Çağdaş Güney Azərbaycan ədəbiyyatı
Azərbaycanı
imperiya dövlətləri iki yerə — şimala və cənuba
parçalayandan sonra el-oba, xalq, tarixi Vətən torpaqları
bölünsə də söz sənəti, ədəbiyyat
bölünmədi, öz bütövlüyünü, vəhdətini
qoruyub saxladı
V yazı
(Əvvəli
ötən saylarımızda)
Eyvaz
Tahanın «Ancaq qorxulu olan, gec gəlmiş adamın, şeir
karvanının lap ön sırasında durmaq istəyidir»
fikrinə isə daha sərt təpki göstərərək
yazır: «Yazıçının dilə qarşı necə
gəldi yanaşması, fars dilinin qramatikasında tümcə
(cümlə) quruluşu, yerli-yersiz fars sözcüklərinin
(«tümcə» kəlməsi əhatələdiyi məna
baxımından «cümlə» sözünə uğurlu
alternativ sayıla bilər, ancaq sözcük deyil, söz
deyilməlidir — E.F.) işlədilməsi, özünün
dediyi dilə qarşı sorumlu davranma ilə daban-dabana
qarşı durur. Öncə dilə qarşı necə gəldi
yanaşmanın, eləcə də sorumlu davranmamanın
örnəklərini gətirim: Birinci tümcə (cümlə)də «fəlsəfi baxımdan» fəlsəfə
baxımından yazılarsa, fars dilinin mənsubiyyət
göstəricisi olan «i» əkinin (Hadinin şəkilçi
sözünə qarşılıq olaraq «əki» deməsi də
maraqlıdır-E.F.) işlədilməsinə yer qalmaz.
Başqa sözlə, fars dilinə
alışqanlıqdan, eləcə də türk dilinin
quruluşuna eyrəti yanaşmaqdan yaranmış bu söz
birləşməsində olan «i» əki bütünlükdə
yersizdir. Bizim dilimizdə «fəlsəfə baxımından»
deyilməlidir, yazıçının işlətdiyi «fəlsəfi
baxımdan» isə fars dilindəki («əz nəzəre fəlsəf»i»)
söz birləşməsinin çevirisi (tərcüməsi)dir. İkinci tümcədə «ki»
bağlayıcısının işlədilməsi bizi yenə
də fars dilinin tümcə quruluşu ilə
qarşılaşdırır. İndi burada «ki»
yerinə farsların öz fonetikasındakı «ke»yi qoyub
oxusaq, dediyimi qolaycasına görərik. Öylə isə
bu tümcə necə yazılmalıydı sorarsanız,
yanıtı (cavabı) belədir: Kitab boyu bu
yanlışların sürdüyünü yer-yer, çox
sayıda görürük. Sayın Taha bir neçə termin
qondardığını da söyləyir, böylə isə
Taha bəy termin qondara bilər, dilimizi istədiyi kimi yaza bilərsə,
onda hansıysa bir şairin dili dəyişmək, dili təmizləmək
istəməsi nədən qınanır? Genəl
olaraq dili təmizləməyə, dəyişməyə yol
açan hansıyısa bir ölçü, bir meyar
varmı? Varsa, bu ölçülər
hansılardır, bu ölçüləri kim,
kimlər, hansı haqla yaradıblar? Bu
sorğulara cavabımız yoxdur, sayın Tahanın dil
üstündə istədiyi kimi işləmək haqqı,
hansıysa dün gəlmiş bir şairin haqqı ilə təndir.
Unutmayın, söz yalnız dil üstə
işləyən kişilərin «haqq»ından gedir. Gərəkli ölçüləri
açıqlamaq, başarılı bir dil qurumu oluşdurmaq
dilimizin qayğısını çəkənlərimizin
hamısının istəyidir. Ancaq belə
bir qurumun oluşub işlədiyi bir durumda belə, yenə də
kiməsə «sən hələ dünən gəlmisən,
dilimizdə dəyişiklik yaradanmazsan» deməyə
haqqımız çatmaz».
