Göz xəstəlikləri

 

Həkimlər onları müxtəlif səbəblərlə əlaqələndirirlər

 

Beyinə daxil olan informasiyanın 90 faizi gözün payına düşür. Göz görür, qulaq eşidir, beyin aldığı informasiyanı analiz edir və müvafiq qərarlar qəbul edir. Gözür sıradan çıxması və ya problemlər yaşaması insanın bütün həyat tərzinin dəyişməsinə və çox ağır problemlərin yaranmasına səbəb ola bilər. Təəssüf ki, son zamanlar oftolmoloji klinikalarda yaranan növbələr əhali arasında göz xəstəliklərinin artmasından xəbər verir.

Göz büllurcuğu şəffaf linzadır. Lakin bəzən o öz şəffaflığını itirərək «bulanıq» olur. Bu zaman büllur öz şəffaflığını qismən və ya bütövlükdə itirə bilər. Xəstəlik katarakta adlanır və ya el arasında «mirvari suyu» da deyilir. Xəstəlik işıq şüasının gözə daxil olmasına maneçilik törədir, beləliklə də insanın görmə qabiliyyəti zəifləyir. Oftolmoloq Higar Kərimovanın bildirdiyinə görə, kataraktanın əsas səbəbi orqanizmin qocalmasıdır: «Xəstəlik hər iki gözdə baş verə bilər, lakin bir gözdən o biri gözə keçmir. Kataraktanın yaranması gözün gərgin işlə yüklənməsi ilə bağlı deyil və bu zaman görmə qabiliyyətini həmişəlik itə bilməz. Katarakta gözün zədələnməsi ilə də bağlı ola bilər. Lakin əsas səbəb orqanizmin qocalmasıdır. Əlbəttə, qocalıq dedikdə biz heç də yaşı nəzərdə tutmuruq. Çünki yaş vaxt ölçüsüdür, səhhət ölçüsü deyil. Adamların böyük əksəriyyəti öz can sağlığına fikir vermədikləri üçün vaxtından tez qocalır və görmə qabiliyyətini də vaxtından tez itirir. Belə xəstəlik 45 yaşında da törəyə bilir, hətta uşaqlarda da rast gəlinə bilir. Ümumiyyətlə, xəstəliklərin böyük əksəriyyəti orta yaşlarda adamın yaxasından yapışır. Biz anadan olandan ömrümüzə balta vurmaqla məşğuluq. Hə qədər gəncik orqanizm bu zərbələrə birtəhər dözür. 40 yaşa çatanda daha tab gətirə bilmir və müxtəlif orqanlar bir-bir sıradan çıxır. Katarakta da əslində orqanizmin tamlığının pozulmasından başqa bir şey deyil. Yaxşı ki, bu tamlığı bərpa etmək mümkündür».

Higar Kərimovanın bildirdiyinə görə, güclü zərbə, kəsilmə, deşilmə, termal və ya kimyəvi təsirə məruz qalmaq da katarakta əmələ gətirə bilər. Kataraktanın kliniki simptomlarının inkişafı büllur bulanıqlarının harada yerləşməsilə əlaqədardır: «Əgər katarakta büllurun kənar hissəsində yaranıbsa, bir dəyişiklik hiss olunmayacaq. «Bulanma» büllurun mərkəzinə nə qədər yaxındırsa, görmə qabiliyyətində bir o qədər problemlər yaranacaq. Bu halda hər şey torlu görünəcək. Hətta bir şəkil gözünüzdə qoşa görünə bilər. Çox vaxt işıqdan qorxma hissi yaranır. Bir gözlə yaxşı görürsünüz, o biri gözlə zəif. Normal halda qara görünən bəbək, bu halda ağara, sarımtıl rəng ala bilər. Bütün bunlar güclənə bilər və eynəyinizi daha güclüsü ilə əvəz etmək məcburiyyətində qala bilərsiniz. Bu nişanələr varsa, onda həkimə müraciət etmək lazımdır. Ancaq həkim bu vəziyyətdə dəqiq diaqnoz qoya bilər».

Higar Kərimova deyir ki, kataraktadan əziyyət çəkən xəstələrə dərman, xüsusi eynəklər yardımçı ola bilməz: «Cərrahiyyə əməliyyatı kataraktanın ən tez müalicə yoludur. Bulanıq büllur bu vasitə ilə gözdən kənar edilir. Bilirsiniz, bu gün cərrahiyyə əməliyyatının metodikası mükəmməl şəkildə işlənib. Həkimlərin əlində ən müasir texnika və alətlər var. Əməliyyatdan 95 faiz uğurlu nəticə əldə etmək mümkündür. Narahatlığa və həyəcana heç bir əsas yoxdur. Müasir tibbdə kataraktanın çıxarılması əsasən ultrasəs fakoemulsifikası vasitəsi ilə kəsiksiz və qansız aparılır».

