Güney Azərbaycanda ədəbiyyat

 

Esmira Şükürova: «Çağdaş dönəmdə şeirin ümumi məzmunu mübarizliyə, döyüşkənliyə köklənir»

200 ildir ki, İranın əsarətində olan Azərbaycanın Güneyində ədəbiyyat sarıdan son illərdə durum necədir? Ədəbiyyatşünas, araşdırmaçı Esmira Şükürova bildirir ki, uzun illərdir Güney Azərbaycanda xalqımızın ədəbiyyat adamları — şair və yazıçıları üzləşdikləri mürəkkəb duruma, müxtəlif yönlərdən göstərilən basqılara, Azərbaycan türkcəsinə qoyulan qadağalara, ana dilində təhsil üzərindəki yasaqlara baxmayaraq var gücü ilə qələmə sarılır, dəyərli əsərlər yaradırlar: «Böyük Vətənimizin Güney parçasında qələm sahiblərinin güclü həyat eşqilə yaratdığı əsərlərlə, dərc olunan kitab («Çalhaçal», «Ağ aşıq», «Günəş», «Talanmış günəş», «Bir səbət qızıl yumurta», Hadi Qaraçayın «Tamudan gələn səslər», Məmməd Rza Təbrizlinin «Qartal balası» və s., «Dayaq» və AYB-nin xəttilə nəşr olunmuş Ramin Cahangirzadənin «Daşlar», Elvar Qulivəndin «Zibil dolunda ziyafət», Rəsul Yunanın «Mən Çin məhəlləsində itmişəm» və «Duel», İsmayıl Ülkərin «Sevda yoldaymış», M.Əzizpurun «Su

pıçıltısı» və «Mənə bir küçə bağışla», Sayman Aruzun «Paltarlarım adamsızdır», Səkinə Purhəsənin «Ayrılıq durağı», Kiyan Xiyavın «Sarı saatlar dənizində», A.Uğurun Olqar «Qərənfil yanğını» kitabları) və dərgilərlə («Varlıq», «Xudafərin», «Yaşmaq», «Güneyin səsi» və s.), «Dayaq.-

org», «Düşərgə», «Sözün sözü», «Öyrənci», «Günaz.TV», «Azadlıq.org» kimi internet səhifələrində, Hadi Qaraçay, Hümmət Şahbazi və Əziz Səlaminin, eləcə də M.Məhəmmədinin özəl saytlarında yer almış yazılarla, şeir və nəsr nümunələrilə tanışlıq bir daha təsdiqləyir ki, Güney Azərbaycanda ədəbi proses dinamik sürətlə davam edir. «Yaşmaq» dərgisinin baş yazarı, şair Səid Muğanlı («Kult.az» saytında və «Ədalət» qəzetindəki müsahibəsində) bu gün ədəbiyyatın inkişafının həm Güneydə, həm də Quzeydə qabarıq, bəzi hallarda isə bütün çılpaqlığı ilə özünü göstərən estetik toqquşmalardan daha çox asılı olduğunu söyləyir. Səid Muğanlının həmin müsahibədə səsləndirdiyi fikirlər hazırda Güney Azərbaycanda gedən ədəbi prosesin qısa bir xülasəsidir. Ədəbiyyatda yaşlı və gənc nəsillər

arasında bir bəyənməzlik, bir-birini qəbul etməmək məsələsinə münasibətini sərgiləyən S.Muğanlı bu tendensiyaya da açıqlama verir və bildirir ki, «Güneydə gənclər yaşlı ədəbi nəsildən Şəhriyar və Səhənddən başqa hamının üstünə gedirlər (yəni tənqid edirlər), ancaq Şəhriyar və Səhəndə bir rəğbət var. Bəzən Şəhriyarın da adını dilinə alanlar olur, o zaman deyirik ki, çox da dərinə getməyin, bizim danışdığımız, yazdığımız bu dilin formalaşması

onun xidmətidir».

İstedadlı şair Məlihə Əzizpurun isə gənc nəslin Şəhriyara münasibətinə, eyni zamanda ustad şairin Güney ədəbiyyatı qarşısındakı misilsiz xidmətləri məsələsinə daha həssas və içdən, həm də qlobal yanaşması düşündürücüdür: «İranda fars dili və ədəbiyyatı qarşısında türkcə uzun illər boyunca susarkən son dönəmdə çağdaş türk ədəbiyyatının ən böyük şairi Şəhriyar yetişdi. Şəhriyar İranda farsca qarşısında yox olmağa üz tutan Türk dilini «Heydər babaya salam» əsəri ilə əbədi olaraq ayağa qaldırıb başını göylərə çatdırdı Göründüyü kimi, bu gün çağdaş Güney Azərbaycan ədəbiyyatında işlədilən, yəni mövcud ədəbi dillə bağlı müxtəlif baxışlar ədəbi mübahisələrin mövzusuna çevrilməkdədir».