Bütün
bu yorumlardan Güneydə ana dilinin, doğma türkcənin
hazırkı durumundan və sabahından həqiqətən əndişə
duyan, rahatsız olan vicdanlı bir ziyalının, təəssübkeş
bir Vətən oğlunun könül
çırpıntıları duyulur… Heç kəsin
haqqına girməyən, hər bir qələm adamına
etdiklərinə, xalqının, millətinin və onun
qonuşduğu dilin aydın gələcəyi naminə
göstərdiyi çabalarına görə qiymət verməyi
bacaran azadlıq mücahidinin narahatlıqları
yansıyır… Elə düşünülməsin ki, Hadi
Qaraçay gənclərimizin dünya, eləcə də
Avropa ədəbiyyatı nümunələrini
oxumasının, batının-Qərbin klassik musiqisini dinləməsininin
əleyhinədir, əsla! O, bütün bunlardan daha öncə
gənclərimizin öz soykökümüzlə
bağlı olan əski mədəniyyət abidələrimizi
öyrənməyə, «Dədə Qorqud»u, «Oğuznamələr»i,
«Divani-lüğat-it Türk»ü, «Orxon-Yenisey»
yazılarını oxumaq üçün könüllü,
həm də borclu olduğunu düşünür.
Ancaq Hadi
bəyin: «Şeirimizin nəqdində yazılmış «nəqd
şere moasere Azərbaycan» kitabını dərin izləyənlər
çağdaş Güney Azərbaycan şeirinin toplumsal
etginliklərindən doğru eləcə də dəqiq bir
anlayış əldə edə bilərlər. Hümmət
Şahbazinin cəsarəti, danışdığı
alanı (hoze ni) öz adı ilə səsləməsindədir.
Başqa sözlə, nala-mıxa vurmadan
danışdığı alanı dəqiqləşdirərək
konkret örnəklərlə çağdaş şeirimizin
açıqlamasına girir. Bu kitab üzərinə
başqa bir yazı ilə qayıdacağam. Burda
yalnız sayın Tahanın, birbaşa öz şeirimizlə
uğraşan bu dəyərli kitabı da görməzdən
gəlməsini göstərmək istədim,»
— fikri qəlbimdə Hümmət bəyin bu kitabını
doğma türkcəmizdə oxumaq, haqqında
bacardığım qədər söz demək arzusu, istəyi
doğurdu… Başa düşürəm ki,
«Çağdaş Azərbaycan şeirinin tənqidi»
kitabı özgə dildə o özgələrə
bugünkü Güney poeziyasının necə böyük
sürətlə dinamik inkişaf etdiyini yansıtmaq, anlatmaq
üçün yazılıb. Amma bu kitabın Ana
dilimizə çevrilməsi çox gözəl bir iş
olardı və mən şəxsən onun Bakıda
çapı üçün əlimdən gələni etməklə
özümü mutlu (bir müddətə də olsa)
sayardım…
Ümumiyyətlə götürdükdə, bilirik ki,
Azərbaycan ədəbiyyatında tarixən poeziya, şeir sənəti
daha çox inkişaf etmiş, şairlər müxtəlif həyat
hadisələrinə emosional münasibətlərini poetik
şeir dili ilə oxucularına çatdırmaq yoluna
üstünlük veriblər. Lakin böyük Azərbaycanı
imperiya dövlətləri iki yerə — şimala və cənuba
parçalayandan sonra el-oba, xalq, tarixi Vətən torpaqları
bölünsə də, söz sənəti, ədəbiyyat
bölünmədi, öz bütövlüyünü, vəhdətini
qoruyub saxladı.
