«Qüvvəmizi maarifləndirməyə
yönəltmişik»
QHT rəhbəri
Yeganə Sultanova: «Əsas problem diabetdən əziyyət
çəkən gənclərin cəmiyyətə inteqrasiya
məsələsidir»
Qarşımda oturan olduqca gülərüz və
qayğıkeş həkimin başı narahat xəstəyə
qarışıb. İndiki zaman üçün az
tapılan hövsələ və səbrlə hər
nüansı xəstəyə anlatmağa
çalışır. Çöhrəsində
işinə hədsiz sevgi sezmək olur. Həm
insanlığa, həm də işinə olan sevgisi onu Azərbacan
Diabet Liqasını yaratmağa sövq edib. Yeganə Sultanova QHT sektorunda fəaliyyəti ilə
qürur duyulacaq xanımdır. Yalnız
bilik insanı xilas edəcək. Xəstə
xəstəlikdən qorxmamalıdır, onu ətraflı bilməlidir.
Elə bu sətirlərin müəllifi də
diabet haqda biliklərinə görə, bu şirin dilli
xanıma minnətdardır. Müsahibimiz
Azərbaycan Diabet Liqasının (ADL) rəhbəri Yeganə
Sultanovadır.
- QHT kimi əsas
fəaliyyətiniz nədən ibarətdir?
- Əsas qüvvəmizi maarifləndirməyə, Diabet
Məktəbinin təşkilinə, diabetli insanların həyat
keyfiyyətinin yüksəldilməsinə yönəltmişik. 10 il
bundan əvvəl insanlara yeməyə qədər yardım
edirdik. Artıq buna ehtiyac yoxdur. Diabet haqqında qanun hər zaman eyni qalır, amma
dövlət proqramı dəyişdirilir, yenilənir. Hazırda 2011-2015-ci illəri əhatə edən tədbirlər
proqramı işləkdir. Bu proqram çərçivəsində
Səhiyyə Hazirliyi strateji plan qurub. Burda
da yenə əsas diqqət maarifləndirilməyə,
reablitasiyaya, həkimlərin hazırlıq səviyyəsinin
artırılmasına geniş yer verilib. Biz
də proqram çərçivəsində kurslar, bölgələrdə,
eləcə də Bakı şəhərində
endokrinologiyaya aid müxtəlif seminarlar təşkil edirik.
Bu yaxınlarda qalxanvari vəzin fəaliyyəti
ilə bağlı seminarımız keçirilmişdi.
Yaxınlarda bir qrup endokrinoloqu Türkiyədə
diabetologiya ilə bağlı təlimə göndərəcəyik.
Liqa kimi biz əsasən diabetdən əziyyət
çəkən insanların cəmiyyətə
inteqrasiyası istiqamətində fəaliyyət göstəririk.
Çalışırıq ki, olan resurslardan
düzgün istifadə etməyi bacarsınlar. Özlərinə düzgün qayğı göstərsinlər.
Sentyabr, oktyabr aylarında Diabet Məktəblərində
həkimlərə təlim keçiriləcək. Məqsəd həkimlərin də yerlərdə bu
cür məktəblərin təşkil etməsinə
yardım etməkdir. Çalışırıq
ki, bütün regionları əhatə etsin.
- Yeri gəlmişkən, regionlarda həkimlərin
səviyyəsini qənaətbəxş saymaq olar?
- Qənaətbəxş
deyil, amma həm Endokrinoloji Mərkəz, həm də Azərbaycan
Diabet Liqasının xətti ilə həkimlərin bilik səviyyəsinin
qalxmasına çalışırıq. 2013-cü ilin əvvəlinə
ola məlumata görə, ölkədə
183 min xəstə var. Bu gün Bakı şəhəri
diabetdən əziyyət çəkən insanların ən
yaxşı təmin olduğu yerdir. Regionlarda isə
vəziyyət fərqlidir. Bilik səviyyəsinə
gəldikdə isə bu, fərdi bir haldır. Yəni bu həkimin öz üzərində işləməsindən
asılıdır. Təbii ki, şəhərdə
məlumat əldə etmək daha asandır. Sertifikatlaşdırılmanın aparılması da
həkimləri məcbur edir ki, öz üzərində
işləsin. Diabetlə bağlı dövlət
proqramı işə düşən kimi bu say
kəskin artdı. Yəni əvvəl diabet
olduğunu bilib müalicəyə getməyən şəxslərin
hamısı siyahıya alındı. Təminatın
olması onların rəsmi qeydiyyata alınmasına yol
açdı. Yeni aşkarlanma halları
artdı. Çalışırıq ki,
insanlar maariflənsin və heç olmasa ildə bir dəfə
müayinədən keçsinlər. Azərbaycan Diabet
Liqası Park Bulvarda iki il ardıcıl
olaraq Fin Diabet Assosasiyasının sorğusu əsasında
insanlar arasında müayinələr təşkil etdi. Bu zaman qanda şəkərin miqdarı
yoxlanıldı, çəki, boy, bel ölçüləri
götürüldü, həyat tərzi yoxlanılaraq
insanın nə dərəcədə risk qrupuna aid edildiyi
müəyyənləşdirildi. Həticə
etibarilə, bu aksiya zamanı xeyli sayda insanda diabet
aşkarlandı, xeyli sayda insan isə risq qrupuna aid edildi.
