Yazıçı-araşdırmaçı,
tərcüməçi, lüğətçi…
Şəmsəddin Saminin əsərlərinin
Azərbaycan dilinə
tərcümə olunmuş
əlyazma nümunələri
də aşkar edilib
Bu yazıda XIX yüzil
türk aydını Şəmsəddin Saminin elmi, bədii irsi ilə bağlı
danışılacaq. Araşdırmaçı
Rəna İskəndərli
bildirir ki, türk milliyyətçiliyinin
önəmli təmsilçilərindən,
tənzimat dövrü
roman və hekayə yazıçılarının parlaq nümayəndəsi
olan arnavud əsilli Şəmsəddin
Saminin həyat və yaradıcılığı
Türkiyədə geniş
təqdiq edilsə də, Azərbaycan elmi-ictimaiyyəti və oxucu kütləsi üçün bir o qədər də tanış deyil: «Cəmi 54 il il ömür sürən Sami Fraşerinin
həyatı olduqca çətin və keşməkeşli olmasına
baxmayaraq, o, ömrünü
bütövlükdə türk
xalqının tərəqqi
və mədəniyyətinin
inkişafına həsr
edib. Yazıçının həyat tərzi
və yaşam prinsipləri onun yaradıcılığına bilavasitə
təsir edərək,
mükəmməl elmi
əsərlərinin, o cümlədən
öz dövründə
aktuallığı ilə
seçilən bədii
əsərlərin meydana
çıxmasına səbəb
olub».
Şəmsəddin Sami 1850-ci ildə bugünkü
Yunanıstan ərazisində
yerləşən Yanya
şəhərinin Fraşer
qəsəbəsində dünyaya
gəlib: «Atası Xalid bəy ilə babası Durmuş bəy Beratdan Fraşerə köçüb yerləşmiş
Timar bəylərin nəslindən, anası Əminə xanım Fateh Sultan Mehmed və İkinci Bayəzid dövründən
gələn İmrahor
İlyas bəyin soyundandır. Şəmsəddin
Sami Xalid bəyin beş oğlundan
üçüncüsü idi. 1859-cu ildə
atası Xalid bəy, 1861-ci ildə anası Əminə xanım rəhmətə
getdikdən sonra böyük qardaşı
Əbdül bəy qardaşlarına himayədarlıq
edir. 1861-ci ildə Şəmsəddin
bəy digər qardaşları ilə Yanyaya köçür.
Burada Şəmsəddin Fraşeri
o dövr üçün
müasir tələblərə
cavab verən Zosemia Rum liseyinə daxil olaraq səkkizillik
məktəbi yeddi ilə bitirir (1868). Orada qədim və müasir yunan, fransız, italyan, ərəb, fars, türk
dillərinə, o cümlədən
coğrafiya, tarix, riyaziyyat kimi elmlərə yiyələnir.
1871-ci ildə İstanbula
gələn Şəmsəddin
Sami Mətbuat Qələmində
məmur olaraq işə başlayır. Eyni zamanda
«Taaşşuki-Talat və
Fitnat» romanını yazır. Türkiyənin ilk roman əsəri hesab edilən bu kitab böyük
əks-sədaya səbəb
olur. 1874-cü ildə fransız dilindən «İxtiyar onbaşı» adlı pyesi tərcümə edir. Daha sonra arnavud xalqının problemlərini
əks etdirən «Besa yaxud ahde
vefa» adlı dram əsərini yazır.
Həmin
əsərlər İstanbuldakı
Gedikpaşa teatrında
səhnələşdirilir.
1874-cü ildə Trablusqərb
vilayət qəzetinə
təcrübəli bir
müxbir tələb
olunarkən, Şəmsəddin
Sami mətbuat müdiriyyəti
tərəfindən oraya
göndərilir. Ərəbcə-türkcə nəşr olunan
bu qəzetdə yazıçı bir ilə qədər baş redaktor vəzifəsində işləyir.
1875-ci ildə İstanbula qayıdaraq öz peşəsini davam etdirir. 1876-cı ildə gündəlik nəşr
olunan «Sabah» qəzetinin
əsasını qoyur
və bir ilə yaxın həmin qəzetə rəhbərlik edir. Qısa bir zamanda bu
qəzet şöhrət
qazanaraq, çoxsaylı
tirajla dərc olunmağa başlanır.
