Adını sən qoy
Ozan çalsın havamızı,
adını sən qoy…
uçurduğun yuvamızın,
adını sən qoy:
Hər gün bir az darıxmağın,
durub özümdən çıxmağın,
gözdən ürəyə axmağın…
adını sən qoy.
Baxır hey arxanca gözüm,
gözümdə mirvari düzüm,
doğulmayan körpəmizin,
adını sən qoy.
Bu qədərmiş: bitdi oyun,
boğazımda sevgim düyün…
ürəyinə öz sevdiyin
qadını sən qoy.
adını sən qoy…
Qoxla məni
Mən bir gözəl mələk olum,
Sən gəl hərdən yoxla məni…
Gizlət gözünün ardında,
Ürəyində saxla məni.
Aç qolların uzanınca,
Sarıl mənə bunca, bunca,
Qəlbin ağzına gəlincə,
Dərin dərin qoxla məni.
Ayrılıq səni dağlasa…
Gözlərin yosun bağlasa,
Anam yox, məni ağlasın,
Getsəm, sən gəl ağla məni…
Qov, dağılsın qara bulud,
Ağlamağı sonra unut…
Ürəyində bir niyyət tut,
Bir ağaca bağla məni…
Sən
Nə üzlə gəlmisən,
görə bilmirəm səni…
qapının o üzündəsən…
donunu dəyişmisən,
sənə heç yaraşmır…
bu gördüyüm…
bircə,
cildin təzələnib…
köhnə kitab kimi,
min dəfə oxumuşam səni
təpədən dırnağa:
yeni nə var?
yeni çox şeyin varmış…
görmədiyim…
duymadığım…
oxumadığım…
ikimizin olmayan…
Sən,
dünya çapında görünməmiş
olaysan…
Gözlərimi sil
Daddığın xəyanət
susur dodaqlarında,
gizlənir gözlərində,
vurur ürəyində…
görürəm
kor olmuş gözlərimlə…
gözlərimi sil,
və bu sevgi qədər
isti bir çay ver əllərimə,
dilim-ağzım quruyub…
getmə…
sən gedincə
sevgim düyünlənir
boğazımda,
udqunuram…
ürəyimdə qalır
hər şey…
öp məni üzümün bitdiyi yerdən,
qulağımda sırğa
olsun
soyuq dodaqların…
öp məni ürəyimdən,
sevgimin başladığı
yerdən…
indi sancılar başlayıb…
İkimiz
Qəlbimdə yük daşıdım,
sən hər addımda,
ürəyim qubar-qubar,
sən əlləri qabar,
verdin əllərini saxlayım,
yadımda…
Mən sözləri qırmızıydım,
sən üzü…
keçmədi
boğazındakı tıxacdan
sözlərim.
Yardım
bağrını göylərin
cərrah dualarımla,
açdım canımın
içini…
doqquz iqlimli
sözlərimlə sevdim,
sözlərində sevdim rəngləri.
İndi
mən
iki dodaq arasında
sıxılan sözəm,
sən iki qadın arasındakı adam.
Yoldasan
Yoldasan…
istəsən,
cavanlıq edərsən.
Bir az xatirə
qoymuşam
yoluna,
yavanlıq edərsən.
Yoldasan,
xərcliyin üçün
Allaha əl açıram hər gün…
Xurcununda
nə desən var,
tökdüyüm göz yaşları,
bişmiş dərdlərim,
soyulmuş ürəyim,
bir az da dar gün.
Yoldasan,
ürək dolu
sevgi atmışam dalınca.
Susadım,
ürəyim boş qalınca.
Yanındayam
Ürəyində oldum,
yanında oldum…
ürək dolusu sevgimlə
canında oldum…
öz xoşbəxtliyimdən
pay verdim sənə,
hər gün yemək verdim,
çay verdim sənə.
Yolunu gözlədim sən gəlincə,
«yanındayam» dedin ölüncə:.
Öldünmü görəsən heç?
İndi
bir qadın
səndən uşaq
gözləyir…
mən səndən zəng…
Səni
unutmağın bir yolu olmalı
Bu yolun da
qulu sən olmalısan…
Halallıq vermirəm sənə
bu xəyanətdə…
əvvəl mənə
xoşbəxtliyin şəklini
çəkdin,
sonra da çəkib getdin…
haldan hala düşmək
təbii halın..
səni hər halınla sevmişdim,
son halınla tərk edirəm…
indi növbə mənimdir,
mən gedirəm…
Özləyəcəyəm səni çox
Yoxluğunun içində
izləyəcəm səni
çox…
bəlkə gələrsən
deyə
gözləyəcəm səni
çox…
Sən ən uzaq yaxınım,
ən yaxın uzağımsan
ürəyimin içində…
gözlərimlə oxşayıb,
nəfəsimlə toxunub
gizləyəcəm səni
çox…
sən bəlkə sən deyildin,
bunca susan deyildin
səsimi boğmağımla,
bir uzun susmağımla
səsləyəcəm səni
çox…
pəncərəmdə duracam,
bir siqar yandıracam…
kimdən alıb
qoxunu
məni ovunduracam?
