Qadın polislər
Son zamanlar qadınlara qarşı baş verən ailədaxili
zorakılıqlar, təzyiqlər, qətllər qadın
polislərin fəaliyyətə keçməsini zəruriləşdirir. İctimaiyyət
də son dövrdə artmış məişət
zorakılığıyla mübarizədə qadın
polisinin rolunu önə çəkir. Ölkədə
daxili işlər orqanlarında işləyən
qadınların sayı təxminən 3,5
faizi əhatə edir. Bu say çox
aşağı göstərici olsa belə, onların da fəaliyyəti
dar çərçivəylə bitir. Qadın
polislər ən çox pasport qeydiyyatı idarələrində,
eləcə də arxa planda informasiya texnologiyalarına
cavabdehlik daşıyırlar. Daxili İşlər
Hazirliyinin Polis Akademiyasının əməkdaşı, təqaüddə
olan polis işçisi Məmməd Əliyevin sözlərinə
görə, hər il polis peşəsinə
qızların da həvəs göstərdiyini müşahidə
etmək olar: «Bizim polis xanımlar daha çox arxa planda
çalışırlar. Bu da insanların bu polisi daha
çox kişi peşəsi kimi görməsindən
irəli gəlir. Hazırda Polis Akademiyasında
hər kursda 1-2 könüllü şəkildə bu peşəyə
yiyələnmək istəyən qızlar təhsil alır.
Kənardan
bu say az görünə bilər. Bu təbiidir. Ailələr bu sənətin
çətinliyini dərk edərək qızlarının
polis olmasıyla razılaşmırlar. Bütün
bunlara baxmayaraq, bu gün 102 xidmətində, azyazlı
uşaqlar və yeniyetmələrin təlim-tərbiyəsi ilə
məşğul olan idarələrdə daha çox xanım
polislər çalışır. Bundan
başqa hüquq-mühafizə orqanlarında da çox təcrübəli,
tanınmış müstəntiq xanımlar fəaliyyət
göstərirlər. Məsələn, Gəncənin
pasport qeydiyatı idarəsinin rəhbəri Rəna xanım
seçilən polis xidməti əməkdaşlarındandır.
Amma polis xanımların post-patrul xidmətində
işləməsi ilə heç razı deyiləm.
Yaxud Çevik Polis Alayında da xidmət göstərən
qadınlar yoxdur, heç ola da bilməz. Çünki bu sahələr sırf kişilərin
bacaracağı xidmət formalarıdır».
Araşdırmalar
göstərir ki, Azərbaycanda polis orqanlarındakı
qadınlar əsasən statistika, kadrlar, pasport qeydiyyatı,
yetkinlik yaşına çatmayanlarla iş üzrə Daxili
İşlər Nazirliyinin strukturlarında
çalışırlar. Lakin zərif cinsin nümayəndələri
digər sahələrdə də effektiv iş ortaya qoya bilər
və ona görə də polis orqanlarında qadınların
sayını artırmaq zəruri sayılır. Məsələn, ATƏT-in Bakı nümayəndəliyi
bununla bağlı DİN-ə təkliflər göndərib.
Məsələyə
münasibət bildirən Dilarə Əliyeva adına
Qadın Hüquqları Müdafiə Cəmiyyətinin əməkdaşı
Sədaqət Paşayeva mətbuata açıqlamasında həm
polisdə, həm də digər hüquq-mühafizə
orqanlarında qadınların sayının çox
olmasının vacibliyini önə çəkir: «Hüquq
müdafiəsi zamanı çox vaxt məhz qadınların
olmaması ucbatından bəzən hadisələrə
düzgün aydınlıq gətirilməsi çətinləşir,
insanların öz fikirlərini düzgün ifadə etməməsi
müəyyən hüquq pozuntusuna, məsələnin tam
şəkildə mahiyyətinin açıqlanmamasına səbəb
olur. Bizim hüquq fakültəsinin tələbələrinin
əksəriyyəti qızlardan ibarətdir. Ən yaxşı oxuyan da elə qızlardır.
Təssüflər olsun ki, praktikada bu qızların əməyindən,
bacarığından istifadə olunmur və ya da az istifadə olunur».
Sədaqət
Paşayevanın bildirdiyinə görə, qadın polislərin
hüquq-mühafizə orqanlarında çalışması
həm də polisi sivil səviyyəyə çıxara bilər:
«Kişi müstəntiqlərə qadınlar ifadə verdikləri
zaman hər hansı hadisə ilə bağlı tam şəkildə
səmimi ola bilmirlər. Çox
utanıb, çəkinirlər. Bəzən
polis idarələrində qeyri-etik davranışların
formalaşmasına, insanların həmin məkana işgəncə
mərkəzi kimi baxmasına gətirib çıxaran bir səbəb
də burada qadın polislərin olmamasıdır. Düşünürəm ki, polis sistemlərində
qadınlar çox olarsa, hər şey daha sivil olar. Bu gün polis sistemində qadınların sayı təcili
artırılmalıdır».
