Çağdaş Güney Azərbaycan ədəbiyyatı

 

«Bütövlüyə, azadlıq zirvəsinə ucalaq, qalxaq ayağa, ey Bütöv Azərbaycan

«Dilimin pinarından türk-türk axıb qanımda dalğalanırsan,

Azərbaycanım…»

VII yazı

(Əvvəli ötən saylarımızda)

Güney yazarlarının da şeirlərinin mayasında

şair və onun daxili dünyası durur. Onların əsərlərində aparıcı xətt Güney Azərbaycan xalqının keşməkeşli taleyi, bu taleyin üzərindən qara yellər əsdirən şər qüvvələrə qarşı etiraz, qədərə üsyan və mövcud vəziyyətdən — xalqını və ana dilini köləlikdən qurtuluşa doğru aparan yeganə yola — mənəvi birliyə çağırışdır…

Ərgin üzləşdikləri real duruma öz etiraz və üsyan duyğularını «Ulus var» şeirində orijinal müqayisələrə bükür.

Lakin bu bükülmənin şərti olduğu ilk baxışdanca duyulur və ixtiyarsız olaraq şüurlarda hələlik susmuş, əslində isə hər an aktivləşə biləcək vulkan təsəvvürü yaradır:

Ulus var, yalnız gülər.

Ulus var, yalnız ağlar.

Ulus da var,

Bəzən gülər, bəzən ağlar.

Bizim gülüşümüz dodağımızda quruyub,

Göz yaşlarımız boğazımızda düyünlənib…

Bircə şeirdə bütöv bir yurdun, dili, tarixi əlindən alınmış əsir bir xalqın taleyini yazmaq, obrazlı, həm də bu dərəcədə konkretliklə ifadə etmək, təbii ki, şairlik istedadının

təzahürləridir. Bu, şairin öz elinin dərdi ilə yaşaması, bu dərdləri içində daşıması, fəryadının boğazında düyünlənməsi, harayının dişləri arasında boğulmasıdır. Bu məqamda Ələkbər

Dehxudanın «Cəmiyyəti formalaşdıran ən əhəmiyyətli amil dil, qələm, iş və düşüncə azadlığıdır» fikri tamamilə yerinə düşür… Eləcə də Viktor Hüqonun «Eşq uğrunda həyatımı verərəm, hürriyyət-azadlıq uğrunda isə eşqimi də fəda edərəm» fikri… Çünki insanın qəlbində eşq doğulanda onun ölüm qorxusu o andaca qeybə çəkilir. Eşq, həqiqi aşiqlik gözünü qırpmadan ölümün üzərinə atılmaqdır əslində… Güney şairləri üçün fərqi yoxdur, sərbəst vəzndə yazsın, yaxud hecada, əsərlərindən bax beləcə, öləsiyə məhəbbət, eşq sıçrayıb şahə qalxır, göylərə yüksəlir, o sürət və emosiya ilə də oxucunun qəlbinə, oradansa düz beyninə yön alır. Və bu eşqin hədəfi Ana Vətəndir. Sevgiliyə olan eşq böyüyərək Yurdlaşır, Vətənləşir, Azərbaycanlaşır… Səid Muğanlı üçün də sevmək ölmək, sadəcə dünyaya vida etmək deyil, bir inqilab deməkdir. Bu, Vətən övladlarının Ana yurdun azadlığı, buxovlardan qurtulması uğruna atıldığı

ölüm-dirim savaşı, mücadiləsidir:

Sevmək bir intihardır,

Qar çiçəyi günəşə baxıb öldü.

Sevmək bir ittihamdır,

Sevmək,

təkcə Sevmək deyil ki!

Sənin, mənim, onun arasında,

Sevmək, bir inqilabdır.

mən sevirəm,

Və zindandayam…

Bu gün Güney Azərbaycanda modern şeirin inkişafını sürətləndirən bir çox şairlər kimi S.Muğanlı da əmindir ki, «Babək ölübdürsə də hələ Təbriz ölməyib, o, gözlərilə

döyüşür» və bu haqq işi uğrunda mübarizə hələ də bitməyib… Bəli, onlar üçün sevmək azadlıq, istiqlaldır, ana dilində-doğma türkcədə yazıb-yaratmaq, bu dildə təhsil almaqdır.

Onlar üçün sevmək bu azadlığın yolunda zindanları belə gözə almaqdır, Vətənin azad deyilsə, buxovlarda olan bir Vətənin övladı da azad deyil. Təbii, həqiqətən çətindir, doğma Vətənin qoynunda dili, arzuları bağlı yaşamaq, Səhəndin təbirincə desək, «keçmişindən, gələcəyindən söz açması, dədə-babasından ad alması» yasaqlanmış bir rejimdə ömür sürmək… Güneyli yazarlar bu yasaqlara son qoymaq uğruna çabalar göstərir, bu amacla qələmə sarılır, söz və əməl cəbhəsində savaşa atılırlar.

