Milli plastik sənət
Ötən əsrin 60-80-ci illərində Rusiya tədqiqatçılarının keçmiş çoxmillətli sovet incəsənətində diqqətini cəlb etmiş olan mühüm sahələrdən biri də plastik sənətlər idi. Xarakterik haldır ki, Azərbaycan da bu baxımdan istisna olmamışdır. Vaxtilə N.Voronov, I.Svetlov, Q.Anisimov, V.Vanslov və başqaları bu mövzuda maraqlı tədqiqat işləri aparmışlar. Söyləmək lazımdır ki, Azərbaycan mədəniyyətinin ön səhifələrindən birini təşkil edən təsviri sənət Rusiya tədqiqatçıları tərəfindən ən çox öyrənilən sahələrdən biri idi. Bu xüsusiyyət, hər şeydən əvvəl, XX əsrin 60-80-ci illərində Azərbaycan incəsənətinin intensiv inkişafı, yüksək dinamizmi, professional səviyyəyə yüksəlməsi və keçmiş Sovet incəsənətində layiqli bir yer tutması ilə bağlı idi.
Azərbaycan təsviri sənətinin hərtərəfli inkişaf etmiş sahələrindən biri olan heykəltaraşlıq bu baxımdan olduqca xarakterikdir. 60-80-ci illərdə Azərbaycanın monumental və dəzgah plastikasında prinsipial irəliləyişlər baş vermiş, plastik sənətlərin dinamik keyfiyyətləri xeyli yüksəlmişdi. Təsadüfi deyil ki, aparıcı Rusiya mütəxəssisləri bu xüsusiyyətlərə diqqət yetirmiş, Azərbaycan milli plastika məktəbinin inkişafını ardıcıl olaraq müşahidə etmiş, onun maraqlı təhlilini vermişlər. B.Veymarn, N.Voronov, İ.Svetlov, A.Dextyar, N.Çervonnaya və başqalarının bədii təhlil metodları, M.Kaqanın, A.Zisin, V.Vanslovun nəzəri-estetik müddəaları əks etdirən fikirləri Rusiya alimlərinin Azərbaycan incəsənəti ilə, o cümlədən plastik sənət sahələri ilə bağlı olan materialları içərisində daha əhəmiyyətli təsir bağışlayır.
N.V.Voronovun fundamental tədqiqat işi olan «Sovet monumental heykəltaraşlığı» monoqrafiyası Azərbaycan plastikasını əks etdirən elmi materiallarla zəngindir. Əlbəttə, N.Voronov təkcə Azərbaycan heykəltaraşlığını götürməmişdir — bu, monoqrafiyanın adından aydın görünür. Voronovun tədqiqatının mövzusunu 1960-1980-ci illərdə keçmiş Sovet monumental sənətinin çoxşaxəli təhlili təşkil edir. Voronov Azərbaycan heykəltaraşlığına da ümumsovet incəsənəti mövqeyindən yanaşmışdır. Lakin həmin dövrdə fəaliyyət göstərmiş olan bir çox tədqiqatçılardan (misal üçün İ.E.Svetlovdan) fərqli olaraq N.V.Voronov sovet incəsənətinin inkişafında milli məktəb amilini heç də ikinci dərəcəli məsələ hesab etməmiş, əksinə, digər sahələrdə olduğu kimi, plastik sənətin də inkişafında milli amilin bir çox hallarda həlledici rolu olduğunu qeyd etmişdir. Voronovun tədqiqatlarında əsas milli sənət mərkəzləri kimi Pribaltika, Zaqafqaziya, Orta Asiya, eləcə də Ural, Volqaboyu və başqa ərazilər nəzərdən keçirilir. Voronov plastik sənətin ümumi inkişafını milli sənət məktəblərinin inkişafı ilə bağlayır ki, bu da onun tədqiqat metodunun, şübhəsiz ki, vacib cəhətidir. Milli sənət amilinə diqqət yetirməsi Voronovun monoqrafiyasının rəngarəng, dolğun təsir bağışlamasının əsas şərtlərindəndir. Tədqiqatçı özü də bunu qeyd etmiş və göstərmişdir ki, 1960-cı illərdə, o zamana qədər atrıq müəyyən inkişaf yolu keçmiş və ənənə yaratmış bədii sənət məktəbləri daha yüksək tempdə tərəqqi yoluna üz tutmuş və dərin psixoloji mahiyyətə, yüksək sənətkarlıq keyfiyyətinə malik silsilə əsərlər yaratmışdı. Voronovun bu fikirləri tam şəkildə Azərbaycan monumental plastikasına da şamil edilə bilər.
N.Voronovun tədqiqatı ümumi xarakter daşıdığından biz burada bu və ya digər respublikanın monumental plastikasına həsr edilmiş bölmələrə rast gəlmirik. Bununla yanaşı, müxtəlif sənət məktəblərinin formalaşmasından və tərəqqi etməsindən danışan müəllif kifayət qədər ardıcıl olaraq ayrı-ayrı respublikaların, o cümlədən Azərbaycanın monumental sənəti üzərində dayanır. Bu metod keçmiş sovet monumental plastikasını həm ümumi, həm də fərdi şəkildə izləməyə imkan verir.
