“Tolerant mühiti ilə seçilən Oğuz rayonu dini və milli dözümlülükdə nümunəvi bölgədir”

 

Tarixçi R.Nurməmmədov haqlı olaraq qeyd edir ki, separatçı iddialarına, işğalçılıqlarına baxmayaraq, sonda ermənilər heç nəyə nail olmayacaqlar: “Onlar əslində heç nə əldə etməyəcəklər. Belə davam etsə, öz milli varlıqlarının məhv olmasına aparıb çıxaracaqlar. Əsrlər boyu olmasa da, artıq iki əsrdir ki, biz ermənilərlə yanaşı yaşayırıq və bu etnik münaqişənin nəticəsi ermənilərin öz hərəkətlərinə sağlam düşüncə ilə baxıb, yəni buranın öz əzəli torpaqları olmadığını dərk eləyib sağlam məntiqə əsaslanıb qərar qəbul etmələrindən asılıdır. 1920-ci ilin dekabrın 2-də imzalanan Gümrü müqaviləsinə görə Zəngəzur və Göyçə gölü istisna olmaqla Ermənistan cəmi 10 min kvadratkilometrlik ərazidə formalaşmışdı.

Lakin Qafqazda sovet hakimiyyəti qurulduqdan sonra ermənilər Rusiyadakı himayədarları vasitəsilə eyni zamanda 1921-ci ildə yuxarı Zəngəzuru da ilhaq etdilər və 10 min kvadratkilometrlik bir ərazi sovet dövründə 29 min kvadratkilometrlik bir əraziyə çevrildi. Qarabağ savaşı dövründə isə ərazimizin 20 faizi işğal olundu. Ermənistanın belə “hegemonluğu” onun öz tarixi xidmətləri deyil. Bu ondan istifadə etmək istəyən, türk dünyasına qarşı dostluq münasibətində olmayan dövlətlərin onu müdafiə etməsinin nəticəsidir. Faktiki olaraq, ermənilərin Şuşanın işğalını, Xocalı faciəsini kimlərin köməyi ilə törətdiyini xatırlayaq. Bu gün Ermənistan Rusiyanın forpostuna çevrilib – Rusiyadan tamamilə asılı, onun siyasətini həyata keçirən əyalət canişinliyidir. Dövlət siyasətində müstəqillikləri yoxdur”.

Tədqiqatçı Azərbaycan hökumətinin bütün hallarda müharibə tərəfdarı olmadığını vurğulayır: “Sülh dövründə atalar oğulların çiynində, müharibə dövründə oğullar ataların çiynində o dünyaya gedir. Və bunu heç bir dövlət başçısı arzulamaz. İstər qələbə qazanılsa, istər məğlubiyyət olsa, müharibə itkidir. Amma Azərbaycan dünya ölkələri arasında iqtisadi, siyasi mövqeyini möhkəmləndirməklə, eyni zamanda hərbi potensialını, gücünü  artırmaqla mövcud vəziyyəti diqtə edə bilər. İldən-ilə Azərbaycanın hərbi baxımdan gücü artır, bu gün bizdə təkcə hərbi büdcəyə ayrılan vəsait Ermənistanın dövlət büdcəsindən artıqdır. Əgər Ermənistan rəhbərlərində bir az da olsa sağlam düşüncə varsa, onlar öz millətinin məhv olmasını gözləmədən barışığa can atmalıdırlar”. Tarixçinin fikrincə, barışıq yalnız Azərbaycanın tarixi torpaqlarının geri qaytarılması yolu ilə mümkündür.

R.Nurməmmədov söhbətində Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra millətlərarası münasibətlərin tənzimlənməsi ilə bağlı fikirlərini də bölüşüb: “Kitabi-Dədə Qorqud dastanlarında oğuzlar üçün ibrətamiz nüans var. Oğuzların başına gələn bəlaların səbəbi unutqanlıq, düşməni saymamaq və ehtiyatsızlıqdır. Bu unutqanlığın nəticəsidir ki, XX əsrdə biz 4 dəfə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın şahidi olmuşuq. Hər dəfə də bunu unudaraq özümüzə onlardan kirvə, dost tutmuşuq. Amma tarixi təcrübələr göstərir ki, milli təfəkkürün inkişafı eyni  zamanda tarixi təcrübə əsasında həyata keçirilməlidir. Gənc nəslə vətənpərvərlik, torpağa, soykökə bağlılıq hissi, torpaq itkisinin nə olduğu aşılanmalıdır. Gənc  Vətənini sevdikdə, dəyərini anladıqda öz torpağına bağlı olar və onun əldən verilməməsi üçün çalışar. Azərbaycan həmişə digər xalqlara, millətlərə açıq olub. Amma bəzən ifrat tolerantlığımız, ürəyiaçıqlığımız, öz evimizdə düşmənə də yer verməyimiz belə fəlakətlərə gətirib çıxarır”.

