Türk Dünyasının tarix və mədəniyyəti
Türk xalqları arasında
mənəvi birlik gərəkdir
Türkçülüyə və türkologiyaya meylim ümumiyyətlə,
azsaylı türk xalqlarının mədəniyyətinə,
etnogenezinə maraqdan yarandı.
Bu və başqa
kiçik türksoylu
etnosları öyrəndikcə
onların tarixən yerləşdiyi coğrafiya,
adət-ənənələri və başqa cəhətlər diqqətimi
getdicə daha çox cəlb etməyə başladı. Qaraqalpaqların ədəbiyyat soraqlarını
araşdırmağa başladım.
Bu xalqın «Qırx
qız» eposu unikal əsərdir. Türk xalqlarının içərisində
ilk dəfə olaraq burada qadın eposun qəhrəmanı kimi təqdim olunub. Araşdırmaçılar, etnoqraflar bu
qənaətə gəliblər
ki, eposun kökləri çox qədimlərə gedir, hətta saq-massaget ənənələrindən qaynaqlanır,
bəzi məqamları
isə gedib Assuriyaya çıxır.
Qaraqalpaqlar zəngin mifik
düşüncə tarixinə
malik olublar.
Araşdırmalar dərinləşdikcə bir
daha yəqin etdim ki, qaraqalpaqların
mədəniyyətini xüsusi
öyrənməyimizə böyük
gərək var. Ən
inkişaf etmiş xalqların təşəkkül
tarixini izləmək üçün ilk növbədə
onun etnik düşüncə tərzini
təhlil etmək gərəkdir. Qaraqalpaqların
bu və başqa eposları mənə çoxsaylı
bilgilər verdi.
Qaraqalpaqların nağılları ilə
tanış olduqda maraq məni
çox çəkdi.
Tərcüməyə ardıcıl olaraq
girişdim, «Qaraqalpaq xalq nağılları» adlı iri həcmli
kitab nəşr etdirdim. Kitab ədəbi ictimaiyyət
tərəfindən yaxşı
qarşılandı. Bu
yöndə qənaətlər
məni başqa türk etnoslarının kökünü araşdırmağa
aparıb çıxardı.
Qaqauzlar barədə bilgilərimin
artması Xəzərlərlə
bağlı qənaətlərimin
yaranmasına səbəb
oldu. Bütün bunlar isə
Avropadakı azsaylı
türk qövmləri
haqqında qənaətlərimi
yaratdı. Bunlar kiçik
türk qövmləridir
ki, Balkanlarda, ümumən Qərbi Avropada məskunlaşmaları
lap uzaq keçmişlərə
gedib çıxır.
İndiyə qədərki mövcud
etnoqrafik ədəbiyyat
əsasən rus qaynaqlarından gəldiyinə
görə, kiçik
türk qövmlərinin
tarixi, mədəniyyəti,
etnoqrafiyası, folkloru
xüsusən sovet dövründə geniş
şəkildə araşdırılmırdı.
Müstəqillikdən sonrakı dövrdə
bu ərazilərdə
yaşayan kiçik türk qövmlərinin hərtərəfli mədəniyyəti,
etnoqrafiyası və etnogenezi məsələləri
ilə bağlı xeyli zəngin materiallar ortaya çıxdı.
XIX yüzilin sonlarından
başlayaraq xeyli bolqar, alman, rus araşdırmaçıları,
müəllifləri olub
ki, onlar məhz bu ərazilərdə
yaşayan kiçik türk qövmlərinin tarixini, etnoqrafiyasını
mümkün qədər
dürüst yazıb
çatdırmağa çalışıblar. Bunlardan biri
rus ordusunda xidmət etmiş polkovnik Valentin Moşkovdur. Bu şəxs XIX yüzilin sonlarında məşhur alim Radlovla görüşür,
onunla türklər barədə söhbətləşir.
