Milli həmrəyliyimiz

 

Bir olmaq, bütövləşmək eşqimiz, inamımız, imkanımız var

Həmin gün üçün hər bir fərd özünə, xalqına mənən hesabat verməlidir

Milli birlik milli qayğılarla bağlı geriyədönməzlik, tərəddüdsüzlük, bu məqama yetməyimizi istəyir. «Milli birlik» anlayışı «həmrəylik» anlayışından daha ötədir.

Xəlqi səviyyədə birliyimizin yaranması üçün zamandan üstün həmrəylik gərəkdir. Əslində zaman səviyyəsində həmrəylik — böyük milli həmrəylik yaratmır. Böyük istəklərimizə doğru doğmalıq, özündənkeçmə səviyyəsində fərdi varlığımızı təsdiqləməklə mətləbə yetə bilərik. Adətən böyük istəklər beş günə gerçəkləşmir. Ona görə də qətiyyən ruhdan düşmək olmaz. Zaman səviyyəsində həmrəylikdən xəlqi birlik, xəlqi inam səviyyəsində həmrəyliyə yüksəlməliyik.

Xalq nəyin əsasında həmrəy olmalıdır? Azərbaycançılığın əsas şərti — Türkçülükdür. Türkçülük insançılığı ilk növbədə özümüz tərəfindən tam özümləşməlidir. Milli həmrəyliyimiz — Bəşəri gərəkliyimizdir. Təəssüf ki, həmrəylik günü milad bayramının içərisində əriyir, görünmür. Həmrəylik özünün bayram olmaq halını itirir. Milli ruhumuzdan doğan bayramçılıq ənənəmiz təkmilləşməlidir. Hər bir kəs üçün tam aydın olmalıdır: həmrəyliyin məzmunu necə olmalıdır? Heç olmasa, böyük həmrəyliyin yaranması üçün hər kəs ildə bir dəfə özünə hesabat verməlidir. Hər bir fərdin özünə hesabatı əslində xalqa, xəlqi ruha hesabatıdır.

Fərd özünü yaratmalıdır, yaratmağı bacarmalıdır. Dünyada yaşayan azərbaycanlıların Azərbaycana sayğı və sevgisinə uca yanaşırıq. Ancaq Azərbaycanın milli dəyərləri insançılığı tam ifadə etdiyinə görə onların da bu əsasda Azərbaycana yanaşması, Azərbaycanı bu əsasda sevməsi gərəkdir.

«Həmrəylik» anlayışında qeyri-müəyyənlik də var. Ortaya sual çıxır: xalqımızı həmrəy saya bilərikmi? Nədən 50 milyonluq Azərbaycan-Türk xalqımız problemlərini həll edə bilmir?

Həmrəylik olmalıdır ki, o, bayram edilsin. Bayramı edirik, ancaq çox zaman onu həyatda görmürük. Həmrəyiksə, gərək Yurdumuzda hansısa bir soydaşımızın, kəndimizdə-kəsəyimizdə bir-birimizə doğmalığımız bilinsin. Milli dəyərlərimiz əsasında var olaq. Bu, sabahımızda böyük birlik məqamı ola bilər. Həmrəylik həmfikirlikdir. Sabahımızda isə böyük birliyimiz yaranmalıdır. Həmrəy yalnız rəy birliyini ifadə edir, möhtəşəm xəlqi birliyi (təsdiqi) ifadə etmir. Bu isə böyük mənada birlik anlayışını ifadə etmir. Birlik fərdin içindən başlayır.

Mənsub olduğumuz xalqın mahiyyəti üstə yaşamalıyıq. Milli dəyərlərimizin orta məktəblərdə sistemli şəkildə tədrisi, Azərbaycan soraqlarının sistemli şəkildə Azərbaycandan qıraqda yaşayan soydaşlarımız tərəfindən ailələrdə öyrədilməsi olduqca gərəklidir. Xalqı yalnız ruhaniyyat (milli mənəviyyat sistemi) ardıcıl qurayaşada bilər. Ruhaniyyat — insanın insanlıq, xalqın xəlqilik mahiyyəti əsasında yaşamasıdır. Bu, heç bir dini, ideoloji məzmun daşımır, dinilikdən, ideolojilikdən üstündür. İnsanı da, xalqı da var edən milli ruhdur. İnsan da, xalq da ruhani (yəni mənəvi) hadisədir. Yoxsa biz Zərdüştləri, Babəkləri, Dədə Qorqudları, Füzuliləri özümüzdən saymazdıq, ruhumuzun doğması bilməzdik, ruhumuzun mayasını onlardan tutmazdıq, xəlqi təsdiqimizi onlarda tapmazdıq, görməzdik. Xalq üçün elə bir əbədi ideya tapmaq lazımdır ki, o əsasda var olsun. İdeolojilikdən üstün olan dünyabaxış gərəkliyi ortaya çıxır.

