Nizaminin abidəsinin
tarixi arxiv sənədlərində
Məhəmməd
Əmin Rəsulzadə: «XII əsrdə bütün Yaxın
və Orta Şərqin formalaşmış dövlət dili ərəb-fars
dili olduğu şəraitdə Nizami kimi tanınan şəxs
daha hansı dildə yazmalı idi: bu isə onun fars şairi olmasına heç bir əsas
vermir»
Şahsuvar
Haşımov: «Bu mühüm hadisə böyük Nizamini
fars şairi hesab edənlərə çox tutarlı və məntiqi
cavab idi»
II
yazı
(əvvəli ötən sayımızda)
Ötən yazımızda dahi Azərbaycan şairi
Nizami Gəncəvinin heykəlinin qoyulması tarixindən təqdim
etdiyimiz birinci yazıda mövzu ilə bağlı müzakirələrin
rəsmi səviyyədə-yüksək dairələrdə
aparılmasından danışmışdıq. Mövzunu
davam etdiririk. Elm və Texnika Sənədləri Arxivinin
direktoru, əməkdar mədəniyyət işçisi
Şahsuvar Haşımov bildirir ki,
Məhəmməd
Əmin Rəsulzadə Nizami şəxsiyyətinin
unudulması səbəblərini, onun fars
şairi kimi qələmə verilməsinin siyasi köklərini
də araşdırıb. O, bu kitabında yazırdı: «Bir
tərəfdən müsəlman şərqinin
uğradığı ümumi gerilik, o biri tərəfdən
isə çarizm istilasının zülmü və
istismarı nəticəsində öz keçmişini və
bu keçmişdəki mədəni nailiyyətlərini
unutmuş Azərbaycan Nizamini də yaddan
çıxarmamışdı. Daha sonra kitabın «Unudulmaz
Nizami» adlanan 9-cu bölməsindən bu cümlələri
oxuyuruq: «Nizami düşünən azərbaycanlılar tərəfindən
büsbütün unudulmamışdı: məsələn,
1910-cu ildə Gəncə Dram Cəmiyyəti dahi həmyerlisini
yada salıb onun xaraba türbəsini təmir etmək
üçün bir kitabça çap edərək
könüllü şəkildə vəsait toplamaq təşəbbüsündə
olublar. A.Krımskinin qeyd etdiyi kimi, bu hadisəylə
yanaşı möhtərəm gəncəlilər,
eşitdiyimə görə həmin məqsədlə bir
neçə min manatdan ibarət vəsait də
toplayıblar». O ki qaldı Nizaminin əsərlərini nə
üçün ərəb-fars dilində yazması məsələsinə;
Məhəmməd Əmin Rəsulzadə öz tədqiqat əsərində
bu məsələyə də aydınlıq gətirir və
əsaslandırır ki, «XII əsrdə bütün Yaxın
və Orta Şərqin formalaşmış dövlət dili ərəb-fars
dili olduğu şəraitdə Nizami kimi tanınan şəxs
daha hansı dildə yazmalı idi. Bu isə hələ
onun fars şairi olmasına heç bir əsas vermir».
Araşdırmaçı
qeyd edir ki, mühüm əhəmiyyət kəsb edən bu
işin icrası da ciddi çətinliklərlə üzləşib:
«Arxivimizdəki sənədlər və
topladığımız əlavə mənbələr
Nizaminin mənsubiyyətilə bağlı yüzilliklər ərzində
davam edən mübahisələrə son qoymaq məqsədilə
qərara alınmış abidənin hazırlanması və
ucaldılması sahəsində aparılmış təşkilatçılıq
işlərindən xəbər verir. Çox
vacib önəm kəsb edən işlər ötən
yüzilin 30-40-cı illərində daha da kücləndirilir.
İlk olaraq respublika hökumətinin göstərişi
əsasında abidənin ucaladılacağı yer müəyyən
olundu və bir hektarlıq torpaq sahəsi ayrıldı.
