Səfəvilər
dövründə Azərbaycan ədəbiyyatı
Həmin dövr Azərbaycanda
mədəniyyətin, elmin,
anadilli ədəbiyyatın
çiçəklənməsi ilə əlamətdar olub
Səvəfilər dövründə Azərbaycan
ədəbiyyatı ilə
bağlı araşdırmalar
diqqəti çəkir. Araşdırmaçı Tahirə Əliyevanın Səfəvilər dövrü
Azərbaycan ədəbiyyatının
tədqiqi ilə bağlı qənaətləri
maraqlıdır. O, bildirir
ki, iki əsr
yarıma qədər
davam edən Səfəvilər dövrü
Azərbaycanda mədəniyyətin,
incəsənətin, elmin,
xüsusilə də anadilli ədəbiyyatın
çiçəklənməsi ilə əlamətdar olub: «Sam Mirzənin «Töhfeyi-Sami», İbrahim Mirzənin «Fərhəngi-İbrahimi»,
Əhdi Bağdadinin «Gülşənüş-şüəra», Sadiq bəy Əfşarın «Məcməül-xəvas»,
Məhəmməd Tahir
Nəsrabadinin «Təzkireyi-Nəsrabadi»
təzkirələrində həmin dövrün Azərbaycan şairləri
haqqında maraqlı məlumatlar var. I Şah İsmayılın
(1501-1524) sarayında Şüruri,
Şahi, Matəmi, Tüfeyli, Kişvəri kimi şairlərin fəaliyyət göstərdiyi,
buradakı ədəbi
məclislərin «Məliküş-şüəra»
Həbibi tərəfindən
idarə edildiyi tədqiqatçılar tərəfindən
göstərilib.
Əlyazmalar İnstitutunun mərhum
əməkdaşı, filologiya
elmləri doktoru Əzizağa Məmmədov
elmi fəaliyyətini
əsasən Şah İsmayıl Xətainin ədəbi irsinin tədqiqinə həsr edib: «1949-cu ildə «Şah İsmayıl Xətainin yaradıcılığı»
adlı namizədlik,
1970-çi ildə isə
«Şah İsmayıl
Xətai əsərlərinin
tekstoloji tədqiqi və elmi-tənqidi mətni» adlı doktorluq dissertasiyası yazaraq müdafiə edib. Ə.Məmmədovun dünyanın müxtəlif
kitabxanalarında saxlanan
nüsxələr əsasında
tərtib etdiyi, 56 çap vərəqi həcmində Xətayi divanın elmi-tənqidi mətni şairin əsərlərinin nəşrində
ən mötəbər
mənbə hesab olunur. Mətn bütövlükdə 1966 və 1973-cü illərdə
iki cilddə çapdan çıxıb.
Alim həmin tənqidi mətn əsasında
1975-1976-cı illərdə «Azərnəşr»də Xətayi
əsərlərinin ikicildliyini
nəşr etdirib.
1988-ci ildə «Yazıçı» nəşriyyatında
Ə.Məmmədovun böyük
sərkərdə və
şairə həsr etdiyi «Şah İsmayıl Xətayi» monoqrafiyası işıq
üzü görüb.
Ə.Məmmədovun əməyi sayəsində
Şah İsmayılın
müasiri və onun sarayında məliküş-şüəra rütbəsini daşımış
görkəmli Azərbaycan
şairi Həbibinin əsərləri ilk dəfə
çap edilib. 1980-ci ildə işıq
üzü görən
həmin kitaba Həbibinin o vaxtadək bəlli olan 42 şeirinə daha 5 şeir əlavə edilib. Alim bu yeni şeirləri əlyazma şeir topluları — cünglərdən, Salman
Mümtazın və Əliabbas Müznibin şəxsi arxivindən götürüb».
