Əlyazmalar İnstitutunun
yeni tapıntıları
Xarici ölkə kitabxanaları
ilə əlaqələr
genişlənib
Son dövrlərdə AMEA Məhəmməd
Füzuli adına
Əlyazmalar İnstitutunun
xarici ölkə kitabxanaları ilə əlaqələri genişlənib,
surətlərini əldə
etdiyimiz yazılı abidələrimizin sayı
artıb. Əlbəttə ki, bunun əsas səbəbi Azərbaycanın yenidən
müstəqilliyinə qovuşmasıdır.
Artıq
sovet dövründə
olduğu kimi, bir əlyazmanın surətini əldə etmək üçün mərkəzdən, müxtəlif
məqamlardan icazə
almağa ehtiyac yoxdur. Lakin deyə bilmərik
ki, bütün maneələr aradan götürülüb. Dünyanın bir sıra əlyazma
xəzinələrinin, muzey
və kitabxanalarının
kataloqları tərtib
edilmədiyindən bəzi
yerlərdə hansı
yazılı abidələrimizin
saxlandığı barədə
dəqiq məlumat əldə edə bilməmişik. Harada hansı əsərimizin saxlandığını öyrənmək
üçün xarici
ölkələrə mütəxəssislərimizi
uzun müddətli ezamiyyətlərə göndərmək
lazım gəlir.
Bir sıra kitabxanalar isə orada saxlanan əlyazmaların surətlərin vermir və ya onları
əldə etmək üçün gücümüz
çatmayacaq qədər
vəsait tələb
olunur.
Hər halda vəziyyət sovet dövrü ilə müqayisədə xeyli yaxşılaşıb. Son dövrlərdə xarici ölkə kitabxanalarından
əldə edilmiş
əlyazma surətləri
tariximizi, mədəniyyət,
elm və ədəbiyyat
tariximizi yeni gözlə nəzərdən
keçirməyə imkan
verir. Bu işdə bizə kömək edən xarici ölkələrdə
yaşayan həmvətənlərimizin
(bunlardan Almaniyada yaşayan Məhəmmədəli
Hüseyninin adını
xüsusi olaraq çəkmək istərdim),
xarici səfirliklərimizin,
Heydər Əliyev fondunun yardımı böyük əhəmiyyətə
malikdir.
Orasını da qeyd etmək
istərdik ki, sovet dövründən bəri respublikamızda saxlanan əlyazmaların əhalidən toplanması
prosesi gedib, Əlyazmalar İnstitutunda
saxlanan əsas materiallar bu toplanmanın nəticəsidir. Bəzən indi
də dəyərli əlyazma əldə edə bilirik. Son dövrlərdə Qəbələ və Quba bölgəsində elmi ekspedisiyada olmuş, orada əhalidə saxlanan əlyazmaların siyahısını
tutmuşuq. Ən son vaxtlarda
əldə etdiyimiz iki dəyərli əlyazma barədə qısaca danışmaq istərdik. Bunlardan biri XIX əsrin
sonları — XX əsrin
əvvəllərində yaşamış
şair Nəcəfqulu
bəy Şeydanın
«Gülşəni-maarif» adlı
təzkirəsinin əlyazmasıdır.
İndiyədək haqqında heç
bir məlumatımız
olmayan, şairin xaricdə yaşayan nəvələri tərəfindən
təqdim edilən bu əsərdə aşağıdakı şairlərmiz
haqqında məlumat,
şeirlərindən nümunələr
verilib. Azər Buzovnalı, Əşrəf
Nəzərli, Mir Bədrəddin
Bədri, Məhəmməd
Hadi Bakuvi, Sabit, Əbdülxalıq Cənnəti, Hacıağa
Hacı, Mirzə Möhsün Xəyali, Ağahüseyni Rəsulzadə,
Mirzə Əbdüləli
Səməndər, Həsən
Səyyar, Mir Əbdülvəhhad
Seyid Zərgər, Hacı Səlim Səyyah, Nəcəfqulu bəy Şeyda, Sadıq bəy Sadiqi, Mirzə Məhəmməd Ziya, Mirzə Həbi Qüdsi, Ağadadaş Müriri, Əliabbas Müznib, Səməd Mənsur, Əbdüləli
Hilali, Məhəmməd
Hadi Şirvani, Məhəmməd ağa Müctəhidzadə, Əbdülxalıq
Yusif.