Müsahibimin sözlərinə görə, bu tipli acı təcrübələrin tariximizdə bir daha təkrarlanması real deyil: “Düşünürəm ki, Qarabağ münaqişəsi, erməni separatçılığı kimi acı təcrübələr heç vaxt bu acı təcrübə təkrarlana bilməz. Tariximizə nəzər saldıqda Azərbaycan torpaqlarında ərazi iddiasında olan bəzi separatçı qüvvələr istisna olmaqla, bütövlükdə xalqı nəzərdən keçirdikdə belə şeylər baş verə bilməz. Bayaq da qeyd elədim, azərbaycanlılarla ermənilərin tarixi birliyi olmayıb. Çünki ermənilər bu əraziyə yeni gəldiyindən qaynayıb-qarışma olmayıb. Amma digər xalqlarla münasibətlərə gəlincə, onlar ümumdüşmənə qarşı əsrlərlə çiyin-çiyinə bir yerdə vuruşublar. Ulu öndərin bir ifadəsini xatırlatmaq istərdim. O qeyd edirdi ki, Azərbaycanda yaşayan hər bir vətəndaş milliyyətindən, dinindən və əqidəsindən asılı olmayaraq Azərbaycan üçün qiymətlidir, ölkənin dəyərli vətəndaşıdır, azərbaycanlıdır. Bu nöqteyi-nəzərdən yanaşdıqda biz ilk növbədə Vətənə, torpağa sadiq insanların birliyini möhkəmləndirməliyik.

 

Tolerantlıq həmişə

Azərbaycanın milli sərvəti olub

 

Azərbaycanda nə vaxtsa baş vermiş etnik separatizm ancaq xaricdən maliyyələşdirilib və kənardan idarə olunub. Azərbaycan daxilində belə parçalanmalar üçün sosial baza yoxdur. Belə qüvvələr ölkə ərazisində yaşayan savadsız, öz tarixini bilməyən, soy-kökünə bağlı olmayan insanlardan istifadə etməklə müəyyən çaxnaşmalara gətirib çıxardılar. Məhz Azərbaycan xalqının milli birliyinin nəticəsidir ki, Lənkəran-talış hadisələrində, istərsə də separatçı Sadval hərəkatının qarşısının alınmasında həm talışlar, həm ləzgilər həm də digər xalqların nümayəndələri tarixi birliklərini bir daha nümayiş edərək sübut etdilər ki, bu yurdu özlərinə Vətən seçiblər və  bu torpağa həmişə sadiqdirlər.

R.Nurməmmədov ümumilli lider Heydər Əliyevin azərbaycançılıq ideyasının milli birliyin formalaşmasındakı rolundan da söz açıb: “Mən də hesab edirəm ki, 90-cı illərdə Azərbaycan dili səhvən türk dili elan edildi. Bu o demək deyil ki, Azərbaycan xalqı türk əsilli deyil. Türk xalqının müxtəlif qolları var, məsələn, özbəklər, qazaxlar, qırğızlar, qaqauzlar, yakutlar və sair... Onlardan biri də azərbaycanlılardır. Yəni bizim də soykökümüzü türk etnosları təşkil edir. Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində bir –birinə qaynayıb qarışan etnik qrupların milli birlik formasıdır. Azərbaycan xalqı, soykökündə, əlbəttə, türkçülük ideologiyası, türk xalqı durmaqla, daha üstün birlikdir. Azərbaycan xalqı hələ eramızdan əvvəl, 4-3-cü əsrlərdə Albaniya və Atropatena dövlətlərinin mövcud olması ilə yaranmağa başladı. VIII əsrdə oğuz etnoslarının üstünlük təşkil etməsi ilə formalaşdı və XI əsrdə intibah mədəniyyəti dövründə Azərbaycan dilinin əsas ünsiyyət vasitəsinə çevrilməsi nəticəsində bir xalq kimi təşəkkül tapdı. XIX əsrin ikinci yarısında isə Azərbaycanda kapitalist münasibətlərinin inkişafı nəticəsində o daha bir üstün qurumda- Azərbaycan milləti formasında birləşdi. Azərbaycan xalqının təşəkkülü bu ərazidə yaranmış tarixi etnik milli birliyin inkişaf təzahürüdür. Azərbaycan xalqı buraya haradansa kənardan gəlməyib və burada soykökündə türk dayanmaqla türk ailəsinə daxil olan müstəqil bir xalqdır”.