XV-XVI əsərlərin görkəmli
şairi Kişvəri
ömrünün son illərini
Şah İsmayıl Xətayinin sarayında keçirib: «Akademik Həmid Araslı
1946-cı ildə Kişvərinin
AMEA Əlyazmalar İnstitutunda
saxlanan divanı haqqında ilk dəfə məlumat verib. 1976-cı ildə professor Cahangir Qəhrəmanov «Əlyazmalar xəzinəsində»
məcmuəsinin IV cildində
Kişvəri divanının
Bakı nüsxəsinin
elmi təsvirini verib. 77 vərəqdən
ibarət olan bu yarımçıq və nöqsanlı əlyazma divanında Kişvərinin 253 qəzəli,
9 müxəmməs və
26 rübaisi olduğunu
bildirən alim divanın imla və qrafik-orfoqrafik xüsusiyyətlərinə dair
ətraflı məlumatları
əhatə edir. Kişvəri divanı ilk dəfə
1984-cü ildə Cahangir
Qəhrəmanovun tərtibatı
və ön sözü ilə çap edilib. Ön sözdə Kişvəri
divanının Bakı
nüsxəsindən başqa
aşkar edilən iki əlyazma nüsxəsi barədə
də məlumat verilir. Onlardan biri Səmərqənd Elmi-Tədqiqat İnstitutunun
kitabxanasında, o biri
isə Daşkənddə-Əbu
Reyhan Biruni adına Şərqşünaslıq
İnstitutunda saxlanır.
Səmərqənd nüsxəsinin Bakı
nüsxəsindən köçürüldüyü
məlum olub. Almaniyada yaşayan həmvətənimiz
Məmmədəli Hüseyni
Tehranın Məclise-Şuraye-İslamiye-İran
kitabxanasından Kişvəri
divanının avtoqraf
nüsxəsini aşkar
edərək 2010-cu ildə
«Nurlan» nəşriyyatında
çap etdirib.
Fars və Azərbaycan
dillərində yazılan
dıvanın vərəqlərinin
çox hissəsi tökülüb, əsərdən
yalnız 91,5 vərəq (183 səhifə)
qalıb. Bunun da 26,5 vərəqi
(53 səhifə) şairin
ana dilində yazdığı qəzəlləri
və bir neçə müəmmanı
əhatə edir. Əlyazmanın Bakı, Daşkənd
və Səmərqənd
nüsxələri ilə
müqayisədə Tehran nüsxəsinin
ən önəmli və diqqətəlayiq məziyyəti ondan ibarətdir ki, bu divan şairin öz əli ilə yazılıb.
Kitabın ön sözünü
M.Hüseyni yazıb, mətni müasir əlifbaya transfoneliterasiya
edən və redaktor isə filologiya üzrə elmlər doktoru Paşa Kərimov olub. P.Kərimov son zamanlarda Kişvərinin
anadilli divanın daha iri həcmli
nüsxəsini Bursanın
Əlyazmalar və əski çap əsərləri kitabxanasından
aşkar edib. Məqalədə deyilir ki, yeni nüsxə şairin həyat və yaradıcılığı
haqqında daha çox söz deməyə imkan verir. Müəllif məqaləsinə bu divandan götürdüyü,
Kişvərinin Xətayinin
mədhinə həsr
etdiyi 40 beytlik tərkibbəndini əlavə
edib. Şeirdə bir sıra ölkələri, «Şərqi
və Qərbi» fəth etmiş «Xurşidi-mülk Şah İsmaili-Heydəri», onun ədaləti mədh edilir. Burada Xətayi «Mehdiyi-zəmanə»
adlandırılır».