Belə tədbirlər çox
yaxşıdır, insanlar özlərinə diqqətlə
yanaşmağa başlayırlar. Biz həmin
aksiyalar zamanı diaqnozun daha dəqiq qoyulması
üçün bir çoxlarını Respublika Endokrinoloji Mərkəzində
təmənnasız qlükozlaşmış hemoqlabindən
analiz edilməsinə yardım etdik.
- Risk qrupuna kimlər daxildir?
- O adamlar
ki, onların yaxın qohumlarında bu xəstəlik var.
Düzgün qidalanmır, idmanla az məşğul olurlar,
çəkiləri normadan artıqdır, xüsusilə
abdomenal piylənməsi (bel ölçülərinə nisbətən
qarın nahiyəsində yığılan piy) var. Həmçinin
zərərli vərdişləri olan insanlar risk qrupuna daxil
olan insanlar sırasındadır. Genetikanın
qarşısını ala bilməsək də,
qarşısını ala biləcəyimiz faktorlar var. Məsələn,
düzgün qidalanmaq, pis vərdişlərdən imtina etmək,
sağlam həyat tərzi sürmək insanı risk qrupundan
uzaqlaşdırar. Azərbaycan Diabet
Liqası da fəaliyyətini bu istiqamətdə qurub. Fiziki aktivlik və sağlamlıq mövzusunda bizim
seminarlarımız keçirilib. Hər
bir sağlam və normal insan gündə heç olmasa, 30 dəqiqə
aktiv fiziki hərəkətlə məşğul
olmalıdır. Məsələn, çalışmaq
lazımdır ki, yuxarı mərtəbəyə qalxmaq
üçün pilləkəndən istifadə edilsin, işə
gedəndə bir dayanacaq tez düşüb piyada getmək
lazımdır, ev işi görmək də
öz yerində. Gün ərzində 30 dəqiqə
dayanmadan fiziki hərəkətlə məşğul olmaq
lazımdır. Əgər vaxtınız
yoxdursa, onu 15 dəqiqəyə də bölmək olar. Amma bu dəqiqələr ərzində dayanmadan məsələn,
velosiped sürmək kimi aktiv hərəkətlə məşğul
olmaq, həmçinin piyada gəzmək lazımdır. Bunların hamısı çox vacib şərtlərdəndir.
Qidalanmaya gəldikdə isə şəkərdən
və şəkər tərkibli qidalardan çox istifadə
etmək olmaz. Karbohidratı meyvə və
tərəvəz şəklində qəbul etmək daha məsləhətdir.
Bu sağlam, diabeti olmayan insanlara aiddir. Diabetdən əziyyət çəkən insanlar isə
artıq ciddi pəhriz saxlamalıdırlar. Şəkər
və şəkərdən hazırlanan məhsullar, bal, meyvə şirələrindən istifadə
qadağandır. Müəyyən yaş həddindən
sonra yağlı qidalara məhdudiyyət qoyulmalıdır.
Tez mənimsənilən karbohidratlardan az
istifadə edilməlidir. Bunların
hamısı profilaktik məqsəd daşıyır.
- Diabet məktəbləri
haqda məlumat verərdiniz…
-
2004-cü ildə qəbul edilmiş şəkərli diabetlə
xəstə olan şəxslərlə bağlı qanunda, eləcə
də hər 5 ildən bir qəbul edilən dövlət
proqramında təlim məsələsinə önəmli yer
verilir. Təlim xüsusi proqramdır. Bu
proqramın nəticəsində şəkərli diabetlə
xəstə insanların 78 faizə qədər qipoklikemik
komaların qarşısı alınıb, 30-50 faizə qədər
ağır korluq, böyrək
çatışmazlığı, nevropatiyalar, qemodializ, ayaq
amputasiyaları kimi fəsadların qarşısı
alınıb. Təlim zamanı hər bir şəkərli
diabetlə xəstə insan özünə nəzarəti
öyrənir. Xəstəliklə
yaşamaq biliyinə və vərdişlərini əldə
edir. Yəni təlim məktəbi ancaq
maarifləndirmə deyil, əsas məqsəd verilən biliklərin
şəxs tərəfindən həm də tətbiq etməyi
bacarmasından ibarətdir. Axırıncı
2011-15-ci illər proqramında bu məsələ Respublika
Endokrinoloji Mərkəzə tapşırılıb. Azərbaycan Diabet Liqası və beynəlxalq təşkilatlar
yardımçı kimi iştirak edirlər. Şərait
baxımından 20-30 il əvvəlki diabet
xəstələrinin vəziyyəti ilə indikilər
arasında çox fərq var. İndi diabetlə yaşamaq
üçün şərait daha rahatdır. Yüksək
keyfiyyətli insulin, dərmanlar, şpris qələmlər,
qanda şəkəri yoxlamaq üçün qlükometr
aparatlar çox rahatdır. Dövlət
bunlarla xəstələri təmin edir və ya ən
azından apteklərdən ucuz qiymətə almaq olar. Bir xəstə qəbulunda həkim hər
sözü çatdırıb deyə bilmir. Dibaet məktəbi də buna görə
lazımdır. Məktəb birinci və ikinci tip diabetlər
üçün, eləcə də yaş qrupuna görə
ayrı proqramlar var. Xəstə necə yeməli, hansı məhsullardan
istifadə etməli, necə idman etməli, insulini necə
vurmalı olduğu haqda geniş məlumat alır.
