«Ədəbi tənqid
dəllallıqdır»
Şair Kəramət:
«Kimisə yıxıb-sürümək mənasız bir
işdir»
Şair Kəramətin
Kulis.az-a müsahibəsini ixtisarla oxucularımıza təqdim
edirik
- Kəramət
müəllim, ədəbi prosesdən bir qədər kənarda
görünürsünüz? Bu, nəylə
bağlıdır?
- Əvvəla,
gəlin görək ədəbi proses nədən ibarətdir?
Bu suala cavab tapdıqdan sonra demək olar ki, kim
ədəbi prosesin içindədir, kim mərkəzindədir,
kim isə kənardadır. Bizdə vaxtilə
sovet ədəbiyyatının təbliği var idi, indi bu təbliğat
başqa bir şəkil alıb. Bu da ədəbi
reklamçılıqdan ibarətdir. Bu, bir növ dəbə
çevrilib, kim yaxşı reklam olunursa,
kütlə onu qəbul edir. Amma əsas olan odur
ki, kütləyə nəyi təqdim edirsən. Problem bundadır. Dünyanın hər yerində
ədəbi proses mövcuddur, ədəbiyyat hər zaman
yaranıb, yaranır və yaranacaq. Bu,
qarşısıalınmaz bir prosesdir. Bəzən
deyirlər ki, bizdə ədəbiyyat yaranmır, elə deyil.
Əsərlər də yazılır, proses də
gedir. Bu sahə heç kəsin
inhisarı altında olmayan bir sahədir. Dünyanın
heç bir yerində özünə hörmət qoyan
yazıçı özünü reklama satmaz. Söhbət ciddi ədəbiyyatdan gedir. Bizdə isə hər şey bazar ölçüləriylə
hesablanır və bazar ədəbiyyatı daha çox təbliğ
olunur. Bəzi telekanallar o qədər bazar
ədəbiyyatı deyilən ədəbiyyatın
ölçüləriylə hərəkət edirlər ki,
dəvət olunanda belə ora getməyi özünə
sığışdırmırsan. Bilmirsən
ki, o verilişdə söhbət hansı ədəbi meyarlar
üzərində qurulacaq. Bunu
düşünülmüş şəkildə edirlər, ədəbi
şoumenlərə ədəbi meyarlar, sağlam, ciddi ədəbi
proses gərək deyil. Mən reklamlaşan ədəbi
prosesi qəbul etmirəm. İnsanlar geyim və
yaxud ərzaq alarkən keyfiyyətli məhsula
üstünlük verir. Bizdə heç
vaxt keyfiyyətli ədəbi məhsul reklam edilməyib, əksinə,
keyfiyyətsiz məhsullar geniş təbliğ olunub ki, bu da
insanların ədəbi zövqünü korlayıb. İnsanları həmişə reklam olunan məhsullar
cəlb edir, bəzən keyfiyyətin fərqinə
varmırlar. Ədəbiyyat da belədir.
Amma yaxşı əsər
özü-özünü reklam edir. Keyfiyyəti
ilə markaya çevrilən məhsul uzun müddətdən
sonra əvvəl-axır üzə çıxır. Keyfiyyət reklamı həmişə gec
görünür. Bu mənada süni
şəkildə üzdə görünməyə ehtiyac
yoxdur. Necə deyərlər, «fərman
padşahındır, dağlar bizimdir».
- Sizcə,
ədəbiyyat kütlə üçündürmü? Ədəbiyyatın kütləviləşməsinə
necə baxırsınız?
- Mən
hər şeyin kütləviləşməsinə pis
baxıram. Hamı kitab yazır, hamı
çörək bişirir, hamı bina tikir. Bu, çox ziyanlı bir haldır. Hər sahənin öz mütəxəssisi var, amma
hər sahədə də kifayət qədər qeyri-peşəkarlar
əmələ gəlib. Markesin atası
arzu edirmiş ki, oğlu hüquqşünas olsun, o,
atasının istəyinə uyğun olaraq hüquq fakültəsinə
qəbul olunur, ancaq ikinci kursa qədər oxuya bilir. Universiteti atıb gedir və qəzetçiliklə
məşğul olmağa başlayır. «Anlatmaq
üçün yaşamaq» əsərində bütün
bunları yazıb. Anası ona deyir ki,
atanın bağrı çatlayacaq, sən niyə belə
etdin? Amma Markes inadından dönmür, həyatı
öyrənmək üçün reportyorluq sənətini
seçir. Bizdə isə maddiyyata
bağlılıq çox güclüdür. Bizim hansısa bir yazıçımızı «JEK»
müdiri təyin etsələr, məmnuniyyətlə,
utanmaz-utanmaz gedib işləyər və deyər ki, mən
böyük yazıçıyam. Yazıçı
bütün imtiyazlardan imtina edib ancaq yaradıcılıqla məşğul
olmalıdır. Yazıçılıq,
şairlik xüsusi bir vergidir, sən yalnız bu işlə məşğul
olmalısan, vəssalam. Məsələn, mənim kimi
bir adama böyük bir binanın tikintisini həvalə etsələr,
desələr ki, gəl bu tikintiyə rəhbərlik et, ordan yaxşı pul qazanmaq üçün
gedib işləyəcəm. Yazıçı
hər şeydən imtina etməyi bacarmalıdır. Bu qəhrəmanlığı da hamıdan gözləməyin
özü bir absurddur. Amma digər tərəfdən
yazıçı da insandır, o da yaxşı yaşamaq istəyir.