1877-ci ildə Rodos valisi Sava Paşanın möhürdarı
kimi onunla bərabər Rodosa ezam edilir. 1877-78-ci illər Rusiya-Osmanlı
müharibəsinin sonunda
Yunanıstandakı torpaqlar
paylaşma təhlükəsinə
məruz qalarkən, arnavud xalqının narazılığına səbəb
olmuşdu. Sami bəy xalqın etiraz səsini dəstəkləyərək, 1878-ci ildə arnavudlular haqqında «Vaqit» qəzetində böyük
bir məqalə ilə çıxış
edir. Ümumiyyətlə,
bu xalqın mədəniyyətinin yaşanması
uğrunda misilsiz rolu olan Osmanlı
yazıçısı, maarifpərvər
Şəmsəddin Fraşeri
latın və yunan hərflərindən
istifadə edərək,
öncə bu xalqın əlifbasını
(1879), daha sonra isə qrammatikasını
tərtib edir (1886). 1887-78-ci illərdə Şəmsəddin Sami Abidin
Paşanın rəhbərliyi
altında yaranmış
«Sevkiyyati-əskəriyyə» birliyinə bir neçə ay baş katiblik edir. Həmin illər ərzində «Sərfü nəhvi — arabi» adlı qrammatik əsərini yazır».
1880-cı
ildə Əbdül Həmidin dəvəti ilə saraya çağrılaraq «Teftişi-askeri»
adlı təşkilata
katiblik vəzifəsinə
təyin edilir: «Ölümünə qədər
tutduğu bu vəzifə onun maddi rahatlığına səbəb olaraq əsərləri üzərində
işləməyə imkan
yaratdı. O, Viktor Hüqonun
«Səfillər», Daniel Defonun
«Robenson Kruzo» romanlarını türk dilinə tərcümə
edir.
1882-83-cü illərdə müəllif fransızca-türkcə
olan «Qamusi fransavi» adlı kitabı hazırlayır. 1885-ci ildə bu əsərin
türkcə-fransızca variantı
yazılır. Dilçilik sahəsinə
həsr olunan bu leksikoqrafik əsər böyük marağa səbəb olur. Hətta müəllif II Əbdül
Həmid tərəfindən
iftixar ordeni ilə təltif olunur. 1889-1897-ci illlərdə 6 cilddə yazılan «Qamusul-Ağlam»
ensiklopediyası Şəmsəddin
bəyi Türkiyənin
məşhur müəlliflərindən
biri edir. Burada onu da qeyd
etmək vacibdir ki, «Qamusul-Ağlam» əsəri ilk türk ensiklopediyası sayılır.
«Qamusul-Ağlam» əsərinin
tamamlanma ərəfəsində,
yəni 1896-97-ci illər
arası, bir il müddətində
Şəmsəddin Sami tərəfindən
daha bir möhtəşəm lüğət
yazıldı. «Qamusi arabi» adlanan
ərəbcə-türkcə olan bu sözlük
hazırda da müasir dilçilik sahəsində istifadə
edilən ən mötəbər mənbələrdən
biridir. 1899-cu ildə (o dövr üçün) yeni görüşlər əsasında
türkcə olan «Qamusi-türki» adlı lüğəti yazmağa
başladı. Ümumiyyətlə,
türk dili üzərində islahatlara
can atan Şəmsəddin
bəy bu dilin xarici söz
və qaydalardan azad olmasına çalışırdı. O, «Osmanlı türkcəsi» termininə qarşı çıxaraq «türkcə
danışan qövmün
adı türkdür»
söyləmişdi. Əsrlər
boyu ərəb və fars
sözlərinin bu dildə işlənməsinə
baxmayaraq, təqdiqatçının
fikrincə, bu sözlər türk dilinə tam uyğunlaşmamışdı.
Doğu türkcəsinin söz baxımından Batı türkcəsindən daha zəngin olduğunu vurğulayan tədqiqatçı,
ərəb və fars sözlərinin yerinə həmin Doğu türkcəsində
olan sözlərdən
istifadə etməyi təklif edirdi».