İstedadlı şair Məlihə Əzizpur bir şeirində bu çox çətin və ağır savaşın labüdlüyünü bədii poetik sözün gücü ilə çatdırır oxucusuna… Bu şeiri oxuyarkən insanın ruhu, damarlarındakı qanı donur:

Köynəyinin yaxasını aç, köksünü görüm,

Offfff!

Burada ki, dost izi var,

- Necə də mehriban əlləri varmı?-

pambıqla kəsib döşlərini.

Heç inciməyib, gözlərindən bəllidi.

Qoy kürəyinə də baxım.

Yaralarına toxunmaram, qadan alım,

Yalnız söylə,

Bu, qamçı-qamçı qan yollarının sonunu

Kimdən xəbər alım mən?

Olursa yaşmağını da aç,

Gülümsəməni görüm lütfən.

Ağlamaram, söz vermişəm Türk kimi.

Amma yaylığını götürmə kəsin,

Götürmə yaylığını.

Sənə gələrkən gördüm:

Saçlarından çatı hörmüşdülər dar ağaclarına.

Dur yola sal məni,

Saçlarını geri almağa gedirəm

Naməhrəm əllərdən.

Dua et mənə, Maralım, Yaralım.

Bayraq edək bu dərdimizi birliyə, bütövlüyə,

bütövlüyə, azadlıq zirvəsinə ucalaq!

Qalxaq ayağa, ey Bütöv Azərbaycan!

Üzdə dost görünən saxta mehribançılıq oyunu oynayan düşmənin nə mehriban əlləri də varmış ki, pambıqla kəsib döşlərini… Ölümə məhkum etdiyi günahsız bir elin mərd oğul

qızlarını asmaq üçün gərək olan «dar ağaclarına çatı hördüyü sevgilinin — Vətənin saçlarını

naməhrəm əllərdən geri almağa, qamçı-qamçı açılan qan yollarının sonunu bulmağa-azadlıq zirvəsinə-Bütövləşməyə aparan yol uzun və çətin, maneələrlə dolu ağır bir yoldu, savaş da ağır savaşdı, ancaq bu savaş labüddü…

Azərbaycan yağışların mahnısına cumculuq islanıb duyğularımın obası altında

adını çobanların tütəklərinin

isti səsi tək könlümün vərnisinə toxuyuram.

Gözlərimdən lam-lam adının Arazı axıb,

dodaqlarımdan yamyaşıl Muğan tək göyərirsən.

Dizlərimin zirvəsindən dəniz papaqlı Savalan tək ucalıb

Dilimin pinarından türk-türk axıb

qanımda dalğalanırsan,

Az

Ər

Bay

Canım…

Ruhunun içindən qoparaq vərəqlərə süzülən bu misralar Güney Azərbaycanın Səkinə Purhəsən adlı bir şairi üçün hansı anlamı daşıdığını ortaya qoyur. Azərbaycana həsr

olunmuş iki şeir, iki poetik yanaşma… Hər iki yanaşma, münasibət son dərəcə maraqlı, düşündürücüdür… Məlihə xanımın Ulu yurdu xilas etməyə, onu əsarətdən qurtarmağa aydın, həm də çox kəskin çağırışı, Səkinə xanımınsa tarixi yurdumuzu sevməyə səslənişi insanı içdən riqqətləndirir. Amma bu şeirdə bir məqam da nəzərdən qaçmır. Şeirin sonunda o, Azərbaycan sözünü hecalara bölərək oxucunun diqqətini Vətən oğullarının bu gün də Ər-ərən-Baybəylər olduğuna yönəldir…

Sevimli şairimiz Əziz Səlaminin də bu şeirlə bağlı düşüncələri Səkinənin böyük Vətən sevgisini tamamilə açıqlığa qovuşdurur: «Bu şeiri oxuyarkən, özgün bir şeir dünyasından baş alıb gələn yeni bir poetik baxışla qarşılaşır insan. Ana yurdun yağışlarından islanan çox şairlər olub, amma yağışlarının mahnısına islanmağın tanışı oluruq burada və ölkəsinin sevimli dağını onun dişlərindən baş qaldırıb ucalan görürük və bu dağın yanar başını dənizdən bir qapaq örtməkdədir. Bu yeniliyin qaynağı yeni bir bənzətmə və yaxud yeni bir şəkil deyil, yeniliyi tam yeni poetik bir ruhda aramalıyıq. Bu şeirdən, yaşıl bir yamacda, üzərində çoban tütəyinin havalarının qaranquşları uçuşan doğma obalarımızın birindən keçər kimi olursan. Savalan, Araz və Muğan çölləri bir daha içimizə dolur; bu dəfə tam başqa boyalarla, başqa səslərlə. Bu şeir böyük bəstəçi Smetananın doğma çayı «Moldau» üçün bəstələdiyi əsərinin kağız üstündə sözlərlə səslənməsidir. Həm də şairin öz ana yurdu Azərbaycan üçün».

