Dastanlarımızda türk
düşüncəsinin izləri
İslam
Sadıq: «Türk epos yaradıcılığı zəngin ənənə
üzərində inkişaf edərək bugünkü səviyyəyə
yüksəlib»
Türklər
«Kitabi-Dədə Qorqud»a qədər onlarla dastan yaradıblar
Türkün tarixdəki canlı, bənzərsiz izləri
epos yaradıcılığında ifadəsini tapıb. İslam
Sadıqın bu mövzuda araşdırmaları diqqət
çəkir. O, bildirir ki, türk epos
yaradıcılığının qədim tarixi var: «Təkcə
«Kitabi-Dədə Qorqud» kimi kamil, bitkin və bənzərsiz
bir eposu ərsəyə gətirmək üçün
neçə minillik dastan yaradıcılığı təcrübə
və ənənəsi tələb olunurdu. Ona görə cəsarətlə
demək olar ki,
türk
epos yaradıcılığı çox zəngin təcrübə
və ənənə üzərində inkişaf edərək
bugünkü səviyyəyə yüksəlib. Türklər
«Kitabi-Dədə Qorqud»a qədər onlarla dastan yaradıblar.
Ancaq həmin dastanlar da hələ
başlanğıc deyil. Başlanğıcı
bir qədər də dərinliklərdə, qədimlərdə
axtarmaq lazımdır. Şumer folkloru və
ədəbiyyatı ilə tanışlıq bu gün bir
çox qaranlıq səhifələrin üstünə
işıq salır. İndi bəlli olur ki, türk epos
yaradıcılığı Şumer
folklorundan qaynaqlanır. «Kitabi-Dədə Qorqud»
və «Koroğlu» eposlarında bu fikri söyləməyə əsas
verən yetərincə faktlar var».
Şumer
qəhrəmanlıq dastanları ilə «Oğuz Kağan»,
«Manas», «Kitabi-Dədə Qorqud», «Koroğlu» və digər
türk eposları arasında həm forma, həm də məzmun,
ideya, süjet oxşarlıqları aydın nəzərə
çarpır. İ.Sadıq bu fikirdədir: «Bundan başqa bədii
ifadə və təsvir vasitələri, poetik üslub
çalarları arasında da bir qaynağa bağlanan
çox səciyyəvi elementlər var. Hər şeydən
öncə, Şumer qəhrəmanlıq dastanlarının
hamısı nəzmlə yazılıb. Bu ənənə
sonralar türk epos yaradıcılığında uğurla
davam etdirilib. Oğuznamələrin
çoxu yalnız nəzmdən ibarətdir. «Manas» kimi 400 min misradan ibarət möhtəşəm
bir türk eposunda nəsr yoxdur. «Kitabi-Dədə
Qorqud» və «Koroğlu» eposlarında bu ənənə yeni
bir mərhələyə keçərək nəzmlə nəsr
parçaları yüksək səviyyədə sintezləşdirilib,
növbələşdirilib».
E.Əlibəyzadə
2007-ci ildə işıq üzü görmüş
«Türk-Azərbaycan bədii düşüncəsinin ilkin
qaynaqları» kitabında «Bilqamıs» dastanı və «Kitabi-Dədə
Qorqud» eposu arasında uğurlu paralellər aparıb,
müqayisəli təhlillər verib, maraqlı nəticələr
çıxarıb: «Bu, çox geniş bir tədqiqatın
mövzusudur. Adı çəkilən kitabda
toxunulmamış məsələlər,
tutuşdurulmamış oxşarlıqlar hələ
çoxdur. E.Əlibəyzadənin
yığcam, daha doğrusu, tezislər şəklində
toxunduğu bir sıra məsələlərin də daha
geniş, hərtərəfli araşdırılmasına
ehtiyac duyulur.
Azərbaycanda
hələlik çox az öyrənilmiş
«Oğuz Kağan» dastanının bütün mifoloji
qatları Şumer Tanrılar panteonu və mifoloji mətnləri
ilə yaxından səsləşir. Tanrıçılıq
ideyası, Tanrıya bağlılıq, Tanrı
başlanğıcına inam, Tanrının
böyüklüyü, ululuğu «Oğuz Kağan»
dastanında çox aydın ifadə edilib. Eramızdan çox-çox əvvəlki dövrlərdə
yaranmış və uyğur hərflərilə türk
dilində mövcud olan yeganə əlyazması Paris Milli
kitabxanasında saxlanan «Oğuz Kağan» dastanından bəlli
olur ki, «Oğuz Kağanın yanında ağ saqqallı,
qır (qara yaxud gur) saçlı, uzun təcrübəli bir
ixtiyar vardı. O, anlayışlı və əsil bir
adamdı. Oğuz Kağanın naziri idi. Adı da Uluğ Türük idi».
Diqqət
edin: Uluğ Türük! Kitabı çapa
hazırlayan Məhərrəm Erginin də doğru olaraq
dediyi kimi, «Uluğ Türük-Ulu Türk» deməkdir.
