Abdulla Şərifov repressiya qurbanıdır

 

O, müəllimliklə yanaşı ardıcıl şəkildə jurnalistika ilə də məşğul olub

Vahid Türk-Tatar dövləti yaratmaq istəyən Qazis Ubaydullin bir təşkilata Abdulla Şərifovu da cəlb etmişdi

I yazı

Azərbaycanda dilçilik elminin Avropa metodlarıyla formalaşmasında xidməti olan araşdırıcılardan biri də Abdulla Şərifovdur. 1938-ci il 3 iyulda Bakıda güllələnən A.Şərifovun arvadı Fatma Zinnur qızının SSRİ baş prokuroru Rudenkoya yazdığı ərizəyə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasında baxılaraq 1957-ci il mayın 30-da bəraət verilib. Quruluşun bütün nöqsanları İ.Stalinin adına yazılaraq Sov. İKP XX qurultayından sonra yüz minlərlə həbs edilmiş, sürgünə göndərilmiş və güllələnmiş insana bəraət verildi. Əslində bu, öldürülmüş və ya ölümcül hala salınmış insanlara verilən fiziki bəraət idi. Onların, uğrunda mübarizə apardıqları ideyalara, əsərlərinə bəraət verilməmişdi. Elə buna görə idi ki, yaradıcılıqları ciddi öyrənilib təbliğ edilmir, əsərləri məhdudiyyətlərlə çap olunurdu. Onların ideyaları və əsərləri əsil bəraəti Sovetlər Birliyinin dağılması ilə əldə etdi. Lakin bu da həqiqətlərin tam üzə çıxmasına imkan vermədi.

Abdulla Şərifovun doğum tarixi ilə bağlı əlimizdə iki sənəd var. Onlardan biri Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Arxivində A.M.Şərifovun şəxsi işi (burada işə girmək üçün 1933-cü il 15 fevralda yazdığı ərizə, bir neçə tərcümeyi-halı, əsərlərinin siyahısı və kadr anketi var), o birisi isə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Arxivindəki A.M.Şərifovun istintaq işidir. Hər iki sənəddə onun 1893-cü ilin noyabrında Rusiyanın Orenburq vilayətinin Troutski şəhərciyində anadan olduğu göstərilir. Təəssüf ki, sənədlərin heç birində doğum günü göstərilməyib.

AME RHA-dakı (Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Arxivi) şəxsi işinə tikilmiş tərcümeyi-halından öyrənirik ki, soykökünün Volqaboyu tatarlardan olduğunu yazan Abdulla ilk təhsilini atası Məhəmmədin müəllim işlədiyi məhəllə məktəbində alıb. Sonra doğulduğu kiçik şəhərdəki rus-tatar məktəbində beşinci sinfi bitirənədək oxuyub.

1908-ci ildə valideynləri onu təhsilini davam etdirmək üçün İstanbul şəhərinə yollayırlar. İstanbulda hansı orta məktəbi və ya orta təhsil verən müəllimlər seminariyasını bitirdiyinə aid əlimizdə qaynaq yoxdur. Tərcümeyi-halından yalnız onu öyrənə bilirik ki, yerli müsəlman-xeyriyyə cəmiyyətinin hesabına orta təhsilini başa vuraraq 1914-cü ildə vətənə qayıdır. Troutskiyə qayıdan A.Şərifov müəllimliklə yanaşı ardıcıl jurnalistlik etdiyini də yazır. Hansı qəzetlərdə işlədiyi, nədən və necə yazdığı haqqında hələlik heç bir məlumat əldə edə bilməmişik. Kadr anketindən onun 1919-cu ilin sentyabrın 1-dən Anjersk musiqi məktəbi və Tümenskdə birinci tatar məktəbində müəllim işlədiyini, RK(b)P üzv olduğunu, 1921-ci ilin martında Tümen quberniya rəhbərinin milli məsələlər üzrə müavini təyin edildiyini öyrənə bilirik. O, rəhbər vəzifədə işləyə-işləyə I tatar məktəbində və həmkarlar ittifaqının təşkil etdiyi kurslarda dərs deyir. Kommunistlərin gənc və savadlı kadrlara böyük ehtiyacı olduğu bir zamanda Abdulla Şərifovun Tomsk Universitetinə oxumağa göndərilməsi inandırıcı görünmür. O, 1921-ci ilin payızında Tomsk Universitetinin ictimai fənnlər fakültəsinə qəbul olunur.