N.V.Voronovun adı çəkilən monoqrafiyasında Azərbaycanla bağlı bir çox faktik material öz əksini tapsa da, Azərbaycan sənətşünaslığında bu əsər tədqiq olunmamış qalır. Halbuki bu əsərin və bu qəbildən olan onlarla digər əsərlərin təhlil edilməsi Azərbaycan-Rusiya əlaqələri tarixinin nə cür geniş və elmi baxımdan nə qədər böyük əhəmiyyətə malik olduğunu asanlıqla sübut edə bilər.
Monoqrafiya
çoxsaylı illüstrativ materiallarla zəngindir. 100-dən
artıq heykəltaraşlıq əsərinin öz əksini
tapdığı bu fotoillüstrasiyaların ən azı
16-sı Azərbaycan incəsənətinə aiddir. Burada Azərbaycan
heykəltaraşları tərəfindən
yaradılmış, Azərbaycanda və digər
respublikaların (Rusiya, Tacikistan) ərazisində
ucadılmış heykəllərin fotoları
toplanmışdır. Göründüyü kimi, Azərbaycan
heç də məhdud şəkildə təqdim edilməmişdir.
Bu həm fotoillüstrativ materiala, həm də
monoqrafiyanın mətn hissəsinə aiddir.
N.Voronov
1960-1980-ci illərdə keçmiş sovet monumental
plastikasının əsaslı şəkildə inkişaf
etməsini söyləməkdə, şübhəsiz ki,
haqlıdır. Bu inkişaf həm ayrı-ayrı
respublikaları, həm də ümumən ölkəni əhatə
edirdi. Voronov, dövrün ideoloji prinsiplərini əks etdirərək,
bu inkişafın «monumental təbliğat planı»nın
davamı olduğunu yazır. Müəllif monumental plan
çərçivəsində, həm «ideoloji», həm də
«mədəni» istiqamətlərin bir-birini
tamamladıqlarını göstərmişdir. Burada «ideoloji
istiqamət» keçmiş partiya və sovet xadimlərinin
şərəfinə ucaldılmış heykəlləri, «mədəni
istiqamət» isə şair, yazıçı, maarif xadimlərinin
obrazlarını ifadə edir. Voronov haqlı olaraq «mədəni»
istiqaməti monumental planın təkib hissəsi hesab edir və
buna böyük əhəmiyyət verir. Voronov monumental planın
yeni dövrdə (1960-80-ci illərdə) inkişafında
milli məktəblərin rolunu xüsusilə qeyd edir və
göstərir ki, məhz bu məktəblərin
inkişafı keçmiş sovet monumental sənətinin
bütövlükdə inkişafını təmin
etmişdir. Sənətdə millilik problemi N.Voronovun tədqiqatının
demək olar ki, yarısını təşkil edir.
N.Voronov
artıq monoqrafiyanın müqəddiməsində milli sənət
məktəblərinin yaradıcılıq
uğurlarını ön plana çəkir. Tədqiqatçı
yazır: «Yerlərdə fəaliyyət göstərmiş
inqilabçılara və vətəndaş müharibəsi
qəhrəmanlarına — Betal Kalmıkova, Məşədi Əzizbəyova,
14 türkmən komissarına, kombriq Tominə, miçman
Pavlova və bir çox başqalarına abidələr
qoyuldu». Bundan dərhal sonra Voronov monumental planın ikinci tərkib
hissəsi olan «mədəni» istiqamətin nailiyyətlərini
göstərir: «Monumental heykəltaraşlıqda Yesenin,
Saltıkov-Şedrin, Vurğun, Latsis, Abay, Natəvan, Sayat Nova
və başqa şair və yazıçıların
obrazları ədəbiləşdirildi». Monoqrafiyanın əsas
mahiyyətini, sanki qısa, tezis şəklində ifadə edən
iki cümlədə Azərbaycan mövzusu Məşədi Əzizbəyov,
Natəvan və Səməd Vurğunun adları ilə təzahür
edir.
Qeyd etmək
lazımdır ki, Voronovun monoqrafiyasının müsbət cəhətlərindən
biri də Azərbaycan mövzusunda «poetik» dəstxəttin
qızıl dövrünün kamil bədii təhlilidir. Bəlli
olduğu kimi, heykəltaraşlıqda «poetik» dəstxəttinin
qızıl dövrü məhz 1960-cı illərə təsadüf
edir. Nizaminin, daha sonra isə Sabirin heykəllərindən
başlayaraq «poetik» istiqamət əsaslı şəkildə
inkişaf etmiş, Natəvan, Füzuli, S.Vurğun və
başqalarının obrazlarında özünün kulminasiya
səviyyəsinə çatmışdır. N.Voronov Azərbaycan
monumental sənətində bu cəhətə diqqət
yetirmiş, onu müvəffəqiyyətlə «tuta»
bilmişdir.
Oktay
Xalq Cəbhəsi.-
2013.- 13 fevral.- S.13