Bütöv Azərbaycançılıq
ideyası
Bu ideya həm Güney, həm də Quzey Azərbaycanda düşüncələrə hakim idi
I yazı
Güney
Azərbaycanda çoxmilyonlu
Azərbaycan Türklərinin
milli haqları uğrunda mübarizə apardığı bir dövrdə 21 Azər Hərəkatına — 1945-ci ilin
12 dekabrında (İran
təqvimi ilə Azər ayının 21-də)
Güney Azərbaycanda
qələbə ilə
nəticələnmiş hərəkata
bir daha qayıtmağa ehtiyac var. Mövcud şərait həm hadisələrin iştirakçı və
şahidlərindən, həm
də tarixçilərdən
hərəkatın qaranlıq,
bu vaxtadək örtülü qalmış
cəhətlərinin açılmasını,
ona həqiqi, obyektiv qiymət verilməsini tələb edir.
Zənnimizcə, bu məsuliyyətli
işi görməzdən
əvvəl mühüm
bir suala cavab verməliyik: Milli Hökumətin yaradılmasına aparan yolda hərəkata o dövrdə arxa duran Sovetlərin Pişəvəriyə bu
işə rəhbərlik
təklifinə onun razılıq verməsi düzgün hərəkət
idimi? Məsələ
burasındadır ki, bir çox müəlliflərlə yanaşı,
1941-ci ilin avqustunda Sovet hərbi hissələrinin ilk dəstələri
ilə səlahiyyətli
hərbi müxbir kimi Güney Azərbaycana, ilk növbədə
Təbrizə daxil olmuş kapitan İbrahim Novruzovun da öz xatirələrində
təsdiq etdiyi kimi, Pişəvəri tarixdə bəzi analoji hadisələrə
əsaslanmaqla ruslara etibar etmədiyi üçün üzərinə
son dərəcə yüksək
məsuliyyət qoyan bu təklifi böyük tərəddüddən
sonra qəbul etmişdi. Bu mühüm və tarixi əhəmiyyətli məsələ
ilə bağlı Sovet Culfasında qatarda Mir Cəfər Bağırovla təkbətək
görüşdə Pişəvəri
bu təklifin müqabilində Bağırova
demişdi: «İndi öz siyasi hədəfləri xatirinə
bizi oyuna çəkən bu ruslara arxalanmaq olmaz.İndi öz siyasi hədəfləri xatirinə bizi oyuna çəkən bu ruslara arxalanmaq
olmaz. Onlar lazım gəldikdə
bizə heç kömək də etməzlər və bizi mübarizə meydanında tək qoyarlar. Rusların məhəbbəti suda batan anda
körpəsini ayağı
altına qoyan meymunun məhəbbətinə
bənzəyir. Mən
onları yaxşı
tanıyıram.» Ancaq Mir Cəfər Bağırov
Seyid Cəfər Pişəvərini səhv
etdiyinə inandıra
bilmişdi və Pişəvəri Azərbaycan
Demokrat Firqəsinin rəhbərliyi təklifini
qəbul etmişdi.
Nəticədə hərəkat məğlubiyyətə
uğrasa da, çoxsaylı qurbanlar verilsə də, bir sıra amillər
qoyulan sualı müsbət cavablandırmağa
əsas verir.
Sovetlərin təklifinə münasibəti
birmənalı qiymətləndirmək
kifayət qədər
çətindir və
ümumiyyətlə, həmin
təklifin qəbul edilməsinin riskli olduğu nəzərə
alınmalıdır. Pişəvəri bunu başa düşürdü. Çünki o, özü dediyi kimi, tarixi hadisələrdən
(1920-21-ci illərdə Gilandakı
təcrübədən) «rusları
yaxşı tanıyırdı».
Bununla belə o, hesab edirdi ki,
təkrarı çətin
ola biləcək
həmin şans əldən verilsə, tarix bunu bağışlamaz.
Odur ki, Pişəvərinin bu təklifin qəbulunda tərəddüdlərinin
müsbət qərarla
nəticələnməsi düzgün
addım kimi qiymətləndirilməlidir və
aşağıdakı amillər
də Pişəvəriyə
haqq qazandırmağa
əsas verir. Əvvəla,
Sovetlərin Güneydəki
hərəkata kömək
təklifinin arxasında
Stalin kimi dünya miqyaslı siyasi xadim, faşist Almaniyası üzərində
qələbə qazanılmasında
mühüm rol oynamış Sovet dövlətinin başçısı
dururdu. Daha önəmlisi bu
idi ki, yardıma
doğma olan Azərbaycan SSR, şəxsən
Azərbaycan KP MK-nın
birinci katibi M.C.Bağırov vasitəçi
idi. Bu cəhət
özü Sovetlərin
etdiyi təklifi bir növ doğmalaşdırır,
məqbul edirdi. Nəhayət, nəzərə alınmalıdır ki, təklifin qəbulu riskli olsa da,
bu, tarixin verdiyi çətin ələ düşən
fürsət idi.