Əslində 1828-ci ildə imzalanmış bədnam «Türkmənçay sülh müqaviləsi»ndən və əsasən 1946-cı ildə 21 Azər hərəkatının qələbəsindən — Vətənin üfüqlərində doğan azadlıq

günəşi qan dənizində boğulduqdan sonra Güney Azərbaycanda yaşayan, öz milli haqq və hüquqları uğrunda ölüm-dirim savaşına qalxan Güney Azərbaycan yazarlarının günü-

güzəranı belədir. Həmin bədnam tarixdən sonra xalqın da, bu xalqın yazarlarının da gününün, yaşamının, düşüncələrinin mərkəzində yalnız və yalnız azadlıq ideyalarının gerçəkləşməsi durub… Onların şeirlərinin baş hərfi, «əzəl mübtədası» məhz Vətən olub və bu gün də belədir. Əsərlərində, özəlliklə də şeirlərində əsasən milli kimliyə qayıdır. Ancaq hələ ki, iniltiləri duyulub fəryadları

eşidilməsə də, bu gerçəkləşmənin labüdlüyünə əmindirlər, eynilə — «İniltimə gülürsən, Gül! Unutma, ulu şəhərləri dağıdan qasırğalar, bir kiçik əsintidən başlar», — deyən Ərgin kimi… Bu Vətən mücahidi üçün də özgürlük həyatın, yaşamın mənasıdır…

Məlihə xanımın isə Güney Azərbaycandakı real vəziyyətin, gerçək mühitin diqtəsilə söylədikləri acı həqiqətlər insanın ayaqlarını yerə mıxlayır və bu barədə ciddi düşünməyə

səfərbər edir: «Qurtuluşun və azad bir millət olmanın bədəli vardır. Heç bir millət öz-özünə qurtulmur. Heç bir qurtuluş dirənişsiz olmur. Bizim gənclərimizin bu yolda çəkdikləri

əzablar, zindanlar və gördükləri işgəncələr, bu qurtuluş yolunda ödənilən bədəldir. Bu da nəticəsiz qalmayacaq. Çünkü tarixdə doğruluq, haqq və ədalət yolunda gedən mubarizələr sonucda qurtuluşla nəticələnib, ancaq qurtuluş düşüncəsini, qurtuluş duyğularını toplumun dünyagörüşündə əkən və oluşduran yazarlar, şairlər və aydınlar olublar. İndiki mərhələdə milli qurtuluş, zaman keçdikcə türk toplumunun dünya görüşündə bir inanc şəkli almaqdadır. Bu inancı ayrıntıları ilə açıqlayan və etik və estetik tərəflərini izah edən, milli dilimizdə yazılan modern ədəbiyyatdır. Məhz bu acıdandır ki, Urmu gölü hadisələri, Urmu gölünün qurudulması və bu hadisəyə qarşı ucalmış xalqın güclü etiraz səsinə İran dövlətinin rəsmiləri tərəfindən yetərincə cavab verilməməsi, bölgədə gələcək ekoloji fəlakətlərin doğuluşunu şərtləndirən bu məsələnin həlli uğruna ciddi addımların atılmaması, tədbirlərin görülməməsi güneyli şairləri son iki-üç ildə ən çox düşündürən, narahat edən problemlərdəndir. Bu problemlər bu gün onların əsərlərinə köçən daimi mövzulara çevrilib».

Ülkər Ucqar, Türkan Urmulu, İsmayıl Ülkər və b. bu məsələyə daha həssas yanaşmaları ilə diqqəti cəlb edirlər. Ülkər Ucqar yazır:

İnansın inanmasın?!

Sənin iki qurtumluq qumral gözünə necə inanım?

O yekəlikdə mavilikdə

Urmu gölü ilğım imiş, əlimi atanda duza çıxdı!

Dalıram inanmıram, cumuram inanmıram,

Boğuluram, inanmıram.

Gəlməyəcək gəlinin bir yerlidir, torpağı yox!

O torpağı yoxla, bir gölləri var, suyu yox!

O suyu yoxla, gündə balıqlamağa çıxır, toru yox!

Toru yoxla, bu gün bir cüt qumral rəngdə

göy muncuğu düşüb, inansın, inanmasın?

(davamı var)

 

Esmira Fuad

Xalq  Cəbhəsi.- 2013.- 27 avqust.- S.14.