Şumer dastanlarında Türk ruhu
«Tarixdə türklər qədər
çox və zəngin qəhrəmanlıq dastanları
yaratmış xalq yoxdur»
Şumer e.ə. VI minillikdən başlayaraq mövcud
olmuş ən qədim insan sivilizasiyasıdır. Sakinləri Şumer
dilində danışıblar. Şumerlərin
prototürklər olmasını iddia edən bir çox alimlər
var. Onlar səbəb kimi şumerlərin dilindəki bir
çox sözlərin bu gün də olduğu kimi
türkdilli xalqların dilində işlənməsi və ya
qədim (ümumi) türk dilinin lüğətinə daxil
olmasını göstərirlər. Şumer
dövləti Mesopotamiyada («Mesopotomiya» yunan dilində
«İkiçayarası» deməkdir) Dəclə və Fərat
çaylarının kəsişməsində yerləşirdi.
Mesopotamiyanın cənubu «Şumerlər ölkəsi»
adlanırdı.
İslam
Sadıq Şumer dövrü
dastanlarını araşdırıb. O, bu qənaətə gəlir
ki, türklərin çox zəngin qəhrəmanlıq
tarixinə bilə-bilə göz yumulub: «Şumerlərin qəhrəmanlıq
tarixi isə sadəcə olaraq unudulur. S.Kramer bununla
bağlı haqlı olaraq yazır: «Şumer qəhrəmanlıq
hekayələri dünya və ədəbiyyat tarixində yeni
bir qəhrəmanlıq çağını ortaya qoyur. E.ə. üçüncü minilliyin
başlanğıcına aid edilən bu çağ «Şumer
qəhrəmanlıq dövrü» adlanır. Bu, ən əski olan yunan çağından 1500 ildən
daha çox öncəyə aiddir, onların
hamısının mədəni xətləri bir-birinə
oxşardır».
İ.Sadıq
bu qənaətə gədlir ki, tarixdə türklər qədər
çox və zəngin qəhrəmanlıq dastanları
yaratmış xalq yoxdur: «Onların hər biri bu xalqın
çox böyük qəhrəmanlıq tarixinin yaddaqalan səhifələrinin
bədii ifadəsidir. S.Kramer doğru deyir ki,
bütün xalqların qəhrəmanlıq tarixləri
oxşardır, çünki onların
başlanğıcı, qaynağı eynidir. Türk qəhrəmanlıq dastanlarının da
mayası, əti, qanı Şumerə bağlıdır.
Bunu «Oğuz Kağan», «Manas», «Kitabi-Dədə Qorqud» və
«Koroğlu» eposları ilə Şumer qəhrəmanlıq
dastanları arasındakı oxşarlıqlar aydın göstərir.
Bu günə qədər Şumer mixi
yazılı gil lövhələrindən doqquz qəhrəmanlıq
dastanı tapılıb. Onlardan ikisi Enmerkarın («Enmerkar və
Aratta hökmdarı», «Lazur işığında ucalan
divarlar»), ikisi Luqalbandanın («Luqalbanda və Enmerkar»,
«Luqalbanda və Hurrum dağı»), beşi Bilqamısın
(«Bilqamıs və Ağa», «Bilqamıs» dastanı,
«Bilqamıs, Enkidu və yeraltı dünya», «Bilqamis və
ölümsüzlər ölkəsi», «Bilqamıs və
Humbaba») qəhrəmanlıqlarına həsr olunub. Qəhrəmanlıq dastanlarında qəhrəmanlığın
iki motivi daha qabarıq gözə çarpır. Bunun birincisi qorxunc, dəhşətli təbiət
qüvvələrinə qarşı mübarizədə
göstərilən qəhrəmanlıqdır. «Kitabi-Dədə
Qorqud»da Basatın Təpəgözü, «Bilqamıs» və
«Bilqamıs və Humbaba» dastanlarında Bilqamısla Enkidunun
Humbabanı öldürmələri bu qəhrəmanlığın
mayasını təşkil edir. İkincisi, vətəni,
ölkəni, yurdu qorumaq, xalqı və torpağı yadlardan
asılı vəziyyətə düşməyə qoymamaq
uğrunda göstərilən qəhrəmanlıqdır.