Əlyazmalar İntitutunun əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov
1616-cı ildə vəfat
etmiş Rəhməti
Təbrizi divanının
filoloji tədqiqinə
həsr etdiyi monoqrafiya yazıb: «Bundan başqa onun «Rəhməti Təbrizi və onun divanı» adlı kitabında Rəhməti Təbrizi divanındakı farsca şeirlər tərcümə
edilib, Azərbaycan dilindəki şeirlərin
isə transfoneliterasiyası
verilib. Filologiya üzrə elmlər
doktoru Paşa Kərimovun elmi yaradıcılığının əsas hissəsi Səfəvilər dövrü
anadilli Azərbaycan ədəbiyyatının tədqiqinə
və nəşrinə
həsr edilib. Onun M.Hüseyni ilə birlikdə tərtib edib, ön sözlə çap etdirdiyi «XVII əsr Azərbaycan lirikası» antologiyasında
həmin dövrün
Sadiq bəy Əfşar, Müsahib Gəncəvi, Məczub, Vəhid Qəzvini, Tərzi Əfşar, Mövci Əhəri, Mirzə Saleh Təbrizi, Məlik bəy Avcı, Vaiz Qəzvini, Mürtəzaqulu Sultan Şamlu,
Təsir Təbrizi kimi şairlərinin anadilli şeirləri ilk dəfə olaraq təqdim edilib. P.Kərimov Səfəvilər
dövründə yaşamış
şairlərimizdən Qövsi
Təbrizi, Mürtəzaqulu
xan Şamlu Zəfər, Vəhid Qəzvini, Sadiq bəy Əfşar, Təsir Təbrizi və Yusif bəy
Ustaclunun türk divanlarını ilk dəfə
olaraq geniş ön sözlə tam həcmdə çap etdirib. Bundan başqa onun
tərtibatı ilə
Sadiq bəy Əfşarın cığatay
türkcəsində yazdığı
məktubları ön
sözlə 2012-ci ildə
«Elm və təhsil» nəşriyyatında işıq
üzü görüb.
Qeyd etmək istərdik ki, klassiklərimizin bu divanları onların əsərlərinin dünyanın
müxtəlif kitabxanalarında,
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan əlyazma nüsxələri
əsasında çap
edilib. P.Kərimov Qövsi Təbrizi divanının elmi-tənqidi
mətnini 918 beytlik Bakı, 4200 beytlik Tiflis,
3382 beytlik London və
2767 beytlik İstanbul nüsxəsi əsasında
tərtib edərək
2006-cı ildə «Nurlan»
nəşriyyatında çap
etdirib. Sonradan o, əsərin Məşhədin
Astane-Qüdse-Rəzəvi kitabxanasında saxlanan
3910, Təbriz Milli Kitabxanasında saxlanan 4700
beytdən ibarət nüsxələrini əldə
edib, bunlardan da istifadə etməklə Qövsinin divanını müasir əlifba ilə nəşr etdirib».
Araşdırmaçı daha sonra bildirir ki, Səfəvi hökmdarı I Şah İsmayıl (1501-1524) və Şah Təhmasibin (1524-1576) dövründə yaşayıb-yaratmış, bir müddət şahzadə Sam Mirzə (1517-1576) ilə dostluq münasibətlərində olmuş, Təhmasibin əmri ilə 1571-1573-cü illərdə baş vermiş Təbriz üsyanının yatırılmasında iştirak etmiş, qısa müddətə Təbriz valisi olmuş Yusif bəy Ustaclunun anadilli divanı barədə son dövrlərə qədər məlumat yox idi: «P.Kərimov Y.Ustaclunun anadilli divanının Londonun Britaniya Muzeyində saxlanan, 755 beyt və 1 misra həcmində, 94 qəzəl, 2 məsnəvi, 2 təxmis, 3 rübai, 1 beyt və 1 misradan ibarət nüsxəsini müasir əlifbaya transfoneliterasiya edərək 2012-ci ildə «Elm və təhsil» nəşriyyatında geniş ön sözlə çap etdirib. P.Kərimovun Səfəvilər dövrü ədəbiyyatımızın araşdırmasına həsr etdiyi iri həcmli monoqrafiya «XVII əsr anadilli Azərbaycan lirikası» adlanır. Müəllif burada indiyədək tədqiqata cəlb edilməmiş mənbələrin köməyi ilə XVII əsr anadilli poeziyamızın inkişaf özünəməxsusluqları barədə bir sıra diqqətəlayiq elmi fikirlər irəli sürüb. Kitabın «Azərbaycan ədəbiyyatında XVII əsr anadilli lirikasının yeri, coğrafiyası, tədqiqi və nəşri tarixi» adlı birinci fəslində müəllif dövrünün ictimai-siyasi vəziyyətini, Azərbaycan türkcəsinin sarayda və ədəbiyyatda mövqeyini, XVII əsr anadilli Azərbaycan lirikasının coğrafiyasını, tədqiq və nəşr tarixini nəzərdən keçirib. XVII əsr anadilli Azərbaycan lirikasının mövzu dairəsi» adlı ikinci fəsildə dövrün lirikasının səciyyəvi xüsusiyyətləri, dünyəvi və təsəvvüfi eşq, didaktika, təbiət mövzusu, lirikada ictimai, vətənpərvərlik mötivləri, ideoloji mübarizənin, tarixi hadisələrin əksi, söz sənəti haqqında fikirlər, Qızılbaş poeziyasının XVII əsrdə davamçıları və s. araşdırılır.