Burada bu şansın Azərbaycanın iki hissəsinin birləşməsinə
aparan bir vasitə olmasını Pişəvərinin və
yaxınlarının dərk
etməsini də qəbul etsək, riskə getməyin düzgün seçim olması ilə tam razılaşa bilərik.
Kömək Sovet rəhbərliyindən,
şəxsən İ.Stalindən
gözlənilirdi. Bağırovun
müraciətlərindən sonra və SSRİ XKS-nin 1945-ci il
iyunun 10-da qəbul etdiyi gizli qərarından
Stalinin belə bir icazəni icraata verdiyi bəlli olur. Deməli, hərəkat elə başlanğıcından öz
bətnində Azərbaycanın
bütövləşməsi perspektivini yaratmış və istiqamətləndirmişdi.
Sovetlərin təklifinə razı
olaraq 1945-ci ilin sentyabrında Azərbaycan
Demokrat Firqəsini (partiyasını) yaratmaq, Güney Azərbaycanda demokratik seçkilər yolu ilə Milli
Hökuməti təşkil
etmək və Güneydə sosial-iqtisadi,
siyasi, mədəni islahatlar və quruculuq işlərinə
başlamaq düzgün
seçim
və son dərəcə
zəruri bir addım idi. Hərəkat fəaliyyət
üçün fürsət
tapa bildiyi cəmi bir il ərzində həyata keçirdiyi möhtəşəm işlərlə
bunu sübut etdi.
1941-ci ilin avqustunda Sovet ordusunun İranın şimalına,
o sıradan Güney Azərbaycana daxil olmasından sonra Sovet-İran mədəni əlaqələrinin inkişaf
etdirilməsi xətti
ilə Azərbaycan
SSR-in mədəniyyət xadimləri
İranda, xüsusilə
də Güney Azərbaycanda fövqəladə
bir missiya həyata keçirirdilər.
Ölkənin Güneyi üçün
son dərəcə əhəmiyyətli
olan bu əlaqələr
Pişəvərinin başçılığı
ilə Milli Hökumətin yaradılmasından
(12.12.1945) sonra daha geniş miqyas aldı. Yeni yaradılan məktəblərdə
Azərbaycan Türkcəsində
tədrisin təşkilində,
Təbrizdə universitet
açılmasında, Quzeydəki
mədəni qurumlara uyğun yazıçılar,
rəssamlar və memarlar cəmiyyətlərinin
yaradılmasında, milli
teatr, filarmoniya və digər mədəni-maarif ocaqlarının
açılmasında Quzey
Azərbaycanın bilavasitə
yardımı və iştirakı öz bəhrələrini verdi.
Quzeylilər Sovet İttifaqında
Stalin repressiyaları dövründə
qurbanlar verə-verə
maarif və mədəniyyət sahəsində
qazandıqlarını Güneydə
milli hakimiyyətin yaratdığı imkanlardan
istifadə edərək,
qətrə-qətrə cənuba
ötürürdülər. Güneylilər isə bunları
doğma ana südü, donor qanı kimi qəbul edirdilər. Demək
olar ki,
Güney və Quzey tarixdə
heç vaxt hərtərəfli əlaqələrin,
xüsusilə mədəni
əlaqələrin öz
apogeyində olduğu
bu bir ildəki
qədər iç-içə
olmamışdı. Azərbaycanın o tarixi günlərindəki
qarşılıqlı münasibətlərində
xalqımıza xas olan Bütöv Azərbaycançılıq ideyası
hər iki hissədə hakim idi.
Bütün bunlara görə hərəkatın tək
Güneydə deyil, həm də şübhəsiz, Quzeydə
də o dövrdə milli mənlik və milli birlik
şüurunun inkişafında
rolu son dərəcə
böyük idi. Güney Azərbaycandakı
1941-1946-cı illər milli-demokratik
hərəkatı təkcə
İranda deyil, bütün Yaxın və Orta Şərqdə
milli-azadlıq hərəkatlarının
başlanğıcı oldu.
Elə bu cəhətdən də hərəkat zamanı demokratik əsaslarla yaradılmış
Milli Hökumətin
(MH) fəaliyyəti yüksək
qiymətləndirilməlidir.
Çox
önəmlidir ki, dövrünün böyük
siyasi dövlət xadimi hesab edilən
İ.Stalin S.C.Pişəvəriyə
08.05.1946-cı il tarixli məktubunda müəyyən şərtlər
çərçivəsində olmaqla onu — bu
perspektivli siyasi xadimi gələcəkdə
«Orta Şərqdə
mütərəqqi demokratik
hərəkatın pioneri
kimi» gördüyünü
açıq şəkildə
yazırdı. Hələ
1920-ci ildə Şeyx
Məhəmməd Xiyabaninin
başçılıq etdiyi
üsyan dövründə
təcrübədən keçirilən
xalq hakimiyyəti orqanı — Milli Hökumət İran dövləti çərçivəsində
olmaqla, cəmi bir il sərbəst
fəaliyyət göstərməyinə
və müəyyən
qüsurlarına, eləcə
də hərəkat zamanı buraxılmış
səhvlərə baxmayaraq,
Güney azərbaycanlıların
müstəqil milli inkişafında, həm də qeyd olunduğu
kimi, ümumiyyətlə,
bütün Azərbaycan
xalqının milli birliyində müstəsna
rol oynadı və xalqın istiqlal mücadiləsi tarixində əsrə bərabər iz qoydu. Çünki məhz bu dövrdə, özəlliklə
milli hakimiyyətin fəaliyyət göstərdiyi
bir ildə quzeyli-güneyli azərbaycanlıların
vahidlik şüuru öz açıq təzahürünü və
deyərdim, təntənəsini
tapdı.
