Osmanlı imperiyası və Makedoniya olayları
Tarixdə baş verən hadisələr, gərgin dövrlər bitmir, tükənmir, sadəcə, bir-birini əvəz edir. Bu yazıda Osmanlı imperiyası və Makedoniya məsələsi ilə bağlı araşdırmaçı Aynur Hacıqədirlinin tarixi faktlar əsasında gəldiyi qənaətlər təqdim olunur. O, bildirir ki, XIX əsrin II yarısında Osmanlı imperiyasının beynəlxalq vəziyyəti daha da gərginləşmişdi: «Bu dövrdə yaşanan problemlərdən biri də Makedoniya məsələsi idi. Makedoniya deyərkən haralar nəzərdə tutulur? Bu məsələ ilə bağlı əski çap kitablarından Əhməd Səlahəddinin «Makedoniya məsələsi və Balkanların axırı» əsərinə müraciət etdik. Kitabda belə bir faktla üzləşdik: «İdarətən Makedoniya Selanik və Manastr və Kosova vilayət sələsəsindən ibarətdir ki, Üskübdür. Fəqət ümumiyyətlə, qəbul olunur ki, Makedoniya bu üç vilayət hüdudlarına qədər gedib çıxmır. Bu üç vilayət sahə məcmuəsindən bir tərəfdən mütəədid Arnavudluq sancaqlarını və digər tərəfdən Tağın şimalında əski Serbiyaya aid olan Kosova vilayəti qismini çıxartmaq lazımdır. Ondan başqa cənubda rumların məskunlaşdığı Vyestriça vadisinin də Makedoniya qismindən olmadığı söylənilir.»
Osmanlı tarixində Makedoniya məsələsi 1878-ci il Berlin traktatı ilə özünə yer almışdı: «Berlin konfransında qəbul edilmiş bu traktata görə Rusiya Avropa dövlətlərinin verdiyi qərarla razılaşmaq məcburiyyətində qaldı. Traktata əsasən Bolqar dövləti üç hissəyə bölündü: şimal hissəsi Osmanlı imperiyasına xərac ödəyəcək muxtar bir prenslik oldu; Şərqi Rumeli adlanan cənub hissəsi Osmanlı idarəsi altında yarımmuxtar bir əyalət oldu; Makedoniya və Trakya isə yenidən birbaşa Osmanlı idarəsi altına verildi. Burada nüfuz bərqərar etmiş dövlət ümumən regionda təsir dairəsi formalaşdırmağa müvəffəq olurdu. Makedoniya bir çox millətlərin məskunlaşdığı ərazi olduğundan Berlin traktatından sonra burada öz nüfuzlarını bərqərar etmək istiqamətində müxtəlif siyasi avantüralar həyata keçirmək istəyirdilər və bu davamlı hal almışdı. Bu mənada Makedoniyada məskunlaşan millətlərin nisbəti də maraq doğururdu. Burada həmin dövr 1 508 507 müsəlman türklər, 896 497 bolqar, 307 000 rum, 100 717 serb, 99 000 ulah, az sayda alban və yəhudi yaşayırdı».
Makedoniya uğrunda mübarizə aparan əsas dövlətlər isə Bolqarıstan, Yunanıstan və Serbiya idi: «Sonradan bu mübarizəyə Rumıniya da qoşulmuşdu. Strateji əhəmiyyət daşıyan bu rayonda möhkəmlənmək istəyən əsas dövlət Bolqarıstan idi. Bolqarıstanda Makedoniyanın ələ keçirilməsinin slavyan birliyinə gedən əsas yol adlandırmaqla Ağ dənizə yeni ticarət qapısı açacaqlarına ümid bəsləyidilər. Bu səbəbdən də açıq şəkildə «Bizim gələcəyimiz Makedoniyadadır. Makedoniyasız Bolqar dövləti Balkanlarda köməksiz və əhəmiyyətsiz olacaqdır. Salonik Bolqar dövlətinin qapısı olmalıdır» iddialarını bəyan edirdilər. Ona görə də burada bolqarlar pravoslav kilsə və ibtidai təhsil məktəbləri açmağa başladılar. Bolqarıstanın baş naziri Stambulov Makedoniya məsələsində sultan Danohri və Üsküpdə Bolqar yepiskopluğunun açılmasını xahiş etmiş və buna 1890-cı ildə nail olmuşdu. Sultanın belə bir razılıq verməsi isə Roma katoliklərinin qəzəbinə səbəb olmuşdu. Bu səbəbdən eyni zamanda katolik və pravoslav kilsələri arasında da kəskin mübarizə başlanmış oldu. Bu mübarizədə öz marağından çıxış edən sultan 1897-ci ildə türk-yunan müharibəsi zamanı yunanlardan intiqam almaq məqsədilə bolqarlara daha dörd kilsə tikmək üçün razılıq vermişdi. İstanbulun Bolqarıstana loyal siyasəti onun Makedoniyada möhkəmlənməsini əsaslandırmış oldu. Belə ki, 1895-ci ildə Makedoniyada artıq 600-dən çox bolqar məktəbi fəaliyyət göstərirdi ki, bu məktəblərdə də 25-30 min tələbə təhsil alırdı. Bolqarıstan hər il bu məktəblərə 1-2 milyon frank həcmində maliyyə vəsaiti sərf edirdi. Lakin proseslərin bu istiqamətdə inkişaf etməsi paralel olaraq Osmanlı dövlətinin də əleyhinə təkamül etməkdə idi. Belə ki, Bolqarıstanın Makedoniyada açmış olduğu həmin məktəb və təhsil mərkəzləri eyni zamanda Osmanlı dövlətinə