Şumer dastanlarının çoxunda məhz vətəni,
yurdu, torpağı və xalqı qorumaq üçün
göstərilən qəhrəmanlıqlardan bəhs edilir.
Kiş şəhərinin hökmdarı
Ağa, Aratta hökmdarı Ensakuşsiranna Uruku özlərinə
tabe etmək, bununla da öz şöhrətlərini
artırmaq, öyünmək, qürurlanmaq fikrinə
düşürlər. Ancaq Enmerkar, Luqalbanda və
Bilqamıs Urukun başqasının tabeliyinə düşməsilə
qətiyyən barışmırlar, belə bir halın
mümkünlüyünü ağıllarına belə gətirmirlər.
Uruku göz bəbəyi kimi qoruyurlar.
Oğuz igidlərinin Oğuz ellərini, yurdu, torpağı, vətəni,
Koroğlu dəlilərinin Çənlibeli, onun hər
qayasını, daşını canından əziz tutub, necə
sevdiklərini, qoruduqlarını sonsuz həvəslə,
yüksək bədii zövqlə öyən, əbədiləşdirən
aşıq-şairlərimiz də Şumer şairlərinin nəvələri,
varisləri olublar. Şumer şairləri öz
qəhrəmanlarını ürəkdən sevib, onların qəhrəmanlıqlarına
gözəl nəğmələr qoşublar. «Kitabi-Dədə Qorqud» və «Koroğlu» eposlarında
da bu ənənə yüksək səviyyədə davam
etdirilib». Bilqamıs obrazına gəlincə,
araşdırmaçı bildirir ki, Şumer
şairləri öz qəhrəmanlarından Bilqamısı
daha çox sevib, onun igidliklərini öyməkdən
doymayıblar: «Hazırda əldə olan doqquz Şumer qəhrəmanlıq
dastanından beşinin Bilqamısa həsr edilməsi bu sevgini
təsdiqləyən faktlardan biridir. İnsan
yarandığı gündən ölümün səbəbləri
ilə maraqlanıb, əbədi həyatın sirlərini
öyrənməyə çalışıb. Bu mövzu bütün xalqların mifologiyasında,
folklorunda və yazılı ədəbiyyatında öz ifadəsini
tapıb. Motivin ilkin qaynağı Şumer
dastanı «Bilqamıs»dır. Dastandan bilirik ki,
dostu Enkidunun ölümündən sonra Bilqamıs bərk qəmgin
olur, bir gün özünün də öləcəyini
düşünür və əbədi həyat
axtarışına başlayır. Ən
maraqlısı odur ki, əbədi həyat, ölməzlik
Bilqamısın ağlına hardan gəlir? Bu sualın
düzgün cavabını yalnız Şumer
qaynaqlarında tapmaq mümkündür. Şumer
qaynaqlarında açıqca deyilir ki, ilk insanlar tanrılarla
bir yerdə yaşayır, onlara xidmət edirdilər. Əbədi həyat, ölümsüzlük
yalnız tanrılara nəsib olub və bunu da ilk insanlar
görüblər. İnsanların əbədi
həyat, ölməzlik fikrinə düşmələri məhz
bundan qaynaqlanır. Məsələn,
Bilqamısın üçdə ikisi Tanrı, üçdə
biri insan idi və sonuncu «üçdə bir» onu əbədi
həyatdan, ölümsüzlükdən məhrum edir».