Bu müəlliflərin təzkirədə təqdim
olunan bir çox şeirlərinə
əvvəlki mənbələrdə
və nəşrlərdə
rast gəlmirik. Əminik ki,
əsərin nəşri
və tədqiqi ədəbiyyat tariximizə
dəyərli töhfələr
verəcək.
Alınan
ikinci əlyazma Qarabağ ədəbi mühitinin yetirməsi, şair və din xadimi Məhəmməd ağa Müctəhidzadənin
1918-ci il hadisələrinə aid xatirələrindən,
Azərbaycan və fars dillərində yazdığı şeirlərindən
ibarətdir. Əlyazmanı İnstituta şairin
övladı Hafiz Sədrzadə
təqdim edib. 1910-cu ildə İstanbulda
nəşr edilmiş
məşhur «Riyazül-aşiqin»
təzkirəsinin müəllifi
Məhəmməd ağanın
bu əsərlərinin
tarixçi və ədəbiyyaşünaslarımız üçün böyük
maraq doğuracağı
şübhəsizdir.
Paris Milli Kitabxanasında
saxlanan Azərbaycan tarixinə dair 200-dən artıq materialın surətləri, elektron variantları əldə edilib. Bunların içərisində
XV əsrdə Təbrizdə
köçürülmüş «Kəlilə və Dimnə», cığatay dilində yazılmış,
oğuz türklərinin
tarixindən bəhs edən «Oğuznamə»,
XVI əsrdə yazılmış
«Cərrahnamə», Əlişir
Nəvainin əsərləri
var. Bunlardan başqa
XX əsrin əvvəllərində
Bakı şəhərində
çəkilmiş fotolar,
Azərbaycan tarixinə
aid xəritələr, müğənnilərimizin
ifasında Parisdə patefona yazılmış mahnılar, Avropa səyyahlarının Azərbaycan
barədə əsərləri
böyük maraq doğurur.
İstanbulun Mərmərə Universiteti
Fənn-ədəbiyyat fakültəsi
kitabxanasından əldə
edilən XV əsr Azərbaycan şairi Əhmədi Təbrizinin
«Yusif və Züleyxa» poeması Ağqoyunlular sarayında anadilli ədəbiyyatın
inkişafına verilən
diqqətin sübutudur. İndiyədək Əlyazmalar İnstitutunda
həmin müəllifin
«Əsrarnamə» tərcüməsi
f.e.d., prof. M.Nağısoylu tərəfindən
nəşr və tədqiq edilib. XVI əsr şairi
Qəribinin Tehranın
Məclis Kitabxanasından
əldə edilmiş
türkcə əsərləri
məcmuəsinin surəti
ədəbiyyat və
dil tariximizin öyrənilməsi baxımından
böyük əhəmiyyətə
malikdir. Əsərlərinin ayrı-ayrı yerlərində
rast gəlinən məlumatlar əsasında
Qəribinin Anadolunun Məntəşə bölgəsində
böyüyüb boya-başa
çatdığını, sonradan şiəlik, səfəvilik, qızılbaşlıq
ideyalarını qəbul
edərək I Şah
Təhmasib dövründə
(1524-1576) Azərbaycana gəlib
Təbrizdə saraya yaxınlaşdığını, burada şeirləri, dini risalələri ilə Səfəvilərə
xidmət etdiyini söyləyə bilərik.