1923-cü il iyununda Abdulla Şərifov Bakıda görünür. «Bu, onun ilk gəlişi idimi, yoxsa əvvəllər də gəlibmiş sualına sənədlərdə heç bir cavab tapa bilmədik. O, Bakıya gəlişini istər tərcümeyi-halında, istərsə də 1938-ci ildə müstəntiqlərə verdiyi izahatda Tomskda Universitetin bağlanmasıyla izah edir. Lakin onun bu cavabı o qədər də inandırıcı görünmür. Birincisi, iyun ayında tələbə qəbulu kampaniyası başlamamışdı, ikincisi, həmin vaxt Moskvada, Leninqradda, Kazanda və başqa şəhərlərdə tanınmış univerisitetlər vardı. Azərbaycan Dövlət Universiteti isə 1919-cu ildə qısa ömürlü Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmışdı. Bu ali təhsil müəssisəsi, necə deyərlər, yeni-yeni formalaşırdı.

Abdulla Şərifovun Bakıdakı fəaliyyətini öyrənib həmin dövrün hadisələri ilə qarşılaşdırdıqda bu qənaətə gəlmək olur ki, o təqiblərdən, cəzadan qurtulmaq üçün Tomskdan, Orenburqdan uzaq və diqqəti cəlb etməyən bir yerə getməyi qərara alıb. Sov.İKP tarixi ilə yaxından tanış olan hər bir şəxsə məlumdur ki, Mərkəzi Komitənin qərarı ilə Kommunist Partiyasında bir neçə dəfə sıralarında «təmizləmə» adı altında sərbəst düşüncə sahiblərinə, xalqının və millətinin taleyi üçün narahat olanlara, haqsızlığa etiraz edənlərə divan tutulub. Görünür, A.Şərifovun partiyadan xaric olunması 1914-1919-cu illərdəki fəaliyyəti və yazmış olduğu məqalələrlə bağlı olub. Onun Bakıya gəlməsi 1922-1923-cü illərin «təmizləmə» kompaniyasına təsadüf edir.

İlk «təmizləmə»də partiyadan xaric etsələr də, yenidən bərpa olunan A.Şərifovun Kommunist Partiyası sıralarında qalması çox da uzun sürməyib. 1923-cü ildən Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olan, oxuduğu illərdə özünü fəal kommunist kimi göstərən, Azərbaycan KP MK-nın orqanı «Kommmunist» qəzetində işləyən Abdulla Şərifovu 1928-ci ildə keçmiş fəaliyyətinə görə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının sıralarından xaric etsələr də, bir daha bərpa oluna bilir.

A.Şərifovun Bakıya gəlişi Azərbaycanda milli düşüncəli insanların dəstə-dəstə həbs edilərək Solovkidəki, Suzdaldakı, Yaroslavdakı həbs düşərgələrinə göndərildiyi vaxta təsadüf edir. Burada yarana biləcək milli-mənəvi boşluğu doldurmaq üçün taleyin hökmü ilə Tomskdan Abdulla Şərifov, Kazandan Qazis Ubaydullin, Krımdan Bəkir Çobanzadə, Daşkənddən Xalid Səid Xocayev və onlarla milli təfəkkürlü aydın və araşdırıcı Bakıya gələrək qısa müddətdə güclü bir türkoloji mərkəz yarada bilirlər. Lakin hər addımda partiya və sovet funksionerlərinin, xüsusi xidmət orqanlarının hər addımda onların işinə əngəl olduqlarını gördükdə sözü ilə işi düz gəlməyən kommunistlərə qarşı mübarizə üçün təşkilatlanırlar.