Bu, artıq yazıçı və cəmiyyət
problemidir.
- Bəs
yazıçı nə etməlidir ki, öz
yazdıqlarıyla yaxşı yaşaya bilsin?
-
Başqa ölkələrdə yazıçı
yazdığı romanın qonorarı hesabına üç il, beş il kefin istəyən kimi
yaşayır. Azərbaycan cəmiyyətində
isə məsələ fərqlidir. Bu cəmiyyət
yazıçını dolandırmağa məhkum deyil, amma cəmiyyət
onu yaşatmalıdır ki, özü yaşasın. Çünki cəmiyyət öz
yazıçısına biganə qaldıqca özü də
içindən çürüyür, eroziyaya uğrayır.
Axı bu yazıçı da
yaşamalıdır, əyninə paltar geyinməlidir,
yazıçının evi olmalıdır, ailəsi
olmalıdır. Yazıçı maddi
problemlər girdabında boğula-boğula necə
yaxşı əsər yaza bilər? Bu
insan həyatını ədəbiyyata sərf edir, cəmiyyət
isə onu fiziki və mənəvi şəkildə məhvə
sürükləyir. Bəs bu
yazıçı neyləməlidir? Elm və
ədəbiyyat adamları üçün, mənəvi-intellektual
sahənin adamları üçün bu, çox
ağrılı bir prosesdir. Təbliğat
çox aldadıcı bir şeydir. Bizdə
yaxşının əvəzinə pisi təbliğ edirlər.
Yaxşını təbliğ edəndə nə
olar ki? Hər gün eyni şeyləri deyən
adamı niyə elə hər gün
danışdırırsınız? Bunun nə
deyəcəyi artıq məlumdur. Bu adam
məsələn, iyirmi ildir heç nə yazmır və
yaxud yaza-yaza heç nə yazmır,
danışa-danışa heç nə danışmır.
Əslində bu adam lal kimidir. Bunu niyə zorla danışdırırsınız?
Danışmağa təzə sözü
olanları danışdırmaq lazımdır. Danışmaq ifadə etməkdir, təzə
söz ifadə edirsənsə, bu, oxucu və yaxud dinləyici
üçün maraqlı olur. Eyni model
üzərində qurulmuş yazıları nə qədər
oxumaq olar? Bütün dünyada dəbə
çevrilmiş postmodern konstruksiya üzərində gəzişmələr
edib oxucuya təqdim edirlər. Sual olunur, bəs
sən özün nə yaratmısan? Bir
müqayisə edim, məsələn, hardasa bir şey istehsal
olunursa, tez onun başqa variantını bizdə də istehsal
etməyə cəhd edirlər. Ədəbiyyatda
da belədir. Bu, artıq bir dəbə
çevrilib.
- Dəbdən
danışdıq, son dövrlər roman yazmaq da dəb
halını alıb. Sizin ədəbi nəslə
mənsub olan şairlərdən də bəziləri iri həcmli
nəsr əsərləri yazdılar. Siz nə
vaxtsa nəsr əsəri yazmaq haqda
düşünmüsünüzmü?
— Mən
həyatım boyu bir şeyi dərk etmişəm ki, insan
yalnız bir işlə məşğul olmalıdır. Mən nəyi ən yaxşı bacarıramsa, onu edə
bilərəm. Bizim yazar
dostlarımızın bəziləri povest yazır, bəziləri
dram əsəri yazır və sair. Mən onların
hamısına hörmətlə yanaşıram, amma mən nəsr
yazmağa başlasam, onlardan beş qat
artığını yazaram və yaxşı əsər
yazaram. Amma elə yazıçılar var ki,
müxtəlif janrlarda yazıblar, uğurlu alınıb.
Mən buna pis baxmıram və bunu da ehkam kimi
demirəm. Başqa ölkələrdə
ayrıca poeziya jurnalları, ədəbi tənqid və roman
jurnalları nəşr olunur, yəni konkret sahələşmə
gedir. Mənə elə gəlir ki, insan
yaradıcı olaraq özünü müxtəlif janrlara
parçalayırsa, onun enerjisi itir, paylaşdıqca
gücü azalır. Başqa sahələrdə
də belədir. İnsan gücünü, enerjisini bir
sahəyə sərf etməlidir
- Bir
neçə il bundan öncə ədəbi
qəzetlər nəşr olunurdu, o vaxt indiki ədəbi
portallar yox idi. Amma indi müxtəlif saytlar
mövcuddur, üzdə olan yazarların demək olar ki,
hamısı saytlara yazır. Qəzet
oxuyanların sayı xeyli azalıb. Amma siz
xeyli müddətdir ki, «Ədəbiyyat naminə» qəzetini nəşr
edirsiniz. Sizcə, buna ehtiyac varmı?