- Diabetli
xəstə ilk növbədə nəyə fikir verməlidir?
- Qida bir
nömrəli şərtdir. Qida həm də
bir nömrəli müalicədir. Çünki
şəkər qida vasitəsilə orqanizmə
düşür və biz də şəkər mübadiləsindən
söhbət edirik. İkincisi, mütləq
düzgün dərman təyinatı aparılmalıdır.
Yeməklə qəbul edəln qida arasında
tarazlıq yaradılmalıdır və bunu xəstə
özü həyata keçirməlidir.
- Diabetdən
əziyyət çəkən insanların cəmiyyətə
inteqrasiya məsələlərinə necə yardım
edirsiniz?
- Təlimlərdən əlavə diabetin psixoloji məqamları da var. Təlim zamanı hər bir kəs anlayır ki, bu xəstəlik həyat tərzinə çevrilməlidir. Bu xəstəliklə yaşamaq və yaratmaq mümkündür. Təbii ki, təlim keçmiş insanlar özlərini daha rahat hiss edirlər. Artıq o diabetlə yaşamağı bacarır. Əlbəttə ki, idealda təlimçi komandaya psixoloq da daxil olmalıdır. Məsələn, biz yaya düşərgələrində bu təlimi davam etdiririk. Düzdür bu düşərgələr imkandan asılı olaraq 30-40 uşağı əhatə edir. Bizim uşaqlar demək olar ki, hər yanda olublar, Habranda, Lənkəranda, Şüvəlanda, Mərdəkanda, Bilgəhdə və s. Psixoloqlarımız Elnur və Harınc Rüstəmovların, Orxan Fərəcovun uşaqlara yardımı əvəzsizdir. Uşaqlar həm təlim alıblar və həm də psixoloji durumları yüksəlib. Biz işimizi diabetdən əziyyət çəkən xəstələr və onların yaxınları ilə qururuq. Amma fəaliyyətimizdə uşaqlara xüsusilə üstünlük veririk. Respublikada 1000 nəfərə qədər diabetdən əziyyət çəkən uşaq var. Onlardan 300-ə qədəri Bakı şəhərinin payına düşür. Bu gün bizə yaxınlaşan, müraciət edənləri əhatələyə bilirik. 10 il əvvəlki uşaqlar indi hamısı evlənib, ailə-uşaq sahibləridir. Bu gün şəkərli xəstələr o qədər çoxdur ki, artıq bu bir problem yaratmır. Yaxşı müalicə alırsa, xəstəliyi düzgün yönəldə bilirsə, həmin adam işində uğurlar da əldə edir. Əsas problem diabetdən əziyyət çəkən gənclərin cəmiyyətə inteqrasiya məsələsidir. İnsan diabeti idarə edə bilirsə, xəstəlik onun fəaliyyətinin istənilən sahədə qurmasına mane ola bilməz.
Bizim təlimlərdən keçmiş uşaqlara həmişə xəstəlikdən utanmaq lazım olmadığını təbliğ edirik. Xəstəliyi idarə etməyi öyrəndikdən sonra istənilən sahədə uğur qazanmaq olar. Bu gün oğlunun xəstə olduğunu gəlindən, xəstəliyini ərindən gizlədən insanlar var. Halbuki buna ehtiyac yoxdur. Sizə bir əhvalat danışım. Bir dəfə qızına diabetdən əziyyət çəkən oğlanın elçi göndərdiyi ata yanıma gəlib məndən məsləhət istədi. Soruşdu ki, siz qızınızı şəkər xəstəsinə verərdiniz? Oğlanı mən tanıyırdım, ADL-in üzvü idi. Dedim ki, oğlanı sizə xarakterizə edə bilərəm. İçmir, çəkmir, ailəcanlıdır və qoçaqdır. Xəstəlik ona problem yaratmayacaq, çünki onu idarə edə bilir. Amma siz təsəvvür edin ki, bu oğlandan imtina etsəniz, qızınızın sağlam adı ilə gedəcəyi insan narkoman, avara, bilmədiyiniz xəstəliyin daşıyıcısı da ola bilər. İndi özünüz fikirləşin. Diabetə görə, bu insandan imtina etməyə dəyərmi?
Ülviyyə
Tahirqızı
Xalq cəbəsi.-2013.-3 avqust.-S.11.