Məhv edilmiş gələcək…
Uşaqlar insan alveri
qurbanına çevrilməsi baxımından risk
altındadılar
Uşaq
Hüquqları üzrə Azərbaycan QHT Alyansının
milli koordinatoru Habil Seyidov mətbuata açıqlamasında
bildirib ki, uşaqların itməsinə dair məlumatların
ictimaiyyətə açıqlanması və ictimai təşkilatlarla
əməkdaşlıq edilməsini zəruri sayır:
«Statistika ilə bağlı məlumata, təəssüf ki,
bizim də çıxışımız azdır. Amma
2010-cu ilin yanvar ayında DİN tərəfindən qeyd olunub
ki, təkcə Bakı şəhərində 47 uşaq itib,
onlardan 41-i tapılıb, 6-sının isə həmin
dövrdə taleyi məlum deyil. Bundan başqa
bizim təşkilat son 6-7 ay ərzində parklarda, zirzəmilərdə,
vağzallarda küçə uşaqları ilə
bağlı reydlər keçirir. Lakin bir
müddət sonra o uşaqların bəziləri sanki yoxa
çıxır, onlar barədə məlumatlar əldə
edə bilmirik. Xüsusilə də bu
uşaqlar heç bir yerdə qeydiyyata alınmırlar. Həmin uşaqlar insan alveri qurbanına çevrilməsi,
orqanların transplantasiyası, cinayətlərə cəlb
olunma baxımından çox böyük risk
altındadırlar».
Ekspertlər itkin düşmüş və tapılmayan
uşaqların bir çox hallarda insan alverçiləri tərəfindən
ölkədən çıxarıldığını
düşünür. Belə ki, 18 yaşına çatmayan Azərbaycan
vətəndaşı yalnız valideynlərinin icazəsilə
ölkəni tərk edə bilər. Etibarnamə
olmadan yetkinlik yaşına çatmayan şəxs nə fərdi
olaraq, nə kənar şəxslər tərəfindən, nə
də valideynlərinin biri tərəfindən ölkədən
xaricə çıxarıla bilər. Oğurlanan
uşaqları xaricə çıxarmaq yalnız gizli yollarla
mümkündür. Bir nəfərin oğurlanması
bir neçə cinayət faktının üstünün
açılmasına səbəb ola bilir.
Bunun üçün xüsusi peşəkarlıq
tələb olunur. Müxtəlif cinayət
hallarının əlamətləri arasında müəyyən
oxşarlıqlar olur. Uzun müddət
açılmayan cinayətlər bəzən bir ayın, bir həftənin
içində açılır.
Araşdırmalar göstərib ki, bütün dünya
üzrə itkin düşən uşağın izini ən
çox orqan mafiyasında axtarırlar. Çünki
orqan mafiyası yiyəsiz, itkin düşən uşaqlarla
daha çox maraqlanır. Ən gəlirli
qeyri-qanuni biznes sayılan orqan mafiyasının uşaqları
hədəf seçməsi isə sonuncuların
orqanlarının «bazarda» sürətlə
satılmasıdır. Ekspertlərin
bildirdiyinə görə, yeniyetmə və azyaşlı
qızlar ölkədən əsasən iki məqsədlə
çıxarılır. Birincisi,
onları fahişəliyə cəlb edərək pul
qazanırlar, ikincisi isə bu uşaqları xaricilərə
satırlar. Birinci halda məsələ
ortaya itkin düşmə faktı kimi çıxmır.
Yəni onları iş adı ilə aldadaraq və yaxud da
könüllü surətdə aparırlar. Bu səbəbdən
də onların ailələrində övladlarının
harada olması barədə məlumat olur. İkinci halda isə uşağı küçədən,
həyətdən, internatlardan oğurlayıb satırlar.
Psixoloqlar müəyyənləşdirib ki,
uşaqların itkin düşməsi bir çox hallarda
onların öz istəyi ilə evi tərk etməsindən
sonra baş verir. Belə ki, valideyn təpkisinə məruz
qalan, sevgi görməyən uşaqlar ailələrini tərk
edirlər. Bu zaman onlar orqan alverçilərinin,
dilənçi mafiyasının da əlinə düşə
bilir. Bu arada onu da deyək ki, xarici ölkələrin
təcrübəsində itkin düşən vətəndaşların
axtarılması üçün onların fotolarının
asıldığı iri avtobuslar şəhər-şəhər
dolaşır. Azərbaycanda isə belə
təcrübə yoxdur.