MH-in yaradılmasının birlik yolunda uzaq nəticələrini böyük ümidlərlə təsəvvürünə gətirən Məhəmməd Əmin Rəsulzadənin bu qurumu ilk təbrik edənlər cərgəsində olması faktı da məsələnin əhəmiyyətinin böyüklüyündən xəbər verir. Quzey Azərbaycandan maarif və mədəniyyət işçilərinin Güney Azərbaycana, orada həyata keçirilən mədəni inqilaba köməyə qoşmaları, Güneydə isə bu köməyin təbii bir hal kimi qəbul edilməsi fonunda MH-in xüsusi qərarı ilə Güney Azərbaycanda ilk dəfə olaraq Azərbaycan türkcəsinin rəsmi dövlət dili elan edilməsi (16.01.1946), bu dildə məktəblər, universitet açılması, həmin dil əsasında fəaliyyət göstərən dram teatrı, filarmoniya, yazıçıların, rəssamların yaradıcılıq birliklərinin və s. yaradılması Quzeydəki mədəni inkişafın bir növ davamı kimi qəbul olunmalıdır. Bunlarla bərabər, yəni Azərbaycanın iki hissəsinin əlaqələri baxımından hərəkata verilən yüksək qiymətlə yanaşı, onun neqativ cəhətləri də qeyd edilməlidir. Quzeydən gələn maarif və mədəniyyət, səhiyyə, kənd təsərrüfatı və başqa sahələr üzrə işçilərin Güneydə mülki-mədəni fəaliyyəti ilə yanaşı, Azərbaycan DTK-nın məsul işçisi Atakişiyevin, Azərbaycan KP MK-nın ideologiya üzrə katibi H.Həsənovun və digərlərinin Təbrizdə olmaları, hadisələrin inkişafına, hərəkat rəhbərləri və məsullarının fəaliyyətinə «göz qoymaları» da həqiqətdir. Milli qoşun dəstələrinin yaradılmasında Qızıl Ordu zabitlərinin təlimçiliyi bəllidir və s. Bu kimi faktlar əsasında bəzi mütəxəssislər, o cümlədən Moskvanın müəyyən qrup tarixçiləri, bir çox İran müəllifləri və respublikamızının bəzi gəncləri arasında belə bir fikir dolaşır ki, Güneydəki həmin hərəkat Moskvanın göstərişi, Bakının bilavasitə iştirakı ilə həyata keçirilmiş və bu məqsədlə Təbrizə xüsusi təlimatçı şəxslər göndərilmişdi. Həqiqətən də Moskvanın belə bir niyyəti ola və bunun arxasında Güneyin Quzeyə birləşdirilməsi yolu ilə (Stalinin Rusiyada hələ Oktyabr çevrilişindən əvvəl Cənubi Qafqazdakı bu səpkili söhbətlərdən xəbəri var idi) böyük bir ərazinin Sovetlər tərkibinə qatılması planı dura bilərdi və dururdu da.
İlk dövrdə hərəkatın arxasında duran Sovet tərəfi demokratik qüvvələrə bir çox önəmli yardımlar da etmişdi: MH-in silahlı qüvvələrinin müəyyən gecikdirmə ilə olsa da yaradılmasına kömək etmiş, onu az miqdarda hərbi texnika ilə təmin etmiş, hərbi kadrlar hazırlamaq məqsədilə 200-ə qədər güneyli gənc Quzey Azərbaycana gətirilmiş, Quzeyin maarif-mədəniyyət kadrlarının Güneydə fəaliyyətinə imkan vermişdi və s.
İranın baş naziri Qəvamüssəltənə də öz xatirələrində təsdiq edir ki, 1946-cı ilin martında Tehranda (əslində Moskvada) Sovet qoşunlarının İrandan çıxarılmasının ləngidilməsi ilə bağlı (qoşunlar müharibə bitdikdən 6 ay sonra çıxarılmalı idi) onun Sovet rəhbərləri ilə apardığı danışıqlar zamanı Kreml Güney Azərbaycanın muxtarlığının İran dövləti tərəfindən tanınmasını israrla əsas şərtlərdən biri kimi irəli sürmüşdü.
Şövkət
Tağıyeva,
professor
Xalq Cəbhəsi.-
2013.- 25 dekabr.- S.14.