Yayılmış göz xəstəliklərindən digəri isə el arasında «qara su» adlanan qlaukomadır. Həkimlərin bildirdiyinə görə, qlaukomaya tutulmuş gözün təzyiqi qalxır, görmə sahəsi daralır və göz zəif görür. Son nəticədə korluq meydana gəlir. Qlaukoma xəstəliyindən əsasən yaşı 40-ı ötmüş insanlar əziyyət çəkir. Lakin bəzi hallarda xəstələr arasında azyaşlılar və yeniyetmələrə də rast gəlmək mümkündür. Higar Kərimovanın bildirdiyinə görə, qlaukoma o zaman baş verir ki, drenaj sistemi çirklənir və daxili mayenin kənara axını ləngiyir. Bu da daxili təzyiqi qaldırır, yüksək təzyiq isə görmə sinirini sıxıb məhv edir. Valideynləri qlaukoma xəstəliyinə tutulan adamlar daha çox ehtiyatlı olmalıdırlar. Çünki eyni həyat tərzini yaşayanlar, öz valideynləri kimi qidalananlar onların göz xəstəliklərini də «qazana» bilərlər. Qlaukomanın bir neçə forması var və ən hiyləgər forma «açıqbucaqlı» qlaukomadır. Çünki onun simptomları o dərəcədə yaxşı gözə çarpmır. Ola bilər ki, xəstə gözdaxili təzyiqin müntəzəm şəkildə artdığını hiss etməsin, amma xəstəlik tədricən öz dağıdıcı planını həyata keçirir. Hətta, anadangəlmə qlaukomaya da təsadüf etmək mümkündür. Statistika sübut edir ki, Yer kürəsində yaşı 40-ı ötmüş adamların 2 faizi qlaukoma xəstəliyindən əziyyət çəkir. Çox vaxt qlaukomanın kəskin tutmasını miqren, qrip, mədə xəstəlikləri, meningit kimi qəbul edənlər də olur. Çünki xəstə baş ağrısından, ürək bulanmasından, ümumi zəiflikdən şikayət edə bilər və bu halda göz xəstəliyi heç ağlına da gəlmir. Buna görə, xəstə kəskin tutmanın ilk saatında çox önəmli olan yardımı almaya da bilər. Həm də müalicə tamam başqa istiqamətdə gedər və əks nəticə verər. Qlaukoma keçici xəstəlik deyil. Adətən, bu xəstəlik müxtəlif vaxtlarda hər iki gözdə yaranır. İkinci gözdə xəstəlik bir neçə aydan, hətta bir neçə ildən sonra da yarana bilər. Odur ki, bir gözü müalicə edərkən ikinci gözün qeydinə qalmaq lazımdır ki, hər şey təkrar olunmasın. Qlaukoma xəstəliyinə tutulanlar ilk vaxtlar dərman preparatları ilə, sonra isə təbii üsullarla müalicə alır. Dərman müalicəsi nəticə vermirsə, həkim lazer şüası ilə müalicə və yaxud cərrahiyyə əməliyyatı təklif edə bilər.

Lazer şüası gözə maneəsiz daxil olur, drenaj sisteminə təsir göstərir və gözdaxili mayenin rəvan axması prosesini yaxşılaşdırır. Bu zaman göz alması kəsilmir, bütöv qalır. Lazer şüası ilə müalicə ağrısız keçir, az vaxt tələb edir.

Məşhur oftalmoloq, akademik S.N.Fyodorovun fikrincə, qlaukomanı indikindən daha tez diaqnozlaşdırmaq və radikal müalicə etmək lazımdır. O, belə hesab edir ki, tətbiq olunan dərmanlar bir çox hallarda nəinki kömək etmir, əksinə, gözə pis təsir göstərir. Yalnız cərrahiyyə əməliyyatı sayəsində yaradılan yeni drenaj sistemi gözdaxili mayenin axması və görmə qabiliyyətinin qorunub saxlanılmasına imkan verir. Belə əməliyyat «dəlib keçməyən dərin sklerektomiya» adlanır və minlərlə adamın görmə qabiliyyətini qoruyub saxlamağa imkan verir. Əməliyyat xüsusi mikroskop altında keçirilir və orta hesabla 20 dəqiqə çəkir.