Daxili İşlər Nazirliyin mətbuat xidmətinin
şöbə rəisi Orxan Mansurzadə bildirir ki, daxili
işlər üzrə orqanlarda kifayət qədər
qadın çalışır. Daxili işlər
orqanlarında əldə olunan uğurların səbəblərindən
biri də kadrlarla aparılan uğurlu işin, düzgün
seçimlərin olmasının nəticəsidir. Xidmətin özəllikləri, xüsusiyyətləri
nəzərə alınmaqla qadınlar daha çox qeydiyyat
xidmətləri, kadr sistemi, əməliyyat statistikası,
baş yol qeydiyyat sistemlərində fəaliyyət göstərirlər.
Bu qadınlar arasında 23 yüksək vəzifəli
qadın əməkdaş da çalışır.
Qadınlar arasında polkovnik, idarə rəisi, idarə,
şöbə rəisləri və s. yüksək vəzifəli
şəxslər kifayət qədərdir.
Müstəqil ekspertlərin fikrincə, hər hansı
cinayəti işləmiş qadın polis idarəsinə gətirildikdə
onun mütləq qadın polisi tərəfindən
yoxlanılması (üzərində hər hansı əşyanın
olub-olmamasını) gərəkdir. Amma bizdə müvafiq
idarələrdə qadın polislərinin olmaması artıq
cinayətkar olsa belə, həmin qadının hüququnun
pozulmasına gətirib çıxarır. Yaxud kütləvi
aksiyalar zamanı kişi polislərin
qadın nümayişçilərlə kobud
davranışı (onları sürüməsi kimi) da
qadın polislərin zəruriliyindən xəbər verir. Ən əsas zərurət isə son vaxtlar artan ailədaxili
münaqişələrdə qadınların çarəsiz
qalması, polis orqanlarına müraciət etməkdə cəsarətsiz
davranmalarıdır.
«Təmiz
Dünya» İctimai Birliyinin rəhbəri Mehriban
Zeynalovanın dediyinə görə, çox vaxt
boşanmalarda kişilərin qadınlarını yersiz
döyməsi, kobud davranışı səbəb kimi gətirilir:
«Bəzən bu vəziyyət şişirdilir. Bəzən
isə polis orqanlarına müraciət edən xanımın
vəziyyəti tam öyrənilmir. Kişi
polislər qadını ərini şikayət etməkdə
qınayırlar, «ailədə belə şey ola bilər,
düzələr» təsəllisi ilə yola salırlar.
Nəticə əksər hallarda ürəkaçan
olmur. Qadın daha böyük
zorakılıqla qarşılaşır, hətta ona həyat
yoldaşı tərəfindən xəsarət də
yetirilir, bəzən öldürülür də. Bu halda hüquq-mühafizə orqanları gec qalsa da,
məsələyə artıq daha ciddi yanaşmağa
başlayırlar. Halbuki bu məsələdə
qadın polislərin fəallığı önə çəkilsə,
məsələyə onların prizmasından baxılsa, nəticə
cinayət işinə qədər gedıb çıxmaz».
«Təmiz Dünya» İctimai Birliyi Azərbaycanda
qadın polislərinin fəallığının
artırılması təkliflərini irəli sürür. Təşkilatın rəhbəri
Mehriban Zeynalova bu məsələylə bağlı dəfələrlə
ali orqanlara müraciətlər edib. Təşkilat özü bir neçə dəfə
bu məsələylə bağlı
sorğu-araşdırmalar da keçirib. Mehriban
xanımın fikrincə, son vaxtlar artmaqda olan qadınlara
qarşı zorakılıq halları qadın polisinin
sayının artırılması məsələsini bir daha
gündəmə gətirdi: «Qadın polis ailədaxili
münaqişələrə nüfuz etmək haqqını əldə
edə bilər, vaxtında baş verə biləcək hər
hansı neqativ halların qarşısınını alar. Qadınlarımız öz problemlərini öz həmcinslərinə
daha yaxşı izah edər».
Dünya
ölkələrində polis sənətinə həm kişi, həm də qadın peşəsi kimi
normal baxırlar. Misal üçün, İran
kimi şəriət qaydalarını üstün tutan ölkədə
qadın polis dəstələri daim fəallığını
qoruyur, insidentlərdə, hər hansı tədbirlərdə
onları görmək adi haldır. Hətta
bu qadınlar çətin, əlverişsiz geyimdə-çadrada
olsalar belə çevik hərəkətləri, fiziki
hazırlığı ilə kişilərlə bərabər
səviyyədədirlər. İranda
qadın polis taboru var və əsasən iranlı
qadınların geyiminə, davranışına nəzarət
edirlər. Almaniyada, İngiltərədə,
ABŞ-da qadın polisi cinayət axtarışı
şöbələrində kişilərlə birgə çalışırlar.
