Bakıda UNESCO-nun sessiyası keçirilir

 

Elçin Əfəndiyev: «Azərbaycanla UNESCO arasında olduqca doğma,

 işgüzar əlaqə yaranıb»

 

Dünən Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin 8-ci sessiyası başlayıb. APA-nın məlumatına görə, 95 ölkədən 600 nəfərdən artıq nümayəndənin iştirak etdiyi sessiya Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilir. Azərbaycan tərəfdən tədbirdə baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, millət vəkilləri, elm xadimləri iştirak edir. Tədbirlər çərçivəsində Qeyri-Maddi Mədəni İrsin Qorunması Üzrə Konvensiyanın 10 illik yubileyiqeyd olunacaq. Gündəlikdə duran ən əsas məsələ Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrsin Siyahısı və Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı üzrə qərar verilməsidir. Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrsin Siyahısında Azərbaycanın qədim Çövkən oyunu da yer alıb. Sessiya çərçivəsində Konvensiyanın milli səviyyədə icrası ilə bağlı dövri hesabatların dinlənilməsi, geniş tərkibli müzakirələr və mədəni tədbirlər planlaşdırılıb.

«Bu sessiyanın Bakıda keçirilməsi bizim ictimai və mədəni həyatımızın mühüm tədbirlərindən biridir. Bir neçə gün davam edən tədbirlər çərçivəsində Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illik yubileyiqeyd olunacaq. Konvensiyaya 156 ölkə qoşulub. Bu ölkələrdən 780 nümayəndə iştirak edir». Bu sözləri UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin Bakıda keçirilən 8-ci sessiyası zamanı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, gündəlikdə olan məsələlər dörd sahə üzrə 19 maddədən ibarətdir.

 

Xalq cəbhəsi.- 2013.- 3 dekabr.- S. 16.