbs cəzasına məhkum etdi. Lakin onların çoxu güclü şüalanmaya məruz qaldığından bir neçə aylıq həbs həyatından sonra dünyalarını dəyişdi.

Qeyd edək ki, partlayış nəticəsində dördüncü blokun reaktoru tamamilə dağılıb. Qəzadan sonra atmosferə 190 ton radioaktiv maddə yayılıb. Ekspertlərin məlumatlarına əsasən radioaktiv tullantıların ümumi miqdarı 50 milyon Küri təşkil edib ki, bu da 1945-ci ildə Xirosimaya atılan atom bombasından 500 dəfə güclüdür.

Çernobıl qəzası zamanı Sovet İttifaqına rəhbərlik edən Mixail Qorbaçov dəhşətli qəzanın nəticələrini dünyadan gizlətməyə, faciənin miqyasını azaltmağa çox çalışdı. O zaman əsasən gənclərdən ibarət yeddi min nəfərdən çox Azərbaycan vətəndaşı həyatını riskə qoyaraq Çernobıla yollanmışdı. İnsanları qəzanın fəsadları barədə məlumatlandırmamış, bunu yanğın hadisəsi kimi qələmə vermişdilər. Heç bir hazırlıq keçməyən, radioaktiv şüalanma, radiasiya — gigiyena haqqında adi təsəvvürü olmayan neçə Azərbaycan türkü elə orada həyatla vidalaşmış, qalanları isə vətənə ömürlük əlil kimi qayıtmış, sonra ağır xəstəliklərə tutulmuşdular. Onlardan iki min nəfərdən çoxu artıq dünyasını dəyişib.

«GreenpeaceV» təşkilatının məlumatına görə, təkcə 1994-2000-ci ildə Çernobıl qəzasının təsiri nəticəsində şüalanmadan 200 mindən çox adam ölüb. Ukraynanın baş naziri Nikolay Azarovun bildirdiyinə görə, Çernobıl AES-də baş verən partlayış Ukrayna, Rusiya və Belarusun 145 min kv. km ərazisinin radionuklidlərlə çirklənməsinə səbəb olub. Ukraynada 2,2 mln. nəfər qəzadan zərər çəkib ki, onların da 255 min nəfəri qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edib.

Hadisə zamanı 7000-ə yaxın insan həlak oldu, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90%-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır.

O gün və bu gün qorxunc şəhər olan Pripyat, 900 il daha belə qalacaq. Elm adamları, Çernobildən sızan ən zərərli radioaktiv şüaların yox olması üçün ən azı 900 il keçməsi lazım olduğunu söyləyir. Bütün radioaktiv maddələrin yox olması üçün isə, 48 min il vaxt lazımdır.

Pripyatlılar isə yeni bir yerdə, çətin də olsa həyata yenidən başladılar. Təbii ki, aralarından bir çoxu radoaktiv təsirdən xilas ola bilmədi. «Greenpeace» beynəlxalq ekologiya təşkilatı qazanın təsiri nəticəsində ölənlərin sayının 100 mindən çox olduğunu deyir.

Çernobıl qəzası keçmiş sovet məkanında ictimai fikri dəyişdi. Totalitar dövlət iqtisadi mənfəəti xalqın sağlamlığından, ekologiyadan həmişə öndə tutur. Çernobıldan sonra yaşıllar hərəkatları keçmiş SSRİ məkanında sürətlə güclənməyə başladı, artıq bunun qabağını almaq mümkün deyildi.

«Greenpeace» təşkilatının Rusiya bölməsinin nüvə eksperti Vladimir Çuprov: «Çernobıl fəlakəti insanların sayıqlığını və ətraf mühitə, texniki tərəqqiyə münasibətini dəyişdi. İnsanlar başa düşdülər ki, texniki tərəqqi təhlükə də gətirə bilər. Atom enerjisi ilə çox ehtiyatlı davranmaq lazımdır».

Çernobıl Belarusda hətta siyasi dəyişikliyə də səbəb oldu. Londonun Kinqston Universitetində radiologiya üzrə ekspert Alan Flovers qəzanın nəticələrini geniş şəkildə öyrənənlərdən biridir. O, sual edir: Belarusun müstəqillik hərəkatına kim rəhbərlik edirdi və 1991-1994-cü illərdə müstəqil Belarusun lideri kim oldu? Və cavab verir… Stanislav Şuşkeviç: «Şuşkeviç o cümlədən ona görə məşhurlaşdı ki, o, peşəcə fizik idi. Şuşkeviç Çernobıl qəzası ilə bağlı informasiyanın camaata tam verilməsinə çalışırdı».

 

 

Ülviyyə Tahirqızı

 

Xalq Cəbhəsi.- 2013.- 26 aprel.- S.15.