Şəki üsyanından 83 il
ötdü
1920-ci ildən sonra
bir il ərzində 50 min nəfər sayseçmə
soydaşımız güllələnib
93 il qabaq Azərbaycan Xalq
Cümhuriyyətinin faciəli çöküşündən
sonra — 1920-ci ilin aprelindən başlayaraq illər ərzində
xalqımıza qarşı terrorun ən müxtəlif
növləri sınaqdan çıxarıldı. 1921-ci il
mayın 6-da Azərbaycan SSR-in birinci sovetlər
qurultayının çağırılması ilə
Şimali Azərbaycanın sovetləşdirilməsi
başa çatdırıldı. Mayın 19-da Azərbaycan SSR-in birinci Konstitusiyası qəbul
olundu, siyasi partiyalar qadağan olundu. Bir il ərzində
Azərbaycanda faktiki kommunist diktaturası yaradıldı. Xalqımızın sərvəti davamlı şəkildə
Moskva tərəfindən talan olunmağa başlanıldı.
Bütün təbii sərvətlərimiz
«milliləşmə» adı altında dövlət mülkiyyəti
hesab olundu. Hələ 1920-ci il
martın 17-də «Bakını almaq bizə olduqca və
olduqca zəruridir» deyən Lenin istəyinin mənası tam
aydın oldu. Rusiya itirdiyi Bakı neftinə yenidən
sahib oldu.
1920-ci ildən
sonra təxminən bir il ərzində
xalqın 50 min nəfərə yaxın sayseçmə
övladının güllələndiyi faktlarla sübut
edilib. Bu barədə materiallarda qeyd edilir ki,
güllələnənlərin əmlakı müsadirə
edilir, bütün əhali, o cümlədən yoxsullar qarət
edilir, camaatın hətta nəsillərdən yadigar
qalmış zinət şeyləri və qiymətli əşyaları
zorla əlindən alınırdı. Soydaşlarımızın
boşaldılmış mənzillərinə ermənilər,
ruslar və qeyri millətlərin nümayəndələri
köçürülürdü. Yerlərdə yoxsul
komitələri yaradılırdı: bu komitələr
bolşeviklərin dayağına çevrilməli, kənddə
qarşıdurmanı dərinləşdirməli, Azərbaycan
kəndinin «əksinqilabçılardan» təmizlənməsində
hakim rejimə yaxından köməklik göstərməli
idi. Az sonra inqilab komitələri və
yoxsul komitələri sovetlərlə əvəz olundu. Bu zaman ölkənin müxtəlif yerlərində
bolşevizm əleyhinə üsyanlar qalxdı. 1920-ci il mayın 25-26-da Gəncədə silahlı
üsyan oldu. Azərbaycan Xalq Cümhuriyyətinin
keçmiş Milli Ordu bölmələrinin iştirakıyla
Gəncə üsyançıları Qırmızı Ordu
hissələrini ağır məğlubiyyətə
uğratdılar. Gəncə və ətrafda
yaşayan ermənilər işğalçılara
qoşuldular. Mayın 31-də Gəncə
yenidən Sovetlərin nəzarətinə keçdi. Şəhərdə dəhşətli
soyqırım və qarətlər oldu. İyunun
əvvəlində Qarabağda bolşevik qüvvələrinə
ciddi müqavimət oldu. Ermənilər
burada da işğalçılara kömək göstərdilər.
İyunun 6-da Zaqatala əhalisi də
işğalçılara qarşı savaşa
başladı, üsyançılar Zaqatala qalasını ələ
keçirdilər. Qax ələ
keçirildi. Bölgə ayağa
qalxdı, bölgəyə yeridilən Qırmızı Ordu
hissələri məğlubiyyətə uğradıldı.
Ancaq bolşevik qüvvələri iyunun 18-də
Zaqatalanı nəzarət altına almağa müvəffəq
oldular.