- Ədəbiyyatın elektronlaşması
qaçılmaz bir prosesdir. Bütün dünyada bu proses gedir. Mən qəzetin internet versiyasını yaratmaq haqda
düşünürəm. Amma bir az
tənbəllikdən, bir az da müəyyən problemlər
ucbatından bu ideyanı gerçəkləşdirə bilmirəm.
Bunun üçün bir az vaxt
lazımdır, bir az vəsait lazımdır, mənim
üçün çox ahırdır. Fiziki və
mənəvi gücüm çatmır desəm, daha uyğun
olar. Amma müasir dövrün tələbindən
qaçmaq olmaz. Artıq yazılı ədəbiyyat
öz dövrünü başa vurub. Bu
reallığı görmək və qəbul etmək
lazımdır. Reallığı görə bilən adam ədəbiyyat yarada bilər. Bunun müsbət tərəfi odur ki, oxucu dünya ədəbiyyatı
haqqında istənilən informasiyanı anındaca internet
vasitəsilə əldə edə bilir, mənfi tərəfi
odur ki, bu ədəbiyyatı sistemli şəkildə öyrənə
bilmirsən, bildiyin ancaq səthi biliklər olur. Bu müstəvidə bir ədəbi dəb
yaradırlar. Dünyada
yazıçılıqla məşğul olan yazarlara bu dəb
təlqin olunur və həmin modeldə də ədəbiyyat
yaranır. Oxuyub görürsən ki, eyni
tipli yanaşmalar, eyni tipli struktur, eyni tipli əsərlərdir.
Bizdə də bəzən bu modelə, bu dəbə
uyanlar olur. Bu, artıq ədəbiyyat
deyil, ədəbiyyat müxtəlifliyi ilə, rəngarəngliyi
ilə seçilməlidir. Bu da ədəbi
imperiyanın bir təzahürüdür, bu imperiyanın
vassalları da yaratdıqları ədəbiyyatı onun diktə
etdiyi model üzərində qurur. Bu model
tezliklə iflasa uğrayacaq. Bütün
imperiyalar dağılmağa məhkumdur, biz bunun bariz nümunəsini
sovetlər birliyinin timsalında gördük. Çünki dünyanın yaranışı vahid
tipli heç nəyi qəbul etmir, dünya
yaradılışdan rəngarəngdir. Ədəbiyyat
da belə olmalıdır. Ədəbiyyatda
o yazıçılar qalır ki, onlar heç bir dəbə
uymurlar.
- Gəncləri
oxuyursunuzmu? Hansı imzalar diqqətinizi çəkir?
- Oxuyuram.
Diqqətimi çəkən bir-iki imza var, amma
baxıb görürəm ki, sistemli deyillər, yəni öz
düşüncə sistemini yarada bilmirlər, kənara
sapmalar olur. Bu da özülün möhkəm
olmamağından, bilginin azlığından irəli gəlir.
Nəticədə dalğa onları
götürüb aparır, dayana bilmirlər. Şair öz ədəbi markasını
yaratmalıdır və bunun üçün də
güclü özül olmalıdır ki, hər dalğa səni
götürüb apara bilməsin.
- Ədəbi tənqidə münasibətiniz necədir?
- Mən ədəbi
tənqid deyilən bir şeyi qəbul etmirəm, ədəbi
tənqid araçılıqdı, dəllalıq kimi bir
şeydir. Amma yaxşı araşdırma olanda
mən onu böyük maraqla oxuyuram, ədəbi
araşdırmaları çox sevirəm. Mənim
üçün tənqidçi dediyimiz dostların ədəbi
araşdırmaları daha maraqlıdır. Türkiyədə yaranan ədəbi
araşdırmaları oxuyuram və mənə ləzzət
verir. Dostlar ordan bu kitabları alıb mənə
yollayırlar. Kimisə tərifləmək,
kimisə yıxıb-sürümək və bunun
adını ədəbi tənqid qoymaq çox mənasız
bir işdir.
- Yeni nə
yazırsınız?
-
Hal-hazırda şeirlər, poemalar və bədii-publisistik
yazılardan ibarət üç cildliyimi çapa
hazırlayıram. Birinci cild yaxın günlərdə
işıq üzü görəcək. Üzü
payıza doğru kitabın təqdimatıyla bağlı
dostları bir yerə yığacam, inşallah!
Xalq Cəbhəsi.-
2013.- 23 avqust.- S.12.