Bu il İngiltərə Daxili İşlər
Nazirliyi islami dəyərlərə hörmət əlaməti
olaraq məscidə daxil olan polis qadınlara xüsusi
hicablı geyimlər də hazırlayıb. Dünyada
ən çox polis qadınlar ABŞ-da fəaliyyət
göstərirlər. Türkiyədə
qadınlardan ibarət xüsusi cevik polis dəstələri
var. Hətta 1996-1997-ci illərdə Türkiyənin daxili
işlər naziri Akgenar Maral adlı qadın olub. 2000-ci ildən etibarən Hindistan, Pakistan, Koreya,
Çində də qadın polislərin fəallığı
artırılıb.
Rusiyanın hüquq-mühafizə orqanlarında da
çox sayda qadın polis işləyir. Ən məşhur polis
qadın isə 2002-ci ilin
«Dünya Gözəli» Oksana Fyodorovadır. Milis mayoru
Oksana həmişə sənətinin birinci gəldiyini deyir.
2007-ci ildə isə BMT tarixində ilk dəfə Hindistanda 125 nəfərlik qadın polislərdən ibarət tabor yaradıldı. Amma Avropa ölkələrində qadın polis qüvvələrinin potensialından daha çox istifadə edilir. Almaniyada 20 min qadın polis sıralarındadır. Bu, alman hüquq mühafizəçilərinin 10 faizini təşkil edir. Amma qadın polislər xarici görkəmləri ilə bağlı müəyyən normalara riayət etməlidir. Bu da onunla izah olunur ki, polis qadın görkəmi ilə vətəndaşlara sakitlik, cinayətkarlara isə qorxu hiss etdirməlidir. Dəbdəbəli saç düzümü və zinət əşyaları onları işindən ayıra bilər».
Bir çoxları qadınların polis kimi işləməsini mental dəyərlər baxımdan yol verilməz olduğunu qeyd edir. Ancaq gəlin bir məsələyə baxaq. Polis sıralarında kişilər təmsil olunduğundan məişət zorakılığı baş verdiyi halda qadınlar polisə müraciət etmir. Qadınlar tərəfindən törədilmiş cinayət hadisələrində və digər məqamlarda məhz kişi polislər qadınların üzərində axtarış etməli, yaxud onlara toxunmağa məcburdur. Bu isə onu göstərir ki, polisdə qadının təmsil olunması nəinki mentalitetə zidd deyil, hətta onun tələbidir.
Dünya ölkələrində qadınlar xüsusilə yol polisi əməkdaşı kimi işə cəlb edilir. Avropalı mütəxəssislər hesab edirlər ki, yol polisində işləyən qadınlar daha diqqətli olurlar. Belə ki, bu yanaşma qadınların kişilərlə müqayisədə daha tələbkar və məsuliyyətli olması ilə izah edilir. Odur ki, yol polisi sistemində qadınların olması daha məqbuldur. Bu təcrübə ilk dəfə 1964-cü ildə Fransada sınaqdan keçirilib. Həmin ölkədə xanım yol polislərinin əsas işi avtomobili qadağan olunmuş yerlərdə saxlayanları cərimə edərək, buna qarşı mübarizə aparmaq olub. Bir neçə il öncə isə Peruda qadınları yol polisi vəzifəsinə cəlb edilməyə başlayıblar. Perunun rəsmi dairələrinin fikrincə, qadınlar öz vəzifə borclarını yerinə yetirərkən kişilərlə müqayisədə daha tələbkar və məsuliyyətli olurlar. Bu səbəbdən hazırda da qadınları bu işə cəlb etmək üçün müxtəlif təbliğatlar aparırlar.
Qadın Krizis Mərkəzinin direktoru Mətanət Əzizova mövzu ilə bağlı bildirir ki, ümumiyyətlə hüquq mühafizə orqanlarında qadınların say azdır. Onun sözlərinə görə, qeyri-hökumət təşkilatları bu məsələni bir problem kimi artıq qabardırlar:
«İstər yol patrul xidməti olsun, istərsə də hüquq mühafizə orqanlarının digər sahəsində işləyən qadın işçilərin sayı azlıq təşkil edir. Bu baxımdan qeyri-hökumət təşkilatları bu problemi hər zaman qaldırır. Yaxşı olar ki, Daxili İşlər Nazirliyinin özü qadınlar üçün yaşıl işıq yandırsın».
Ülviyyə Tahirqızı
Xalq Cəbhəsi.- 2013.- 13 dekabr.-
S.11.