«Akademiyada islahatlar mütləq olmalıdır»
Akif Əlizadə:
«Akademiyada seçkilər prezident
seçkilərindən sonra keçiriləcək»
«Azərbaycan Milli Elmlər Akademiyası hazırda dünyaya uşaq gətirməyə hazırlaşan anaya bənzəyir. Akademiyada islahatlar mütləq olmalıdır. İslahatlar olmasa, Akademiya geriləyə bilər. İslahatların aparılması artıq zərurətdir». Bunu APA-ya müsahibəsində AMEA prezidenti Akif Əlizadə deyib.
Onun sözlərinə görə, islahatlar müxtəlif səviyyələrdə və formalarda aparılacaq: «Akademiya institutlarının son 10 ildəki fəaliyyətinin qiymətləndirilməsi aparılacaq. Artıq bununla bağlı tapşırıq verilib. Qiymətləndirmə nəticəsində institutların reytinqi müəyyən olunacaq. Bunu tələsik eləmək, səhvə yol vermək olmaz. Qiymətləndirmə zamanı elmi nailiyyətlər, kadr hazırlığı, indeksli jurnallarda çap olunan məqalələrin sayı nəzərə alınacaq. İndiyədək bu istiqamətdə addımlar atılmayıb. Ona görə də həyata keçiriləcək işlər düşünülmüş olmalıdır».
«Ölkə prezidenti ilə görüşüm olarsa, alimlərin mənzil təminatı ilə bağlı problemi qaldıracağam». Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib. Onun sözlərinə görə, gənclərin əksəriyyəti Akademiyadakı məvacibə baxaraq elmə gəlmir: «Amma elə gənclər də var ki, qəlbi ilə elmə bağlıdır və heç bir çətinliyə baxmır. Biz gərək həmin gənclərin yaşayış şəraitini yaxşılaşdıraq».
A.Əlizadə qeyd edib ki, əvvəllər Sovet dövründə belə bir təcrübə olub: «Hətta AMEA prezidentinin öz mənzil fondu olurdu. Həmin fonddan istedadlı gənclərə ev verilirdi. Əgər AMEA prezidentinin öz fondu olarsa və o, həmin fonddan gənc alimlərə mənzil ayıra bilərsə, bu, gənclər üçün böyük stimul olardı».
«Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) boş qalan həqiqi və müxbir üzv yerlərinə seçkilər prezident seçkilərindən sonra keçiriləcək». AMEA prezidenti Akif Əlizadənin sözlərinə görə, AMEA-da seçkilərin dəqiq tarixi hələlik qeyri-müəyyəndir: «Hazırda bütün qüvvəmizi səfərbər edib, ölkə prezidentini seçməliyik. Bu istiqamətdə elmi idarələrimizin bütün potensialını toplayıb İlham Əliyevin namizədliyini irəli sürəcək və dəstəkləyəcəyik. Ondan sonra AMEA-da seçkilər məsələsinə qayıda bilərik. Mənə elə gəlir ki, indi AMEA-nın yeni üzvlərinin seçilməsinin zamanı deyil, bu məsələ təxirə salına bilər».
Qeyd edək ki, AMEA üzvlüyünə seçkilər sonuncu dəfə 2007-ci ildə keçirilib. Akademiyanın boş qalan həqiqi və müxbir üzv yerlərinə seçkilər üçün elan ötən ilin fevralında verilib. AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərlə əlaqədar ümumilikdə 255 nəfər sənəd verib. Elana əsasən seçki 10-u həqiqi, 30-u müxbir üzv olmaqla 40 vakant yer üzrə elan olunub. AMEA-nın akademikliyinə 34 nəfər, müxbir üzvlüyə isə 221 nəfər sənəd verib.
«Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Rəyasət Heyətinin indiki strukturu bu gün üçün
yararlı deyil. Bu strukturda xeyli sayda şişirtmələrə yol verilib. O strukturun çox hissəsini
ləğv edib, yeni
şöbələr yaradacağıq». AMEA prezidenti
Akif Əlizadənin sözlərinə
görə, artıq bununla bağlı
AMEA-nın akademik-katibi Rasim
Əliquliyevə tapşırıq verilib:
«Yeni yaradılan şöbələrə
aktiv alimlər cəlb ediləcək. Rəyasət Heyətindən
sonra AMEA-nın institutlarında da ixtisarlar ola
bilər».
Akif Əlizadə Misir Mərdanovun Mexanika və Riyaziyyat İnstitutunun direktoru təyin ediləcəyi barədə məlumatlara
da münasibət bildirib: «Sabiq təhsil naziri Misir Mərdanovun AMEA-nın Mexanika və Riyaziyyat İnstitutunun direktoru təyin edilməsi haqqında rəsmi təklif yoxdur». A.Əlizadə bildirib ki, belə bir
söhbəti o da eşidib: «Amma bu məsələni dövlət, ölkə prezidenti həll edir. Bu gün bununla bağlı dəqiq söz demək mümkün deyil. Misir Mərdanovun
Mexanika və Riyaziyyat İnstitutuna direktor təyin ediləcəyi haqqında
rəsmi təklif yoxdur».
Qeyd edək ki, M. Mərdanovun AMEA Mexanika və Riyaziyyat İnstitutuna direktor təyin ediləcəyi barədə bir neçə gün əvvəl sosial şəbəkələrdə məlumat yayılıb. Mexanika və Riyaziyyat İnstitutunun direktoru Akif Hacıyev AMEA-nın aprelin 24-də keçirilən
illik ümumi iclasında qurumun vitse-prezidenti və Akademiyanın Mexanika-Riyaziyyat
və Texnika Elmləri Bölməsinin
akademik-katibi təyin olunub. Hazırda onun institutdakı direktor yeri
boşdur.
Xalq Cəbhəsi.- 2013.- 27 aprel.-
S.15.