İsraildə Xocalı qətliamını əks etdirən fotosərgi açılıb

 

Simxa Yosipov: «Xocalı qətliamı təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı yönəldilib»

Roman Abramov: «Holokost soyqırımını yaşamış yəhudilər Xocalı soyqırımını yaşamış azərbaycanlıları hamıdan yaxşı anlaya bilərlər»

İsrailin şimali hissəsində yerləşən Or Akiva şəhərində Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı səyyar sənədli fotosərgi keçirilib. Bu ilin fevral ayının 25-də Təl-Əviv Universitetinin nəzdində fəaliyyət göstərən Yəhudi Diaspora Muzeyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi «Xocalıya Ədalət» kampaniyasının «STMEGİ» Dağ Yəhudilərinin Beynəlxalq Təşkilatının dəstəyi, «Azərbaycan-İsrail» Beynəlxalq Assosiasiyasının (Azİz) təşkilatçılığı ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anma mərasimi sənədli fotosərgi keçirilib.

Təşkilatdan «Xalq Cəbhəsi»nə verilən məlumata görə, sərginin açılışı mərasimində Tirat Karmel şəhərinin meri Arie Tal, İsraildə akkreditə olunan diplomatik korpusun nümayəndələri, ictimai təşkilatların rəhbərləri, İsrailin media nümayəndələri iştirak ediblər. Fotosərgini açan Dağ Yəhudilərinin Mədəniyyət Ənənələrinin Qorunması Mərkəzinin direktoru, «AZİZ»in idarə heyətinin üzvü Şaul Siman Tov Dağlıq Qarabağ münaqişəsindən, 1992-ci il fevralın 25-dən 26-na keçən o gecənin dəhşətlərindən danışıb. Fotosərgidə çıxış edən, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman qeyd edib ki, misli görünməmiş vəhşiliklə törədilmiş Xocalı soyqırımı XX əsrin ən qorxunc faciələrindən biridir: «Bu fotosərgidə gordüyünüz sənədli şəkillər dəhşətli dərəcədə dözülməz səhnələr Azərbaycan xalqının ürəyində sağalmaz bir yara açıb. Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biriXocalı şəhəri cəmi bir gecə ərzində yerlə-yeksan edilərək yandırılıb. Bu faciə bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir».

Yeganə Salman qeyd edib ki, erməni silahlı birləşmələrinin yırtıcılığı nəticəsində 613 adam qətlə yetirilib, 487 adam əlil olub, 1275 dinc sakinqocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalıblar. Tədbirdə çıxış edən Or Akiva şəhərinin rəhbəri Simxa Yosipov qeyd edib ki Xocalı qətliamı təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı yönəldilib: «Mən Xocalı qətliamına həsr olunan fotosərginin mənim şəhərimdə keçirdiyinə görə «AZİZ» Beynəlxalq Assosiasiyasına və Heydər Əliyev Fonduna minnətdaram. Xocalı qətliamına həsr edilmiş bu fotosərgi məni sarsıtdı, mən gördüklərindən şoka düşdüm. Bu Azərbaycan xalqına qarşı vəhşilik təzahürüdür. Məhz buna görə də biz bu sənədli səyyar fotosərgini il ərzində İsrailin müxtəlif şəhərlərində təşkil etməliyik. Xahiş edirəm, bu fotosərgini Or Akiva şəhərinin müxtəlif yerlərində bir neçə ay keçirin. İsrailin siyasi elitası Xocalı qətliamı ilə bağlı məlumatlansın, İsrail ictimaiyyəti və siyasi elita «Justice for Khojaly» kampaniyası çərçivəsində Xocalı qətliamı haqqında dolğun və dəhşətli faktlar barədə xəbəri olsun». Or Akiva merinin sözlərinə görə, cinayət cəzasız qalmamalıdır, beynəlxalq qurumlar, dünya ölkələrinin parlamentləri Ermənistanın Azərbaycan ərazisində törətdiyi Xocalı soyqırımına əsl soyqırımı kimi beynəlxalq hüquqi-siyasi qiymət verməlidir.

«STMEGİ» Dağ Yəhudilərinin Beynəlxalq Təşkilatının İsraildə nümayəndəsi Roman Abramov səyyar fotosərgidə gördüyü şəkillərdən sarsıntı keçirdiyini bildirdı: «Biz yahudilər 70 il öncə Xolokostu yaşadıq və düşünürdük ki, heç kim daha belə qətliamları yaşamayacaq. Fəqət yalnız 20 il öncə bu qanlı faciəni Xocalı sakinləri yaşadı. Abramovun sözlərinə görə, azərbaycanlılar və yəhudilər hər zaman qardaş olublar: «Holokost soyqırımını yaşamış yahudilər Xocalı soyqırımını yaşamış azərbyacnlıları hamıdan yaxşı anlaya bilər. Or Akiva şəhərində Xocalı qətliamına həsr olunan bu fotosərgi onun üçün vacibdir ki, bu fotosərgini yüzlərlə, minlərlə gənc israilli görəcək. Xocalıda baş verən faciə yalnız azərbaycanlıların deyil, həm də bizim dərdimizdir, bizim kədərimizdir, bizim ağrımızıdır».

«İsrail-Azərbaycan» Assosiasiyasının baş direktoru Lev Spivak tədbirdə iştirak etdiklərinə görə hamıya minnətdarlığını bildirib. Spivak Azərbaycan icmasına daim diqqət yetirdiyinə görə və Xocalı qətliamı ilə bağlı dəstək sözlərinə Or Akiva şəhərinin merinə minnətdarlıq bildirib.

 

Əli

Xalq Cəbhəsi.- 2013.- 21 avqust.- S.15.