«Ulu» sözü şumerlərdə «Tanrı»
sözünün sinonimi olub, «il», «ilu», «ulu» şəkillərində
yazılıb. Bu gün də dilimizdə
«Tanrı» sözü çox zaman «ulu» epitetiylə birlikdə
işlədilir. «Oğuz Kağan» dastanındakı Ulu
Türük şəxs adıyla Şumer
panteonundakı Turuk/Türk Tanrı adının eyniliyi
göz önündədir və bu bağlılıq türk
etnoniminin tarixini daha qədimlərdə axtarmağı tələb
edir. Oğuz Kağanın Tanrı mənşəliyi
də bu axtarışların mənasız
olmadığını göstərir. Məsələn,
Oğuz Kağanın oğlanlarının Ay xan, Gün xan,
Ulduz xan, Dəniz xan, Dağ xan və Göy xan adlanması
dastanı birbaşa Şumer Tanrılar panteonu ilə
bağlayır. Bilirik ki, Şumer panteonunda
Ay da, Gün də Tanrıdır. İlk
xaqanların/xanların da Tanrılar olduğunu bilirik. Oğuz Kağanın oğlanlarının
adlarındakı «xan» epiteti məhz ordan qaynaqlanır. Göy ilk Tanrının — Abın adıdır.
«Ab» sözü sonradan göylə əvəz
olunub, Göy tanrıçılıq da burdan yaranıb.
İlk Tanrı Ab sonralar Göy Tanrıya
çevrilib. Dəniz su deməkdir. Xəzər dənizinin ilk adı Absu-Göy dənizi,
Səma dənizi olub. Ona görə Dəniz
adı su, Dağ adı torpaq başlanğıcını
ifadə edir. «Oğuz Kağan» dastanını Şumer Tanrılar panteonu ilə bağlayan digər
motivlər də var. Dastanın sonunda Oğuz Kağan
oğlanlarına «Ben Gök Tanrıya (borcumu) ödedim» deyir.
Dastanda Uluğ Türük, Uluğ Ordu bey adları çəkilir.
Göy Tanrı adı yuxarıdakı fikrin
doğruluğunu aydın göstərir. Digər faktlar
da az söz demir».
«Bilqamıs»
dastanının dilimizə ilk və yeganə tərcüməçisi
İsmayıl Vəliyev Şumer-Azərbaycan folklor örnəklərindəki
bu cür oxşarlıqları, səsləşmələri,
qan yaddaşı vasitəsilə ötürülən
süjet, fikir, təsvir eyniliklərini görüb, onları tədqiq
etməyin elmi əhəmiyyətini xüsusi vurğulayıb:
«Əski Şumer dastan və nəğmələrində Azərbaycan
folkloruna, nağıl və əfsanələrinə yaxın
olan çoxlu süjet, fikir, bədii deyim, bənzətmə
və s. var. «Bilqamıs» dastanı, «Kitabi-Dədə Qorqud»
boyları və «Koroğlu» dastanı arasında mühüm əlaqə
bağları var. Hətta şumerlərin bir çox ad və
soyköklərinə müasir dilimizdə rast gəlinir. Tədqiqatlar genişləndikcə təbii ki, yeni
elmi baxışlar, sürprizlər meydana gələcək.
İndiki halda əski şumer, akkad ədəbi mətnlərinin
Azərbaycan dilinə çevrilməsinin çox
böyük ictimai, ədəbi elmi önəmi var. Gələcəkdə
bu xeyirxah iş davam etdirilərsə, ədəbi
inkişafımız yeni keyfiyyətlər qazanar, əlvan
çalarla zənginləşər».
«Kitabi-Dədə
Qorqud»un ilk boyu «Dirsə xan oğlu Buğacın….» boyudur. İ.Sadıq bildirir: «Bu boyun əsas
mahiyyəti Buğacın Bayındır xanın buğası
ilə döyüşməsi və onu yıxıb
öldürməsidir. Məhz buğanı
öldürdükdən sonra Dədə Qorqud Dirsə
xanın oğluna Buğac adı qoyur. Vəhşi
buğayla insanın qarşılaşmasına bir də eposun
«Qanlı Qoca Oğlu Qanturalı» boyunda rast gəlinir. Qanturalı Təkurun qızı Selcan xatunu
almağa gedir. Təkur şərt qoyur ki,
onun qızını almaq istəyən igid vəhşi
buğanı, aslanı və qızmış dəvəni
öldürməlidir. Şərtlər
çox ağırdır, hər igidin qol qoyacağı
şərt deyil, ancaq Selcan xatun da bir gözəldi, ondan
keçmək oğuz igidinə yaraşmaz. Qanturalının eşqi aşıb-daşır,
onun gözündə buğa da, aslan da, dəvə də
öz qorxuncluğunu, dəhşətini itirir.