qarşı mübarizə aparan millətçilərin yetişdirilməsi ilə məşğul olurdu. Bu faktor 1893-cü ildə Bolqarıstanın baş naziri Stambulovun həyatına sui-qəsd edilməsindən sonra açıq şəkildə özünü büruzə vermiş oldu. Yeni baş nazir isə Stambulovdan fərqli olaraq sultan hökumətinə loyal mövqedən deyil, ona qarşı mübarizə mövqeyindən çıxış edirdi. Həmin il Resnedə Makedoniya Daxili İxtilal Təşkilatının yaradılması bunun bariz nümunəsi idi. İlk dövrlər türklərə qarşı mənəvi və psixoloji mübarizə aparan təşkilat gizli fəaliyyət göstərirdi. Bu fəaliyyətin məntiqi nəticəsi kimi 1895-ci ildə Sofiyada Makedoniya Xarici İxtilal Komitəsi yaradıldı. Hər iki təşkilatın əsas məqsədi Makedoniyanı Bolqarıstana birləşdirmək idi.
Romalılar isə Makedoniyanı Bizans imperatorluğunun bərpası istiqamətində başlıca keçid adlandırırdılar. Qeyd etməliyik ki, yunanlar da Makedoniyaya tarixi haqlarının olduğunu iddia edir, bunu bir zamanlar Makedoniyanın yunan kralı Filip və İskəndərin hakim olduğu bu ərazinin Bizans imperiyasının daxili rayonlarından biri olması ilə əsaslandırmağa çalışırdılar».
Serblər də bolqar və rumlar kimi Makedoniyaya tarixi haqları olması iddiaları ilə çıxış edirdilər: «Bu istiqamətdə təbliğatın əsas ana xəttini makedoniyalıların bütünlüklə serb olduqları, Üsküpün Serb hökmdarı Duşanın dövründə Serbiyanın paytaxtı olması təşkil edirdi. Ona görə də serblər bütün Makedoniyanın Serbiyaya məxsus olduğunu iddia edir və bu məsələdə heç bir tərəfə güzəştə getməyəcəklərini bəyan edirdilər. Serbiyanı belə açıq təcavüzkar mövqedən çıxış etməyə ruhlandıran isə onların Avstriya-Macarıstan tərəfindən dəstəklənməsi idi. Əslində Berlin traktatı ilə Avstriya-Macarıstana Bosniya-Herseqovinanı himayəsinə almaq icazəsi də verilmişdi. 1879-cu ildə Bosniya-Herseqovinada Avstriya-Macarıstanın nüfuzunun bərqərar edilməsi Serbiyanın ciddi narazılığına səbəb olmuşdu və Avstriya-Macarıstan Serbiyanı nominal olaraq dəstəkləməklə Bosniya-Herseqovina itkisi ilə barışmağı təlqin etməyə səylər göstərirdi. Buna görə də tərəflər 1881-ci ildə Serbiyanın Makedoniyaya genişlənməsini əsaslandıran müqavilə imzalamışdılar.
Avstriya ilə müvafiq razılaşmalar əldə edən Serb kralı Aleksandr 1894-cü ildə İstanbula səfər etdi və sultandan Makedoniyada, xüsusilə də Kosovoda serb məktəblərinin açılmasına razılıq aldı. Qısa bir zamanda burada 100-dən çox serb məktəbləri açıldı ki, burada 5 mindən çox tələbə və şagird təhsil almağa başladı. Makedoniyada bir serb yepiskopluğunun açılması məsələsi isə 1896-cı ildə həll edilmiş oldu. Üsküpdə açılan bu yepiskopluğa qarşı rumlarla birgə bolqarlar da mübarizə aparmağa başladılar. Kosovo və Üsuküpün qədim Serbiya adlandırılmasına qarşı bolqarlar açıq mübarizəyə başladılar. Buna cavab olaraq serblər də analoji mövqedən çıxış etdilər. Nəticədə bolqar, yunan və serblər bir-biri ilə mübarizə etməyə başladılar. Belə bir vəziyyətdə Makedoniyadakı türk əhalisi ən çox zərər çəkən və zərbə alan tərəf kimi çıxış edirdi. Həmin dövr, yəni hələ 1897-ci ildə bu proseslərə dair öz düşüncələrini qeydə almış Tunalı Hilmi özünün «Makedoniya Mazisi Hali İstikbali» adlı əsrində bu məsələyə toxunaraq yazırdı ki, «türklər hələ də müdafiə olunmaq haqda düşünmürlər. Sabahını düşünməyi ağlına gətirməyən bir Makedoniya sakini var idisə də, o da türklərdir. Bu gün özünü düşünməyən bu xalq sabah məhv olacaqdır». Zaman və həmin siyasi proseslərin məntiqi nəticəsi Hilminin uzaqgörənliyini təsdiqləmiş oldu. Türklər Avropa Türkiyəsini XX əsrin əvvəllərində əbədi olaraq itirmiş oldular. Belə bir vəziyyətdə Osmanlı dövləti buradakı prosesləri öz gücü hesabına məqsədəuyğun istiqamətə yönəltmək iqtidarında olmadığından Makedoniyada serb, yunan və bolqarların bir-birinə qarşı mübarizə aparmasını burada öz nüfuzunun qalmasının əsas vasitəsi kimi baxırdı. Sultan II Əbdül Həmid özünün siyasi xatirələrində bu münasibətlə yazırdı ki, «Bizim Avropadakı qüdrətimizin Balkan dövlətlərinin bir-biri ilə anlaşa bilməmələri üzərində qurulduğu doğrudur».