Moşkov hərbi fəaliyyəti
zamanı qaquzlarla görüşüb, müşahidə
edib ki, bu xalqın ləhcəsi, danışıq
tərzi çox maraqlıdır. Onlardan kimliyini
soruşub, cavab alıb ki, biz qaqauzlarıq, ancaq dilimiz türk dilidir. Həmin maraq Moşkovu
bu yöndə ekspedisiyaya qədər gətirib çıxarıb.
Radlovun tapşırığı əsasında
türk xalqlarının,
ilk növbədə isə
qaqauzların mədəniyyətini,
etnoqrafiyasını dərindən
öyrənməyə başlayıb.
Bu məqsədlə Balkanlarda olub, oraları kəndbəkənd
gəzib, qaqauzlar, qırlıqlar, qızılbaşlar,
qaramanlılar və başqaları haqqında
məlumatlar toplayıb.
Azərbaycanda da qaramanlarla bağlı yer adları var. Türkiyədə
də «qaraman» adını daşıyan
yerlər mövcuddur. Avropada, Balkanlardakı
qaramanlıların nəinki
Türkiyə, habelə
Yunanıstan qaramanlıları
ilə əlaqələrinin
olduğu Moşkovun əsərlərində qeyd
olunur. Qeyd edim ki, Moşkov qaqauzlar haqqında fundamental araşdırma
əsər yazıb.
Təxminən 1900-cü ildə çıxan bu kitab 2004-cü ilə qədər çap olunmayıb. Moşkov araşdırmalarında
mümkün qədər
dürüstlüyə riayət
etməyə çalışıb.
Ancaq slavyanlığı, xristianlığı
istər-istəməz türklüyə
münasibətində özünü
göstərib. Zəngin türk
mədəniyyətini müəyyən
məqamlarda bəsitləşdirmək,
türk mədəniyyətinə
qarışıq mədəniyyətlərin
haradasa məcmuyu kimi baxmaq meyli
özünü göstərir.
Qaqauzlar ötən yüzilin sonlarından öz tarixlərinə, etnoqrafiyalarına
daha dərindən baxmaq imkanı əldə etdilər.
Bu istiqamətdə olan
araşdırmalar Türk
Dünyasının tarix
və mədəniyyətinin
zəngin olması barədə təəssüratlarımı
daha da artırdı. Müşahidələr zamanı gördüm ki, bir sıra
alimlər «xaz» sözü ilə «kaz» sözünü eyniləşdiriblər. Deyirlər ki,
xəzərlərin kökü
«kaza, kasa, kasat, kazak» ilə
eyni kökdən gəlir. Bugünkü
Ukraynada, həmçinin
Stavropol, Krasnodar, Rostov, Volqa, Saratov, Volqoqrad ərazisində məskunlaşan kazakların
əcdadı xəzər
türkləridir. VIII yüzildən
sonra çoxlu tarixi olaylar baş verdi,
xəzərlərin həyat
səhnəsindən silinməsində
slavyanların böyük
rolu oldu. Uzun müddət xəzərlərin
qoltuğuna sığınmış
slavyanlar onların tolerantlığından sui-istifadə
etdilər. Xəzərlər həm iudaizmi (musəviliyi), həm islamı, həm də xristianlığı
eyni dərəcədə
qəbul etmişdilər.
Volqa ətrafında yerələşən
Xəzər şəhərlərində
— Bələncərdə və
s. sinaqoqlar, məscidlər
və kilsələr yanaşı tikilmişdi.
Söhbət VII-IX yüzillərdən gedir. Xəzərlər bütün Dnestryanı,
Dunay, Dnepr ərazilərində
yayılmışdılar. 200 il ərzində
ərəblərlə dəfələrlə
müharibə aparıblar.
Farsların məkri nəticəsində
xəzərlər Dərbənd
(Şabran) ərazisində
ərəblərə məğlub
oldular. Tarix boyunca türklərin
hansı məqamlarda,
nə üçün
məğlub olmaları
məni həmişə
ciddi düşündürüb.
Türklər tarixin hansı
dönəmində parçalanıblarsa,
biri-birlərinə qarşı
vuruşublarsa, bu, onların gerçək məğlubiyyətlərinə zəmin yaradıb. Orxon-Yenisey abidələrində Bilgə
Kağanın dilindən
təsadüfi olaraq deyilməyib ki, «Ey türk! Özünə qayıt! Sən özünə qaydında
böyük olursan».
