Boşanmış ailələrdə aliment problemi

 

Mətanət Əzizova: «Kişilərdə belə bir fikir formalaşıb ki, qadın alimenti övladına yox, özünə xərcləyəcək»

Yusif Bəkirov: «Atanı nəzərə almaq lazımdır ki, işsizlik şəraitində pulu necə ödəsin

Mehriban Zeynalova: «Alimentin ödənilməsi ilə bağlı bəzən məhkəmə qərarları icra olunmur»

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun aylarında ölkədə 37,9 min nikah və 5,7 min boşanma halı qeydə alınıb. 2012-ci ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7.4-dən 8.2-yə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (1.2) qalıb.

Ailə dağıldıqdan sonra kiçik yaşlı uşaqlarla tək qalan ana maddi problemlərin əhatəsində qalır. Bu cür ailələrdə yaşanan ən böyük problem alimentdir. Alimentin alınmasında yaranan ciddi problemlər belə ailələrdə böyüyən uşaqların taleyində ağrılı izlər buraxır. Onlar mənəvi travmalar almaqla yanaşı, atanın anaya olan pis münasibəti səbəbindən maddi sıxıntılar çəkməyə məcbur olur. Ata müxtəlif bəhanələr gətirməklə alimentdən yayınır. Çox zaman isə gəlirlərin əsas hissəsi gizlədilir və minimum məbləğ məhkəməyə təqdim edilir. Belə olan halda uşaqla tək qalmış ana bunu sübut etməkdə çətinlik çəkir.

Bu gün alimentin tutulması üçün iki forma var: a) məhkəmə stabil məbləğdə aliment təyin edir ve b) ödəyicinin əmək haqqından müəyyen faiz tutulmaqla aliment təyin edirlir. Bu zaman yalnız ailədəki uşaqlar deyil, hemçinin şəxsin həyat yoldaşı da nəzərə alınır. Amma kişilerin əməkhaqqı leqal olmayanda təyin edilən alimentin ödənilməsi problemə çevrilir. Ölkədə bu problemlə üzləşənlərin sayı kifayət qədər çoxdur.

Aliment ödəməli olan şəxs ödənişdən yayınır, ya da iş yerinin olmadığını əsas getirərək alimentin kəsilməsinə qarşı çıxır. Hətta məhkəmə qərarlarının olması işin həllinə, yeni aliment üzre borcların qaytarılmasına köməklik etmir. Borclunun ya ünvanı məlum deyil, ya da o, maaşının cüzi hissəsini rəsmiləşdirir, qalanını qeyri-leqal formada alır və s. İcra memurunun isə bu işdə maddi marağı olmadığından, çox vaxt alimentlə bağlı işlərə formal yanaşır və dərinə getmir.

Uşaq Hüquq Klinikasının direktoru Rafiq Alışovun fikrincə, bu sahədəki qanunvericilikdə boşluqların olması ucbatından dövlətin məsələyə müdaxiləsi zəruridir: «Etiraf etməliyik ki, bu gün boşanmış ailələrin ən böyük problemi alimentlə bağlıdır. Çünki adətən məhkəmələrdə aliment məsələsi müzakirə olunarkən çıxarılan qərardan tərəflər narazı qalır. Bəzən isə çıxarılmış qərar hetta yeni bir münaqişənin əsasını qoyur. Ümumiyyətlə isə müvafiq qanunvericiliyə əsasən, keçmiş ərin leqal iş yeri varsa, onun aylıq məvacibinin 1/4 hissəsi bir uşaq üçün aliment kəsilməlidir. Məsələn, atanın aylıq məvacibi 200 manatdırsa, onun 50 manatı uşağa ödənilməlidir. Amma burada bir məqam da var ki, bir uşaq üçün nəzərdə tutulan aylıq aliment yaşayış minimumundan, yəni 76 manatdan az olmamalıdır. Bu baxımdan məhkəmələr qərar qəbul edərkən bunu mütləq nəzərə almalıdırlar».

Millet vəkili Elmira Axundova mətbuata verdiyi açıqlamada aliment borclarının qaytarılma prosesində dönüş yaratmaq üçün aliment fondunun yaradılmasını vacib sayır. Bu fonda büdcədən müəyyən məbləğ verilir, boşanmış qadın (söhbət əsasən analardan gedir) məhkəmə yolu ilə aliment almaq hüququnu təsdiqləsə, lakin icrasına nail ola bilməsə, ona məhkəmə ilə müəyyən edilmiş məbləğ fond tərəfindən verilir: «Eyni zamanda, fonda aliment verməkdən yayınan insanı axtarmaq, iş yerlerində yoxlama aparmaq, ondan aliment almaq kimi geniş səlahiyyətlər verilir. Ən əsası odur ki, fondun işçiləri alimentdən yayınan insanların axtarışında və ondan pul alınmasında maraqlı olsunlar».

