Azərbaycan kino sənəti:
tarixdən gerçəkliyə
Maarif Teymur: «Kino sənətilə
bağlı yaradıcı insanlarımızın çoxunun
arxivdə şəxsi fondları yaradılıb»
Aydın Kazımzadə: «Sənətkarlarımız
zamanın nəbzini tutmağa çalışırlar»
Kino bəşər mədəniyyətinin
hərtərəfli, geniş
inkişaf etmiş sahəsidir. Bu gün
bəşəriyyət özünün
indiyə qədərki
çağlarla müqayisədə
ən yüksək inkişaf mərhələsinə
qədəm qoyub.
Elm-texnikanın, sənətin inkişafı
insanların hüdudsuz,
qarşısıalınmaz arzularının ifadəsi
kimi meydana çıxır. Gerçəklikdə, gündəlik yaşam tərzində arzularının
əksər hallarda həyata keçmədiyini
görən insan incəsənətin müxtəlif
sahələrinə daha
çox meyl edib. İnsan özünün əsrarəngiz hisslərini,
duyğularını bədiyyatın
geniş imkanlarından
istifadə etməklə
gerçəkləşdirməyə çalışdı. XIX yüzilin lap sonlarından
başlayaraq bəşərin
incəsənətdə yeni
bir yaradıcılıq
meydanı yarandı: bu, artıq özündə incəsənətin
bütün başqa yaradıcılıq sahələrini
məharətlə birləşdirirdi.
Kino ilk mərhələdə
daha sirli bir yaradıcılıq sahəsi idi. Fotoqrafiyanın kəşfindən sonra kinonun meydana
çıxması incəsənətin
imkanlarının hüdudsuzluğunu
sübut etdi. Ekranda canlı hərəkətlər, insanın
müxtəlif həyat
lövhələrini canlandırması,
danışan təbiət,
bir sözlə, tamaşaçının özünü
həyatdakına oxşar,
ancaq çox hallarda gerçək həyatda arzulanan, di gəl ki,
gerçəkliyini tapmayan,
kinoda qəhrəmanların
şəxsində yaşanan
hadisələrin içində
görmək sanki qəribə, davamlı bir sirr yaradırdı.
Bu gün dünyada
kino sənətinin yaranmasından ötən
yüzildən çox
müddətdə çəkilən
saysız-hesabsız filmlərin
olmasına baxmayaraq yenə də kino sənəti hamı üçün olduqca maraqlıdır.
Çünki həyat daim
sirlərlə dolu bir məzmunda davam edir, kino
sənəti də bunu məharətlə özündə yaradıcı
səviyyədə canlandırır.
Ötən müddət ərzində
Azərbaycanın milli
filmləri hər bir soydaşımızın
ağlında və ürəyində silinməz
izlər buraxıb, neçə-neçə nəsillər
milliliyin ayrı-ayrı
cəhətlərini bu
filmlərdə görüb.
Ədəbiyyat və İncəsənət
Arxivinin direktoru Maarif Teymur arxivdə
kino sənətimizə
dair xeyli sənədlərin saxlanıldığını
bildirir: «Arxivimizdə
incəsənətimizin müxtəlif
sahələrinə dair,
o cümlədən kino
sənətimizə aid xeyli
sənədlər saxlanılır.
Onu da qeyd
edim ki, kino sənətilə bağlı yaradıcı
insanlarımızın bir
çoxunun arxivdə
şəxsi fondları
yaradılıb, bu fondlarda həm aktyorların, bəstəkarların,
həm də rejissorların, rəssamların,
ümumiyyətlə, bu
sahədə çalışanların
həyat və yaradıcılığına dair
kifayət qədər
soraqlar var. Sidqi Ruhulla, Mirzağa Əliyev, İsmayıl Dağıstanlı, Ülvi
Rəcəb kimi sənətkarların yaradıcılığında
kino sənəti mühüm yer tutub. Rza Təhmasib XX yüzil
Azərbaycan kinosunda həm tanınmış kino rejissoru, həm kino aktyoru,
həm də kino rəssamı kimi məşhur olub. Abbas Mirzə Şərifzadə
ilə bağlı da arxivimizdə xeyli soraqlar var. Həmçinin Leyla Bədirbəylinin, Nəcibə
Məlikovanın, Atamoğlan
Rzayevin, Hüseynağa
Sadıqovun və başqalarının kino yaradıcılığına dair
materiallar diqqəti cəlb edir. Tamamilə unudulmaq təhlükəsilə
üzləşən 50-ci illərin
kino rəssamı Cəbrayıl Əzimovun tərtibatçı-rəssam kimi
yaradıcılığına dair faktlar araşdırıçılarını
gözləyir. Arxivdə «Ögey
ana» filminin yaradıcılarından biri
olan H.İsmayılov haqqında da sənədlər saxlanılır.
Bəşir Səfəroğlunun da kino yaradıcılığı
bu qəbildəndir.
