Çağdaş Güney Azərbaycan ədəbiyyatı

 

Milli dəyərləri olmayan bir xalq köksüz ağaca bənzər

II yazı

(əvvəli ötən sayımızda)

«Talanmış günəş» adlı şeirlər kitabı ilə ədəbi aləmə səs salmış istedadlı şair Nasir Merqatinin ərəb dilindən alınan bəzi sözlərin cəm şəkilçisi qəbul etməsi məsələsinə maraqlı münasibəti, obyektiv yanaşması ilə ilgili həm Güneydə, həm Quzeydə düşünməyə dəyər. Çünki bu yanaşmanın özü vahid ədəbi dil məsələsinin gərəkliliyini açıq-açıq gündəmə gətirir.

Həqiqətən gözdən qaçan bu məqamla bağlı Nasir bəyin bir yazar, bir ziyalı kimi narahatlığı başa düşüləndir: «Doğrusu, bilmirəm bu, ərəbin sonsuz lütfüdürmü: «ədəbiyyat», «mədəniyyət» və ya «şəxsiyyət» kimi sözlərə baxın. Əvvəllər bunları görəndə: «Bunda bir hikmət yatıb» deyirdim. Düşünürdüm ki, bəlkə ərəblərin bizim Quzey Azərbaycana lütfü çox olduğundan, ona bir «y» hərfini artıq bağışlayıblar. Ərəb dilində «i» və «y» hərflərini göstərmək üçün yalnız bir əlamət var. Ona görə də «i» mənsubiyətilə bitən kəlmələr «at» və ya «ət» şəkilçilərini götürəndə, iki səsli biri-birinin yanına düşdüyünə görə, arada yalnız bir səssiz «y» hərfi alır, nəinki iki səssiz. Ona görə də ərəb xəttilə yazılan «ədəbiyat, mədəniyət» və bu kimi digər sözlərdə yalnız bir «y» səsi yazılır və onun üstünə (?) əlaməti qoyulur. Bu əlamət iki «i» və «y» səslərinin göstərgəsidir.

Qeyd edim ki, Nasir bəy «sait» sözü əvəzinə xalis türkcə kəlmə olan «səsli» işlədib, ona uyğun olaraq mən də «samit» sözünü «səssiz»lə əvəzlədim və yerində olduğunu düşündüm. Diqqəti ona yönəltmək istəyirəm ki, heç bir soydaşımız Hadi bəyin və onunla eyni mövqeyi paylaşan dəyərli aydınlarımızın Güneydə vahid, mükəmməl ədəbi dil yaratmaq uğrundakı çabalarını anlamaqda zorluq çəkməz. Nasir bəyin fikirlərinin yer aldığı sitatı imkanım və anladıqlarım çərçivəsində redaktə etməyə cəsarətləndim… Açığı, bu cəsarəti mənə çox sevdiyim və əsərlərini öləsiyə bir sevgi ilə oxuduğum, fikirlərini yağış tək ruhuma çilədiyim Əziz Səlaminin istedadlı xanım şairimiz Səkinə Purhəsənin şeirləri haqqında yazdığı bu qutsal kəlmələr verdi: «Səkinə Purhəsənin şeirləri belə sənətçilik bacarıqları ilə doludurbütün bunlar dilimizdə dəyərli bir şairin doğuşunu bildirir. Ölkəmizin güneyində qələm çalan bir çox yurddaşlarımız kimi, onun da şeirləri gözəl bir redaktə yardımının yoluna göz dikib! Bu yardım çatarsa, onun gözəl və dəyərli şeirləri daha da gözəl və daha da dəyərli ola biləcək. Gizləməyim ki, mən özümgündüzün günəşi altında, əlimdə fənər, bu yardımçını hər zaman arayıb və aramaqdayam».

Sevdiyim şairlər sırasının önündə yer alanlardan olan və yetərincə mükəmməl şeir və öykülər yazan, çevirilər edən Əziz Səlami bu ehtiyacı görürduyursa, onda yubanmadan Hadi bəyin dil islahatlarına qoşulmaq ehtiyacı da doğulurÇünki Güneyli yazarların məna dərinliyi, məzmun dolğunluğu, dəyişik forması ilə seçilən əsərlərinin sadəcə üslub və ifadə xətalarını aradan qaldırmaq gərəkdir…