Səid bəy Muğanlı çağdaş Güney
Azərbaycan poeziyasında bu gün həm forma, həm də
məzmunca modernləşmənin gücləndiyini, modernləşmənin,
yeniləşmənin artıq dönməz bir prosesə
çevrildiyini, modern və postmodern ədəbiyyatın
bütün gücü ilə öndə olduğunu da
vurğulayır. Güney Azərbaycanda çağdaş
şeirin durumunun aydın xülasəsini verən,
istedadlı gənc şairlər sırasında öncüllərdən
biri olan və bitkin modern şeirlər yazan Məlihə
xanım da Səid Muğanlı ilə demək olar ki, eyni
fikirdədir. Ədəbiyyat sahəsində bəzi qələm
sahiblərinin yalnız modern və avanqard ədəbiyyatı
dəstəklədiyini, bəzilərinin klassik ədəbiyyatı
yenidən qavrayaraq ona yeni özəlliklər aşılamaqla
çağdaşlaşdırmağın tərəfdarı
olduğunu, bir qisim şairin ədəbiyyatı şeirdən,
bəzilərinin isə yalnız və yalnız nəsrdən
ibarət sandığını bəlirləyən şair-tədqiqatçı
yazır ki, istər şeir, istərsə də nəsr əsərlərinin
əsas mövzusu yenə də vətən,
özgürlük, sürgünlük, sevgi, ayrılıq, həsrət
və s.-dir. Şeirdə modernləşmənin tərəfdarı
olan və Pəhləvi rejimi devrildikdən sonra Vətənin
fəzası bir az açılıb aydınlaşdı,
Güney Azərbaycan şeirində yeni dönəm
başlandı» deyən Məlihə xanım 1986-cı ildə
Səhər xanımın (Həmidə Rəiszadə) «Mavilər»
adlı şeir kitabının nəşrini
çağdaş Güney ədəbiyyatında yeni ədəbi
hadisə sayır. «Mavilər» kitabındakı şeirlərin
ədəbiyyatda yeni ruh, yeni atmosfer yaratdığına və
Güney poeziyasının canlanmağa
başladığına diqqət çəkən
şair-araşdırmaçı Səhər xanımın
fikir və duyğularının ifadəsində də tamamilə
dəyişik, yeni bir forma-canlı təsvir, simvol və rəmzlər,
orijinal bədii təsvir və ifadə vasitələrindən
istifadə etməklə yaşadığı dövrün,
cəmiyyət və fərdlərin çağdaş istəklərinə
və bu istəklərə qovuşma yollarında mövcud
olan əngəl və çətinliklərə
toxunduğunu, açıq-gizlin dərdlərini ədəbi-bədii
formada cəsarətlə açıqlamağı
bacardığını vurğulayır. Əlbəttə,
başının üstünü qara buludlar almış Ana
yurdun qaranlıqları içərisində, sanki zülmət
səltənətinin fəzasında doğmuş ay
bacasından boylanan və bir işıq-masmavi göy
üzü bulan Səhər xanım havasızlıqda ciyər
dolusu nəfəs ala bildi, durğunluq içində olan bir
mühitdə üzü küləyə qarşı getdi.
Onun ədəbiyyata gətirdiyi yeni düşüncə və
ifadə tərzini şeirlərindən
aşağıdakı nümunəni gətirməklə təsbitləyir:
Gecədir!
Baxıram
ay bacasından
Başqa bir mavi göyə.
Orda da var
Elə
bil,
Gecə
yurdun
qana dönmüş dənizində,
necə
bir qəmli bulud-qanlı söyüd…
Gecədir!
Baxıram ay bacasından
Başqa
bir mavi göyə…
Heca vəznli poeziya nümunələrindəki yeni nəfəs
əruzda yazılan və qədim ənənələrə
malik klassik qəzəl janrının tələblərinə
cavab verən şeirlərdə də aydın duyulur. Çağdaş şairlərin
qəzəllərində gülün, bülbülün,
gözəlin qara xalının, al buxağının, qələm
qaşının, ala gözünün, burma-burma tellərinin
vəsfinin yerini gerçək həyatın sərt
üzü, şairin yaşamının zor tərəfləri,
problemlərə açıq və sərt baxış, onu əhatə
edən mühitin reallıqlarının poetik əksi tutur.
Zeynal Cəfərpurun bu qəzəlində olduğu kimi:
Buludlar yağmur
qusur
bir
üzdən üzümüzə,
Ulduzlar
kefli-kefli
toxunur
gözümüzə.
Xiyavan,
asfalt üstü,
qaldırım çıxır dizə,
Bu halda sən
ayrılıb
gedirsən evinizə.