Cəsarətlə deyə bilərik
ki, Səfəvilər
dövlətinin ideoloji
əsaslarını yaradan,
bu məsələyə
dair Azərbaycan türkcəsində əsərlər
yazan ilk alimlərdən
biri də Qəribi olub. Onun əsərlər toplusuna türkcə divanı, «Məcalisi-şüərayi-Rum»
təzkirəsi, nəsrlə
yazdığı bir sıra əsərlər daxildir.
XVII əsr şairimiz
Mürtəzaqulu xan Zəfərin Kembric Universiteti kitabxanasından
əldə edilmiş
əlyazma divanının
surəti də böyük maraq doğurur. Səfəvilər
dövründə yüksək
vəzifələrdə olmuş,
ixtiyar çağlarında
Şeyx Səfiəddin
türbəsinin mütəvəllisi
(nəzarətçisi), Ərdəbil
vəziri vəzifəsini
icra etmiş şair divanının dibaçəsində farsca
yüz min beytə qədər şeir yazdığını, türk
dilində də divan tərtib etmək qərarına gəldiyini
bildirir. Bu divanın
diqqəti cəlb edən cəhəti şeirlərdə danışıq
dilinə məxsus söz və ifadələrdən, xalq şeiri formalarından istifadə edilməsindən
ibarətdir. XVII əsrdə yaşamış
böyük mütəfəkkir
şairimiz Saib Təbrizinin Qahirənin Darül-kutub kitabxanasından
əldə edilmiş
külliyatının surəti
onunla maraqlıdır
ki, buraya onun anadilli şeirləri,
Təbrizdə doğulması,
ölümünə həsr
edilən maddeyi-tarixlər
barədə məlumat
var.
Məşhədin Astane-Qüdse-Rəzəvi kitabxanasından iki əlyazmanın surəti əldə edilib:
1.F.Nəimiyə aid edilən «Bəşarətnamə»
risaləsinin türkcəyə
tərcüməsi. Əsər
bitdikdən sonra Azərbaycan filosofu Ş ihabəddin Sührəverdinin
ərəbcə yazdığı
«Fütuhnamə» risaləsindən
kiçik bir hissə verilib;
2. Xeyrati adlı hürufi şairin 20 əlyazma vərəqinə
köçürülmüş şeirləri.
XVII əsr şairi,
Saib Təbrizi ədəbi məktəbinin
davamçısı, şikəstə-nəstəliq
xəttinin yaradıcısı
Mürtəzaqulu Sultan Şamlu
divanının Astane-Qüdse-Rəzəvi
kitabxanasından əldə
edilmiş surəti da maraq doğurur.
XVII əsr şairimiz,
Təbriz şəhərinin
şeyxülislamı Mirzə
Saleh Təbrizinin Tehranın Məclis kitabxanasından əldə
edilmiş farsca divanına onun türkcə şeirləri
də daxildir. XIX əsr şairimiz Sabit Ərdəbilinin Təbriz Mərkəzi kitabxanasından surəti əldə edilmiş divanı Azərbaycan ikiyə bölündükdən
sonra Cənubda ədəbiyyatda gedən lokal prosesləri öyrənmək baxımından
maraqlıdır. XVII-XVIII əsrlər Azərbaycan şairi, Cahan şah Qaraqoyunlu nəslindən olan alim, Nadir şah Əfşarın sifarişi
ilə Nəcəfdə
Həzrət Əli türbəsinin günbəzinə
türkcə maddeyi-tarix
yazmış Nəşə
Təbrizinin farsca divanında onun ana dilində şeirləri də var.