2011-ci ildə Güney Azərbaycanda cərəyan edən ədəbi prosesdə diqqətçəkən hadisələrdən biri Cəfər Bozorgəmin, Sayman Aruz, Duman Ərdəm, Elvar Quluvənd, Ramin Cahangirzadə, Solmaz Məhəmməd Rizayi, Saray Məhəmməd Rizayi kimi bir neçə Güney Azəbaycan şair, tənqidçi və yazarının bugünkü Azərbaycanın özgür insanına gərəkli saydıqları antiədəbiyyat manifestini elan etməsi olmuşdu. Onların çağdaş media, veb, internet, evrənsəl kənd və ilişgilər dünyasında Azərbaycan türkü necə düşünməlidir, hansı sənət və ədəbiyyatla maraqlanmalıdır? — suallarına özlərinin cavablarının da yayımlandığı manifest düşündürücü məqamları ilə diqqət çəkir: «Bu gün Azərbaycan ədəbiyyatçısı haçanadək keçmişin çürümüş sümüklərindən asılaraq, ortaçağ Azərbaycanının el-oba, çadır, at, qılınc, qalın bığ, atalıq, dədəlik, çəkəndə misri qılıncı, leş bir yana-baş bir yana ozaylarında gəzişərək, yaşadığı çağdan yadlaşıb, geriyə addımlamalıdırlar? Arxada buraxılmış ədəbiyyata olan qutsallıqla, köləcikliklə, deyişimsizliklə yanaşmalıdırlar? Azərbaycan çağdaş insanı haçanadək Şəhriyarın «dünya yalan dünyadır» kimi narkotik ozaylarına uymalıdır? Haçanadək modernpostmodern əsrində folklordivan şeiri fəzalarını yaşamalıdır? Maraqlısı ədəbiyyatçılarımızın: Azərbaycan hələ gələnəksəl durumu yaşayarkən, hələ modernləşməmiş, postmodernizmi qonuşmaq gülüncdür» kimi qonuşmalardır. Bizcə, daha yetər. Əski çərçivələr pozulmalıdır. Ozaylar deyişilməlidir. «Yaşasın, eşq olsun, mən elimin Koroğlusu, sən Nəbisi, o Babəki» kimi sloganlar şeir və öykümüzdən köçməlidirlər. Modern üsturə (mif)lər yaranmalıdırlar: qılıncsız, atsız, bığsız, nərəsiz, çənlibelsiz və başsız, leşsiz… bizə bu gün politikaçı, dilçi, araşdırıcı, teknoloq, alim, ekonomist və… gərəkir olsun ki arıq-cılız, amma qafası çalışan modern düşüncəli iş bilən. Azərbaycanın yapı-sökümcü postmodern satiraçısı Ramin Cahangirzadə «nə gözəl» yazmış:

Babalarımızı qəbirdən xortladarkən,

Bir-birinin canına salacayıq.

Dədəmizin qopuzunu duvardan asıb,

İspan gitarasını verəcəyik əlinə

Dədəmiz yeni hava çalmağı bacaracaq,

Əjdər əmi lambada oynayacaq

Bəs, «Daşlar» seriyasından yazdığı şeirlərini çox bəyəndiyim təqdir etdiyim Ramin bəy görəsən, düşünmürmü ki, dədəmiz əlinə gitara götürüb çalanda, Əjdər əmi lambada oynayanda qədər eybəcər görünə bilər!.. Niyə olanları kökündən qoparmağa çalışmalıyıq axı? Yeniləri qəbul edək, dədəmiz qopuzunu saxlasın, Əjdər əmi lambada yox, «Heyvagülü», «Qaytağı», «Qoçəli»ni oynasınBir xalq keçmişini unutmazsa, bugününü yaşadaraq gələcəyinə körpü salarsa, milli dəyərlərini bütövlükdə qoruyub saxlaya bilər

J.Amadu, L.Tolstoy, R.Taqor, Ç.Aytmatov, T.Drayzer, Şekspir, Höte, Volter b. öz xalqlarının özəlliklərini qələmə aldıqlarına, əsərlərindəki güclü milli ruha, apaydın yansıyan milli koloritə görə bu gün dünya ədəbiyyatının korifeyləri sırasındadırlarSiz, qatı yenilikçilər, mənə dünya ədəbiyyatından elə bir nümunə gətirin ki, o əsərə «Heydərbabaya salam»a yazılan qədər nəzirə, təxmis yazılsın, yaxud iqtibaslar edilsin!.. Bu həmin əsərdəki milli ruhun, Azərbaycan xalqının özəlliklərinin, milli mentalitetin parlaq təzahürünün nəticəsində baş verib, çünki əsəri oxuyan hər kəs öz keçmişini, uşaqlığını, doğulduğu məkanı, doğma yurdu xatırlayıb ən əsası, türkcə düşünübMilli dəyərləri olmayan bir xalq köksüz ağaca bənzər, gec-tez quruyacaq