Şumerlərdə
əbədi həyatın, ölməzliyin rəmzi həyat
ağacıdır: «Onu daim iki müdrik qoruyur. Bu ağac «Məlikməmməd»
nağılındakı alma ağacına
oxşayır. Almanın meyvəsini yeyən adam
cavanlaşır. Onu da hər dəfə divlər
aparırlar. Almanı yeyib cavanlaşmaq
motivi «Bilqamıs» dastanında çiçəklə
cavanalaşma motivinə çox oxşayır. Orda da ilan çiçəyi oğurlayır və
qabığını dəyişib cavanlaşır. Çiçək-alma və ilan-div paralelləri bu
motivin geneoloji qaynağını üzə
çıxarmağa kömək edir. Şumer
miflərindəki həyat ağacı «Kitabi-Dədə
Qorqud»da «Qaba ağac» adıyla xatırlanır.
«Qaba» çoxçalarlı sözdür, hər ifadənin
tərkibində bir başqa məna daşıyır. «Anam adın
sorar olsan, Qaba Ağac» misrasında gizli bir mənanın
kodlaşdırıldığı aydın
görünür. Ona görə də
«qaba» sözünün burdakı mənası digər ifadələrdəki
mənalarına uyğun gəlmir. Şumer
dilində «qaba»- döş, sinə, qabaq deməkdir. Döşü, sinəni qabırğalar əmələ
gətirir. Heç bir şübhə
yoxdur ki, qabırğa sözü qaba (döş, sinə)
sözünün törəməsidir. Bunu
təkcə həmin sözlərin oxşarlığı
deyil, sonra görəcəyimiz başqa faktlar da təsdiqləyir.
Bir çox dünya xalqlarının
mifologiyasına görə, Həvva Adəmin
qabırğasından yaranıb. Qabırğadan
insan yaranması mifik düşüncənin sərhədlərindən
çıxa bilmir. Burda gerçəkliyin
izlərini də görmək olmur. «Kitabi-Dədə
Qorqud»dakı «Qaba Ağac»ın mənası bu mifdəki
«Qabırğa»da kodlaşdırılıb. Şumerlərin «Həyat ağacı» qabırğa
şəklindədir. Həmin ağacı
iki müdrik qoruyur. Bu ağac və onu qoruyan müdriklər
«Məlikməmməd» nağılındakı alma
ağacını və Məlikməmmədi yada salır.
«Kitabi-Dədə Qorqud»un qəhrəmanlarından olan
Basatın «Anam adın sorar olsan Qaba Ağac» fikrinin şumer
mifik təfəkküründən qaynaqlandığı, «Həyat
ağacı» ilə «Qaba Ağac» ifadələrinin eyni anlamda
işləndikləri düşünülə bilər. Bunun əksini düşünmək
üçün hələlik əlimizdə heç bir əsas
yoxdur. Əgər bunu qəbul etsək,
onda Qağan Aslanın Basatın atası olmasının da
sirri açılır. «Həyat ağacı»nı iki müdrik qoruyur. «Həyat
ağacı» anadırsa, qoruyucular atadır. Şumer miflərində və arxeoloji
qazıntılar zamanı tapılmış
saysız-hesabsız mədəniyyət abidələrində
qoruyucu obrazında daha çox şirlərə (aslanlara) rast
gəlinməsi bu fikrin təsdiqinə kömək edən
tutarlı dəlillərdir. Ağacın həyat
rəmzi olması, ana başlanğıcın ondan
qaynaqlanması «Oğuz Kağan» dastanında da öz ifadəsini
tapıb, burdan da başqa dastanlara keçib. Bu motiv
«Oğuz Kağan» dastanında belədir: «Yine bir gün
Oğuz Kağan ava gitti. Önünde
bir göl ortasında, bir ağac gördü. Bu ağacın kovuğunda bir kız vardı,
yalnız oturuyordu. Çok güzel bir
kızdı. Gözü gökden daha
gök idi; saçı ırmak kibi dalgalı idi; dişi inci
kibi idi. Öyle güzeldi ki, eger yer
yüzünün halkı onu görse: Eyvah! Ölüyoruz
der ve (tatlı) süt (acı) kımız olurdu. Oğuz Kağan onu görünce aklı gitti. Yüregine ateş düştü; onu sevdi, aldı.