Uşaq Huquqlarını Müdafiə Liqasının sədri
Yusif Bəkirov hesab edir ki, normal dövlətlərdə bir
uşaq itkin düşəndə bütün dövlət
strukturları ayağa qalxır, bunu böyük bir faciə
kimi təqdim edirlər. Amma bizdə bir həftədə 15
uşaq itkin düşür, dövlət orqanları isə
susur. Belə təsəvvür yaranır
ki, dövlət bu faktları gizlətməyə
çalışır. Yusif Bəkirov deyir ki, rəhbərlik
etdiyi liqanın apardığı araşdırmaların nəticələrinə
görə, uşaqların, yeniyetmələrin və gənclərin
xaricə satılması ilə dövlət məmurları məşğul
olur: «Təsadüfi adam bu işləri
görə bilməz. Təsəvvür edin ki,
uşaq itkin düşür, iki-üç gündən sonra
məlum olur ki, onu saxta pasportla xaricə keçiriblər.
Deməli, bu cinayətlə hansısa dövlət
qurumu və ya məmur məşğul olur. Bir acınacaqlı faktı deyim. 2003-cü ildə insan alveri ilə məşğul
olan bir qrup yaxalanmışdı. Onların
hər birini cəmi 100 dollar civarında cərimə edib
azadlığa buraxdılar. Bu kimi cinayətlərlə
bağlı qanunvericilikdə boşluqlar var və mən elə
düşünürəm ki, bu, məqsədli şəkildə
edilib. Xaricdə bu tipli cinayətlərlə
məşğul olanlar ömürlük cəza alırlar.
Qanundakı boşluqlar bu şəbəkənin
əl-ayağını daha da açır və onlar tamamilə
qorxub-çəkinmədən fəaliyyət göstərirlər.
Hətta insan alveri ilə əlaqədar dövlət
orqanlarına sorğular, müraciətlər göndərəndə
də bizə cavab vermirlər».
Azərbaycanda
il ərzində nə qədər uşaq
itir? Onların neçəsi tapılır?
Tapılmayan uşaqların aqibəti necə
olur? Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin
əməkdaşı Orxan Mansurzadə deyir ki, bu tip məlumatların
ictimaiyyətə açıqlanması qanunla
qadağandır: «Bu məsələlərlə bağlı
məlumatlar gizli hesab olunur. Belə məlumatlar
yalnız daxili istifadə üçün nəzərdə
tutulduğundan açıqlanmır».
Azərbaycanda uşaq hüquqlarının
qorunmasını həyata keçirən dövlət qurumu
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsidir. Komitənin sektor
müdiri Lətafət Tağızadə deyir ki, onlara
ümumiyyətlə itkin düşən uşaqlarla
bağlı müraciət daxil olmayıb. Bu sahənin
araşdırılması isə onların profilinə aid
deyil: «Bizim təşkilat uşaqların hüquqlarını
müdafiə edir. Qismən küçə
uşaqları ilə işləyirik. Amma
bu da bizim sahə deyil. Sonra uşaqların
istirahətinin təşkili, müəyyən məsələlər
var ki, bizim komitə ona qarışa bilir. Amma
uşaqların itməsi kriminaldır, bu sahənin bizim komitəyə
aidiyyatı yoxdur».
Əsir və
itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasında 4852 Azərbaycan vətəndaşı
(01.02.2005-ci il tarixə olan statistikaya
görə) münaqişə zonasında itkin
düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 54 nəfəri uşaq, 323 nəfəri
qadın, 410 nəfəri qocalardır. 1988-2005-ci
illərdə 1368 Azərbaycan vətəndaşı erməni
əsirliyindən azad edilib. Bunlardan 169 nəfəri
uşaq, 338 nəfəri qadın, 286 nəfəri
qocalardır. İtkin düşmüş 4852 vətəndaşdan
ən azı 783 nəfəri (18 nəfər uşaq, 46 nəfər
qadın, 69 nəfər qocalar) ermənilər tərəfindən
əsir, yaxud girov götürülüb. Lakin
bu faktlar beynəlxalq təşkilatlar, o cümlədən
Beynəlxalq Qırmızı Xaç Komitəsindən gizlədilib.
Həmin şəxslərin siyahısı erməni
əsirliyindən qayıtmış vətəndaşlarımızın
və digər mənbələrin şahid ifadələri əsasında
tərtib edilib. Komissiyanın 2011-ci ilin 21
iyul tarixində yaydığı məlumatda isə bildirilir
ki, artıq bu rəqəm 4043-dür. İtkin
düşənlərdən 47 nəfəri (17-si
azyaşlı qız) itkin düşərkən yetkinlik
yaşına çatmamış uşaq olub. Komissiya onu
da bildirir ki, əsir və girovluqdan 1400 nəfər azad edilib
ki, onlardan 175 nəfəri uşaq (65 nəfər
azyaşlı qız) olub.
İtkin düşmüş uşaqlar problemi Türkiyədən
də yan keçmir. Türkiyə Statistika İnstitutunun məlumatına
əsasən, 2008-2011-ci illər ərzində ölkədə
27 min uşaq itkin düşüb. «SHH Türk»
telekanalının məlumatına görə itən
uşaqların 16,2 mini qızdır. Məlumata
görə, yalnız 5,7 min
uşağı tapmaq mümkün olub. Bununla
belə, Türkiyənin daxili işlər naziri İdris Naim
Şahin Statistika İnstitutunun məlumatlarını təkzib
edərək onları qeyri-dəqiq adlandırıb. Şahin iddia edir ki, hazırda Türkiyədə
yalnız min uşaq itkin düşmüş hesab edilir.