O illərdə şəhərin lap mərkəzində
ayrılmış ərazi indiki kimi yaraşıqlı və
mənzərəli olmayıb. Sənədlərdən
aydın olur ki, hələ XX yüzilin 30-cu illərinədək
burada ibtidai üsulla pərakəndə halda tikilmiş, şəxsi
daxmalar, xırda ticarət köşkləri,
cızbızxanalar və digər qazanc obyektləri fəaliyyət
göstərib. 1935-ci ildə respublika
hökumətinin göstərişi ilə bu yararsız
obyektlərin hamısı söküldü və ticarət
köşkləri ləğv olundu. Qısa vaxt ərzində
tamamilə təmizlənərək səliqə-sahman
yaradılmış geniş meydanda Bakı iqliminə tab gətirən
yaraşıqlı ağaclardan ibarət dairəvi bağ
salındı. Ətrafda saxlanan bir sıra
baxımlı binalar — mətbuat evi, respublika əmək sarayı,
muzey binası, tikintisi başa çatmamış Təbliğat
Evinin binaları abidənin ucaldılacağı əraziyə
ayrıca gözəllik bəxş etdi. Abidənin
daha əzəmətli görünməsi məqsədilə
müəyyən olunmuş meydanın Respublika Əmək
Sarayına doğru istiqamətlənən hissəsi
açıq saxlanıldı. Az sonra
burada geniş pilləkənlər quraşdırıldı. Pilləkənlərin muzeyə tərəf enən
hissəsi isə fontan hovuzlarının inşası
üçün nəzərdə tutuldu».
Arxivdə
mühafizə edilən layihə sənədlərinin
izahlı yazılarında abidənin inşasının tezləşdirilməsi
naminə həm Azərbaycanda, həm də o zamankı Sovetlər
ölkəsi məkanında həyata keçirilmiş təşkilatçılıq
işləri təsvir olunur: «Aparılan işlər və həyata
keçirilən tədbirlər gündəlik dövlət nəzarətində
saxlanılırdı. Sənədlərdən
görünür ki, aidiyyəti səlahiyyətli şəxsləri
daim iş başında görmək olardı. Nizaminin
800 illik yubileyinin keçiriləcəyi ərəfədə
dahi şairin şəxsiyyətinə məxsus abidənin
hazırlanmasına və ucaldılmasına əsas verən
iki mühüm dövlət qərarı imzalandı.
1939-cu ildə Bakıda və 1940-cı ilin yanvarında Moskvada
imzalanmış həmin qərarlar bu sahədə aparılan
işlərə əsaslı təkan verdi.
Qərarların icrası məqsədilə
Bakıda fəaliyyət göstərən İncəsənət
İşləri üzrə idarə tərəfindən təşkil
olunmuş açıq müsabiqədə 10 nəfər,
qapalı müsabiqədə isə 7 nəfər heykəltəraş
iştirak edirdi. Qapalı müsabiqənin
iştirakçıları arasında Fuad Əbdürrəhmanov,
Cəlal Qarayağdı kimi tanınmış heykəltəraşlar
da var idi. Bütün bunlara baxmayaraq abidənin
yaradılması üçün ilk olaraq təqdim olunmuş
70 layihədən heç biri qəbul olunmadı. Aparılan işlərin qızğın
çağında qarşıya daha bir çətinlik
çıxmışdı. Bu çətinlik
isə arxivlərimizdə və muzeylərimizdə Nizamiyə
məxsus fotoşəkilin, yaxud heç olmasa, onun gerçək
görünüşünü əks etdirən XII yüzilə
aid sənət əsərinin olmaması ilə bağlı
idi. Əvvəlcədən aydın
görünürdü ki, fotoşəkilin, yaxud portretin
olmaması hazırlanmış sənədlərin Moskva
müzakirəsində mübahisələrə rəvac verəcək.
Gözlənilən kimi də oldu. Bakıdakı yüksək səviyyəli
müsabiqədə bəyənilmiş və dövlət tərəfindən
gərəyincə qiymətləndirilmiş heykəltaraş
Fuad Əbdürrəhmanovun və tanınmış memar Sadiq
Dadaşovun birgə layihə əsaslandırmaları Moskva
müzakirəsi zamanı qızğın mübahisələrə
səbəb oldu».
