Diaspor məsələsində fərqli siyasət yürüdülməlidir“

 

Vüqar Abbasov: "Bir çox dövlətlər öz gördükləri, yaxud görmək istədikləri işləri erməni diasporunun adı ilə bağlayırlar"

 

Niderland və Beynəlxalq Jurnalistlər Birliyinin üzvü, politoloq Vüqar Abbasovun "BayMedia"-ya müsahibəsi

 

-Diaspor bizlər üçün yeni anlayışdır. Bilirisiz, "Azərbaycan diasporu" deyəndə Azərbaycandan xaricdə yaşayan soydaşlarımızı nəzərdə tuturuq. Bir də var diaspor fəaliyyəti ilə məşğul olan təşkilatlar və ayrı-ayrı adamlar. Hamının bizim anladığımız mənada diaspor fəaliyyəti göstərməsi mümkün deyil və əslində buna ehtiyac da yoxdur. Diaspor fəaliyyətilə lobbiçilik fəaliyyətini bir-birindən fərqləndirmək lazımdır ki, bəzən bunları da qatışdırırıq. Diaspor işlərinə məsul olan komitəmizin olmasına baxmayaraq hələ də bu sahədə tam formalaşmamışıq. Diaspor təşkilatları çox vaxt bir-birindən əlaqəli olmadan, pərakəndə fəaliyyət göstərirlər. Bir çox halda isə bu təşkilatlarda bir-birinə etibar belə olmur. Ümumiyyətlə düşünürəm ki, xaricdə yaşayan insanlarımız arasında qarşılıqlı inam olmalıdır. Bundan başqa, insanlarımız şəxsi münasibətləri siyasi baxışlarına görə qurmamalıdırlar. Bu, təkcə xaricdə yox, həm Azərbaycanın daxilində belə olmalıdır. Təəssüf ki, bu gün dediyimin əksi müşahidə olunmaqdadır. Təbii ki, sözlərim hər kəsə aid deyil. Şəxsən öz adımdan deyirəm ki, mənim şəxsi münasibətdə olduğum insanların siyasi baxışları məndə heç bir kopleks yaratmır.

- Konkret olaraq yaşadığınız ölkədə - Niderlandda Azərbaycan diasporunun fəaliyyətini necə dəyərləndirirsiniz?

- Yuxarıda saydığım bütün faktlar Niderland üçün keçərlidir. Demək olar ki, dünyanın əksər ölkələrində görüntü eynidir. Öncə onu qeyd edim ki, bəzən Azərbaycanda yaşayanların əksəriyyəti bizlərdən, xaricdə yaşayanlardan çox şeylər gözləyirlər. Ancaq nəzərə alın ki, bizlər xarici ölkələrdə yenicə görünməyə başlamışıq. Bir çoxlarımızın hələ yaşadığımız ölkənin vətəndaşlığı belə yoxdur. Bizim vətəndaşlığımız olsa, seçib-seçilmək hüququmuz olar ki, bu da yerli siyasətçilərə az da olsa təsir etmək imkanımız deməkdir. Çox istərdim ki, məsələn, ən azından burdakı seçkilərdə eyni mövqedən çıxış edə bilək, tam olmasa da çoxumuz bunu reallaşdıraq. Düşünürəm ki, aidiyyatı komitə diaspor məsələsində bir qədər fərqli siyasət yürütməlidir. Komitənin dediklərinə fərqli yanaşan təşkilatlara alternativ qurumlar yaratmaq lazım deyil. Mən bunu Belçikada müşahidə etməkdəyəm ki, bu barədə araşdırma aparıram. Çox yaxın vaxtlarda bu mövzuda fikirlərimi yazacağam.

- Orada erməni diasporunun prinsipləri bizimkilərdən ilə fərqlənir?

- Niderlandda erməni diasporunun prinsipləri dünyadakından fərqlənmir: lazım gələndə ağlayıb-sızlayır, lazım gələndə şantaj edir bu kimi istənilən addımı atmaqdan çəkinmirlər. Nəyin vaxt lazım olduğunu isə onlara deyənlər var. Biz o qədər erməni diasporundan danışırıq ki, özümüzü belə onlarla qoxuduruq. Bizləri ittiham edəndə hər zaman erməni diasporunu misal gətirirlər olur. Nəzərə alın ki, dünya dövlətlərinin erməni diasporunun güclü görsənməsində maraqları var. Bunu heç vaxt unutmayaq. Yoxsa bir ovuc erməni bütün dünyanı əlinəmi aldı? Təsəvvür edin ki, yalnız Avropada 50 milyona yaxın (bəzi mənbələrdə bundan az göstərilib-V.A) türk kökənli insan yaşayır. Bu isə ermənilərin sayından qat-qat çoxdur. Bu qədər türkün ermənilərin əlində aciz qalması təbii ki gülünc olardı. Deməli, burda başqa məqamlar var ki, bu məqamlardan biri dünya dövlətlərinin əksəriyyətinin erməni diasporunun onlara lazım olduğu qədər güclü olmasında olan maraqlarıdır. Demək istəyirəm ki, bir çox dövlətlər öz gördükləri, yaxud görmək istədikləri işləri erməni diasporunun adı ilə bağlayırlar. Ümid edirəm ki, bir neçə ildən sonra bizim diasporumuz dünyanın ən güclü diasporlarından biri olacaq. Mən inanıram ki, tədricən xaricdə yaşayan insanlarımız lazımı anlarda bir yerdə olmağı bacaracaqlar. Ölkəmizin daxili məsələləri ilə bağlı müxtəlif düşüncədə ola bilərik, yaxud da eyni düşüncədə olub, müxtəlif mübarizə üsullarımız ola bilər. Bütün bunlar bizi bir-birimizlə düşmən etməli deyil. Biz eyni millətik. Mən tam səmimiyyətimlə deyirəm ki, kimsəni özümə düşmən, rəqib görmürəm. Təbii ki, hamımız bir-birimizlə dost olmağımız mümkün deyil. İnanıram ki, zaman keçdikcə bizlər daha yaxın olacağıq.

