Nizaminin abidəsinin tarixi arxiv sənədlərində

 

Ermənilər böyük şairin Bakıda heykəlinin qoyulmasına qarşı çıxırdılar

Şahsuvar Haşımov: «Arxasında «Kreml tülküsü» adlandırılan Mikoyanın dayandığı alabyanlar layihəni geri qaytarmağa çalışmışdılar»

I yazı

İranın dahi Azərbaycan şairi Nizamini «özününküləşdirmək» kimi mənasız cəhdi davam edir. Nizami farsca yazsa da, onun türk olması danılmaz faktdır. Bu yazıda böyük şairin Bakıda abidəsinin qoyulması tarixindən danışılır. Elm Texnika Sənədləri Arxivinin direktoru, əməkdar mədəniyyət işçisi Şahsuvar Haşımov bildirir ki, ötən onillər ərzində möhtəşəm abidənin önündən keçən çoxsaylı insanları, həmyerlilərimizi xarici qonaqları daim görür bununla fəxr edirik. Onlar, xüsusilə gənc nəslin əksəriyyəti daim öyündüyümüz şəxsiyyət haqqında xeyli məlumatlansalar da, həmin abidənin hansı tarixi şəraitdə necə çətinliklərlə hazırlanmasını şübhəsiz, bilmirlər: «Çünki bu möhtəşəm xatirə abidəsini yaradanların əksəriyyəti indi həyatda yoxdur. Şəhərimizin mərkəzində ucaldılmış ona xüsusi gözəllik bəxş edən dahi Nizami abidəsi ilə bağlı arxiv sənədlərini min bir əziyyətlə qoruyub saxlaya bilmişik. Tariximiz boyu millətimizə baş ucalığı gətirəcək Nizaminin abidəsinin yaradılması ilə bağlı layihələr, protokollar yazışmalar küll halında Azərbaycan Respublikası Dövlət Elm Texnika Sənədləri Arxivində mühafizə olunur. Əvvəlcə son dünya savaşının böyük məhrumiyyətlər yaratdığı o qanlı-qadalı günlər ərəfəsində daha kəskin səslənən Nizami mövzusunun siyasi tərəfini sonra da abidənin ucaldılması naminə Azərbaycanda aparılmış mühüm işləri xatırlamaq istəyirəm. Sənədləri araşdırdıqca inşasına üst-üstə 10 ilədək vaxt sərf olunmuş bu əzəmətli sənət əsərinin yaradılması tarixi göz önündən keçir. Ötən yüzilliklər ərzində doğma Azərbaycanımızın keçdiyi gərgin mübarizə yolunun canlı şahidi olan tarixi sənədlər çox hallarda düyünlərə düşmüş zəngin tariximizin açılmasında bizə daha yaxından kömək edir. Elə buna görə ötən tariximizin müxtəlif illərində arxivlər barədə aqillərimiz, dövlət ictimai xadimlərimiz gözəl sözlər deyiblər. Onların dediklərinə, yazdıqlarına gərəyincə əməl olunsaydı, onda bütün tarixi qaynaqlarımız sözün əsil mənasında tam qorunar rəqiblərimizin Azərbaycana qarşı təbliğatına heç bir əsas qalmazdı. Ancaq çox təəssüflər ki, qayğısızlıq hətta biganəlik üzündən XIX yüzilin ikinci yarısınadək tariximizin mükəmməl arxivi saxlanılmadığı kimi, Azərbaycan mədəniyyətinin intibah dövrü adlandırılan XII yüzilə məxsus Nizami dövrü arxivinin qorunub saxlanılmaması bu tarixi yubileyin yüksək dövlət səviyyəsində qeyd edilməsinə abidənin ucaldılmasına əngəl törədən ciddi amillər idi».

Arxivdəki sənədlərdən bəlli olur ki, ötən yüzilin 30-40-cı illərinədək keçən yüzilliklər ərzində Nizamini öz doğma vətənindən qoparıb «fars şairi» kimi qələmə verənlər peyda olmuşdu: «Nəinki İranın, hətta dünyanın bəzi iranpərəst qələm sahibləri Nizamini fars şairi hesab etməyə çalışıblar, bunun səbəbini əsərlərini fars dilində yazması ilə izah ediblər. XII yüzilə bundan sonrakı yüzilliklərə aid arxivlərimizin ağır müharibələr zamanı Azərbaycanı əsarət altına salmış düşmənlərimiz tərəfindən, bəzən öz biganəliyimiz nəticəsində məhv edilməsi Nizamini özgələşdirməyə can atanlar üçün əlverişli imkan yaratmışdı.