Mən
qalıram,
Ay
qalır,
bir də
duvarlar qalır,
Tək
qaldıqda hamımız,
tək
oluruq hamımız
Mən
qalıram,
Ay qalır,
duvarlar
yalqız qalır
Sən
evizə gedirsən,
mənə bir Təbriz qalır…
Buludların
yağmur qusması, ulduzların kefli-kefli gözümüzə
toxunması, xiyabanın, asfaltın və qaldırımın
dizə çıxması, aşiqin sevgilisindən
ayrılıb evinə gedincə lirik «Mən»in, Ayın,
üzərində qırmızı şüarlar
yazılmış divarların yalqız qalması
yalnızlığın yeni poetik ifadə üsuludur və qəzəlin
sonundakı «Sən evizə gedirsən, mənə bir Təbriz
qalır» misrası Cəfərpurun ənənəvi Vətən,
Ana torpaq, doğma şəhər, xalq və millət
mövzusuna sadiqliyini və «Qaranquş gəldi-gedərdir, bizə
qalan boz sərçədir» məsəlinin fikir yükünə
yaslandığını yansıdır. Ümumiyyətlə,
çağdaş Güney şairlərinin əsərlərində
təbiət hadisələri dərin ictimai məzmun kəsb
edir. Ana təbiət, doğallıq və
qaçılmaz təbiət hadisələri onlar
üçün məqsəd deyil, fikirlərini daha sərrast,
konkret ifadə etmək üçün ən uyğun orijinal
bir vasitədir. Onların
yaratdığı bədii tablolar, güclü ruh oxucunu hadisələrin
təsvir olunduğu zamana, dövrə qaytarır.
Güney yazarlarının yaradıcılığında bir maraqlı cəhət də diqqətdən qaçmır. Onların ən istedadlıları hər nə qədər yeni-modern şeir yazmağa həvəsli olsalar da, fikir yelkənini açaraq poetik ustalığını, bədii sözyaratma gücünü nümayiş etdirərək hər üç üslubda qələmlərini sınayırlar. Ancaq hansı vəzndə, yaxud üslubda yazırlarsa-yazsınlar, onların yaradıcılığının əzəl mübtədası, baş mövzusu Vətənin azadlığı, istiqlal, bağımsızlıq duyğuları, ana dilinin əsarətdən qurtuluşu, yurda məhəbbət, el-obaya sədaqət hissləridir. Şeiri insanın həyat və yaşayışının aynası kimi dəyərləndirən Məlihə xanım da müsahibələrində daim vurğulayır ki, şeirləri məhz Güney Azərbaycanı, doğma xalqının real həyatını tərənnüm edir. Çağdaş dövrün şairləri əsərlərində həyatın dibinə enir, məişətin alt qatını, insanın gündəlik həyatda yaşadıqlarını, getdikcə gəlişib inkişaf edən elmin, texnikanın yeniliklərini, hətta mətbəxdə baş verənləri belə ütüsüz-boyasız, tamamilə yeni bir formada şeirə gətirirlər… Məhz bu baxımdan Süleymanoğlu «Bilimsəl», Ziba Kərbasi «Nəfəs», Nadir Əzhəri «Donuq şeir planı»nı və son zamanlar «Arəstə mücərrəd» adlandırdığı öz «Nano» şeirini yazaraq Güneydə dinamik inkişaf edən yeni şeirdə xüsusi tərz yaratmışlar… Ümumiyyətlə yanaşdıqda, aydın görünür ki, bu gün Güney Azərbaycanın gənc şairləri avanqard şeirə çox böyük maraq göstərirlər.
Əlbəttə, insanın qəlbində, ruhunda əbədi yeri olan, onun fikir və düşüncələrinə hakim kəsilən Ana torpaq, Vətən, yurd sevgisi, eşq-məhəbbət, haqq-ədalət, həsrət, özləm, etiraz, üsyan, azadlıq mövzusu və bağımsızlıq motivləri digər şair və yazıçılarda olduğu kimi, «Avanqard şeir» tərəfdarlarının əsərlərində də aparıcı mövzudur və bütün bunlar mütləq mənada onların əsərlərində öz parlaq əksini tapır.
(davamı var)
Esmira Fuad
Xalq Cəbhəsi.- 2013.- 22 avqust.-
S.13.