Güney Azərbaycanda milli mətbuat məsələsinə gəlincə, bu sahədə soraqlarımız Quzey Azərbaycanla müqayisədə uzunömürlü olmasa da, xalqımız daim öz varlığını sübut etmək üçün mücadiləyə qalxıb. Təsadüfi deyil ki, bu gün Güney Azərbaycanın azadlığı ideyası Quzeyli soydaşlarımız arasında da əvvəlkindən daha fərqli bir anlamda qəbul edilməkdədir. Fərdlərin yetkinliyi artdıqca onların xalq, Vətənlə bağlı düşüncələri daha da yetkinləşir.

Türkiyədən olan tədqiqatçı Bilgehan Gökdağ Güney Azərbaycanda öz dədə-baba torpaqlarında yaşayan Azərbaycan türkləri ilə bağlı araşdırmalarını 6 il qabaq kitab halına gətirdi. O, ötən illərdə Güney Azərbaycan türkləri arasında milli şüurun davamlı şəkildə inkişafında rol oynayan cəhətləri qısaca aşağıdakı kimi sıralayır: 1945-46-cı illərdə qurulan Azərbaycan Demokratik Hökuməti dövründə yaranmış milli şüur, əhval; İranda 1925-ci ildən 1979-cu ilə kimi hökm sürən Pəhləvi rejiminin devrilməsi və İran İslam Respublikasının qurulmasından sonra əldə edilən «nisbi müstəqillik» imkanından yararlanmaq; bu dövrdə türkcə kitab, qəzet və dərgilərin, xüsusilə də «Varlıq» dərgisinin ardıcıl olaraq nəşr olunması; SSRİ-nin süqutu və Quzey Azərbaycanın müstəqilliyə qovuşması; Türkiyə telekanallarının peyk antenaları vasitəsilə İranda seyr edilməsi; tələbə hərəkatlarının başlanması, daha da fəallaşması…

Araşdırmaçı İran İslam inqilabından ta 2000-ci ilin əvvələrinədək İranda çıxan türkdilli dərgi və qəzetlər haqqında da məlumat verir. O, bildirir ki, adları tədqim edilən nəşrlərin bir qismi yenə işıq üzü görür. Beləliklə, sözügedən illərdə İranda çıxan türkdilli dərgilərdən «Araz», «Ayna», «Azərbaycanın səsi», «Baxış», «Barış», «Birlik», «Çağrı», «Dan ulduzu», «Dədə Qorqud», «Görüş», «Günəş», «Heydər baba», «İldırım», «Qopuz», «Koroğlu», «Şəhriyar», «Ulduz», «Varlıq», «Yarpaq», «Yeni yol», «Yurd» və başqalarını qeyd etmək olar. Bu sıradan qəzetlərin də adlarına nəzər yetirmək maraqlıdır: «Araz», «Azadlıq», «Azərbaycan», «Azərbaycan günəşi», «Çənlibel», «Ərk», «Odlar yurdu», «Səttarxan bayrağı», «Şəmsi Təbriz», «Vətən uğrunda» və başqaları bu qəbildəndir.

Hazırda Güney Azərbaycanda yaşayan milyonlarla soydaşlarımızın öz doğma ana dilində bir məktəbi belə yoxdur. Bu gün Güneydə müəyyən çərçivə daxilində ana dilində çıxan çıxan qəzet və dərgilər soydaşlarımızın bu sarıdan da istədiklərini tam əldə etmədiyini göstərir. Əslində güneyli soydaşlarımız ana dilində çıxan nəşrlərlə bağlı nə əldə ediblərsə, yalnız fədakarlıqları bahasına nail olublar.

Bu baxımdan İranda soydaşlarımızın milli kimlik, mənəvi varlıq yönündə tanınan nəşrlərindən biri «Varlıq» dərgisidir. «Varlıq» bu gün təkcə Güney Azərbaycanda deyil, müxtəlif ölkələrdə, eləcə də Quzey Azərbaycanda sorağı eşidilən dərgilərdəndir. Dərginin ilk sayı 1979-cu ildə Tehranda işıq üzü görüb. «Varlıq» dərgisinin qurucusu və baş yazarı həm də cərrah kimi dünyada məşhur olan ədəbiyyatşünas, tədqiqatçı-alim doktor Cavad Heyətdir. Bu müddət ərzində dərgidə Hamit Hitqi, Məhəmmədəli Fərzanə, Q.Beydili, H.Məmmədzadə, A.Hamneyi, Savalan, Məşrutəçi Sönməz, A.Kamali, Məhəmmədtağı Zöhtabi, H.Güneyli və başqalarının zəhməti xüsusi olub. Dərginin yazı işləri müdirliyini Rza Heyət, ondan sonra isə İ.Refref görüb. Yazıların təxminən 20 faizə qədəri farsca dərc edilir. İlk illərdə ayda bir dəfə çıxan dərgi sonralar 2 aydan bir, 3 aydan bir çıxmağa başlayıb. İlk sayında dərgi öz məramını belə ifadə edirdi: «Azərbaycan xalqının milli və mədəni varlığına, dil və ədəbiyyatına, folklor və xalq ədəbiyyatına, iftixar ediləcək keçmişinə, tükənməz bədii və hünərli qüdrətinə yol açmaq və onu yeni tarixi-sosial zamanda daha demokratik və inkişaflı istəklər ətrafında birləşdirmək arzusu ilə bu dərgi meydana çıxıb».