Bu səbəbdən Azərbaycanı istəməyənlər həm gerçək tariximizi saxtalaşdırır, həm millətimizi təhqir edirdilər. Elə bütün bunlara görə sabiq sovetlər məkanında, o cümlədən Azərbaycanda dahi Nizaminin 800 illik yubileyinin qeyd edilməsi abidənin ucaldılması onu zorla farslaşdırmaq istəyənlərə ən tutarlı cavab olmalı idi.

Bir vacib məsələni yada salmaq yerinə düşər. Sovet dövrünə məxsus arxiv sənədlərində Nizami abidəsinin yaradılması tarixinin yalnız ötən yüzilin 30-40-cı illərinə aid olduğu göstərilir. Ancaq əlimizdə olan əlavə qaynaqlar təsdiq edir ki, Hizami abidəsinin yaradılmasına, onun doğma Azərbaycan şairi olmasının təsdiqinə yönəldilmiş ilkin təşəbbüs hələ Cumhuriyyət hakimiyyəti zamanı göstərilmişdi.

Hətta bu mühüm əhəmiyyət kəsb edən işin icrası dövlət proqramına da salınmışdı. Ancaq 1920-ci ilin məlum aprel çevrilişi buna imkan vermədiyi üçün həmin tarixi təşəbbüsün gerçəkləşməsi yalnız ötən yüzilin 30-40-cı illərində mümkün oldu».

Araşdırmaçı bildirir ki, arxivdəki 12 N-li fondun çoxsaylı sənədləri arasında 1941-ci ilin soyuq fevral ayının 17-də Moskvada fəaliyyət göstərən ümumölkə miqyaslı Bədii-Texniki Şuranın keçirdiyi iclas protokolu diqqəti daha çox cəlb edir: «SSRİ hökumətinin qərarı əsasında müzakirəyə çıxarılmış ilk məsələ Nizami abidəsinin ucaldılması ilə əlaqədar Azərbaycan mütəxəssisləri tərəfindən hazırlanmış Bakı müsabiqəsində bəyənilmiş layihə variantı idi. İclasda ilk olaraq söz verilmiş, Azərbaycanın bütün Sovetlər məkanında seçilib-sayılan memarı Sadiq Dadaşovun məruzəsinin ilk abzasını olduğu kimi təqdim edirəm: «Nizami abidəsinin inşası ilə əlaqədar belə bir vəziyyəti diqqətinizə çatdırmağı vacib sayıram. Bu abidənin inşası yalnız keçiriləcək yubileylə bağlı deyil, eyni zamanda siyasi əhəmiyyətli məsələdir. Son zamanlara qədər Nizamini Azərbaycandan ayırıb onu fars şairi hesab edirdilər. Mən bu barədə Ukrayna şairinin şeirindən bir parçanı Stalin yoldaşın göstərişlərini sizə oxumaq istəyirəm».

Təəssüflər olsun ki, Azərbaycan memarı Sadiq Dadaşovun öz çıxışında Nizami Gəncəvinin məhz Azərbaycan şairi olmasını təsdiq edən bu iqtibasları görünür, ancaq ayrı vərəqədə yazıldığından iclasın stenoqram yazısına düşməyib. Ölkə rəhbərliyi tərəfindən göstərilmiş bu gerçək münasibətin nəticəsi idi ki, Böyük Vətən Müharibəsinin ən ağır günlərindən birində amansız düşmən mühasirəsində yaşayan Leninqrad şəhərində Nizami gecəsi keçirildi onun vətənpərvərliyə səsləyən şeirləri dinlənildi».

Arxivdəki stenoqram yazıdan daha sonra məlum olur ki, iclasın rəyasət heyətində əyləşmiş Şura üzvləri Zotov, Andreyev, Maskovtsov, Nosov, Şvarikov, Çaykov kimi tanınmış ölkə mütəxəssisləri bir-bir çıxış edərək təqdim edilmiş layihə variantı portret barədə mülahizələrini bildirirlər: «Hətta bu mühüm məsələnin müzakirəsi zamanı «erməni barmağı» da işə düşür. İclasın sonunda söz erməni millətindən olan Şura üzvü Alabyana verilir. Sənədlərdən göründüyü kimi o, Bakı müsabiqəsində bəyənilmiş layihə variantının, xüsusilə rəssam Xalıqovun hazırladığı portret Fuad Əbdürrəhmanovun abidə cizgiləri barədə söylənilən müsbət fikirləri bir yana qoyub, yalnız tənqidi mülahizələri ön planda səsləndirərək öz qərəzli ifadələrini onların üstünə qoyur. Alabyan Azərbaycan mütəxəssislərinin gərgin zəhmət bahasına hazırladığı layihənin portretin yenidən işlənilmək üçün geri qaytarılmasını təklif edir».