Oftolmoloq Polad Məhərrəmlinin sözlərinə görə, əgər əməliyyat vaxtında, yəni, qlaukomanın ilkin mərhələsində aparılıbsa, mütləq gözdaxili təzyiq normaya düşəcək və gözün görmə qabiliyyəti qorunub saxlanılacaq: «Bu gün klinikalarda va poliklinikalarda çalışan hər bir oftalmoloqun praktik işi təkcə eynək və kontakt linzanın tətbiqinə dair ənənəvi sahəni mükəmməl bilməsindən asılı deyil, həm də refraksiya cərrahiyyəsinin əsaslarını mükəmməl bilməkdən asılıdır. Ona görə ki, göz kabinetlerinə gələn xəstələrin böyük əksəriyyətinin refraksiyası qeyri-normaldır. Əfsuslar olsun ki, respublikada çalışan oftalmoloqların bu sahədə dərin bilik almaq imkanları məhduddur. Belə ki, indiyədək Azərbaycan dilində bu problemə aid mükəmməl ədəbiyyat yoxdur. Refraksion cərrahiyyəyə dair hər hansı informasiyanı almaq istəyən şəxslər dövri mətbuatda ara-sıra dərc olunan yorucu məqalələri axtarmaq məcburiyyətindədir. «Gözün mikrocərrahiyyəsi» institutu tərəfindən rus dilində çox kiçik tirajla buraxılan kitabları bu gün, hətta, onun filiallarında belə tapmaq mümkün deyil».

Oftolmoloq Aytən Sultanovanın bildirdiyinə görə, görmə qabiliyyətinin pisləşməsinə insandan asılı olmayan irsilik amili və əlverişsiz ekoloji şərait, eləcə də keyfiyyətsiz optikadan istifadə, ultrabənövşəyi şüaların təsiri, qulaq-burun-boğaz xəstəliklərinə diqqətsiz yanaşma səbəb ola bilər: «İstənilən savadlı oftalmoloq öz xəstələrinə hər altı ayda bir dəfə tam oftalmoloji müayinədən keçməyi məsləhət görür. Lakin prinsipcə əgər xəstə bizə heç olmasa ildə bir dəfə müraciət etsə, o zaman biz bir çox xəstəliklərin qarşısını ala bilərik». Aytən Sultanova gənclər arasında miopiya göz xəstəliyinin (uzağı görməmə) çox geniş yayıldığını deyir: «Yaşlı əhali arasında isə katarakta xəstələrinin xüsusi çəkisi böyükdür. Ofis işçiləri üçün kompüter arxasında iş zamanı hər bir saatdan sonra 10 dəqiqəlik fasilə etməyi və uzağa baxmağı məsləhət görərdim. Bu təmrin gözlərin gərginliyini azaldacaq. Vitaminlər və bioloji əlavələri isə mən əla vasitə hesab edirəm. Lakin bütün bunlar profilaktika məqsədilə oftalmoloqun qəbulunu və gözlər üçün təmrinləri əvəz etmir».

Alimlərin araşdırmaları nəticəsində məlum olub ki, əvvəllər ozon qatından keçə bilməyən zərərli şüalar son illər atmosferə asanlıqla daxil olurlar. Gözdə isə məhz bu cür şüaların qarşısını alacaq təbii müdafiə mexanizmi yoxdur.

«Pantovita» Tibb Mərkəzinin göz həkimi Ülviyyə Abdullayeva deyir ki, gün eynəkləri ilk növbədə göz üçün zərərli sayılan ultrabənövşəyi şüaların qarşısını alır və görmə nöqtəsinin yüklənməsini önləyir. Digər tərəfdən gün eynəkləri gözdə zərərli günəş şüalarının yandırıcı təsiri nəticəsində meydana gələn və 90 faiz korluqla nəticələnən «sarı nöqtə» xəstəliyinin də qarşısını alır. Oftolmoloqun bildirdiyinə görə, son illər ozon qatının zədələnməsi nəticəsində zərərli şüaların atmosferə daha çox daxil olması ilə əlaqədar gün eynəklərindən istifadə zəruridir: «Xüsusi linzalarla təchiz edilmiş eynəklər hətta qar və su üzərindən əks olunan zərərli şüaları da neytrallaşdırır. Gün eynəkləri günəş şüalarına qarşı allergiyası olan xəstələrin müalicəsində də çox faydalıdır.

Bu gün ucuzluğuna görə geniş yayılmış saxta eynəklər isə birbaşa xəstəlik mənbəyidir. Məlumdur ki, gün eynəklərinin linzaları plastik, şüşə və polikarbonat maddələrindən hazırlanır. Ən təhlükəsiz eynəklər şüşədən hazırlanan eynəklər hesab olunur. Çünki şüşə ulturabənövşəyi şüalara qarşı daha təhlükəsizdir. Təəssüflər olsun ki, ucuz başa gəldiyinə görə eynək istehsalçıları son illər plastik materiallardan daha çox istifadə edirlər. Halbuki, plastik linzalar ulturabənövşəyi şüaların qarşısını ala bilmir. Digər tərəfdən, plastik maddələrdən həm soyuğun, həm də istinin təsirindən zərərli qazlar ifraz olunur. Bu cür zərərli qazlar isə təbii ki, gözlər üçün çox təhlükəlidir».

 

Ülviyyə Tahirqızı

Xalq Cəbhəsi.- 2013.- 18 dekabr.- S.15.