Qədir Rüstəmovun vəfatından iki il ötdü

 

Onun kədəri o qədər təbiidir ki, insan sevməyə bilmir

Məşhur xanəndə Qədir Rüstəmovun vəfatından iki il ötdü. O, 1935-ci ildə Ağdamda anadan olub. Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biridir. Azərbaycan Dövlət Musiqi Məktəbində Hacıbaba Hüseynovdan muğam dərsləri alıb, bundan sonra Ağdamda təhsilini davam etdirib. Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları — «Rast», «Çahargah» lentə alınaraq radionun fondunda saxlanılır. Onun ifasındakı məşhur «Sona bülbüllər» mahnısı daha çox sevilir.

2011-ci il dekabrın 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib, Bakı şəhərində dəfn olunub.

Qədir Rüstəmovun səsiruhun səsi idi. Onunku təkcə oxumaq deyildi, yandırıb-yaxmaq, insan dərdini, kədərini izhar eləmək idi. Oxumaq onun üçün bir vasitə idi. Onun başqa oxuyanlardan fərqi bundaydı. Qədir Rüstəmovun səsi gerçəkdən ilahiliyi təsdiq eləyirdi. Tək oxuyan idi ki, heç vaxt artistlik eləmədi, buna gərək duymadı. Oxuyarkən onun düşdüyü durumlar, keçirdiyi hallar həm muğamın, həm insanın ruhani imkanlarının nəyə qadir olduğunu göstərirdi. Qədir Rüstəmovun xanəndə olaraq əvəzolunmazlığı bundadır. Belə yarandı muğamçılığın Qədir yolu, yöntəmi, örnəyi zirvəsi. Qədir Rüstəmovun səsi qədimlərdən gəlirdi. Onun səsi çağımızda qədimliyimizdən nadir soraq idi. Yəqin ki, özü bütün bunları deyilən kimi bilmirdi, ancaq belə duyduğuna, yaşadığına əminəm. Çünki aşiq insan özünü aqibətdən qıraqda görə bilmir, ondan qırağa çıxmağı bacarmır. Qədir Rüstəmov da aqibətdən çıxa bilmədi yaşamı boyu. Ona görə Qədir təbii qaldı, sənətində dəyişmədi.

Qədir Rüstəmov təkcə istedadlı deyildi. Bu, onun üçün çox az idi. O, başqaları kimi istedadını başının üzərinə qaldırmadı, gözlərə soxmadı, əksinə, ona vasitə kimi baxdı. Belə adamlar həm özlərinin faciəviliklərini gözəl anlayırlar. Bilirlər ki, onlar anlaşıldıqları dərəcədə həm anlaşılmazdırlar. Qədirin başqalarına yovuşmazlığı, sərtliyi, güzəştsizliyi bundan idi. Yalnız oxuyanda özü olurdu. Oxumaq onun üçün var olmaq demək idi. Səsində türkün uca xarakteri vardıharaylı, ehtizazlı, zərif, ötkəm. Sarsıldıqca sarsıdırdı. Sarsıtdığı dərəcədə sarsılırdı. Səsinin kədəri ürəkləri ovsunlayırdı. O, insanları gerçək aləmdən ayırıb tanımadıqları, bilmədikləri xəyali yerlərə, duyğulara aparırdı.

Qədirin xoşbəxtliyi ondaydı ki, qəribəliyini bildiyi dərəcədə aqibətinə bağlanırdı. Bu halının başqalarında hansı duyğular yaradacağı, necə qarşılanacağı onu düşündürmürdü. Onun xoşbəxtliyi fitrətinə sonacan yiyəlik eləməsində idi.

Qədirdə kədər o qədər təbiidir ki, insan onu sevməyə, qəbul etməyə bilmir. Axı mahiyyətcə ən qəmli musiqidir «Sona bülbüllər». Bəs biz onu Qədirin ifasında niyə bu qədər sevir, ondan güc alırıq? Əgər belə deyilsə, gərək onda «Sona bülbüllər»i dinləyəndə kədər bizi daha da sarsıtsın. Deməli, Qədir bu vaxtacan kədər haqqında deyilən bütün yarımçıq, yarıtmaz düşüncələri alt-üst etdi. Kədər əslində ən böyük güc, fərəh qaynağıdır. Muğam bunu deyir bizə. Bu baxımdan Qədiri «muğamın Füzulisi» adlandırmaq olar. Ona görə də Azərbaycan türkünün musiqidə «Sona bülbüllər» qədər nikbin özünüifadəsi yoxdur. Bu düşüncəni məndə Qədir Rüstəmov yaratdı.

Asif Ata söhbətlərində deyirdi: «Qədir «Sona bülbüllər»i oxuyanda adama elə gəlir ki, nə kapitalizm var, nə də sosializm. Əslində Qədir sufidir, suficəsinə oxuyur, bunu bilsə də, bilməsə də. Pünhan oxuyur, pünhanı oxuyur». Ən qəmli musiqi — ən ruhlu, ümidli musiqidir. Musiqidəki kədər ruhun doğmalığını, ucalığını təsdiq edir. Qədir Rüstəmovdan sonra Azərbaycan muğam sənətində ciddi bir boşluq yaranıb: sufi tipli, xarakterli xanəndəmiz artıq yoxdur! Hansı ki, muğam başdan-başa sufi sənətidir, sufilik izharıdır. Qədir Rüstəmov gerçək, ənənəvi sufi həyatı yaşaya bilməsə də, oxuyanda hökmən sufiləşirdi.

Çətin günlərimin dostu olub Qədir Rüstəmovun «Sona bülbüllər»i, «Çahargah»ı, «Ay dili-dili»si, «Neyçün gəlməz»i, «Apardı sellər Sara»sı. Ağlım kəsəndən bu səsin sehrinə düşdüm. Təbiətlə birliyimi, doğmalığımı onun səsində tapdım. Yaşamaq gözəldir! Dərddə, kədərdə yanasan, yandırasan, yandırdığın dərəcədə də qandırasan — bunu da Qədir Rüstəmovun səsindən duymuşam. Qədir Rüstəmovun səsi böyük türk ruhunun, mahiyyətinin təsdiqidir — səsin ölməz ilahiliyi kimi! Onun səsinin örnəyində yeni-yeni xanəndələrimiz yaranmalıdır: bunsuz xalqımızın inkişafı haqqında danışmaq olmaz. Ümumiyyətlə, inkişaf hər bir sahədə, eləcə də bu sahədə qaçılmazdır. Bu mənəvi tələbatı kimlər ödəyəcək? Yalnız özündən keçən fədakarlar, təmənnasızlar…

 

Uğur

Xalq Cəbhəsi.- 2013.- 19 dekabr.- S.15.