Bu hadisələrdən sonra Şəmkir, Quba, Dəvəçi,
Qusar, Lənkəran, Astara, Kürdüstan, Cavanşir,
Qutqaşın (indiki Qəbələ), Xaçmaz,
Naxçıvan, Ordubad, Şərur və başqa yerlərdə
işğalçılara güclü müqavimət göstərildi. 1920-ci il
avqustun 10-da Azərbaycanın iştirakı və
razılığı olmadan əzəli Azərbaycan ərazisi
Şərur-Dərələyəz Ermənistana verildi. Bundan sonra Qırmızı Ordunun köməyilə
ermənilər Zəngəzuru işğal etdilər. Cənub-qərbi Zəngəzur (Mehri) Ermənistana
qatıldı, nəticədə Haxçıvanla əlaqə
kəsildi.
1930-cu ildə baş vermiş Şəki üsyanı
Azərbaycanda sovet hakimiyyətinə qarşı ən
yaddaqalan üsyan hesab olunur. Hətta üsyan
Moskvanı da ciddi narahat etmişdi. Qax
üsyançılarının başçısı Sadiq bəy
Balacayev həbs olunduqdan sonra 1930-cu il
aprelin 27-də verdiyi ifadədə dediklərindən:
«Üsyan başlanmazdan əvvəl (aprelin ilk günlərində)
səhər tezdən mənim evimə Qax-Muğal kəndinin
sakini Xəlil Musa oğlu Eminov gəldi və bildirdi ki, məni
onun evində olan Molla Mustafa Şeyxzadə
çağırır. O, mənə dedi ki, heç kimin
görməməsi üçün bağların içi ilə
gedim və bu barədə heç kimə heç nə deməyim.
Mən Xəlilin tapşırdığı
kimi etdim və tezliklə onun evində oldum. Məni Xəlil özü qarşıladı.
Mustafa və başqaları oturan otağa deyil, heç kim olmayan otağa apardı. Molla
Mustafa ilə otaqda kimin olduğunu bilmirdim. Lakin səsindən öz həmkəndlim
Şabanı (Mahal İH-nin başçısı
Ağamirovun kürəkəni) tanıdım. Bundan başqa Şabanın orada olmasını Xəlil
özü də təsdiq etdi, lakin orada olan başqa adamlar
haqqında heç nə demədi. Xəlil
Molla Mustafanı mən olan otağa gətirdi. Bizi tək qoyub çıxıb getdi. Molla Mustafa ilə mən çoxdan tanışam.
O, hələ ticarətlə məşğul olarkən onun
Baş Şabalıddakı evində olmuşam. Onu deyə bilərəm ki, Molla Mustafa mənə
yaxşı tanışdır. Molla
Mustafaya sual verəndə ki, bu cür məxfilik nəyə
lazımdır, o bildirdi ki, qeyri-leqal vəziyyətdədir, həbs
olunmağından qorxduğu üçün gizlənir.
Molla Mustafa maraqlandı ki, məni incidən və
ya sıxışdıran varmı, hazırkı qayda-qanunla
razıyammı? Cavab verdim ki, məni heç kim nə incidir, nə də
sıxışdırır və hökumətə
qarşı heç bir narazılığım yoxdur. Bu zaman Molla Mustafa başladı danışmağa,
Sovet hakimiyyətinin devrilməsinin zəruri olduğunu
bildirdi. Mən onun təklifindən boyun
qaçırdım, lakin o, mənim bu işə
qoşulmağıma təkid etdi və təklif etdi ki,
silahlı dəstə yığım. Mən buna
razı olmadım, lakin Molla Mustafa məni hədələdi
ki, razı olmasam, son anda mənim üçün pis ola bilər. Axırda Molla Mustafa mənə
aşağıdakıları dedi: «Bu haqda heç kim qətiyyən bilməməlidir,
özün hazır olmalısan və silah tədarükü
də görməlisən, mən isə kimə paylamaq
lazım olduğunu sənə deyəcəyəm. Əgər mənə qulaq asmasan, sonra çox
heyfsilənəcəksən. Mən bunlara baxmayaraq,
razılıq vermədim…»
Araşdırmaçı, filologiya elmləri doktoru Ramil
Manafoğlu bildirir ki, 1990-cı ildə respublika qəzetlərinin
birində xalq şairi Bəxtiyar Vahabzadənin Şəki
qiyamı ilə bağlı gördüyü gülləbaran
haqqında bir yazısı getmişdi. Müəllif
həmin hadisələrin şahidi olduğunu qeyd edirdi.