Tarixçinin bildirdiyinə görə, tolerantlığın həyat tərzimiz kimi formalaşmasında türk xarakteri, türkçülük və islam amillərinin özünəməxsus rolu var: “Yenə də Kitabi-Dədə Qorqud dastanına müraciət etməli olacam. Orada türklərə yad olan cəhətlər də qeyd olunub. Hansı cəhətlər türklərə yaddır? Yatanın başını kəsmək, qaçanı qovmaq, hiylə ilə qələbə çalmaq. Eyni zamanda türklər aman istəyəni həmişə bağışlayıblar. Həmçinin türklər onlara sığınan, onlara pənah gətirənlərə həmişə öz evlərində yer ayırıblar, bu nöqteyi-nəzərdən də Azərbaycan xalqı türkçülüyə xas olan bu keyfiyyətlərdən xali deyil. Yəni, Azərbaycan xalqı da tarixin müxtəlif dönəmlərində öz yurdunu digər xalqların üzünə açıb, burada müxtəlif xalqlar yerləşib. Kimlər ki bu dəyərlərə sadiq qalıb, onları qiymətləndirə bilib bu gün də Azərbaycan xalqı ilə bir yerdədir. Kimlər ki ermənilər kimi nankor çıxıb onların təbii ki, cəzası son nəticədə xalq tərəfindən veriləcək. Birinci növbədə Azərbaycanın milli xarakterindən irəli gəlir-barışqanlıq, digər millətlərə humanist münasibət. Digər tərəfdən Azərbaycanın mənəviyyatında əsas yerlərdən birini tutan İslam dinidir. Azərbaycan əhalisinin təxminən 95-96 faizi İslam dininə etiqad edir. Və dinlərin ən mükəmməli İslam sonuncu peyğəmbər Həzrəti Məhəmməd tərəfindən bəşəriyyətə çatdırılan Qurani-Kərimə əsaslanır. Quranda təkallahlı dinlərə dözümlülük var”.

Tədqiqatçı Azərbaycanda tolerantlığın dərin köklərə və çoxəsrlik tarixə dayandığını əyani faktlarla diqqətə çatdırıb: “Təsadüfi deyil ki, hətta Roma Papası da Azərbaycanı dini tolerantlıq baxımından “unikal ölkə” adlandırıb. Azərbaycan dövlətinin milli tolerantlıq sahəsində siyasəti çox yüksək səviyyədədir. Tarixən də belə olub, indiki dövrdə də belədir. Ölkəmizdə tarixin müxtəlif dövrlərində müxtəlif dinlərə xoşgörü münasibəti bəslənib. Şah Abbas xristian kilsəsinin tikintisinə köməklik göstərib. Hacı Zeynalabdin Tağıyev öz vəsaiti hesabına xristian kilsəsi tikdirib. Və Tağıyevin maliyyə vəsaiti ilə Dağıstanda kumık dilində onların qəzeti də çap olunub. Azərbaycanda bu gün də azsaylı xalqların öz nəşrlərini buraxması, dövlət səviyyəsində təhsil alması üçün hər cür şərait yaradılıb. 70 ilə yaxın bir müddətdə keçmiş sovet ideoloji təbliğ maşınının işlədiyi və hökm  sürdüyü keçmiş SSRİ  mühitində yaşamasına baxmayaraq, xalqımız daim mənəvi-dini dəyərlərə, sərvətlərə əsaslanan humanist meyilləri yaşadıb. Bunun da nəticəsində hazırda Azərbaycan xalqı yüksək dövlət dəstəyi və qayğısının fonunda ən yüksək mənəvi-əxlaqi davranış nümunələrini özündə təcəssüm etdirməkdə və örnək təşkil etməkdədir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra İslam ənənələrinə əsaslanan müqəddəs bayramların dövlət tərəfindən qeyd olunması, hər bir vətəndaşa etiqad azadlığından yararlanmağa maksimum şəraitin yaradılması, eləcə də müxtəlif millətlərin və dinlərin nümayəndələrinə istənilən şərait və şərtlərdə yüksək səviyyəli diqqət və qayğının göstərilməsi ölkəmizdəki mövcud humanitar dəyərlərin, eyni zamanda, münasibət və meyillərin inkişafına yüksək stimul verib. Bu da, şübhəsiz, Azərbaycanı yüksək səviyyəli dəyərlərin daşıyıcısı olan müxtəlif xalqlar və dinlərin nümayəndələrinin yanaşı yaşadığı ideal və arzuedilən məmləkətə çevirib”.

 

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2013.- 24 avqust.- S.30.