Mübahisələrdə
diqqəti cəlb edən məqamlardan biri abidənin ana xətti
sayılan Nizami heykəlinin ayaq üstə, yaxud oturmuş vəziyyətdə
quraşdırılması ilə əlaqədar olub: «Bu
mühüm məsələyə münasibətdə
Moskvadakı Bədii-Texniki Şura üzvləri ilə
Bakıdakı Komissiya üzvləri arasında fərqli fərziyə
irəli sürülürdü. Fuad
Əbdürrəhmanovun hazırladığı cizgilərdə
daha əzəmətli görünməsi üçün
heykəlin ayaq üstündə quraşdırılması təklif
olunurdu. Yüksək səlahiyyətlərə
malik olan ümumölkə mərkəzindəki Bədii-Texniki
Şuranın əksər üzvləri isə heykəlin
oturmuş vəziyyətdə quraşdırılmasına
üstünlük verirdilər. Bir məqamı
da unutmaq olmazdı ki, Bakıda hazırlanmış birgə
layihə üzrə Nizami heykəlinin ayaq üstə
durmuş vəziyyətdə quraşdırılması Azərbaycanın
orta əsr mədəniyyətinə daha çox uyğun gəlirdi.
Cizgilərdə başında çalma, əlində
bükülmüş kağız parçası, əynində
əba görkəmində təsvir olunan Nizami obrazı abidənin
tariximizdə intibah dövrü kimi qiymətləndirilmiş
XII əsrə məxsus əsl azərbaycanlı (türk)
ziyalısını xatırladırdı. Bütün bunlar isə heykəltaraş Fuad
Əbdürrəhmanovun müstəsna nailiyyəti kimi qiymətləndirildi.
Xeyli müddət ərzində gərgin işlər
aparmış Fuad Əbdürrəhmanov Nizaminin bədii-tarixi
irsini gərəyincə mənimsəmək əsasında
hazırladığı heykəl obrazında onun öz zəmanəsinə
tam uyğun gələn başlıca xüsusiyyətlərini
— ən ümdəsi onun humanistliyini, müdrikliyini, uzaqgörənliyini,
bütövlükdə onun ümumiləşmiş şəxsiyyətini
düzgün əks etdirməyə nail olmuşdu. Bununla yanaşı rəssam Qəzənfər
Xalıqovun yaratdığı və birinci dərəcəli
mükafata layiq görülmüş Nizami portreti də
öz reallığı ilə Fuad Əbdürrəhmanovun
heykəl obrazı ilə tam ahəngdarlıq təşkil
edirdi. Moskvadakı Bədii-Texniki Şuranın Alabyan
kimi bəzi üzvlərinin səsləndirdiyi qərəzli
çıxışlara, yersiz təkliflərə baxmayaraq bu
çox prinsipial məsələdə Azərbaycan rəhbərliyinin
və ziyalılarının mövqeyi öz tarixi bəhrəsini
verdi. Azərbaycan mütəxəssislərinin
hazırladığı layihə variantı əsasən həyata
keçirildi. Bununla belə Moskva
müzakirəsində irəli sürülmüş bəzi
iradların da aradan qaldırılması üçün
işlər aparıldı. Bakıdakı
Nizami Yubiley Komitəsinin təklifi ilə Fuad Əbdürrəhmanov
abidə cizgiləri üzərində yenidən işləməli
oldu. Sadiq Dadaşov və Mikayıl
Hüseynov kimi tanınmış memarlar da layihənin daha
mükəmməl hazırlanmasına cəlb olundular.
Hazırlanmış yeni varianta görə cəmi 26 kv. metrlik postament üzərində
quraşdırılacaq abidənin ümumi hündürlüyü
15 metr, qiymətli qranit dayaq üzərində bərkidilmiş
heykəlin hündürlüyü isə 6,9 metr olmalı
idi».