O, qalanın içərisində güllələnən azərbaycanlıları
gördüyünü, qətli yerinə yetirənlərin
sir-sifətindəki vəhşiliyi, xüsusən onların
arasında olan gənc erməninin daha çox canfəşanlıq
etdiyini unuda bilmədiyini yazırdı. Əbdürrəhman
Abdullayev də partiya işçisi kimi 1934-cü ildə
Şəkinin Bideyiz kəndində partkom olan Əbdülcabbarın
evində olarkən divardan Qavril Hambarsumoviç Şabanyan
adlı bir erməninin şəklinin
asıldığını görür: «Bəxtiyar Vahabzadə
yazırdı ki, illər keçdi. Yolum 1972-ci
ildə Baş Göynük kəndindəki Nizami muzeyinə
düşdü. Orada təsərrüfat
müdiri işləyən bir nəfər qoca diqqətimi yaman
cəlb etdi. Mən onu harada
gördüyümü xatırlamağa
çalışdım. Evə gəldim,
bütün gecəni fikirləşdim ki, onu haradan
tanıyıram. O erməninin qəzəb dolu
baxışları gözlərimin qarşısına gəldi.
Mən səhər kənd muzeyinə getdim.
Onu tapdım. Soruşdum ki, sən həmin
adam deyilsənmi? O, kəkələyə-kəkələyə
danmağa çalışdı. Dedi mən deyiləm. Mən ona sübut etməyə
çalışdım. Səhər yenə
muzeyə gələndə onu görmədim. Soruşdum, dedilər ki, ürəyi partlayıb
ölüb».
Yenə
B.Vahabzadənin xatirələrindən: «…Qaçaq Abbasın
meyitini dağdan düşürdükləri indi də
gözümün qabağındadır. Meyiti
şəlin üstünə qoyub dağ aşağı
sürüyürdülər. Eybəcər
şəklə salınmış meyiti milis idarəsinin
qarşısında şəlin üstündə
uzatmışdılar. Bütün şəhər
meyitin yanından keçməli idi. Bununla
rəsmi dairələr adamları qorxudub demək istəyirdi
ki, hökumətdən narazı adamların aqibəti belə
olacaq».
«Şənbə
gecəsinə gedən yol» kitabından: «Üsyan
yatırıldı, üsyançıların bir hissəsi həbs
edilib dərhal güllələndi, bir hissəsi isə
dağlara çəkilib qaçaq oldular. Bizim
evimiz şəhərin «Yuxarı baş» məhəlləsində,
dağın döşündə, meşənin içində
yerləşdiyindən qaçaqlar gecələr
qapımızı döyür, bizə və yaxud
qonşularımıza pənah gətirirdilər. Səhər açılana qədər
xurcunlarını ərzaqla doldurub yenidən dağlara,
meşələrə çəkilirdilər. Qaçaqlara yardım edən düşmən elan
edilib dərhal cəzalandırılırdı. O zaman
Şəkidə milis rəisi Zahidov adında bir qaniçən
idi. Onun hər şeyə səlahiyyəti
çatırdı. Qaçağa
çörək verdiyinə görə Zahidov neçə-neçə
kəndlini məhkəməsiz, sübutsuz güllələmişdi.
Onlardan ikisi atamın yaxın dostları idi.
Qaçağa yardım göstərmək
üstündə güllələnənlərdən biri də
şəhərin ən hörmətli ağsaqqallarından
Hacı Yusif Əfəndi idi. Atam onun haqqında
danışırdı ki, üzünə güllələnmə
oxuyanda o, üzünü Zahidova tutmuşdu: «Bir xahişim var,
məni sinəmdən vurun. Dediyi kimi eləyirlər…».
Ramil Əliyev
o zaman üsyanda iştirak edən babasının aqibəti
haqqında eşitdiklərini qələmə alıb: «Burada
mənim üçün kədərli olan bir faktın
üstündə dayanmaq istəyirəm. Babam
Mustafa ağanı və kamera yoldaşlarını o zaman gecə
saat 3-də güllələyiblər, qəzet müəllifi
isə bu hadisəni gündüz görüb.