Alabyanın çıxışından: «Əlbəttə, məndən əvvəl göstərilən iradlar tam nəzərə alınmalıdır. Həqiqətən təqdim olunmuş fiqurda bir çox mücərrədliklər var. Bu işə daha ciddi yanaşmaq olardı. Axı üçün layihəyə konkret bir şəxsin portretini əlavə edib «Bax, bu, Nizaminin özüdür»- deməyək. Təklif edirəm: portret üzərində təkrar işlər aparılsın».

Ş.Haşımov davam edir: «Arxasında haqlı olaraq əsl «Kreml tülküsü» adlandırılan, SSRİ hakimiyyətində çox yüksək vəzifə daşıyan Anastas İvanoviç Mikoyanın dayandığı alabyanlar çox gözəl bilirdilər ki, Nizami dövrünün arxivləri saxlanılmadığından, onun şəxsiyyət cizgilərini yalnız ədəbi-bədii irsinin öyrənilməsi əsasında hazırlamaq mümkündür. Bu da artıq tələb olunan səviyyədə icra olunmuşdu. Ancaq SSRİ-nin paytaxtı Moskvada dərin kök salmış, yuxarı dairələrin açıq müdafiə etdiyi erməni millətinə məxsus «mütəxəssisin» qərəzli iradlarında indiki şərait baxımından tam aydın görünən siyasi məqsəd güdülürdü. Nizami şəxsiyyətinin Azərbaycan-türk millətinə «qeyri-məxsusluğu» barədə yayılan şaiyələr alabyanların ürəyincə idi. Onların belə çirkin cəhdi hələ o zaman çoxlarının anlamadığı siyasi məqsədə ünvanlanmışdı. Bu isə ilk növbədə abidənin inşasının gecikdirilməsinə, heç olmasa, vaxtın uzadılmasına xidmət edirdi».

Sənədlərdən göründüyü kimi, ötən yüzilin 30-40-cı illərində tarixin özü də alabyanların xeyrinə işləyirdi: «Çünki ölkə sərhədlərinə doğru qədəm basmaqda olan İkinci Cahan Savaşı həm də Azərbaycanın taleyini sual altında qoyurdu. Ancaq sənədlərdən məlum olur ki, alabyanların bu növbəti niyyətləri də boğazlarında qaldı. Öndə gedən ziyalılarımızın və dövlət rəhbərlərinin prinsipial mövqeyi öz işini gördü. Təkcə qalırdı ki, üzərində xırda əlavələr etməklə abidə layihəsini gerçəkləşdirmək. Bu barədə hələlik az sonra. Nizaminin öz millətinə qaytarılması və doğulduğu Vətənin paytaxtı Bakı şəhərində ona layiq abidənin ucaldılması barədə mübahisələrin qızışdığı bir şəraitdə əksəriyyətin xəbəri yox idi ki, hələ ötən XX yüzilin əvvəllərindən xaricdə yaşamağa məcbur edilmiş Məhəmməd Əmin Rəsulzadə bu qərəzli əməl sahiblərinə daha sərrast cavab vermişdi. Özüpafosla deyil, Nizamiyə həsr etdiyi dərin məzmunlu tədqiqat əsəri ilə. O, mühacirətdə olmasına baxmayaraq imkanı çatdığı arxivlərdən, dünya tarixinin qaynaqlarından topladığı tutarlı dəlillərə söykənən «Azərbaycanın şairi Nizami» adlı əsərində bu dahi şəxsiyyətin Azərbaycana məxsusluğunu, Gəncə torpağında doğulub yaratdığını sübut edib. «Nizaminin 800 illiyinə həsr edirəm» sözlərini də kitabın ilk səhifəsinə həkk edib. Ancaq sovet ideologiyasının hakim olduğu o çətin illərdə heç kəs bu həqiqəti qələmə almaqla «pantürkist» damğasını qəbul etmək istəməzdi. Çünki bunun üçün müstəsna cürət tələb olunurdu».

 

(davamı var)

Uğur

Xalq Cəbhəsi.- 2013.- 23 avqust.- S.13.