Hənəfi Zeynallı Cavidşünas
kimi
Azərbaycanın ədəbi-nəzəri fikir tarixində XX əsrin 20-ci illəri xüsusi bir mərhələdir. Bu epoxanın tərəddüd etmədən ədəbi-tənqid epoxası hesab etmək olar. Bu dövrün nəzəri-tarixi prosesi ilə bağlı akademik K.Talıbzadənin, professorlar Ş.Salmanov və H.Şəmsizadənin, tədqiqatçı-mətnşünas R.Tağıyevin dəyərli monoqrafiyaları çap olunub. 20-ci illər ədəbi mübahisələr epoxası idi. Təsadüfi deyil ki, xalq yazıçısı M.Hüseyn bu dövrdə yazdığı kitabını «Ədəbi döyüşlər», ədəbiyyatşünas N.Şəmsizadə bu dövrün tənqid prosesindən bəhs edən monoqrafiyasını «Ədəbi mübahisələr» (1986) adlandırmışdır. Bu ədəbiyyatda yeniliklə köhnəliyin (yəni proletar ədəbiyyatı ilə klassik irsin!) mübarizəsi dövrü idi. Milli respublikalarda milli nihilizm (inkarçılıq!) yayan proletkultçular — sırf proletar mədəniyyəti yaratmaq iddiası ilə ortaya çıxmış adamlar ərəb dilində yazılan bütün kitabları, məscidləri, klassiklərin əsərlərini məhv etdilər. Eyni zamanda, SSRI xalqlarının baş qərargahı olan Moskvada, yazıçıların başqanı A.Fadeyev «Doloy Şiller!?», yəni rədd olsun romantizm şüarını irəli sürdükdən sonra romantizmə ədəbiyyatda idealizmin təzahür forması kimi baxdılar və Ə.Hüseynzadə, M.Hadi, H.Cavid kimi məfkurəçilər amansız tənqid hədəfinə çevrildilər. 20-ci illər əslində Cavidşünaslığın özünəməxsus nəzəri-estetik prinsipləri olan müstəqil elm kimi təşəkkül dövrüdür. 1936-1956-cı illərdə H.Cavid siyasi bəraət alana qədər onun haqqında heç kim cinayət edib heç nə yazmadı. Cavidşünaslığın ikinci mərhələsi 1960-cı ildə akademik Məmməd Cəfərin «Hüseyn Cavid» monoqrafiyasının çapından sonra başlandı.
XX əsrin 20-ci illərində H.Cavid ədəbi mübahisələrin mərkəzində idi. H.Cavidin şəxsiyyəti, əsərləri və tamaşaları haqqında hamı — həm peşəkar tənqidçilər, həm də cızmaqaraçılar xüsusi bir intensivliklə yazırdılar. 20-ci illərdə H.Cavid haqqında ən obyektiv yazanlardan biri Hənəfi Zeynallı idi. Hənəfi Baba oğlu Zeynallı (1896-1937) 20-30-cu illərin görkəmli tənqidçisi, folklorşünas, yazıçı və nəzəriyyəçi — ədəbiyyatşünas idi. O hətta «Həndəsə» (1923) kitabının müəllifi idi. Demək lazımdır ki, H.Zeynallı əsasən folklorun toplayıcısı, tədqiqatçısı və naşiri idi. Bununla yanaşı üç faktı qeyd etməliyik: H.Zeynallı Leninin əsərlərinin tərcüməçisi və naşiri (O, Azərnəşrin baş redaktoru idi!), M.F.Axundzadə və H.Cavid haqqında silsilə tədqiqat məqalələrinin müəllifi idi. 20-ci illərdə çap olunmuş elə bir folklor kitabı yoxdur ki, H.Zeynallı ya onun redaktoru, ya da müqəddiməsinin müəllifi olmasın. H.Zeynallı 20-ci illərdə professor B.Çobanzadənin elmi rəhbərliyi ilə folklordan namizədlik işi yazmışdır.
Akademik M.Cəfər «Hüseyn Cavid» monoqrafiyasında yazır: «Cavidin yaradıcılığı ilə məşğul olan ilk sovet tənqidçisi Hənəfi Zeynallıdır. Tənqidçinin xüsusən «Şeyx Sənan», «Şeyda» və «Maral» haqqında mülahizələri, təhlilləri maraqlı idi. O, haqlı olaraq «Şeyx Sənan»ı ruhaniliyi, fanatizmi, bütün köhnəlmiş din və təriqətləri rədd edən bir əsər hesab edir, «Şeyda» faciəsində şairin inqilabçılara rəğbət bəslədiyini, «Maral»da feodal zülmünü və əxlaqını ittiham etdiyini, qadın hüququnu müdafiə etdiyini göstərirdi. H.Zeynallı Cavidin Şeyda kimi romantik qəhrəmanlarında olan zəif cəhətləri, ziddiyyətləri, tərəddüdləri də meydana çıxarır, tənqid edirdi». H.Zeynallı H.Cavidin müasiri idi. Ona görə də onun bu böyük dramaturq və romantik filosof haqqında yazdıqları inandırıcı, kəsərli, sanballı söz idi. H.Zeynallı H.Cavid haqqında tənqid, hədyan yazmadı, elmi fikirlərini yazdı. O, H.Cavid haqqında obyektiv həqiqəti yazan ilk sovet cavidşünası idi.