ABŞ-ın Miçiqan Universiteti kitabxanasından surəti əldə edilmiş nəfis «Məcmueyi-əşar» adlı osmanlı əlyazma cüngünə (antologiyasına) M.Füzulinin də şeirləri daxil edilib. Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri, tarix elmləri doktoru Fərid Ələkbərli Heydər Əliyev Fondunun Vatikanla əməkdaşlıq layihəsi çərçivəsində Vatikanın Apostol kitabxanasındakı Azərbaycan əlyazmalarını araşdırıb, bəzilərinin surətlərini gətirib. Bunlardan aşağıdakı əsərlərin adlarını xüsusilə çəkmək istərdik: XV-XVI əsrlərdə yaşamış hürufi şair, Nəsimi ənənələrinin davamçısı Sürurinin divanı, Seyid Yəoya Bakuvinin oğlu Şeyx Əlinin həyatından bəhs edən «Mənaqibi-Şeyx Əli Səməqrəndi» əsəri, XVII əsr müəllifi Baba Həsən bin Məhəmməd Şirvaninin anadilli əsəri-nüsum, cəfr və rəml elmlərinə aid «Ketab be şəcarə və şomare min nücum» risaləsi. Bunlardan başqa XIX əsrin naməlum müəllifinin əsəri Səfəvilər, Qacarlar, onların müharibələri, Qafqaz, Bakı və Tiflisin ruslar tərəfindən zəbt edilməsi barədə geniş məlumat verir. Azərbaycan türkcəsində yazılan bu əsər indiyədək tədqiqata cəlb edilməyib.
XVII əsr osmanlı tarixçisi Məhəmməd Ədirnəvinin «Nəxcətül-təvarix» əsərində, o cümlədən Qaraqoyunlu, Aqoyunlu və Səfəvi dövlətlərinin tarixindən bəhs olunur. Həmin dövrə aid orta əsrlər təbabətinə həsr edilmiş «Risaleyi-təhsil fit-tibb» adlı türkdilli əsər də diqqətəlayiqdir.
Vatikanın Apostol kitabxanasından surətləri gəlmiş əsərlər içərisində daha ətraflı nəzərdən keçirdiyimiz Süruri divanı barədə bir neçə söz demək istərdik. İndiyə qədər təzkirələrdə, müxtəlif əlyazmalarda Sürurinin bir neçə qəzəlinə rast gəlsək də, divanı əldə olmadığından, onun yaradıcılığı barədə ətraflı fikir söyləmək imkanından məhrum idik. Vatikan nüsxəsində adı «Süruriyi-Əcəm» kimi gedən şairimizin yeni əldə edilmiş divanı 192 vərəqlik əlyazmanın 184 vərəqinə köçürülübr. Ortadan naməlum sayda vərəqləri düşmüş nüsxədə Sürurinin 931 beytini nəzərdən keçirə bilirik. Bu əlyazmada rast gəlidiyimiz bir neçə şeiri Lətifi, Qınalızadə və Aşiq Çələbi kimi osmanlı müəlliflərinin təzkirələrində, İsmayıl Hikmətin «Azərbaycan ədəbiyyatı tarixi» kitabında görürük. Bu isə bir daha sübut edir ki, Vatikanın Apostol kitabxanasından əldə edilmiş divan osmanlı müəlliflərinin «Süruriyi-Şərqi», «Süruriyi-Əcəm» adlandırdıqları şairimizə aiddir. Divan nəzərdən keçirdikdə Sürurinin hürufiliyi hərarətlə təbliğ etdiyini, Nəsimi ənənələrini davam etdirdiyini görürük. Şairin həyatı barədə məlumatımız azdır.
Keçən il Tehranın Məclis kitabxanasından kulinariya tariximizə dair Nadir Mirzənin «Karnamə» əsərinin surətini əldə etmişik. Əsər artıq bu il Əlyazmalar İnstitutunda tərcümə və nəşr edilib (Tərcümə edəni: Rauf Şeyxzamanlı). Qacar şahzadəsi Nadir Mirzə bu əsərində Şimali Azərbaycandan, Bərdədən olan həyat yoldaşının köməyi ilə 260-dan artıq xörəyin dəsturunu — reseptini toplayıb, sadə bir dillə oxucuya təqdim edib. Fikrimizcə, əsər bütün sərvətlərimizə, o cümlədən, kulinariyamıza sahib çıxmaq istəyənlərə tutarlı cavabdır.
Paşa Əlioğlu,
filologiya elmləri doktoru
Xalq Cəbhəsi.- 2013.- 25 dekabr.- S.12.