Bir çox milli təfəkkürlü, haqsızlığa dözməyən, əzilən xalqları xilas etmək istəyən insanlar kimi Abdulla Şərifov da rəhbər özəyi 1925-ci ildə Səmərqənddə qoyulan millətçi təşkilata üzv yazılır. Bu təşkilatın fəalları sırasında RSFSR (Rusya Sovet Federativ Sosialist Respublikaları) Xalq Komissarları Soveti sədrinin müavini Rıskulovun, RSFSR Mərkəzi İcraiyyə Komitəsinin katibi Şuqu Əmirəsənin, Özbəkistan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibi Raximbayovun, RSFSR Xalq Maarif Komissarı Yumanqulovun, Dağıstan Muxtar Sover Sosialist Respublikasının Xalq Maarif Komissarı Taxo Qodinin, Qaraçay-Çərkəz Muxtar Sover Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsinin sədri Ömər Əliyevin, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Soltanməcid Əfəndiyevin, ZSFSR (Zaqafqaziya Sovet Federativ Sosialist Respublikaları) Xalq Torpaq Komissarı Dadaş Bünyadzadənin, Azərbaycan Xalq Maarif Komissarı Mustafa Quliyevin və b. onlarla aydının adı çəkilir. Rusiyanın müstəmləkəsindən qurtularaq Vahid Türk-Tatar dövləti yaratmaq istəyən bu təşkilata Qazis Ubaydullin Abdulla Şərifovu da cəlb edir. Görkəmli ictimai-siyasi xadim, xalqların azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmış Soltan Qaliyevə Sovet hökuməti oyuncaq məhkəmə qurub onu məhv edəndən sonra silahdaşları təqiblərdən yaxa qurtarmaq üçün ölkənin müxrəlif bölgələrinə dağıldılar. Qazis Ubaydullin də Bakıya gəlir, universitetdə işə düzəlir və qısa müddətdə özünə möhkəm bir çevrə qura bilir.

Münbit bir mühitə düşən gənc Abdulla 1928-ci ildə universiteti bitirir və 1929-cu ilin fevralında aspiranturaya qəbul olunur. Aspiranturada oxuya-oxuya redaktor və Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat kafedrasında assisent işləməyə başlayır. İti jurnalist qələmi, dərin biliyi və zəhmətsevərliyi ona qısa müddətdə elm aləmində də uğur qazandırır. 1932-ci ilin sentyabrından ali məktəbdə müəllim işləməyə başlayır. 1933-cü ilin fevralın 15-də isə onu SSRİ Elmlər Akademiyasının Azərbaycan filialına işə dəvət edirlər. Filialın tarix, ədəbiyyat, dilçilik bölməsində elmi işçi kimi çalışdığı zaman Azərbaycanın rayonlarına ekspedissiyalar təşkil edib, materiallar toplamaqla yanaşı gənc kadrların hazırlanmasına da xüsusi diqqət göstərir. Onun tək və İdris Həsənov, Qulam Bağırovla birgə yazdığı qrammatika kitabları təkrar-təkrar çap olunaraq orta məktəblərdə və texnikumlarda tədris edilir.

Şəxsi işində Abdulla Şərifovun aşağıdakı elmi əsərləri olduğu göstərilir:

1. Türk-tatar dillərinin sinqarmoniyası haqqında.

2. Türk dili qrammatik katoqoriyalarının təsnifat prinsipləri haqqında.

3. Azərbaycanın Şamaxı dialekti. (Şamaxı rayonuna iki illik ekspedissiyanın yekunları).

4. Texnikumlar üçün qrammatika (T.Bağırov və İ.Həsənovlv birlikdə). I və II hissələr.

5. Orta məktəblər üçün türk dilinin qrammatikası (İdris Həsənovla birlikdə). I və II hissələr.

6. Türk məktəblərində Rus dilinin tədrisi (müqayisəli metodun əsaslandırılması).

Abdulla Şərifov «Türk qrammatikasının sabit kursu» kitabının isə yaxın vaxtlarda Azərnəşrdə çıxacağını yazır. O, M.İ.Menşikovun «Yafetidologiya və marksizm», eləcə də akademik Marrın «Yafetidologiya və marksizm haqqında Bakı diskussiyaları» kitablarını Azərbaycan türkcəsinə çevirib, redaktə edərək 1932-ci ildə Bakıda nəşr etdirib.

1938-ci ildə DTK (KQB) müstəntiqinə izahatında Abdulla Şərifov 22 kitab müəllifi olduğunu yazır. Çox təəssüf ki, o kitabların bir qismi də 1937-ci il irtica dalğasında itib-batıb. Onları tapıb çap etmək bu gün mümkünsüz sayılır.

Gənc yaşında ali məktəbdə kafedra müdiri, elmi-tədqiqat instutunda bölmə müdiri işləyən Abdulla Şərifov da 1937-ci ilin irticasından qurtara bilmir. Hətta 1932-ci ildən Azərbaycan Xalq Daxili İşlər Komissarlığının işlədiyi müəssisədə müvəkkil olması da onu həbsdən xilas edə bilmir. 1937-ci ilin 20 dekabrında «Sovet hökumətinə qarşı silahlı mübarizə mövqeyində dayandığına və elmi cəbhədə ziyankarlıq işi aprdığına görə» həbs edilir.

 

Əli Şamil,

araşdırmaçı

Xalq Cəbhəsi.- 2013.- 17 dekabr.- S.14.