Qeyri-ənənəvi sonatalar
Bütün dünyada olduğu kimi, bizdə də instrumental musiqi yeni fikirləri, ideyaları, obrazlı emosional məzmunu və təbii ki, sonuncu onilliklərin musiqisində istifadə olunan ifadə vasitələrini, müxtəlif yanrlarda yazılmış yeni əsərlərin kompozisiya xüsusiyyətlərini mənimsəyərək özünə çəkir. Bu illərdə Azərbaycan instrumental musiqisində demək olar ki, iki tendensiya, iki istiqamət nəzərə çarpır: bunlardan biri sonata formasına, klassik sonata kompozisiyası ənənələrinə, funksional sistemə arxalanır və təkamül edərək inkişafında davam edir. Digəri isə çox zaman sərbəst, «buxovdan azad» obrazların milli musiqi təfəkkürü və müasir texnologiyalarla üzvi sintezinə əsaslanaraq inkişaf edir.
Sonata formasının təkamülündə
novatorcasına təzahür edən xüsusiyyətlərdən
biri də onun birhissəli
formada ifadə olunmasıdır. Burada çox zaman improvizasiya üslublu, sərbəst ardıcıllıqla
inkişaf edən, bir-birinin
variantı kimi səslənən iki mövzu təcəssüm
olunur (məsələn X.Mirzəzadənin
sonatalarında olduğu kimi).
Bu tipli sonatalarda janra xas olan konsepsiya,
konflikt yoxdur. Bu sonatalar özünəməxsus,
ona bir forma
— struktur kimi vacib olan, dramaturji
baxımdan qarşıqoyulma və ya
müqayisə edilmə kimi keyfiyyətlərdən
məhrumdurlar. Bu cür sonatalarda
çox zaman obrazlı — emosional, hətta tonal cəhətdən
də materiallar ayrılmır.
Bununla demək
olar ki, bu cür əsərlərin
müəllifləri sonata üçün
tamamilə yeni olan təfəkkür və quruluş növlərinə diqqət
yetirməyi təklif edirlər. Təbiidir ki, çox
vaxt köhnə inkişaf prinsipləri yenisi ilə, daha dəqiq desək, improvizasiyalı
— variantlılıq kimi
xüsusiyyətlərlə əvəz olunur. Bütün bu deyilənləri X.Mirzəzadənin fortepiano üçün
«Ohne» sonatasında, R.Həsənovanın skripka
ilə forte-piano üçün
sonatasında, V.Adıgözəlovun
«Muğam sonatası»nda
və b. əsərlərdə
görmək çətin
deyil. Bu müəlliflər bəstəkar
texnikasının müasir
metodlarından istifadə
edərək janrın
həlli və təzahürünə yeni
cür yanaşmış
və bu janrın yeni şərhini, izahını
vermişlər.
V.Adıgözəlovun «Muğam sonatası» qeyri-ənənəvi sonatalar
kateqoriyasına aiddir. Burada sonata janrının,
sonata formasının qanunauyğunluqları
sərbəst ifadə
olunmuş muğam melosu, metroritmika və muğam leksikası müasir texnologiya cizgiləri ilə üzvi surətdə əlaqələnir.
Onu da qeyd etmək
lazımdır ki, V.Adıgözəlov sonata kompozisiyası
quruluşunu muğam materialı ilə zəngiləşdirməklə daha bir böyük
addım atdı.
Bununla bərabər, bəstəkar
sonata cizgilərindən istifadə
edərək özünün
improvizasiyalı muğam
melosunu tez-tez dəyişən qeyri-müntəzəm
aksentləri ilə kompozisiyada çox zəngin, sərbəst şəkildə göstərməyə
müvəffəq oldu.
Sonata birhissəlidir. Onun əsas
mövzusu — əsərin
aparıcı obrazı
(Şahnaz ladı)
sonata prinsiplərinin təsdiq
olunmasında mühüm
rol oynayır.
Əsas mövzunun ifadəsi özünün melodik və metroritmik şəkli ilə laylar yaradır, kompozisiyanı reprizalı
tərzdə tamamlayaraq
sanki, haşiyəyə
alır. Bununla psixoloji və
tematik yekunlaşma prinsipi açıq-aydın
təsdiq olunur.
Əsərdə köməkçi mövzu
qruplarının mövcudluğuna
baxmayaraq əsas movzu demək olar ki, monointonasiya
rolu oynayır. Təkcə
onun melodik intonasiyalı oxunuşu deyil, həmçinin metroritminin də əhəmiyyəti az deyildir. Əsas mövzunun metroritmi bütöv sonatanı müxtəlif variantlarda laylara bölür. İnkişaf prosesində rast
gəlinən nisbətən
xarakterik tipləri də qeyd etmək
olar. İkinci movzu özünəməxsus
tərzdə muğam
sonatanı əlaqələndirir
və əsas mövzuya zidd olaraq şəffaflıq təşkil edir. O, Rast ladında yüksələn muğam
gedişi ilə araya girir və
sonra isə köməkçi mövzu
kimi bir qədər başqa variantda yenidən səslənir.