Xalq nəyin əsasında həmrəy olmalıdır? Bu ölçünü insanlarımız bilirmi? Xalqın varolma səbəbləri hər birimizin ağlında, ömründə nə dərəcədə yer tutur? Milli Birliyimiz əslində Bəşəri gərəkliyimizdir. Həmrəylik günü Milad bayramının içərisində çox zaman görünmür. Bayram bayrama qarışır. Həmrəylik özünün bayram olmaq halını itirir. Həmrəyliyin məzmunu nə olmalıdır? Həmin gün üçün hər bir fərd özünə, xalqına mənən hesabat verməlidir. Xalqa layiq olmaq, xalqımızı, dövlətimizi yaşatmaq üçün hər birimiz özümüzü gerçəkdən yaratmalı, təsdiq etməliyik. Azərbaycanın milli dəyərləri insançılığı tam ifadə edir.

Xalq üçün elə bir əbədi ideya tapmaq lazımdır ki, o əsasda var ola bilsin. Təbiidir ki, axtarışlarımız dayanmadan davam etməlidir. Soydaşlarımızın Güney Azərbaycan məsələsinə münasibəti daha davamlı olmalıdır. Dövlətin vəzifəsi ilk növbədə qoruyuculuqdur. Bu müqəddəs görəvini yerinə yetirməsi üçün dövlətin varlığının qorunması yönündə hər bir insanımız təəssübkeş olmalıdır. Dövlətin necə ali bir nemət olduğunu sübut etməyə isə gərək yoxdur.

Tarixi Bütöv Azərbaycan bu gün gerçəkdən əsasən Quzey Azərbaycandan və Güney Azərbaycandan ibarət olsa da, ağlımızda, ruhumuzda Birdir, Bütövdür. Azərbaycanın bütövlüyü, birliyi ideyası son vaxtlar daha ardıcıl, ciddi şəkildə həm Güneydə, həm Quzeydə, həm də qürbətdə yaşayan ayrı-ayrı soydaşlarımızın ürəyində, ağlında kök salmaqdadır. Şübhəsiz, ilk növbədə soydaşlarımızın daxilən, ruhən birlik, bütövlük ideyasına yetmələri gərəkdir.

Müstəqillik hər bir fərdin ilk öncə özünü daxilən, ruhən nə dərəcədə azad hiss etməsi ilə bağlıdır. Azadlıq duyğusu həm də yetkin fərdlərin ana dilinə sayğısı ilə ölçülür. Görəsən, ana dilimizin təəssübünü istənilən səviyyədə çəkə bilirikmi? Əslində parçalanmış Azərbaycanın ağlımızda, ürəyimizdə Birliyini daha güclü yaratmaq istəyiriksə, ilk növbədə ana dilimizin qoruyucusu olmalıyıq. Təsadüfi deyil ki, Güney Azərbaycanda da ən böyük zərbə 200 ildir ilk növbədə ana dilimizə dəyir: tarixən bir millət olaraq bizi sevməyənlərin başımıza gətirdikləri, yaxud özümüzün biganəliyimiz, ya biri-birimizi sevməməyimiz ucbatından yaranan fəlakətlər səbəbindən ana dilimiz çoxsaylı zərbələr alıb. Baxmayaraq ki, əksər hallarda dilimiz mətinliyini, yenilməzliyini qoruyub. Hazırda tarixi Azərbaycan ərazilərinin yalnız 20 faizi əlimizdədir. Bu gün ikiyə bölünmüş xalq taleyimizi yaşayırıq, bu, istər-istəməz aqibətimizdə acı təsirlərini göstərməkdədir. Ancaq başımıza gələn bütün fəlakətlərə baxmayaraq ruhumuz sarsılmadı, məhv olmadı. Bütöv Azərbaycan idealını gerçəkləşdirmək əməli hər birimizdən ilk növbədə güclü idrak əməli tələb edir. Artıq ayrı-ayrı fərdlərin timsalında anlaşılan budur ki, soydaşlarımız yalnız ruhən bir olduğu dərəcədə Bütöv Azərbaycan idealı gerçəkləşə və əbədi olaraq mövcudluğunu qoruyub saxlaya bilər. Güney Azərbaycan dərdimiz ömrümüzə işıq salır. Dərdimizin işığında ağlanırıq, işıqlanırıq. Bir sözlə, dərd bizi böyüdür, ancaq qətiyyən belimizi qıra bilmir. Millət o zaman var olur ki, ilk növbədə fəlakətindən güc ala bilsin. Əgər o, bunu bacara bilirsə, deməli, yetkinliyini təsdiq edəcək, aqibətini gerçəkləşdirəcək. Azərbaycanımızın Güneyində — öz tarixi dədə-baba torpaqlarında yaşayan soydaşlarımızın hər il Babək qalasına yürüş etmək eşqi — alınsa da, alınmasa da; onlar bu ziyarətdən mahiyyət etibarilə böyük, təsəvvürəgəlməz güc aldıqlarına inanırlar.