Əgər hər dəfə 50 nəfər güllələyiblərsə,
məlum olur, Şəki qiyamı ilə əlaqədar o
günlərdə nə qədər insanı məhv ediblər.
Deyildiyi kimi, Mustafa ağanı gecə saat 3-də
güllələyir, paltarlarını görüşə gələn
həyat yoldaşı Sənubərə verirlər. Bu anda Sənubərin
keçirdiyi hissləri yaşamaq çətindir.
Dünənəcən sağ gördüyün adamın
yoxluğuna necə dözəsən? Mustafa
ağanın ölümündən bir həftə sonra 4 at
qoşulmuş 4 araba kəndə gəldi. Gələnlər evi yandırmaq üçün əllərində
əmr olduğunu dedilər. Kəndin
bütün camaatı yığılmışdı. Mustafa ağanın dostları evi yandırmasınlar
deyə, diz çöküb gələn əsgərlərə
yalvarırdılar ki, 9 uşağı yurdsuz-yuvasız
qoymasınlar. Əsgərlər rus və
ermənilər idi. Onlar özləri ilə gətirdikləri
neftlə dolu çəlləyi və kibriti yana
qoyub evdə olan müxəlləfatı və
yorğan-döşəyi 4 arabaya yüklədilər və
apardılar. Evdə su içməyə bir stəkan
belə qalmadı. Əsgərlərin gətirdikləri
neft çəlləyi və kibrit qara günlərin
yadigarı kimi çardaqda hələ də qalır. Hacı Nəbi oğlu Mustafa ağanın külfətinə
dostları həyan olur, kimi döşək, yorğan, kimisi
pal-paltar və s. verir. Mustafa ağanın
güllələnməsindən sonra ailəsinin qara günləri
başladı. Ailə üzvləri Məmmədin
sağ qalması ilə təskinlik tapırdılar. On nəfərlik ailə çətin vəziyyətlə
üz-üzə idi. Heç kim
işləmirdi. Nənəm Sənubər və
4 qızı məcbur olub kolxozda tütündə işləməyə
başladılar. Mustafa ağa vaxtilə həyat
yoldaşına Fazil kəndində yaşayan birindən
«Zinger» tikiş maşını almışdı. Bu maşın bütün ailənin çörək
ağacı olmuşdu. Sənubər bu
maşınla 4 kəndin pal-paltarını, pərdəsini,
yorğan-döşək üzlərini tikirdi. Gündüzlər kolxozda işləyər, gecələr
paltar tikərdi. Gecəni çıraq
yanar, qaçaq-quldurun diqqətini cəlb edərdi. Qaçaqlar gündüz meşədə yatar, gecələr
azuqə yığmaq üçün kəndə girərdilər.
Təkcə Hacı Nəbi oğlunun
çırağına yaxın gəlməzdilər. Səhərə
qədər yanan lampa işığı onları
maraqlandırmışdı: bu evin işığı niyə
sönmür? Gecə gəlib qapını
döymüş və demişdilər ki, qorxmayın, biz sadəcə
soruşmaq istəyirik, bu işıq niyə sönmür?
Nənəm dinməmişdi, «Zinger»
maşınını göstərmişdi. Qaçaqlar bir söz demədən çölə
çıxıb bir də qayıdırlar, «Zinger»in
üstünə bir dərzi qayçısı qoyub deyirlər
ki, halal olsun Mustafa kişinin çörəyi. Bu dövrün hadisələri atamın — Əliyev
Manafın da xatirində yaxşı qalmışdı. Atam söyləyirdi ki, faytonla şəhərdən
kəndə qayıdırdım. Bideyiz
yolunun girəcəyində qaçaqlar faytonun
qabağını kəsdilər. Qaçaqlardan
biri məni tanımışdı. Demişdi
ki, Mustafa ağanın evində qalır, müəllimdir.
Atama mane olmayıb hörmətlə yola
salmışdılar. Bu, Mustafa ağaya
olan hörmət idi».
Uğur
Xalq Cəbhəsi.-
2013.- 30 aprel.- S.14.