Rəşid Behbudovun kino
yaradıcılığına dair faktlar çox
maraqlıdır. Məşhur hind aktyoru və rejissoru Rac Kapurun
Azərbaycanla bağlı
şəkilləri də
diqqəti cəlb edir. Məlumdur ki, Rac Kapurun Rəşid Behbudovla dostluğu olub. Həsənağa
Salayevin, Şəmsi Bədəlbəylinin, Ədil
İsgəndərovun, Əli
Zeynalovun, Mirvari Novruzovanın, Şahmar Ələkbərovun, Mehdi
Məmmədoun və
başqalarının şəxsi
fondları yaradılıb.
Həmçinin Cəfər
Cabbarlı adına
«Azərbaycanfilm» kinostudiyasına
aid olan bütün yaradıcılıq sənədləri
arxivimizdə mühafizə
olunur. Kinofilmlərə
musiqi yazan bəstəkarlardan Cahangir
Cahangirov, Əfrasiyab Bədəlbəyli, Niyazi,
Tofiq Quliyev, Arif Məlikov, Aqşin Əlizadə və başqalarının
yaradıcılıhından qırmızı xətlə
keçib. Rəssamlardan
Qəzənfər Xalıqov,
Tahir Salahov və başqalarının
kino yaradıcılığı
daim araşdırılacaq».
Kinoşünas Aydın Kazımzadə
isə Azərbaycan kinosunun indiyə kimi böyük uğurlara imza atdığını bildirir:
«Müstəqillik dönəmindən
sonra Azərbaycan kinosunun istiqaməti dəyişib. Artıq Azərbaycanın kinoçuları sovet dövründən fərqli
olaraq müstəqil şəkildə öz sözlərini deyirlər.
Artıq
kinoçularımızın başı üzərində
sovet ideologiyası yoxdur. Müasir dövrdə də
kino sənətində
daim yeni ideya axtarışları davam etməkdədir.
Şübhəsiz, sənətkarlarımız zamanın nəbzini tutmağa çalışırlar.
Sovet dövründə dövlət
filmin pulunu verirdi və bununla həm də ideologiyasının
kinoda ifadəsini diktə edirdi. Təbii ki, dünya kino bazarına xüsusilə indiki vaxtda çıxmaq çox çətindir.
Burada texniki və sənət şərtləri
çox yüksəkdir
və sərtdir.
1898-ci ilin əvvəlindən
artıq Bakıda filmlər çəkilirdi.
Rejissoru isə Aleksandr Mixayloviç Mişon idi».
Azərbaycanda bu gün serialların
milli kinonu sığışdırdığı heç kəsə sirr deyil. Seriallar qətiyyən
kino inciləri deyil. Hadisə uzandıqca daha
da mahiyyətsizləşir.
Onsuz da Azərbaycanda dəb düşən serialların qətiyyən
mövzu orijinallığı
yoxdur. Bu filmlərdə həyat hadisələri daha çox təhrif olunur, mənəviyyatımıza
ziyan dəyir. Məsələ burasındadır ki, təkcə bu cür filmlər
yox, ümumiyyətlə,
hazırda telekanallarda
nümayiş etdirilən
filmlərin əksəriyyəti
mahiyyətcə məzmunsuz,
insani siqlətdən tamamilə uzaqdır.
Bildirək ki, Azərbaycan
kino sənətinin tarixi fotoqraf və nasir Aleksandr
Mişon tərəfindən
çəkilmiş xronika
süjetlərindən («Bibiheybətdə
neft fontanı yanğını», «Balaxanıda
neft fontanı», «Şəhər bağında
xalq gəzintisi», «Qafqaz rəqsi» və s.) və bir bədii kinosüjetdən («İlişdin»)
başlayır. 1915-ci ildə Qafqazda Pirone qardaşlarının
açdığı səhmdar
cəmiyyətləri (ticarət
evləri) tərəfindən
Bakı, Tiflis, İrəvan
şəhərlərində prokat kontorları yaradılır. 1915-ci ildə adı çəkilən cəmiyyət
neft sənayeçilərinin
pulu ilə İbrahim bəy Musabəyovun «Neft və milyonlar səltənətində» romanı
əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı.
Filmi çəkmək ücün
Peterburqdan rejissor Boris
Svetlov dəvət olunur. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə,
pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilib.
Filmdə Lütfəli bəy
rolunu Hüseyn Ərəblinski oynayıb.
1916-cı ildə Bakıda
Üzeyir Hacıbəyovun
«Arşın mal alan» operettası əsasında ilk Azərbaycan
kinokomediyası çəkilib.
1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü
münasibətilə «Təntənə»
adlı tammetrajlı
film ekranlarda nümayiş
etdirilib. 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi
(AFKİ) təsis olunub.
AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorların milliləşdirilməsi və
birləşdirilməsi tədbirlərini
həyata keçirib.
Artıq
sovet dövründən
başlayaraq Azərbaycan
kino sənətinin inkişafında yeni bir mərhələ başlayıb.
Uğur
Xalq cəbhəsi.-2013.-3
avqust.-S.14.