«XVII əsr anadilli Azərbaycan lirikasında ənənə və yenilikçilik» adlı üçüncü fəsildə dövrün ədəbiyyatında ənənə və yenilikçiliyə münasibət, şifahi xalq ədəbiyyatının təsiri ilə yaranan anadilli lirik poeziya, şeirdə Nəvai, Füzuli ənənələri, Azərbaycan lirikası ilə Türkiyə poeziyası arasında əlaqələr və oxşar cəhətlər, dövrün poeziyasında «hind üslubu» tədqiq edilir. IV fəsildə XVII əsr anadilli Azərbaycan lirikasının janr və forma xüsusiyyətləri, bədii ifadə vasitələri, qafiyə və vəzn məsələləri, dil və üslub xüsusiyyətləri, bədii metodu mətndən keçirilir. Monoqrafiyasında tədqiqatçı xüsusi olaraq vurğulayır ki, XVII əsr Azərbaycan lirikası ədəbiyyat tariximizdə yeni bir mərhələnin başlanğıcı kimi önəmli yer tutur. Dövrün anadilli poeziyası bəzi araşdırıcıların qeyd etdikləri kimi, Füzuli sehrinə düşərək durğunluq keçirməyib, humanizm, xalq həyatına, dilinə yaxınlaşma, şifahi xalq ədəbiyyatından bəhrələnmə, həyat gerçəkliyinin daha təfərrüatlı təsviri, realizm meyllərinin artması yolu ilə gedib. Əsrin əsas şairləri Füzulinin güclü təsiri altında olsalar da, onların yaradıcılığında yaşadıqları dövrün tələblərinə cavab vermək, şeirin mövzu dairəsini genişləndirmək, yeni ifadə formalarını tapmaq istəyinin çox güclü olduğu görünür. Şifahi xalq ədəbiyyatı təsirinin güclənməkdə davam etməsi, Abbas Tufarqanlı, Sarı Aşıq, Əzizi kimi aşıqlarla bərabər Əmani, Zəfər kimi klassik üslubda yazan şairlərin folklor janrlarında əsərlər yazması, danışıq dilinə meylin artması dövrün türkdilli Azərbaycan lirikasının ən səciyyəvi cəhətlərindəndir. P.Kərimov ötən il «XVII anadilli Azərbaycan poeziyası» adlı icmal və portret-oçerklərdən ibarət kitab nəşr etdirib. Bura XVII əsrin Sadiq bəy Əfşar, Mürtəzaqulu xan Şamlu Zəfər, Vəhid Qəzvini, Tərzi Əfşar, Vali, Məczub Təbrizi, Qövsi Təbrizi, Təsir Təbrizi, Şükri kimi şairlərinin həyat və yaradıcılığına dair portret-oçerklər daxil edilib».
Uğur
Xalq Cəbhəsi.- 2013.- 28 avqust.-
S.14.