Tarix tarixdir. Vaxtilə baş verənlərə millət nə qədər təəssüflənsə də, sonradan səhvləri düzəltmək çətin olur.

Millətimizin aqibətində bir olmaq, bütövləşmək imkanı həmişə olub, ancaq bu imkanımıza hələ ki, yetməmişik. Tarix boyunca başımıza gələn çoxsaylı faciələrin içərisində 200 ilə yaxın müddətdə bir xalqı iki yerə ayıran «Gülüstan» müqaviləsi dəhşətli hadisəyə şahidlik edib. Bu tarix Azərbaycan Türklərinin taleyində ən kədərli günlərdən biridir. Məhz o gün imzalanan «Gülüstan» sülh müqaviləsi torpaqlarımızın parçalanmasına gətirib çıxardı. 12 oktyabr dövlətçilik tariximizdə, xalqımızın həyatında ən faciəli gündür. Farsrus hegemonluğuna, işğalçılığına qarşı dura bilməyən doğma ulusumuzun aqibətinə hələlik də davam edən əbədi ayrılıq, parçalanma yazıldı. O müqavilədən sonra ardıcıl olaraq Azərbaycan böyük faciələrə tuş gəlməkdədir. «Gülüstan» müqaviləsində bircə dəfə də olsun AZƏRBAYCAH adına rast gəlinmir. «Türkmənçay» müqaviləsində də Azərbaycanın adı göstərilməyib. 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində sülh müqaviləsi imzalandı, Bütöv Azərbaycan iki yerə bölündü.

Tarixən birsifətli olan, ölümlə öcəşən, ancaq ki, öldürməyi sevməyən türklərin zaman-zaman onu sevməyənlərə yenilməsi əslində xüsusi bir söhbətin mövzusudur. Türk niyə həmişə əksər xalqlar və dövlətlər üçün təhlükə mənbəyi hesab edilib? Ona görə ki, türklər heç zaman özünəməxsusluqlarından əl çəkmək istəməyiblər, həyata, dünyaya, insana öz dünyabaxışları olub. Türk heç zaman itaətçi olmayıb. Onun ruhu bu gün də itaətçiliyə qətiyyən yatmır. Daim dəyişən, çoxsifətliliyi yaşamağın meyarına çevirən dünya təbiidir ki, türkün xislətinə bələd olduğu məqamdan başlayaraq onu mümkün qədər sarsıtmaq, məhv etmək məqsədi güdür. Ancaq bu, faktdır ki, əgər türk əvvəlki ruhunda, halında deyilsə, o zaman bu, dünyanın özündən ayrılması, süquta yetməsi deməkdir. Hər halda dünyanın mövcud iflaslı, ümidsiz halı dediklərimizə sübutdur. Dünya ağalıq həşirindədir, türk isə ağalığa təslim olmaq istəmir. O, öz zəngin ruhuyla bir olmaq, bütövləşmək həsrətindədir. İndi türklər daha çox fəlakət tarixlərini xatırlamaqla və başqalarına xatırlatmaqla məşğuldurlar. Tarixdə elə bir gün tapmaq olarmı ki, türk itirdiyi dərəcədə də geriləməsin? Bu fəlakətin bir əsas səbəbi var: o zaman ki, türk özündən, dünyabaxışından ayrıldı, başqalarına, yəni özgələrə yaramağı səadət saydı, bu, onu artıq qələbədən-qələbəyə deyil, məğlubiyyətdən-məğlubiyyətə apardı…

Türk xalqları arasında təəssüf ki, vəhdət yoxdur. Əgər olsaydı, o zaman türk xalqları Qarabağ dərdimizi özlərinin dərdi bilərdilər. Hə qədər ki, Bütöv Azərbaycan yoxdur, mahiyyəcə Türk Dünyasını xilası da olmayacaq. Zənnimizcə, türk xaqları bunu gözəl anlamalıdırlar. Əlbəttə, burada ilk növbədə özümüz məsuliyyətimizi anlamalıyıq. Daxillər aydınlığa çıxmasa, böyük mənada xalq yaranmasa, yəni imtinaçı, heç kəsdən asılı olmayan, özünəməxsus, tamamilə müstəqil düşüncəli fərdlər yetişməsə, fəlakətlərimizin miqyasını dərk edə və bu yöndə birgə addımlaya bilməyəcəyik.

Mmilli Birliyimizə doğru!

 

Uğur

Xalq Cəbhəsi.- 2013.- 28 dekabr.- S.14.