- Amma maraqlıdır ki, ermənilər dünya mətbuatı ilə bizdən daha yaxşı əməkdaşlıq edirlər?

- Bir daha deyirəm ki, erməni diasporuna yardım edənlər onlara vaxt nəyin etməli olduğu təlimatını da verirlər. Bura həm mətbuatla daxildir. Bizdən fərqli olaraq ermənilərin konkret planları var bu istiqamətdə fəaliyyət göstərirlər. Bir neçə müddət öncə efirdə onların xeyrinə bir televiziya proqramı da verildi. Ancaq açığı mən Niderland mətbuatında ermənilərlə bağlı siz deyən qədər çox yazıya rast gəlmirəm. Ermənilər əsasən özlərini, həmişə olduğu kimi, yazıq formasında təqdim edirlər. Mən şəxsən görüşdüyüm siyasətçilərdən bu barədə çox eşitmişəm. Niderland hökumətinin saytında Azərbaycan-Niderland, Ermənistan-Niderland münasibətlərinə baxsanız, bunun bir daha şahidi olarsız. Orda Azərbaycan iqtisadiyyatının inkişaf etdiyi, Ermənistanın isə olduqca kasıb olduğu qeyd olunub. Əslində bu reallıqda da belədir. Ermənilər isə bundan istifadə edərək dünyadan yardım yığırlar. Bu həmişə belə olub belə davam edəcək.

- Qondarma erməni soyqırımı məsələsinə Niderlandda münasibət necədir?

- Bilirsiz ki, Niderland parlamenti həmən hadisələri soyqırım kimi tanıyıb. Mən müşahidələrimdən bu nəticəyə gəlmişəm ki, hətta Niderland siyasətçilərinin bir çoxu bunu həqiqət kimi bilirlər. Bilirsiz, mən belə düşünürəm ki, Türkiyə bu məsələnin tarixçilər tərəfindən araşdırılmasına nail olmağa çalışmalıdır. Ümid edirəm ki, gerçək araşdırmada həqiqət öz yerini tapacaq. İndilikdə isə dünyanın əksər ölkələri kimi, Niderland da sizə məlum hadisələri soyqırım kimi tanıyır. Ancaq mən həqiqət bildiyim bir şeyi dəfələrlə yazılarımda da yazmışam ki, bu "soyqırım" məsələsi heç vaxt gündəmdən düşməyəcək. Aparıcı dövlətlər bunu əllərində Türkiyəyə qarşı təzyiq kimi istifadə edirlər. Erməni diasporuna da bu məsələnin aradan çıxması sərfəli olmadığı üçün, hər vaxt gündəmdə saxlamağa çalışırlar. Bir neçə il öncə bunu bilməyə bilərdik, indi isə bunun görməmək sadəcə mümkün deyil.

- Daha praqmatik diaspor fəaliyyəti üçün strategiyada dəyişiklik lazımdırmı?

- Nədə isə dəyişiklik etmək üçün ilk növbədə onun olması lazımdır. Bu, həm diaspor fəaliyyətindəki strategiyaya aiddir. Siz öncə mənə strategiyanı göstərin, sonra mən deyim ki, dəyişiklik lazımdırmı? Odur ki, ilk növbədə strategiyanı yaratmalıyıq. Konkret məqsədlər, hədəflər bunlara çatmaq üçün vasitələr müəyyən olunmalıdır. İşin gedişatı zamanı isə şəaraitə uyğun olaraq dəyişikliklər etmək olar. Bayaqdan erməni diasporundan danışırıq. Onların konkret məqsədi var, yaxud başqa sözlə desək, onların qarşısına konkret məsələlər qoyulub. Bizim məqsədimiz nədir hansı vasitələrdən istifadə edərək məqsədə çatacağıq? Bu suala aydınlıq gətrilməlidir. Bizdə əsasən mitinqlərə üstünlük verilir. Mən dəfələrlə yazmışam ki, mitinqlər məqsədə çatmaq üçün vasitələrdən biri ola bilər, məqsəd yox. Məsələn, xaricdə təşkil olunan Novruz bayramı şənlikləri insanlarımızı bir araya toplamağa, mədəniyyətimizi, adət-ənənəmizi saxlamağa xidmət etmək üçün bir vasitədir. Demək ki, məqsəd, dediyim kimi, insanlarımızı bir araya toplamaq, adət-ənənəmizi qorumaqdır. Görürsünüz, məqsəd aydın olduğundan, Novruz şənliklərimiz bir qayda olaraq yüksək səviyyədə keçrilir, mən Niderlanddan danışıram. Digər sahələrdə konkret bir strategiya varsa, istərdim mən bilim ki, bəlkə işin bir qulpundan da biz yapışdıq...

 

 

Əli Zülfüqaroğlu

 

Xalq Cəbhəsi.- 2013.- 30 aprel.- S.8.