Makedoniyada bolqar, yunan və serblər arasında qızğın mübarizə getdiyi bir dövrdə həmin mübarizə ulahların da Makedoniyaya iddiaları çərçivəsində daha kəskin xarakter almış oldu. Ulahlar yunan mənşəli bir xalqdır. Roma imperatorluğunun rumın legionu hələ eramızın IV əsrində barbarların hücumlarına məruz qalaraq məğlub olduqdan sonra onların böyük bir qismi Karpat dağlarına çəkilmiş, bir qismi isə Dunay çayını keçərək cənuba doğru hərəkət etmiş, Makedoniyaya qədər olan bir ərazidə, eləcə də Pidus dağ silsilələrində məskunlaşmışdılar. Əsas məşğuliyyətləri isə kosmopolit səviyyədə ticarət etmək idi. Pravoslav olan və rumın dilində danışan ulahlar uzun müddət yunan mədəniyyətinin təsiri altında olublar. Rumıniya ulahları onların mübarizələrinin ilk günündən etibarən yalnız bolqarların irəliləmələrinin qarşısını almaq məqsədilə dəstəkləyirdi. Ona görə də sonradan onlar Balkanlarda slavyan xalqları tərəfindən assimilyasiya olunmamaq məqsədilə sultandan yardım istəməyə məcbur oldular. Bu məqsədlə də 1897-ci ildə türk-yunan müharibəsi zamanı Fessaliyada kompakt halda yaşayan ulahlar buranın türk hakimiyyəti altında qalması uğrunda mübarizə aparmış və bunun üçün hətta Avropa dövlətlərinə müraciət də etmişdilər. Belə bir addıma əsas verən faktor isə türklərin xristinlara, xüsusilə də ulahlara yaratmış olduğu mədəni inkişaf şəraiti idi. Belə bir şəraiti isə yunanlar onlara vəd etmirdi. Ona görə də ulahların türk hakimiyyəti altında qalmaq istəməsi və bunun uğrunda apardıqları mübarizə tam səmimi idi.
Ulahların belə bir mövqedən çıxış etməsi isə yunan, bolqar və serblərin onlara qarşı birləşməsinə təkan vermiş oldu. Nəticədə bu üç millətin ulahlara qarşı törətdikləri qırğın və iğtişaşları nəzərə alaraq, Rumıniya sultana təyziqlər etməyə başladı. Nəticədə Ulah faktorunun Makedoniyada ayrıca bir ünsür olmasına dair sultan 1905-ci il mayın 25-də xüsusi bir fərman imzaladı. Bu fərman yunanların ulahlara qarşı istibdadını daha da artırmış olduğundan onlar Rumıniyadan yardım istədilər. Nəticədə, Rumıniya və Yunanıstan arasında hərbi-siyasi vəziyyət gərginləşdi».
Sultan II Əbdül Həmid Müzenberq proqramının oəyata keçirilməsi məqsədilə Hüseyn Hilmi Paşanı Makedoniyaya yeni vali təyin etdi: «1903-cü il dekabrın 8-də fəaliyyətə başlayan Hilmi Paşa qısa zamanda ədalətli bir idarə sistemi yaratmağa müvəffəq oldu. Lakin müsbət irəliləyişlərə baxmayaraq Makedoniyada seperatizm prosesləri sönmədi. Çünki bu prosesin yalnız Makedoniya miqyaslı olmadığı artıq tam şəkildə özünü büruzə vermiş oldu. Makedoniyada islahatların keçirilməsi bayrağı altında davam edən bolqar hərəkatına Avropa dövlətlərinin qarışmasından sonra Balkanlarda baş verən proseslər Osmanlı dövlətinin parçalanması istiqamətində yeni mərhələyə keçmiş oldu».
Uğur
Xalq Cəbhəsi.- 2013.- 14 avqust.-
S.15.