özləyəcəm səni
çox,
özləyəcəm səni
çox…
Sənə
Gəlirəm sənə,
açır qapıları,
özünü yox edişlərin.
Baxışların qandallı,
buraxmaz səni…
talibəm yalnızlığıma,
gözətçim,
güvəncim
yalnızlıq artıq…
Sözlərinin altında əzilir
ürəyim…
susma, danış susma…
danış ki bir daha ölməyim…
mən sənə yad olan sənsiz,
mən sənin «mutsuz» mələyin.
Gecə
saçlarım,
ay üzüm,
oxlu kipriklərim,
gözündəki baxışlarım,
məsum gözlərim,
yandıracaq səni
bundan sonra…
Aramızdan su keçməzdi,
tənimiz çaylar
kimi qovuşarkən…
bərəldərdi
dənizlər göy gözlərini
heyranlıqdan…
ağız dadımız
bir-birinə
qarışarkən…
«ballım» deyərdin…
erkən oldu,
hər şey erkən…
Bir pəncərə xoşbəxtlik
Mutluluğum vardı bir pəncərə…
nəfəs aldığım…
bir pəncərə
aydınlığım:
«aydınlıq nəyimdi mənim?»
ekiz qardaşıymış,
buraxdığın qaranlığın…
İlğım
Zaman keçdi yüyürək…
dibinə çökdü
dəniz…
üzə çıxdı
buzdağının
görünməyən yerləri…
boğulurdu buzdağı
dayaz sulardakı
dərinliyində…
dəli sular gözlərinə sovurdu
sahildəki duz dağını…
ağladı buzdağı…
ağladı…
İkiyə bölündü dünya
İkiyə bölündü hər
şey,
Çatı ürəyimdən keçdi…
Sızıldayan duyğularım iti
ürəyimdən keçdi…
Gözlərimdən başladım öncə,
səni gözləməsinlər…
bir savaş ordusuna döndüm,
özümü kəsdim
öz qılıncımla…
barmaqlarımı kəsdim,
sənə yazmasınlar…
dizini yerə vurdum ayaqlarımın…
ürəyimə dəydim,
gəldiyin günə
quruluydu
çırpıntılarıyla…
eyni duyğuları
hiss etmək var indi
ayrı-ayrı şəhərlərdə…
ayrı-ayrı cəbhələrdə…
indi dayanıb içimdəki gücə
qaldığım yerdən
başlamaq var…
yarımqalmışlarım,
yarım arzularım…
durduğum nöqtədə,
iki gözlərin…
iki riyakar…
üçüncü nöqtəni,
mən qoymalıyam, yar, yar…
Kim bilə bilir ki…
Doğulmayan körpələrə
hamilə
şişmiş ürəklərin sancısını
kim bilə bilir…
yığdım tərəzi gözlərimi
uzaqlardan…
sən nə çəkdirdin mənə
kim bilə bilir…
sən bilmədiyin halda
kim bilə bilir ki,
səni nə qədər sevdiyimi…
«möhkəm ol sən» deyirsən…
«dəli olma»…
niyə?
Sənmi
olacaqsan dəli…
kim bilə bilir…
Bəlkə allahdan oldu olanlar…
mən ürəyimlə
özləminin içində…
bəlkə də unutmuşam səni…
Sevməyin necə bir bayram olduğunu
yalnızlıq öyrədir…
kim bilə bilir…
Gizlədim səni
Gizlədim səni hər kəsdən,
otağımda nəfəsini,
çəkdim içimə…
bağladım nəfəs
aldığım pəncərəni,
əllərini əllərimə
geydim,
üstümə aldım
problemlərini…
küçələrə tökdüm ayaq izlərini…
sənsən hər yer…
gözlərini gözlərimə qoydum,
oxşadım göz qapaqlarımla…
silmədim adını üstümdən…
ipək oldum mən…
sən od oldun.
Yandırdın… yandırdın…
Uddum etdiklərini,
damarlarımda axır…
saçlarımda qoxun var deyə
kəsdirə bilmədim…
sözlərini çantama
qoydum,
nömrəni barmaqlarımda
gizlədim…
saxladım səni
hər kəsdən,
heç kim görə bilmir məni..
sənsən hər yerim…
yağmasın yağış bu şəhərə,
almasın səni məndən…
su keçirir ayaqqabılarım,
gözlərim cərəyan…
boğuluram incə-incə yağış yağarkən…
dərinliyimdə…
çıxar məni belində…
yenə üzümün bitdiyi yerdən
başlayır nəbzim…
baxışların taxılı barmaqlarıma,
altun-altun…
daha çox baxıram əllərimə
indi…
dada bilmir dodaqlarım,
nəfəsindəki yalan qoxusunu daha…
yarıaçıq gözlərim
dürrü-yetim…
qəvvasım ola bilmədin…
qara gözbəbəklərimi
boynuna taxacaqdım…
Həyat Şəmi
Xalq Cəbhəsi.- 2013.-
22 avqust.- S.15.