1941-1945-ci illərdə baş vermiş Böyük Vətən Müharibəsi Nizami abidəsi üzərində aparılan işlərin tamamlanmasına imkan verməyib: «Tarixi qələbədən cəmi 2 ilə yaxın müddət keçdikdən sonra 1947-ci ilin yanvarında abidə inşasının yenidən başlanılması üçün daha bir dövlət qərarı qəbul olundu. İşlərin vüsəti yeni sürət götürdü. O illərin öndə gedən memarlarının, heykəltəraşlarının, ilk növbədə Mikayıl Hüseynovun, Sadiq Dadaşovun, Fuad Əbdürrəhmanovun, Cəlal Qaryağdının, İlinin, rəssam Xalıqovun və bir çoxlarının layiqli əməyi heç vaxt unudulmamalıdır. Adlarını qeyd etdiyim dövlət qərarlarının yerinə yetirilməsi məqsədilə abidənin quraşdırılmasında istifadə olunan ən qiymətli materiallar ölkənin müxtəlif şəhərlərindən Bakıya gətirilmişdi. Tunc-tökmə və qiymətli qranit üzlük işləri SSRİ-nin «Abidə-İstehsalat Birliyində», bəzək qabartma-naxış hissələri isə Leninqrad «Abidə-heykəltaraşlıq Materialları Zavodunda» istehsal olunmuşdu. Artıq 1949-cu ilin baharında abidənin quraşdırılması, memar üzlüklərin və ətraf döşəmələrin bərkidilməsi tələb olunan daha bir sıra mühüm işlər tam başa çatdırılmışdı. Aprelin 30-da az qala bütün dünyaya səs salan abidənin təntənəli açılışı oldu. Çoxsaylı ziyalıların və dövlət adamlarının iştirakı ilə abidəni Azərbaycan Nazirlər Sovetinin sədr müavini Mirzə İbrahimov açdı. Respublika Elmlər Akademiyasının prezidenti Yusif Məmmədəliyevin məruzəsi və Səməd Vurğunun şeiri dinlənildi. Yüzilliklər ərzində fars şairi kimi qələmə verilməklə zorla özgələşdirilmiş dahi Nizaminin əzəmətli abidəsi artıq öz doğma vətəninin paytaxtı Bakı şəhərində ucaldılmışdı. Əslində bu mühüm hadisə böyük Nizamini fars şairi hesab edənlərə çox tutarlı və məntiqi cavab idi. Bu, çox önəmli hadisə kimi Azərbaycan xalqının siyasi, mədəni və mənəvi qələbəsi idi. Biz indi ən qiymətli mərmər-qranitdən yaradılmış, üzərində min-bir əziyyətlər çəkilmiş dahi Nizami abidəsinə baxaraq öz tarixi keçmişimizlə öyünməli və keçənləri olduğu kimi yada salmalıyıq. Daha bir məsələnin də üzərindən yan keçmək düzgün olmazdı. 800 illik tarixi yubiley günlərində Bakıda Nizami abidəsinin ucaldılması sübutlu-dəlilli faktlarla onun məhz bizim doğma Azərbaycana məxsusluğunun təsdiqi əksər dünya nizamişünaslarını razı salsa da, bir çox fars ədəbiyyatşünaslarını və onları müdafiə edənlərin ürəyincə olmadı. Onlar indinin özündə də iddia edirlər ki, guya Nizami İran şairidir. Bir neçə il bundan əvvəl Azərbaycana gəlmiş sabiq İran prezidenti Rəfsancani Haşimi Gəncədəki Nizami məqbərəsini ziyarət etdikdən sonra Fəxri Rəy Kitabında «Heç zaman Azərbaycana məxsus olmayan şair Nizami» sözlərini yazmışdı. Ancaq ataların bir kəlamı da unudulmamalıdır: «Yalan ayaq tutar, ancaq heç vaxt yeriməz». Axı yalanın uzun ömrü olmur».
Uğur
xalq Cəbhəsi.-
2013.- 24 avqust.- S.15.