Mən kiməsə dərs vermək niyyətindən çox uzağam, amma bu sətirləri yazanda istər-istəməz bir hadisəni xatırladım… Fransanın paytaxtı Paris şəhərindəki məşhur «Paris Notterdam kilsəsi»ni hamı xatırlayır. Kilsənin yerləşdiyi küçədəki binaların üzərini ağartmaq-restavrasiya etmək (Bakıda olduğu kimi) istəyən şəhər meriyasının əməlinə qarşı xalq bir nəfər kimi ayağa qalxaraq küçələrə axışmış — «Buna heç vəchlə yol vermək olmaz, çünki bu divarlarda böyük Viktor Hüqonun əl izləri var»- demişdi. Biz isə gəlin əsrin fenomeni olan Şəhriyarı «narkotik aludəçisi» adlandıraq, Q.Saedini, H.Nitqini, R.Bərahanini və b. xaricdə yaşayıblar deyə dışlayaq, dahilərimizi kiçildə-kiçildə, ləkə vura-vura gedək, haraya qədər?! Qəribə tendensiya yaranıb bu gün, həm böyük Vətənin Quzeyində, həm də Güneyində… Əlinə qələm alıb şeir yazmağa başlayanın ilk tənqid hədəfi özünəqədərki nəslin yazarları, yaxud da müasirləri, onların əsərləri olur, «Dədəm mənə kor deyib, gəlib-gedənə vur deyib» prinsipi ilə əllərinə keçəni xışdayırlar… Deyən yoxdur ki, sən hələ o səviyyəyə çat, hansısa bir əsərin dillərə düşsün, xalq səni tanısın, sevsin, sonra tənqid atəşinə tutarsan da bu xalqın yaratdıqlarını… Bu məsələdə də Hadi bəyin mövqeyini dəstəkləyirəm, ən azından «Dil varlığın eviymiş» yazısındakı fikirlərinə görə… O, çağdaş ədəbiyyatda imzası olan hər bir qələm adamına yüksək dəyər verməyi bacarır, eləcə də Hümmət Şahbazi, Əziz Səlami və Nadir Əzhəri…

Cənubi Azərbaycan məsələsini bütöv Azərbaycanın ən əsas siyasi məsələsi olduğunu bu mövzuda qələmə aldığı yazılarında dönə-dönə vurğulayan böyük filosof Asif Ata hələ keçən əsrin 80-ci illərində islamlaşmağı da, qərbləşməyi də millət üçün, elə ədəbiyyat üçün də zərərli sayır, özgələşmənin iki qütbü adlandırır, «İslam farslaşdırır, Qərb Avropalaşdırır» deyirdi və cənublu soydaşlarımızı — şair və yazıçılarımızı müasir Qərb siyasətinin əsl üzünü görməyə, mahiyyətini anlamağa çağırırdı. Düşünürük ki, bəlkə də bu tendensiv mahiyyəti anladığına görə də fars dilində yazan Rəsul Yunan, Ziba Kərbası, Rza Bərahani, Saleh Səccadi kimi soydaşlarımız dəyərli əsərlər yaradıblar ki, bu əsərlərdə məhz milli kimliyə, soykökə qayıdış ruhu aydınca duyulur.

Rəsul Yunana görə, fransız, ingilis gözəlləri hamısı bir yanadır, türk gözəli bir yanaŞairin altını qırmızı xətlə cızdığı bu bir yanalıq, ayrıcalıq nədən ibarətdir?

«Onlar məni yalnız şeirə yetirirlər, yalnız musiqiyə. Ancaq sən məni evimə qaytarırsan! Səni düşünəndə yağış Türk dilində yağır!»

Əslində, bir yanalıq, ayrıcalıq budur: Rəsul bəy türk gözəlini düşünəndə evinə-ocağına dönür, yer, göy, yollar, izlər, ətrafındakı hər şey sanki qulaqlarına türklüyünü pıçıldayır, hətta yağış belə Türk dilində yağır. «Səni düşünmək» şeirində isə bu düşüncə daha da dərinləşir və şairin səmimi etirafları türk gözəlinin onun həyatındakı önəmini duyurur: «Səni düşünmək həyatı düşünməkdir. Torpaq altında dar-düdük bir qəbirdə Günəşi düşünməkdir. Qarlı gecədə, qıfıllanmamış qapılara, qaçmağa düşünməkdir həbsxanada. Səni düşünmək dəyərlidir, ən azı adamın qəlbindən bir bulaq coşar, bir at gələr orada su içər, bir quş gələr orada oxuyar…»

Nigar Xiyavinin şeirlərindəki öldürücü sarkazm, bəzən kinayəli gülüş, bəzən də incə yumorla növbələşən açıq-aşkar tənqidi durum oxucunu düşünməyə sövq edir… Nigarın adı həyata, siyasi basqılara, mənəvi sıxıntılara-vətəndə vətənsizliyə, ana dilinin buxovlanmasına qarşı kəskin etiraz nidaları Güney Azərbaycanda gizli, yaxud açıq şəkildə getməsindən asılı olmayaraq heç vaxt səngiməyən milli azadlıq hərəkatına güclü bir təkandır.

 

(ardı var)

Esmira Fuad

Xalq Cəbhəsi.- 2013.- 15 avqust.- S.14.