Bilqamıs, Dədə Qorqud və Koroğlu obrazlarında ata-oğul, baba-nəvə varisliyi bir çox keyfiyyətlərdə aydın nəzərə çarpır. Bilqamıs ağıllıdır, hər şeyi biləndir, müdrikdir. Urukun çarıdır, böyük bir xalqı idarə edir. Dədə Qorqud ağıllıdır, müdrikdirb hər şeyi biləndir, Oğuzun müşküllərini həll edir. Koroğlu ağıllıdır, müdrikdir, Çənlibelin ağasıdır, dəlilərin başçısıdır. Çənlibeldəki bütün məsələləri o həll edir. Bunlar hər üç qəhrəmanın ümumi keyfiyyətləridir. Eyni keyfiyyətlər hər üçündə var. Bir sıra keyfiyyətlərə isə qəhrəmanlardan ikisində rast gəlinir, üçüncüsündə yox! Bilqamıs da, Koroğlu da sərkərdədir, igiddir, qəhrəmandır. Dədə Qorqud da, Koroğlu da ağsaqqaldır. Birincinin sinəsində qopuz, ikincinin sinəsində saz var. Bilqamısda bunlar yoxdur. Bilqamısla Dədə Qorqudu bir-birinə yaxınlaşdıran xüsusiyyətlər çoxdur. Bilqamısın əbədi həyat, ölməzlik axtarışı isə onun Dəli Domrulla qarşılaşdırılmasına imkan verir. «Kitabi-Dədə Qorqud» eposunda Dəli Domrul ölümlə barışmaq, Əzrayıla can vermək istəmir. Hətta qılıncını çəkib Əzrayılı öldürmək fikrinə düşür. Ancaq neyləsə də Əzrayılın əlindən yaxa qurtarmaq, ölümdən qaçmaq mümkün olmur. Bax, burda Dəli Domrulla Bilqamısın taleyi bir-birinə oxşayır. Dəli Domrula yüz qırx il ömür verilir. Bilqamıs yüz iyirmi altı il çarlıq edib. Bu iki qəhrəmanı yaxınlaşdıran əlamətlərdən biri də onların hər ikisinin dar ayaqda Tanrıya üz tutmalarıdır. Bilqamıs Enkidu ilə Humbabanı öldürməyə gedərkən Günəş Tanrısı Utu/Şamaşı köməyə çağırır. Şamaş onun səsini eşidir və kömək edir. Dəli Domrul da Tanrıya yalvarır, ondan ömür istəyir. Tanrı onu eşidir və istədiyini yerinə yetirir. «Koroğlu» eposunda da Tanrıdan kömək ummaq səhnələri çoxdur.
Türk folklorunda, mifologiyasında qurd obrazının xüsusi yeri var. Bu obraza «Kitabi-Dədə Qorqud» və «Koroğlu» eposlarında xüsusi məhəbbət olduğu aydın gözə çarpır. İndi bəlli olur ki, bu sevginin, sayğının kökü «Bilqamıs»a bağlıdır. Dağlarla bağlı səhnələr həm «Kitabi-Dədə Qorqud», həm də «Koroğlu» eposlarında çoxdur. Bu səhnələrin hamısında dağlar canlı təsvir edilir, insanlar onları özlərinə dost, qardaş, sirdaş sayırlar. «Koroğlu» eposundakı «Dağlar» rədifli qoşma buna çox gözəl örnəkdir. Qoşmanın qafiyələrini yada salmaq kifayətdir: «Sirdaşım dağlar», «yoldaşım dağlar», «ulaşım dağlar», «qardaşım dağlar» və s. Dağlara bu cür qardaşlıq, sirdaşlıq sevgisinin çox qədim kökləri var. Biz bunu ilk dəfə Şumer folklorunda görürük. Orda da dağlara canlı varlıq kimi müraciət olunur, qəhrəmanlar onlarla dərdləşir, məsləhətləşirlər. «Bilqamıs» dastanının dördüncü lövhəsində Bilqamıs dağa çıxıb onunla danışır: «Bilqamıs dağa çıxıb ətrafa göz gəzdirdi.»Dağ, mənə sən xeyirli yuxu gətir!» söylədi.
Dağ Bilqamısın sözünü
eşidir, qəhrəman yuxuya gedir, yuxu görür.
İtmiş parçaları nəzərə almasaq,
kiçik bir lövhədə dağa müraciət və
Bilqamısın yuxu görməsi üç dəfə təkrar
olunur. Hər dəfə də onun gördüyü yuxu
xeyirliyə yozulur, çünki dağ müsbət
obrazdır, insanların arxası, köməyi, dostu,
sirdaşı və qardaşıdır. Dostun,
sirdaşın, qardaşın gətirdiyi yuxu pis ola bilməz.
Dağ obrazı haqqında yazanlar onun türkün mifik
yaddaşındakı müqəddəsliyinin, ululuğunun
hardan qaynaqlandığına diqqət yetirməyiblər.
Şumer miflərinə görə, Tufanda Utnapiştinin
(Nuhun) gəmisi Nisir dağında dayanıb, insanları
dağ xilas edib. Dağ ona görə türkün
yaddaşında ululaşıb, müqəddəsləşib».
Uğur
Xalq cəbhəsi.-2013.-13
avqust.-S.14.