Bilgehan Gökdağ «Varlıq» dərgisi ilə bağlı araşdırmalarında yazır ki, bu dərgi nəşr olunduğu illərdə İranda yaşayan türklərin ədəbi dil üslubu tam şəkildə inkişaf etməmişdi: «İmla və üslubi işarətlərlə bağlı vahid bir qayda yox idi. Bu səbəbdən də mətbuatda Azərbaycan türklərinin dili ilə bağlı problemlər meydana çıxmışdı. Məhz bu dövrdən başlayaraq Güney Azərbaycanın ədəbi dilinə dayanan yazı dilində bir yeniləşmə mərhələsi başlandı. Dərgi ilk dövrlərdən başlayaraq Azərbaycan Türkcəsinin dil-üslub problemini ortadan qaldırdı, ərəb əlifbası ilə sözlərin asan oxunmasına nail oldu». Tədqiqatçının fikrincə, «Varlıq» dərgisi 1979-82-ci illər arasında milli məsələlərlə bağlı daha atəşin və yönəldici yazılara yer verdiyi halda, 1983-1990-cı illərdə daha çox İran-İraq savaşının təsiri altında bir durğunluq mərhələsini yaşadı. Lakin 1991-ci ildən sonra «Varlıq» dərgisi yenə də İranda yaşayan türklərin milli-mənəvi və sosial durumlarının yaxşılaşdırılması yönündə əvvəlki dövrlərdə olduğu kimi fəaliyyətinə davam etməkdədir: «Sevindirici cəhətdir ki, əvvəllər dərgiyə farsca məktub göndərən oxucular sonralar bu məktubları türkcə yazmağa başladılar. Bu mənada illər uzunu Cavad Heyət Azərbaycan türkcəsinin imkanlarının genişlənməsi məqsədilə «Varlıq» dərgisində çox işlər görə bilib. Doktor Cavad Heyət ana dilini «yabanı dil», «məhəlli dili» şəklində təqdim edənlərə cavab olaraq yazdığı yazısında göstərdi ki, Azərbaycan türklərinin bugünkü dili türk dilidir. Azərbaycanda danışılan türk dili sadəcə, burada deyil, İranın fars bölgələrində də yüz minlərlə insanın əsrlər boyunca danışdığı bir dildir. Bu dil 1930-cu illərə qədər Quzey Azərbaycanda «türk dili» adlandırılıb. Doktor Heyət farsca ilə yanaşı türkcənin də işlədilməsini təkid edərək 1990-cı ildə yazırdı: «Biz… ana dilimizdə də oxuyub, yazmaq istəyirik. İrqçilər bizə: «Siz bunu etdiyinizdə pantürkist olursunuz, Azərbaycanı İrandan ayırırsınız» — deyirlər. Əslində onlar… «siz ana dilinizi unudun, farsca yazın və varlığını inkar edin» — deyirlər».

Güney Azərbaycanda güclü idraklanma-maariflənmə işi getməlidir. Bu, çox gərəklidir. Məhz bu səbəbdəndir ki, təkcə ötən yüzildəki inqilablarda verdiyimiz bütün qurbanlara baxmayaraq ciddi irəliləyişlərimiz olmadı. Ancaq əgər millətin içində güclü idrakçılığa əsaslanan iş gedərsə, o zaman o, parçalanmış xalq olaraq tarixi taleyinə yönəlik qayğılara daha ciddi, yetkin baxa biləcək. Güney Azərbaycanda aşıq sənətinin inkişafı hər şeydən əvvəl bir cəhətinə görə diqqətçəkəndir. Burada ana dilimizin imkanları daim açılır, həm də qorunur. Məlumdur ki, Güneydə ana dilimiz çox ciddi basqılara məruz qalıb. Bu, o deməkdir ki, hazırda ana dilimizin hər mənada varlığının qorunmasında saz sənəti misilsiz hünər göstərir.

Güney Azərbaycanda ədəbiyyatın səviyyəsi haqqında danışan Əhməd Cəfərinin fikrincə, Təbrizdə həmişə anadilli ədəbiyyat inkişaf edib: «İndi gül-bülbül mövzusu yoxdur, demək olar, indi ictimai məzmunlu yazılar, bədii əsərlər üstünlük təşkil Çağdaş dönəmdə şeirin ümumi məzmunu mübarizliyə, döyüşkənliyə köklənir. Şeirlərdə indi ictimai-siyasi motivlər də artmaqdadır. Qafiyəli şeirlərə də Güney Azərbaycanda meyl artmaqdadır».

 

Uğur

Xalq cəbhəsi.-2013.-2 avqust.-S.14.