Bütövlükdə sonatanın bu bölməsinə köməkçi
partiyalar qrupu kimi baxmaq olar. Bu bölmənin vahid birliyindən Şahnaz ladı və ona yaxın Segahın lad — növbələşmə
dairəsi xəbər
verir. Bəstəkar bir qədər
sonra Qarabağ şikəstəsinə uyğun
mövzu elementi daxil edir. Bütün bu mövzular, mövzu yaradan qruplar sonatada repriza — kodaya gətirib çıxarır.
Bələliklə muğam növlərinin fraqmentlərindən sərbəst
istifadə edən müəllif onları özünəməxsus tərzdə
melodik blokda birləşdirir. Əsas mövzu — reprizanın
qayıtması əsərə
müəyyən simmetriklik
verir. Sərbəst improvizasiya yolu
ilə muğam intonasiyalı materialın
növbələşməsi nəticəsində xalq yaradıcılığı üçün
xarakterik olan dramatik, lirik, ekspressiv və möhtəşəm obrazlar
meydana çıxır.
«Şahnaz», «Humayün», «Vilayəti», «Maye Rast», «Segah», «Şahnaz», «İrak», «Simai-Şəms», «Qarabağ
şikəstəsinin» elementləri,
«Şahnaz» muğam ladlarından olan mövzu parçaları ardıcıllıqla səslənir.
Bir-birindən nəzərəçarpacaq dərəcədə fərqlənən
bu fraqmentlərin dinamikası ziddiyyətsiz
ifadəliliyə səbəb
olur və romantik üslub tendensiyası koloristik meyl qazanır.
Muğam — sonatanın musiqisində səslərin və komplekslərin fonizmi, tembr — fonizmi müəyyən rol oynayır. Qədim muğam köklərinə
malik olan lirik-dramatik hekayət xarakterli musiqi onların yenidən oxunmasında dinamiklik əldə edir.
Dinamika, hərəkətlilik,
aktivlik təsir yaradan sekvensiyalılıq
materialın variantla irəliləməsinə səbəb
olur. O, sonatalılıq sayəsində
müəyyən zənginlik
əldə edərək,
ayrı-ayrı parçalarla
uzanmır, əksinə
bütövlənmiş, tamamlanmış
keyfiyyət əldə
edir. Çox ustalıqla müəllif
muğam prinsipi ilə inkişaf edən muğam intonasiyalı materialı dayaq kompozisiya yolu ilə qruplaşdırır
və sonatalılığın
əsas mərkəz nöqtələrində yerləşdirir.
Muğamın intonasiya baxımından çox böyük obrazlı rolunu nəzərə alaraq belə bir fikir
yürütmək olar
ki, V.Adıgözəlovun
sonatası ənənəvi
klassik tipdə deyil. Özünün birinci mənası
olan italyan sözündən («sonare»
— səslənmək) irəli
gəlir. İ.Stravinski də bir zaman
sonatısını bu
cür adlandırmış
və bu haqda özünün «Xronika moey cizni»
əsərində yazmışdı.
V.Adıgözəlovun əsərinin forması sanki müəllifin fikirinin, düşüncələrinin
təcəssümündən böyüyərək genişlənir
və təbii olaraq fantaziyaya yaxınlaşır. Mövzuların intonasiyalı melodik
və ritmik fərqləri, onların mahiyyət kontrastının
zahiri olması muğamın üstün
mövqeyindən xəbər
verir. Lad birliyi mövzuların şübhəsiz,
qohumluğunu göstərir:
onlardan biri sanki, o birisindən əmələ gəlir, biri o birini davam
etdirir. Bütün mövzular üçün
variantlılıq kimi,
qeyri — müntəzəm
aksentlilik də xarakterikdir. Yeri gəlmişkən qeyd edək ki, bütün bu cizgilər səslərin köməyi
ilə fikir söyləmək xüsusiyyətindən
irəli gəlir.
Əsas və köməkçi mövzu kimi təfsir edilmiş fraqmentlərin kontraslılığı,
kompozisiyanın qapanma
prinsipi əsasında
ətraflı, geniş
şəkildə şərh
olunmuş reprizası
əsərin sonatalılığından
xəbər verir. Beləliklə, V.Adıgözəlov kompozisiyada
muğam improvizasiyalı
emosional məzmunu gözlənilməz zəngin
cizgilər ilə təqdim edir. Bu da ki, onun fantaziyasına səmərəli başlanğıc
verir. Bununla demək olar
ki, sonata janrının
təkamülü bizi
onun həllinin daha bir şəklinə
— sonata forması cizgilərinin
muğam məzmunu ilə üzvi sintezinə gətirib çıxarır.
Oktay
Xalq Cəbhəsi.-
2013.- 7 fevral.- S.13.