Nazir bu məsələdə qeyri-dəqiqliyi onunla izah
edir ki, bütün tapılmış uşaqların heç
də hamısı bu qisimdə rəsmi qeydiyyata
alınmayıb.
YUNİSEF-in məlumatına görə, uşaq alverilə məşğul olan cinayətkar qruplar hər il 10 milyon dollarlarla gəlir əldə edir. Bununla bu kriminal biznes qeyri-qanuni silah və narkotik alveri ilə rəqabət aparır və onlardan sonra gəlirinə görə üçüncü yeri tutur. Sözügedən cinayətin qurbanı olan uşaqlar əsasən seksual istimar və əməyin qeyri-qanuni istifadəsinə məruz qalırlar. Beynəlxalq Əmək Bürosunun məlumatına görə 5-14 yaşlı uşaqların dörd milyonu bu gün məcburi əməyə cəlb edilir. Bunlar uşaqlıqdan məhrum edilmiş uşaqlardır. Bir çox hallarda ailələr özləri uşaqların istismar qurbanına çevrilmələrinə səbəb olurlar. Bu bir tərəfdən maliyyə çətinliyi ilə ilə izah edilirsə, digər tərəfdən adət-ənənədən irəli gələn məsələdir. Çində, Kambocada və digər ölkələrdə kasıb ailələr öz uşaqlarını sataraq onlara ən azı müəyyən gələcək vermək və ya dünyanın başqa nöqtələrində iş tapmaq imkanı qazandırdıqlarını düşünürlər.
Rusiya KİV-nin məlumatına görə, Qananın Burkin Faso əyalətində keçirilən əməliyyat zamanı uşaq alveri ilə məşğul olan 73 nəfər həbs edilib, 400 nəfər uşaq isə azad edilib. Qana polisinin əməkdaşı Pasiens Kvayon bildirib ki, onlar uşaqları yerin dərinliyindəki şaxtalarda tapıb və yuxarı qaldırıblar. İnterpolun məlumatına görə, uşaqlar Qərbi Afrika ölkələrindən, xüsusən də Nigeriyadan oğurlanıb. Onlar dar, 70 metr dərinlikdə yerləşən, praktiki olaraq havasız şaxtalarda ekstremal şəraitdə məcburi fiziki əməyə cəlb olunublar: «Təhsil almaq hüququndan da məhrum edilən uşaqlara əmək haqqı da verilməyib». Qeyd edək ki, ötən il Qana polisinin İnterpolla birlikdə keçirdiyi iki genişmiqyaslı əməliyyat zamanı da oğurlanaraq fahişəliyə cəlb edilən, eləcə də balıqçılıq sahəsində pulsuz işləməyə məcbur edilənd 250 uşaq xilas edilmişdi.
BMT Uşaq Konvensiyanın 38-ci maddəsi silahlı münaqişələrə həsr olunub. Maddədə göstərilir ki, iştirakçı dövlətlər bütün mümkün tədbirlərin görülməsini təmin etməlidirlər ki, 15 yaşına çatmamış uşaqlar hərbi əməliyyatlarda iştirak etməsinlər. Təssüf ki, uşaqların bu hüququ bir çox dövlətlərdə kobudcasına pozulur. Bu gün bir çox ölkələrdə uşaqlar müharibənin birbaşa iştirakçısına çevrilirlər. Hesblamalara görə təxminən 300 min uşaq silahlı münaqişələrdə iştirak edir. Məsələn, Suriyada qəddarlığı ilə seçilən vətəndaş müharibəsində 11 min uşaq ölüb. Londonda yerləşən Oxford Araşdırma Qrupu təşkilatının yaydığı hesabata görə, bu uşaqların çoxu yaşadıqları bölgələrdə bomba və top mərmiləri ilə öldürülüb. Hesabat «Oğurlanmış gələcək» adlanır. 2011-ci ilin martından 2013-cü ilin avqustuna qədər olan dövrü əhatə edən hesabatda deyilir ki, 17 yaşdan aşağı olan 11420 qurbandan 389-u snayper gülləsi ilə öldürülüb. Aralarında körpələrin də olduğu 100-dən çox uşağa isə işgəncə verilib. Müharibədə ölən oğlan uşaqlarının sayı qız uşaqlarının sayından iki dəfə artıqdır. Üç ildə ən çox — 2223 uşaq isə Hələb şəhərində öldürülüb.
Ülviyyə Tahirqızı
Xalq Cəbhəsi.- 2013.- 11 dekabr.-
S.13.