Şah İsmayıl və kamil insan konsepsiyası

 

Bakı Dövlət Universitetinin professoru, hazırda ABŞ-ın Dyuk Universitetində uzunmüddətli elmi-tədqiqat ezamiyyətində olan Aida Qasımova ilə müsahibə

-Aida xanım, Şah İsmayil Xətainin fikir dünyası haqqında müxtəlif mülahizələr irəli sürülür. Bir tədqiqatçı olaraq, bu haqda deyə bilərsiniz?

-Şah İsmayılın fikir dünyası şiəlik üzərində bərqərar olmuş, həm Vəhdəti Vücuddan Kamil İnsan konsepsiyasından bəhrələnmişdir. Onun mənsub olduğu möhtəşəm siyasi gücə çevirdiyi Səfəvilik şiə məzhəbli sufi təriqəti idi. Səfəvilik ilkin mərhələdə sünni-sufi təriqəti kimi meydana çıxmış, amma çox keçmədən şiəlik məzhəbinə keçmişdir. Sünni ya şiə məzhəbli olmalarından asılı olmayaraq, bir çox sufi təriqətlərində İmam Əlinin qüdsiyyəti güclü olmuşdur. Səfəvilik imamların müqəddəsləşdirilməsi, qeyb olmuş İmam Mehdinin zühuru b. şiəlik elementlərini qəbul etmiş, beləliklə , İslam tarixində ən güclü şiə-sufi təriqətlərindən birinə çevrilmişdir. Taci-Heydəri adlanan on iki imamın rəmzi olan qızılbaş papaqlarını səfəvilər Şah İsmayılın atası Heydərin dövründən qoymağa başlamışlar. Rəvayətə görə, o, gerçək bir yuxuya müvafiq əsgərlərinə bu cür papaqlar geyməyi tapşırmışdır.

- Bəs, filosoflardan kimin daha çox təsiri olub?

- Şah İsmayıl Xətainin fikir dünyasına İbn Ərəbi təliminin, xüsusilə Kamil İnsan konsepsiyasının böyük təsiri olub. Səfəvilərin İslam dünyasının məşhur sufiləri ilə görüşmələri ilə bağlı tarixi faktlar da vardır. Şah İsmayılın babası Şeyx Cüneyd İbn Ərəbinin davamçısı Sədrəddin Kunəvi, Xətai özü isə Lahici ilə görüşüb söhbət fikir mübadiləsi etmişdir. İslam tarixində məşhur şəxslərin bu cür görüşmələrinə xüsusi önəm verilmişdir. Görünür, bu görüşlərin Səfəviliyin İbn Ərəbi fəlsəfəsi ilə birləşməsində mühüm rolu olmuşdur. Kamil İnsan konsepsiyası zat (yəni mahiyyət) etibarilə transsendent olan, dərki qeyri-mümkün olan Allahın öz ad atributları ilə varlıqlarda, ən mükəmməl şəkildə isə insanda təcəllisini bildirən təlimdir. Kamil İnsan Allahı bir güzgü kimi özündə əks etdirir. Hətta Kamil İnsanın Allahın zatını belə əks etdirdiyi kimi fərziyyələr vardır. Şiəlikdə Kamil İnsanın mücəssəməsi imamlar, məsələn Xətai şeirində bir çox nümunələrdə İmam Əli sayılır. Xətai Haqqın insanda təcəssümü ilə bağlı deyir:

Anın miratina bax, həqqi gör kim,/ Kim, ol ayineyi-geytinümadır.

Sufizmdə Məhəmməd peyğəmbər Kamil İnsanın ən bariz mücəssəməsi varlığın əsasənda dayanan ilkin gövhər sayılır. Sufi kosmoqoniyasındakı Məhəmməd peyğəmbərin nüytfəvarı varlığının, ya nurunun ilahi bir nəzərdən həya təri tökməsi bu tər damçılarından bütün varlıqların yaranması kimi bir fikir Şah İsmayılın şerində belə əks olunub:

Nuri-nəbidən yaratdı qəndil,/Qıldı nəzər ona neçə min il.

Kəsb etdi kəmali ol nəzərdən,/Ol dürri pürr etdi bəhrü bərdən.

Su boldu həyadən ol cəvahir. /Dutdu qamu fövqü təxti vafir.

Yaratdı gögi təfindən anın, /Xəlq etdi yeri kəfindən anın.

Qüdrət qələmilə yazdı kafi,/ Ol kafə ulaşdı nuni-safi.

Bəs gəldi vücudə kun fəkan həm. /Xətm oldu zəman ilə məkan həm.

- Şiəliyi sufiliyi birləşdirən ortaq cəhətlər varmı?

- Şiəlik bir çox məsələlərdə sufizmlə ortaq təlimlərə malikdir. Hər iki təlimdə Quranın batini şərhi, yəni təvil güclü olmuşdur. Həm sufilər, həm şiələr hz.Məhəmmədi axırıncı peyğəmbər olaraq qəbul etmişlər. Amma ortodoks sünni məzhəbindən fərqli olaraq, onlar Allah Təaladan gizli əmrlər aldıqlarını, gizli elmlərə sahib olduqlarını söyləmiş, bu prosesi peyğəmbərlərin vəhyindən fərqli olaraq «ilham» adlandırmışlar. Şiəlikdə gizli elmlərin (cəfr) ilahi ilhamın mənbəyi imamlar, sufizmdə isə övliyalar idi.