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova aliment probleminin qanunla yox, məhkəmələrlə bağlı olduğunu bildirir. Onun sözlərinə görə məhkəmələr qanuna əməl etmirlər. «Daha bir problem kişilərlə bağlıdır. Çünki çox vaxt ailə dağılırsa, kişi övlada baxmaq işini öz problemi kimi yox, ananın işi hesab edir. Düşünür ki, əgər mən övladımla birgə qalmıramsa, artıq uşağın tərbiyəsi ilə məşğul olmaq, onu maddi baxımdan təmin etmək ikinci plana keçir. Qadın boşanmaya qərar verirsə və aliment tələb edirsə, kişilər bu fikrə hörmət etmir. Kişilərdə belə bir psixologiya formalaşır ki, qadın alimenti övladına yox, özünə xərcləyəcək. Heç bir kişi hesablamır ki, qadın uşağın tərbiyəsinə, sağlamlığına qat-qat çox əmək və məsrəf sərf edir. Nəticədə məhkəmə qərarına baxmayaraq kişilər alimenti ödəmirlər. Dəfələrlə bu problemlə bağlı qadınlar müraciət edib. Hətta kişilər özləri deyiblər ki, «biz ödəməyəcəyik».

Mətanət Əzizova bildirir ki, insanların, xüsusilə, kişilərin psixologiyasının dəyişməsi ilə bağlı olaraq son zamanlar cəmiyyətdə aliment ala bilməmək problemi xüsusi olaraq qabarır: «Əvvəllər boşanma hallarında kişi, sadəcə, evdən getməklə məsələyə son qoyurdu. Hətta uşaqların təlim-tərbiyə məsələləri ilə də özü məşğul olurdu. İndi isə həm aliment ödəməyən, həm də uşaqlarının taleyi maraqlanmayan ataların sayı artıb».

Uşaq Hüquqları Liqasının sədri Yusif Bəkirov aliment məhdudluğunu böhranla əlaqələndirir: «Əvvəllər insanlar işlədiyinə görə onlardan pul alırdılar. İndi işsizlik şəraitində kimdən pul alacaqlar ki? Çox adam çətinliklə pul qazanır. Onsuz da az qazandığı pulun hansı hissəsini aliment kimi verməlidir? Alimentin alınmamasının səbəbi budur. Təbii ki, bu da uşaq hüquqlarına mənfi təsir göstərərək psixologiyanı məhv edir. Düşünürəm ki, aliment məhkəmə əsasında müəyyənləşir və mütləq verilməlidir. Amma başqa tərəfdən də, atanı nəzərə almaq lazımdır ki, işsizlik şəraitində pulu necə ödəsin

«Təmiz Dünya» İctimai Birliyinin sədri Mehriban Zeynalova isə bu durumda uşağın hüquqlarının üstün tutulmasının vacibliyini bildirdi: «Əgər ata alimenti ödəmirsə, bunun cəzasını uşaq çəkməməlidir. Alimentin ödənilməsi ilə bağlı bəzən məhkəmə qərarları icra olunmur. Məhkəmə icraçıları ya tapmır, ya da qadına deyirlər ki, «get atanı tap, bizi iş həll edək». Bəzən elə hal olur ki, qadınlar öz qürurunu üstün tutaraq deyir «mənə aliment lazım deyil». Aliment qadına deyil, uşaq üçün nəzərdə tutulub. Alimentin ödənilməməsi iqtisadi zorakılıq kimi statistikaya düşməlidir. Biz bunu zorakılıq kimi qiymətləndirməsək, cəza tədbirləri həyata keçirilməyəcək. Valideyn düşünməməlidir ki, aliment ödəməklə qadının iqtisadi vəziyyətini düzənə salır. Bu pulla yalnız uşağın həyatını nisbətən qaydaya salmaq olar». Mehriban Zeynalovanın sözlərinı görə, aliment ödəməkdən imtina edən şəxs həbs olunmalıdır: «Həm İnzibati Xətalar, həm də Cinayət Məcəlləsində bu məsələ ilə bağlı tədbirlər nəzərdə tutulub. Ən son anda həmin şəxslər icbari əməyə cəlb edilməlidir. Məsələn, ata bələdiyyədə yol süpürsün, zibil daşısın, fəhləlik etsin və qazandığı pulla alimenti ödəsin».