«Hüseyn Cavidin yazdığı «Peyğəmbər» haqqında mülahizələrim» məqaləsi konseptual səciyyə daşıyır. Məqalənin «Başlamazdan əvvəl», «Həqiqi ədəbiyyat», «Şair və ədiblərimiz», «Ədəbiyyatdakı həyati dövrlər» adlı bölmələrində H.Zeynallı ədəbiyyatın spesifikasına, ədəbi tənqidə və ədəbiyyat tarixinə dair nəzəri metodoloji görüşlərini şərh edir. Bu bölmələrdə söylənilən əsas müddəalar bunlardır: qüvvətli ədəbiyyat meydana gəldikdə özü ilə bərabər qüvvətli tənqid yaradır; bizdə tənqid yoxdur və mən də «Cavid kimi ümumun sevimlisi olan şairimizin hələ mürəkkəbi qurumamış «Peyğəmbər» əsərini bir tənqidçidən daha ziyadə bir müəllim kimi təhlil edirəm; biz hamımız sağlam bir gələcəyin təməl quranlarıdır: bir millətin başqa bir millətə təsiri və nüfuzu dil və ədəbiyyat vasitəsi ilə mümkündür; tənqid ədəbiyyata millət içindəki nüfuza və fərdləri təsvirə görə yox, tipləri yaratmaq imkanına görə qiymət verməlidir.
H.Zeynallı klassik qəzəl və təxmis ədəbiyyatına yeni — proletar ədəbiyyatı — novatorluq baxımından tənqid edib onun xüsusiyyətini «yerli xalqın nə həyatını, nə ruhunu, nə də adət və ənənəsini tamamilə göstərməməsində» görür, sinfi və vulter sosioloji nöqteyi-nəzərdən yanaşırdı. H.Zeynallı ruh və tarixi qarşı-qarşıya qoyur, əslində realizmin (yəni materializmin) ədəbi-bədii fikrin yeganə meyarı kimi irəli sürürdü: «Bu ruh tamamilə dərəbəylik cəmiyyətinin ruhu və bu üsul həyatdan hala çıxmamış Şərq millətlərinin həyati ruhudur. Məlum olur ki, boylə zamanlarda ən çox bəyənilən nəzm və yüksək üslublu ədəbiyyat olmalıdır.
Böylə bir əsrin fəlsəfəsi nə olmalıdır? Mütləqa təsəvvür (mistisizm)». Bu minvalla H.Zeynallı romantik ədəbiyyatı da bəyənmir, ona rəğbət bəsləmirdi. O, yuxarıda qeyd etdiyimiz nəzəri-metodoloji prinsiplər və estetik meyarlarla da H.Cavidin əsərini təhlil edir. Əvvəlcə yazır: «müəyyən əsrə aid bir əsər yazmaq istəyən şair və ədib dəxi əvvəla mövcud olduğu mühitin qüvvətli nüfuzundan sonra, mənsub olduğu, cəmiyyətin və zehniyyətin təsirlərindən xaricə bəzən çıxır, bəzən də çabalar, lakin çıxa bilməz. Hüseyn Cavid bir osmanlı ədəbiyyatı dəstpərvərdəsi, bir azərbaycanlı balası olduğu üçün ədəbiyyatımızda göstərdiyimiz dairə xaricinə çıxmamış qalmışdır. Kim bilir bəlkə də bu hal müvəqqəti bir zaman üçündür».
H.Zeynallı «Nəticə»də «Cavidin yaratdığı dil və üslub haralardan alınır — alınsın, nə kimi ilhamlardan doğur-doğsun, Azərbaycandakı ədib və şairlərimiz içində ən müstəsna, ən zərif bir dildir» — deyə onun yaradıcılığını yüksək dəyərləndirir. Bizim fikrimizcə, H.Zeynallının qüsuru bunda idi ki, o, tarixdəki Peyğəmbərlə H.Cavidin yaratdığı Peyğəmbəri eyniləşdirir. İslam dininin banisi, axırzaman peyğəmbər Məhəmməd Əleyhüssəlamda olan ali xüsusiyyətlərin hamısını bədii Peyğəmbərdə görmək istəyir.
«Şeyx Sənan» faciəsi XX əsr Azərbaycan dramaturgiyasının nadir nümunələrindən biridir. H.Cavid əsəri 1912-14-cü illərdə yazmış, əsər 1915-16-cı illərdə məktubda hissə-hissə, 1917-ci ildə isə «Şeyda» əsəri ilə birlikdə «Açıq söz» qəzetinin mətbəəsində kitab halında çap olunmuşdur. H.Zeynallını bir cavidşünas kimi səciyyələndirən onun H.Cavidə dövrün ədəbi-tarixi kontekstində yanaşa bilməməsidir. O, Cavidin romantizmini, onun estetik idealını doğru müəyyən etmiş, cavidşünaslığın təməl daşını qoyanlardan biri olmuşdur.
Oktay
Xalq Cəbhəsi.- 2013.- 9 fevral.- S.14.