Onunla yattı ve dilegini aldı. (Kız) gebe kaldı. Günler ve
gecelerden sonra (gözleri) parladı ve üç erkek
çocuk doğurdu. Birincisine Gök
adını koydular; ikincisine Dağ adını koydular;
üçüncüsüne Deniz adını koydular»".
Araşdırmaçının fikrincə, «Oğuz Kağan» dastanındakı bu motivə olduğu kimi «Oğuznamə»nin uyğur versiyasında rast gəlinir: «Orda da Oğuz Kağan Ağacın koğuşunda bir qız görür, onu alır, üç oğlu olur. Hər iki halda Oğuz Ağacla yox, onun qucağındakı qızla evlənir. Tam aydındır ki, Ağac qızın anasıdır. Deməli, Ağac ana başlanğıcı təmsil edir. Oğuz Kağan bütün varlığıyla Şumer dünyasına bağlıdır. Dastanın birinci cümləsindən bəlli olur ki, Oğuz Ay Kağanın oğludur. Oğuz Kağanın birinci qızla evlənməsi də birbaşa Şumer miflərini xatırladır, onlarla səsləşir: «Yine günlerden bir gün Oğuz Kağan bir yerde Tanrıya yalvarmakta idi. Karanlık bastı. Gökden bir gök işık indi. Güneşten ve aydan daha parlaktı. Oğuz Kağan oraya yürüdü ve gördü ki: O işığın içinde bir kız var, yalnız oturuyor. Çok güzel bir kızdı. Başında (alnında) ateşli ve parlak bir beni vardı, demir kazık (kutup yıldızı) gibi idi. O kız öyle güzeldi ki, gülse, Gök Tanrı gülüyor; ağlasa, Gök Tanrı ağlıyordu. Oğuz Kağan onu görünce aklı gitti; sevdi, aldı. Onunla yattı ve dilegini aldı. Kız gebe kaldı. Günler ve gecelerden sonra (gözleri) parladı ve üç erkek çocuk doğurdu. Birincisine Gün adını koydular; ikincisine Ay adını koydular; üçüncüsüne Yıldız adını koydular».
Oğuzun aldığı işığın içindəki qız Şumer miflərindəki İnanna/İştarın obrazını yada salır. Oğuzun öz oğlanlarına Ay, Gün, Ulduz, Dəniz, Göy, Dağ adları qoymağı da şumer miflərilə qırılmaz tellərlə bağlıdır. Şumerdə Göy (An), Ay (Nannar/Sin), Gün (Utu/Şamaş) tanrılardır. Oğuz Kağan özü Ay Kağanın oğludur, daha doğrusu, Oğuzu Ay Kağan doğub, bu da onun tanrı başlanğıcına bağlılığını göstərir. Oğlanların tanrı adlarıyla adlanması da tanrı başlanğıcını unutmamaq, yaşatmaq ideyasının təzahürüdür. Bir çox mütəxəssislər Oğuz Kağanla Bilqamıs arasında yaxın bağlılıq görürlər. Arif Acalov Oğuz Kağanın da yarımtanrı olduğunu, yaxud ən azı tanrı mənşəliliyini söyləyir. Bilqamısın isə üçdə ikisi tanrı, üçdə biri insandır. Yuxarıda aparılan paralellər aydın göstərir ki, zəngin türk folklorunun, xüsusilə türk dastanlarının ilkin qaynaqları məhz Şumer epik təfəkkürünə bağlıdır. Bütün bu ədəbi yaradıcılıq nümunələri, mənəvi mədəniyyət abidələri bir-biri ilə qırılmaz etnogenetik tellərlə elə möhkəm bağlıdır ki, onları ayrı-ayrılıqda öyrənmək, araşdırmaq heç vaxt doğru elmi nəticələr verə bilməz. Bu gün türk folklorunun Şumer qaynaqları əsasında öyrənilməsi şumerlərin mənşəyini, etnik kimliyini, türklərlə dil və qan qohumluğunu üzə çıxarmaq baxımından da böyük elmi əhəmiyyət kəsb edir».
Uğur
Xalq Cəbhəsi.- 2013.- 21 avqust.-
S.13.