Araşdırmaçı daha sonra bildirir ki, ömrünün son illərində təqdiqatçı
bir çox problemlərlə üzləşir:
«Bir tərəfdən
xəstəliklərlə mübarizə,
digər tərəfdən
isə «Teftişi Askeri Komisiyonunun» ciddi prinsipləri (Şəmsəddin Saminin hər bir addımı
izlənərək onun
azad fəaliyyəti üçün qadağalar
qoyulurdu) onun həyatını dözülməz
edirdi. Çətinliklərə baxmayaraq, o, yaradıcılığına
xitam vermədən böyük səylə çalışırdı. 1902-ci ildə «Kutadqu bilik», «Orxun abidələri», «ət-Tuhfətuz-Zəkiyyə»,
«Ləhçei Türkiyyei
Memaliki Mısır» kimi əsərlər hazırlamışdı. «Ortaçağ Kıpçaqcası»
əsərini bitirmədən
müəllif 18 iyun
1904-cü ildə vəfat
etdi və Erengöydəki Səhraye-cedid
məzarlığında dəfn
edildi. AMEA Məhəmməd
Füzuli adına
Əlyazmalar İnstitutunda
saxlanılan Sami bəyin
«Qamusi-Türki», «Qamusi-fransavi»,
«Qamusi-Ağlam» kimi lüğətləri saxlanılaraq
tədqiqatçılar tərəfindən
geniş istifadə edilir. Bu kitablarla
yanaşı, axtarışlar
nəticəsində yazıçının
«Besa yaxud ahde vefa», «Kave»
adlı faciələrinin
Azərbaycan dilinə
tərcümə olunmuş
əlyazma nümunələri
aşkar edilib. «Kave» adlı
əsərin tərcümə
nüsxəsinə gəlincə,
əsər adi ümumi şagird dəftərində yazılıb.
Azəri
şivəsində «Gavə»
adlanan bu əlyazmanın həcmi
47 vərəqdir. Əsər qara
mürəkkəblə səliqəsiz
nəstəliq elementli
nəsx xətti ilə köçürülüb.
Mətnin 1 vərəqində
Azərbaycan və rus dillərində faciənin adı, beş hissədən
ibarət olması, əsərin müəllifi
və mütərciminin
adı, 1 vərəqində
isə faciədə iştirak edən qəhrəmanların adları
qeyd olunub. Cildi qara parlaq kartondur.
Katibi, köçürülmə
tarixi göstərilməsə
də, I cildin iç tərəfində
1911-1912-ci il şagirdləri üçün
çap olunan təqvimə əsasən,
əlyazmanın həmin
illər ərzində
köçürüldüyü bəlli olur. Tərcümə Azərbaycanın tanınmış ədibi,
XX əsr Azərbaycan
ədəbiyyatında görkəmli
yer tutan klassiklərdən biri olan Süleyman bəy Axundova mənsubdur. «Gavə» 1906-cı ildə
tərcümə edilib.
Tərcümə edildikdən sonra
əsər Azərbaycan
səhnəsində, o cümlədən
digər ölkələrdə
dəfələrlə oynanılıb
və böyük rəğbət qazanıb.
Faciənin baş qəhrəmanını,
sadə Gavə adlı dəmirçinın
obrazını ifa edən aktyorlardan biri unudulmaz korifey H.Ərəblinski olub. Əsərin əsas ideya
və məzmunu xalqın böyük qüvvə olmasını
və birləşərək
zülmkarlara qarşı
müqavimət göstərmək
iqtidarında olduğunu
bildirməkdir. «Besa yaxud ahde
vefa» adlı əsərin tərcüməçisi
və tərcümə
nüsxəsi üzərində
tədqiqatlar hazırda
davam etməkdədir.
Bu əsərlər tənzimat dövrü türk ədəbiyyatının
nümunələri sayılsa
da, XX əsrin əvvəlləri Azərbaycanda
baş verən siyasi, mədəni, ictimai hadisələrlə
ayaqlaşaraq, dövrün
tələblərinə uyğun
olduğu üçün
geniş təbliğ
olunurdu».
Uğur
Xalq Cəbhəsi.- 2013.- 15 avqust.-
S.15.