Şah İsmayıl Xətainin şeirində Gözəlin vəsfi mühüm yer tutur. İnsan onun şerinin əsas tərənnüm obyekti ilahi təcəllinin mücəssəməsi idi. İbn Ərəbiyə bir çox sufilərə görə, gözəl bir qadın, ya bığ yeri yenicə tərləmiş gənc oğlan da Allahın gözəlliyini əks etdirir. Sufilər arasında bununla bağlı bir sıra hədislər vardır ki onların bəziləri ortodoks sünni məzhəbində səhih hesab olunmur. İstər vəhdəti- vücüd, istərsə ona yaxın hürufiliyin əsasında insanın ilahiləşdirilməsi, Allah Təalanın Kamil İnsanda təcəllisi dayanır. Fərqli baxışlar isə bir qayda olaraq həmin insanın məhz kim olması ilə bağlı idi. Hürufilikdə Fəzlullah Nəiminin ilahiləşdirilməsini görürük. Xətai şeirində Kamil İnsanın ilahiləşdirilmiş obrazı bir çox hallarda İmam Əli idi. Aşağıdakı şer parçasında Xətai Qurani Kərimin sirrinin (Nəcm surəsindəki ma ovha, yəni o şey ki vəhylə göndərildi) hz. Əlidə cəmləndiyini bildirir.

Eşqlə məşuqü aşiq səndə olmuşdur zühur,/Sirri-ma ovha imişsən, ya Əli, səndən mədəd!

Xətainin bəzi şeirləri mübahisəli olub hətta Əliallahilik kimi yozula bilər. Amma bu məsələlərə Sufizmə xas Kamil İnsan konsepsiyası fəna halını yaşayan insanın Haqqa qovuşması, öz varlığını qeyb edib. Haqqla birləşməsi kimi yanaşdıqda, tam fərqli bir yozum da tapa bilərik. İslami fikir tarixində mübahisələr doğurmuş, edamlarla nəticələnmiş, Ənə-l Həqq adlanan ruhi-psixoloji durum qəlbin saflaşması ilə müxəlif hal məqamlardan keçib kamillik mərtəbəsində çatan fəna halı yaşayan, yəni öz varlığı ilə haqqa qovuşan bu zaman öz varlğını qeyb edən insanın halıdır, daha doğrusu bu halı yaşayanın dilində səslənən qeyri-iradi sözlərdəndir (şathiyyat). Bu sözü ilk dəfə işlədən Həllac Mənsuru mötədil sufilər özləri tənqid ediblər, çünki peyğəmbərlədən fərqli olaraq övliyyalar öz hallarını gizli saxlamalı, xalq çatdırmamalı idilər.

- Ümumiyyətlə, Xətaidə hürufilik özünü göstərirmi?

- Şiəliyin mühüm təlimlərindən olan messianizm, yəni Mehdi ideyaları qızılbaşlar arasında geniş yayılıb. Bir çoxları Şah İsmayilın özünü qeyb olunmuş imam — Mehdi saymışlar. Şah İsmayılın poeziyasına hürufiliyin təsiri güclüdür. Ənənəvi hürufi obrazlarından bəhrələnmə, xüsusilə Dəhnamədə aydın görünür:

Dedim ki, qələm, yüzün siyah et, /Yusif tək özün beqəri-çah et.

Dedim: — Sağ əlim, al imdi xamə,/Dedim: — Sol əlim, dut imdi namə.

Qıldı sözümü qamusu məqbul, /Lövhi-dilim oldu eynə mənqul.

Yondum qələmi, dilini dəldim, /Həm yonub anın yüzüni sildim.

Lövh üstə sürüb bu başın anın, /Tökdüm vərəq üstə yaşın anın.

Kafurə qarışdı müşkü ənbər, /Bilməzdi hürufi fikrim əzbər.

Zülfin anuban çü «cim» yazdım, /Ağzını ananda «mim» yazdım.

Yazdım pitigi «əlif», «he» yazdım,/Almamış ikən anı «xe» yazdım.

Eynini ananda «sadı» çəkdim, /Xal üstə gözündə «zadı» çəkdim.

«Rey» yazdım ananda şəkli-qaşın, /Çeşmim həvəs ilə tökdü yaşın.

«Lam» oldu beşəkli-zülfi-hindu,/»Nun» hərfi çəkildi şəkli-əbru.

Çəkdim bir «əlif» çü qaməti yar, /Yazdım xəmi-qəddimi digərbar.

Xətai şeirində özünü göstərən bir çox təlim konsepsiyaların islama zidd olub-olmamasına gəlincə, bu artıq ortodoks təlimin bidətçi qollara ayrılması halıdır. Hər bir qol da öz təlimini daha düzgün saymışdır. Üsulid-din baxımından tövhid, nubuvvət, miad, ədl ortodoks islama zidd təlimlərin əskəriyyətində qəbul olunub, lakin imamət məsələsində fikir ayrılığı olub. Ezoterik təlimlərdə bu fərq daha da güclənib, Quranın batini şərhi, ilahi təmasın davamı s. məsələlər meydana çıxıb. Şiəlik sufilik islama esoterizm gətirib, onu ruhi tərəfini güclədirib, yəni islamı quru ehkamlar çərçivəsində çıxarıb batini fikirlərin qaynağına çevirib. Bəziləri bunu yaxşı hal sayır, bəzilər isə bəyənmir.

Elnur Eltürk

Xalq Cəbhəsi.- 2013.- 20 dekabr.- S.15.