Xəzərlərin məğlubiyyətindən sonra
bu əraziyə səpələnmiş türklərin
başına min bir oyun gətirildi. Tarix boyunca
türk xalqları arasına salınmış
bu və ya digər parçalanmalar
bu gün də təəssüf ki, özünü göstərir. Xəzərin o tayında yerləşən
türk xalqları, dövlətlərilə əlaqələrimiz
hələ müxtəlif
yönlərdən istənilən
səviyyədə deyil.
Bütün bunlar isə
bizim hər birimizin tariximizə daha ayıq, dərs səviyyəsində
baxmağımız üçün
gərəklidir.
Tariximizin, məğlubiyyətlərimizin səbəbini daha aydın araşdırmalıyıq. Bütün bu
müşahidələr əsasında
daha dərindən anlaya bilərik ki, türk birliyinə
necə nail olmaq mümkündür.
Bu gün türk
xalqları arasında
mənəvi birlik məsələsi yönündə
aparılan müzakirələrin
artması yaxşı
cəhətdir. Anadolu türklərinin dövlətçiliyi digər
türk xalqlarının
dövlətçiliyi ilə
müqayisədə daha
zəngindir. Bu baxımdan müasir Türkiyənin üzərinə
daha böyük məsuliyyət düşür.
İlk növbədə dil birliyimizi təmin etməliyik. Türk xalqlarının
bu sahədə tanınmış nümayəndələri
ardıcıl olaraq bir yerə yığışmalı,
müzakirələr aparılmalıdır.
Bu müzakirələrdə
dilçi alimlər, etnoqraflar, linqvistlər, tarixçilər konkret olaraq türk xalqlarının dil birliyini təmin etmək baxımından əlifba yaratmalıdır.
Məncə, diqqət yetirilməli
bir məsələ var ki, bura
həm də müstəqilliyini əldə
etməmiş, eləcə
də azsaylı türk qövmləri bu müzakirələrə
cəlb edilməlidir.
Bu gün Anadolu
türklərilə Azərbaycan
türkləri bir-birlərini
anlayırlar. Ancaq bu bir-birini anlama hələ istənilən
səviyyədə deyil.
Bir-birini
anlama lüğətsiz-filansız
səviyyəyə gəlib
çıxmalıdır. Orta Asiyada yaşayan türk xalqlarının bu məsələlərdə
bizimlə həmrəy
olması yolları daha ciddi-cəhdlə axtarılıb tapılmalıdır.
Hesab edirəm ki, bu yöndə cəhdlərimizi artırsaq,
çabalarımız yaxın
onillərdə müəyyən
bəhrəsini verə
bilər. Arzu etdiyimiz
ortaq türkcə türk dillərinin təməlində, mayasında
yaradılası bir dildir. Bu, heç
bir türk xalqına məcburiyyət
bahasına başa gəlməməlidir. Gələcəkdə türk xalqları arasında siyasi, iqtisadi, mənəvi, hərbi, mədəni əlaqələrin daha yeni səviyyədə yaranıb bərqərar olması üçün
bu yöndə mənəvi təməl prinsiplərimizi inkişaf
etdirməliyik. Bu gün
Azərbaycan türkcəsi
ilə yakut,
saxa, çuvaşların
türkcəsi arasındakı
anlaşılmazlıqlar şübhəsiz,
böyük mənada
ünsiyyətimizə ciddi
mane olur. Türk xalqları arasında
böyük bağların
yaranmasında ortaq türkcənin əhəmiyyəti
misilsizdir.
Türk xalqları arasında mənəvi-mədəni əlaqələrin
möhkəmlənməsi üçün
ardıcıl olaraq türk xalqlarının ədəbiyyat, mədəniyyət
soraqlarının toplu
kitablar şəklində
işıq üzü
görməsi gərəklidir.
Hizami Tağısoy,
professor
525-ci qəzet.- 2013.- 11 dekabr.- S.14.