Mehriban Zeynalovanın fikrincə, problemdən ən optimal çıxış yolu Aliment Fondunun yaradılmasıdır: «Aliment Fondu yaradılarsa, yayınma halları olanda dövlət işə qarışacaq. Aliment ödənmədikcə borclar yığılıb qalır və bu zaman hökumət strukturları fəaliyyətə keçir. Cavabdeh tərəf tapılaraq ondan dövlətə olan borcların ödənməsi tələb edilir. Alimentlərlə bağlı məhkəmə qərarlarının icrasının həll variantlarından biri Aliment Fondunun yaradılmasıdır. Hətta Fond faizli olsa yaxşıdır. Əgər aliment vaxtında ödənilmirsə, dövlət bu vəsaiti ödəyir. Sonradan isə vətəndaşdan alimentlə bərabər onun faizi də alınır. Artıq vəsait isə müvəqqəti olaraq aliment ala bilməyən digər qadınlara ödənilir. Aliment Fondu olarsa, qadın biləcək ki, stabil bir vaxtda pul alacaq.

«Qadın Krizis Mərkəzi»nin rəhbəri Mətanət Əzizova da aliment məsələsinin hər şeydən öncə bir mənəviyyat məsələsi olduğunu bildirdi: «Necə ola bilər ki, insan, bir kişi öz balasına görə pul tapmasın? Siqaret almağa pulu var, cibində mobil telefon gəzdirir, kontur almağa pulu var, amma uşağına verməyə çörək pulu yoxdur?! İnsan gərək «super-aclıq» vəziyyətində olsun ki, çörək pulusu olmasın. Onda gərək «bomj» həyatı yaşamış olsun. Amma alimentdən yayınan imkanlı «atalar», hətta məmur «atalar» da var. Onların ki, pulu var, amma aliment ödəməyə «can çəkirlər». Bəs uşağı dünyaya gətirəndə bilmirdilər ki, onu saxlamaq, böyüdüb boya-başa çatdırmaq lazımdır?! Uşaq oyuncaq deyil ki, bu gün oynadasan, sabah küçəyə atasan. Kişi kontura, siqaretə verdiyi pulun hər gün 1-2 manatını kənara qoysa, alimentin məbləği düzələcək. Burada kişilər tərəfindən eqoistlik özünü göstərir. Düşünürlər ki, pul verəcəm, arvad yeyəcək. Düşünmürlər ki, uşağım yeyəcək. Məhkəmə icraçıları da kişilərdir, kişi həmrəyliyi nümayiş etdirirlər».

Mətanət Əzizova da problemin həllini Aliment Fondunun yaradılmasında gördüyünü bildirdi: «Hətta mən deyərdim ki, Fond faizli olsa yaxşıdır. Məsələn, 100 manat ödəməli olan, vaxtında ödəmə həyata keçirmədiyi təqdirdə ondan 105 manat tələb olunsun. Artıq məbləğdən müvəqqəti olaraq aliment ala bilməyən digər qadınlara ödənsin. Aliment Fondu olarsa, qadın biləcək ki, stabil bir vaxtda pul alacaq. Kişi də biləcək ki, nə vaxtsa o pulu qaytarmalıdır. Məlumdur ki, kişilər üçün ən ağrılı iki məsələ var: biri puldur, biri də polis. Aliment problemində də bu iki məsələnin ikisi də rol oynayır. Pul verməlidir, vermirsə, qapıya polis gəlməlidir. Dövlətə borclu qalmaq hissi kişiyə o pulu vaxtlı-vaxtında ödətdirəcək. Çünki hamımız bilirik ki, dövlət öz pulunu heç kimə keçmir. Adicə, banklar faizlə pul verəndə, vaxtın tamamına hətta 1-2 gün qalmış xəbərdarlıq edirlər ki, ödəmənin vaxtıdır. Qonşu ölkələrdə aliment ödətdirmənin yolları tapılıb. Məsələn, Rusiyada xüsusi informasiya bazası yaradılıb ki, aliment ödəyicilərin adları ora daxil edilib. Bu informasiya polisdə, yol polisində, sərhəd-keçid məntəqələrində də var. Tutalım, kişi sürücü yol hərəkət qaydalarını pozubsa, haqqındakı məlumat bazasına daxil edilir və əgər o, aliment ödəyicisidirsə və alimenti ödəməyibsə, yol polisi bununla bağlı ona xəbərdarlıq edir. Alimentdən qaçanlara ölkədən çıxmaq da qadağandır. Onları sərhəd-keçid məntəqəsindən buraxmırlar».

 

Ülviyyə Tahirqızı

Xalq Cəbhəsi.- 2013.- 27 avqust.- S.11.